19 Mart 2019 02:03
445
SİYASƏT
A- A+

Mərhəmətin daha bir nümunəsi


Novruz əhvali-ruhiyyəli insanların bayram ovqatına bir sevinc də əlavə olundu. Buna səbəb Azərbaycan Prezidentinin "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamının icrası idi.

Bu, 1995-ci ildən başlayaraq məhkum edilmiş şəxslərə tətbiq edilən sayca 65-ci əfv sərəncamıdır. Xatırladaq ki, əvvəlki 32 sərəncam ulu öndər Heydər Əliyev, 33 sərəncam isə İlham Əliyev tərəfindən imzalanıb. Həmin əfv sərəncamları 7961 nəfərə şamil edilib, onlardan 4645 nəfəri penitensiar müəssisələrdə cəza çəkən şəxslər olub. 16 mart 2019-cu il tarixdə imzalanmış əfv sərəncamı isə 431 nəfərə şamil edilib. Onlardan 399 nəfəri azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsindən azad edilib. Üç nəfər ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş şəxsin cəzası müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilib.

Ötən bazar günü cəzaçəkmə müəssisələrinin qarşısına səhərdən xeyli adam toplaşmışdı. Onlar doğmalarını qarşılamağa, sevinclərini elə cəzaçəkmə müəssisələrinin çıxışında bölüşməyə gəlmişdilər.

Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Qaradağ rayonunda yerləşən 14 saylı cəzaçəkmə müəssisəsindən həmin gün 12 nəfər - Ramin Həmidov, Müşfiq Əhmədov, Arzuman Bayramov, Baba Babayev, Mirabdulla Əliyev, Əmrah Hüseynov, Səxavət Həsənov, Nurlan Niftəliyev, Rövşən Məmmədov, Talıb Ağamalıyev, Fariz Kərimov və Həzrətəli Kazımov azadlığa buraxıldılar.

Müşfiq Əhmədovu qarşılamağa anası Almaz xanım və qardaşı Vahab gəlmişdi. Sevincin həyəcanından danışa bilməyən ananın fikirlərini Vahab bildirdi:

- Qardaşım Müşfiq ziyalı və xeyriyyəçi olub. Diş həkimidir. Bir münaqişə ucbatından azadlıqdan məhrum edilmişdi. Anam Azərbaycan Prezidentinə, eləcə də Birinci vitse-prezident Mehriban xanım Əliyevanın ünvanına məktub yazmışdı. Müraciətdə özünün yaşlı olmasını, Müşfiqin övladlarının azyaşlı, həyat yoldaşının evdar qadın olmasını nəzərə alaraq kömək göstərilməsini xahiş etmişdi. Hər dəfə söhbət düşəndə anam deyərdi: "Mən Prezidentə inanıram, mütləq kömək edəcək. O, elə bir böyük şəxsiyyətin oğludur ki, xalqın qayğısına qalmağı, insanlara kömək göstərməyi özünə borc bilir. Belə də oldu.

Düzü, qardaşımın əfv xəbərini eşidəndə evdəkilərin sevincinin həddi-hüdudu yox idi. Müşfiqin 7 yaşlı oğlu Cavid, 5 yaşlı oğlu Fərid səhərədək yatmadılar.

Bizə qoşulub Bakıya gəlmək istəyirdilər. Anamı, qardaşımın ailəsini sevindirdiyinə görə bu sevinci bizə bəxş edən ölkə rəhbəri İlham Əliyevə dərin minnətdarlığımızı bildiririk. Biz bir daha əmin olduq ki, cənab İlham Əliyev hər bir Azərbaycan vətəndaşının Prezidentidir.

Şamaxı rayonundan olan Həmid Bağırov isə dedi ki, oğlum avtomobillə qəza törətdiyinə görə 5 il müddətinə azadlıqdan məhrum edilmişdi, 3 il idi cəzasını çəkirdi. Ölkə Prezidentinin sərəncamına əsasən qalan 2 ilini cəzadan azad etdilər. Buna görə dövlət başçısına dərin təşəkkürümü bildirirəm.

Azadlığın sevincindən qəhər boğa-boğa danışan Nurlan Niftəliyev dedi ki, bu günə min dəfə şükür edirəm. Bundan sonra ailəmin yanında olacam. İşimlə, halal əməyimlə məşğul olacam. Azadlıq və halallıq əsl insan həyatı deməkdir. Çalışacam ki, bundan sonra heç vaxtı səhvə yol verməyim. Bu gözəl ölkəmin inkişafında , tərəqqisində əlimdən gələni edəcəm. Mənə bu imkanı yaradan, məni ailəmə qovuşduran dövlət başçısına dərin minnətdarlığımı bildirirəm.

Əfv sərəncamı 14 xarici vətəndaşa, o cümlədən 3 Gürcüstan, 2 Rusiya, 2 Nigeriya, 1 Türkiyə, 1 İran, 1 Özbəkistan, 1 Çin, 1 Kamerun, 1 Hindistan, 1 Belarus vətəndaşına şamil olunub. 14 saylı cəzaçəkmə müəssisəsindən vaxtından əvvəl azadlığa buraxılanlar arasında Gürcüstan vətəndaşı Arzuman Bayramov da var idi. O, ürək sözlərini belə ifadə etdi: "Həmişə görmüşdüm ki, Prezident İlham Əliyev Gürcüstanda yaşayan azərbaycanlıların sosial problemlərinə, hüquqlarının müdafiəsinə, hətta uşaqlarımızın təhsil və ailəmizin məişət qayğılarına belə diqqətlə yanaşır. Odur ki, məndə böyük inam var idi ki, Prezident İlham Əliyev xəstəliyimi, ailəmizin maddi durumunu nəzərə alıb mənə kömək göstərəcək. Bir neçə ay bundan öncə böyük ümidlə ona məktub yazıb, kömək istədim. Allaha min dəfə şükürlər edirəm ki, səsimə səs verdi, ailəmə kömək göstərdi. İndi mən azadam. Ailəmiz adından Prezident İlham Əliyevə minnətdarlığımı bildirirəm.

Azadlığa buraxılanlar cəzaçəkmə müəssisəsinin qapısından çıxıb doğmaları ilə görüşüb-qucaqlaşdıqca, həyəcanlı çöhrələrdə sevinc qarışıq təbəssüm hiss olunurdu. Bu insanların hamısı Novruz günlərində onları sevindirən, onlara ikiqat bayram ovqatı yaşadan dövlət başçısına, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dönə-dönə minnətdarlıqlarını bildirirdilər.

Azadlığın böyük nemət olduğu Novruz bayramının şirinliyində daha təntənəli, daha möhtəşəm görünürdü.

Rəhman SALMANLI,

Ağaəli MƏMMƏDOV (foto),

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video