17 Mart 2019 00:55
1570
SİYASƏT
A- A+

Azərbaycanın və Türkiyənin birgə möhtəşəm layihəsi


Azərbaycanın və Türkiyənin birgə səyi ilə çəkilən Transanadolu Qaz Boru Kəmərinin (TANAP) tarixi qısa olsa da, bir sıra mühüm hadisələrlə zəngindir. Bunlardan biri 2015-ci il martın 17-də Türkiyənin Qars vilayətinin Selim rayonunda kəmərin təməlinin qoyulmasıdır. Həmin mərasimdə Azərbaycanın, Türkiyənin və Gürcüstanın prezidentləri iştirak etmişdilər. Bu da təsadüfi deyil. Çünki 3500 kilometr məsafə qət edən "Cənub qaz dəhlizi” Avropaya bu üç ölkənin ərazisindən keçərək uzanır.

TANAP-ın təməlinin qoyulması uzunmüddətli danışıqların nəticəsi və bu danışıqların real işlərə çevrilməsinin parlaq təzahürü idi. Belə ki, layihə təməlqoyma gününədək müəyyən yol keçmişdi. 2012-ci ilin iyun ayında Azərbaycan Prezidenti

İlham Əliyev və Türkiyənin o vaxt Baş naziri, indi Prezidenti olan Rəcəb Tayyib Ərdoğan İstanbulda TANAP üzrə hökumətlərarası saziş imzalamışdılar. Həmin vaxtdan da layihənin həyata keçirilməsi istiqamətində genişmiqyaslı işlərə start verilmişdi. 2014-cü ilin ortalarınadək layihələndirmə işləri, araşdırmalar tamamlanmışdı. Sonra mühəndis-layihələndirmə, təchizat-tədarük, tikinti-idarəçilik müqavilələri imzalanmış və kəmərin tikintisinin bütün detalları nəzərdən keçirilmişdi. 2014-2015-ci illər TANAP üçün çox məsuliyyətli bir fəaliyyət dövrü olmuşdu.

TANAP "Cənub qaz dəhlizi”nin ən böyük hissəsidir. Kəmər Türkiyənin ərazisində 20-dən çox vilayətdən, o cümlədən Ərdəhan, Qars, Ərzurum, Gümüşhanə, Ərzincandan keçərək 1900 kilometr məsafə qət edir.

TANAP Türkiyənin şərq hüdudundan başlanıb qərb hüdudunda sona çatır. Belə ki, Gürcüstan-Türkiyə sərhədində "Şahdəniz” qazını Azərbaycanın və Gürcüstanın ərazisi ilə daşıyan Cənubi Qafqaz Boru Kəmərinə (CQBK) bağlanır. Boru xəttinin o biri ucu isə Yunanıstan-Türkiyə sərhədinə çatır və burada yerləşən Kipoi məntəqəsində TAP-la (Transadriatik Qaz Boru Kəməri) qovuşur. Bütün bunlara görə TANAP-ı "Cənub qaz dəhizi”nin birləşdirici halqası da adlandırırlar.

Beləliklə, TANAP təkcə iki ölkə üçün, region üçün deyil, həm də bütün Avrasiya məkanı üçün önəm daşıyan layihədir. Məlum olduğu kimi, "Cənub qaz dəhlizi” bir sıra ölkələrin, layihənin ayrı-ayrı seqmentlərində tərəfdaşlıq edən çoxsaylı şirkətlərin sıx əməkdaşlığı nəticəsində gerçəkləşir. Dəhlizlə nəql olunacaq təbii yanacağın Avropanın iri şirkətləri tərəfindən alınması nəzərdə tutulub. TANAP məhz belə bir önəmli dəhlizin mühüm hissəsidir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxışlarının birində TANAP-ı "Cənub qaz dəhlizi”nin onurğa sütunu adlandırmış və onun vaxtında istifadəyə verilməsinin vacib olduğunu vurğulamışdı. Artıq bu, reallığa çevrilib.

2018-ci il iyunun 12-də Türkiyədə, Əskişəhərdə TANAP-ın istifadəyə verilməsi münasibətilə təntənəli mərasim keçirildi. Azərbaycan Prezidenti İlham Əliyev həmin tədbirdə layihənin dəyərini bir daha vurğuladı: "TANAP-ın istifadəyə verilməsi Türkiyə-Azərbaycan qardaşlığının növbəti təzahürüdür. TANAP tarixi layihədir. Bu gün biz XXI əsrin enerji tarixini birlikdə yazırıq. Bu tarix işbirliyi tarixidir, bu tarix sabitlik tarixidir. Enerji layihələrimiz bölgəmizə sabitlik gətirir. Bu layihələrdə iştirak edən bütün ölkələr, bütün şirkətlər fayda görür, xalqlar fayda görür”.

Xatırladaq ki, "Cənub qaz dəhlizi”nin ehtiyat mənbəyi Xəzərin Azərbaycan sektorundakı "Şahdəniz” yatağıdır. Bu yatağın qaz ehtiyatları 1,2 trilyon kubmetr təşkil edir. "Şahdəniz-1”dən çıxarılan qaz 12 ildən çoxdur Gürcüstan və Türkiyəyə də nəql olunur. Keçən ilin yayından isə "Şahdəniz-2” də hasilata başlayıb.

"Şahdəniz-2” çərçivəsində ildə 16 milyard kubmetr qazın əldə olunacağı gözlənilir ki, bunun 6 milyard kubmetri Türkiyəyə, 10 milyard kubmetri TANAP-ın vasitəsilə TAP-a ötürülərək Avropaya ixrac ediləcək. Daha sonra nəql olunan qazın həcmi artacaq, 2023-cü ildə 23 milyard kubmetrə, 2026-cı ildə 31 milyard kubmetrə çatacaq.

Türkiyəyə ilk kommersiya məqsədli daşımalar plana uyğun şəkildə keçən il iyunun 30-dan başlanıb. Hazırda "Şahdəniz Bravo” platformasından qazın Səngəçal terminalına nəqli, oradan da CQBK ilə TANAP-a ötürülməsi ahəngdar şəkildə davam edir.

Bu il fevralın 20-də "Cənub qaz dəhlizi” Məşvərət Şurasının Bakıda keçirilən beşinci toplantısında TANAP-ın uğurla fəaliyyət göstərdiyi bir daha qeyd edildi. İndiyədək bu kəmərlə Türkiyəyə 1 milyard kubmetrdən çox Azərbaycan qazı ixrac edilib.

Flora SADIQLI,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video