17 Mart 2019 00:41
646
İQTİSADİYYAT
A- A+

Yüksək keyfiyyətli toxum məhsuldarlığın ilkin şərtidir


Dünya təcrübəsi göstərir ki, əkinçilikdə yüksək məhsuldarlıq əldə edilməsi üçün mütərəqqi texnika və texnologiyalardan savayı, elit toxum növləri də müstəsna rol oynayır. Odur ki, dünyada daha məhsuldar sortların yaradılması istiqamətində elmi araşdırmalar ildən-ilə artır. Ölkəmizdə də daha məhsuldar, quraqlığa və xəstəliklərə qarşı davamlı toxum sortlarının yaradılması istiqamətində müəyyən işlər görülür. Bu məqsədlə xarici ölkə və beynəlxalq təşkilatlarla əməkdaşlıq edilir.

Azərbaycanda son illər toxumçuluğun inkişafı ilə bağlı bir çox qanun və qərarlar qəbul olunmuş, yeni qurumlar yaradılmışdır. Eyni zamanda, "2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı” və "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda fermerlərin məhsuldar sortlarla təmin olunması qarşıya vəzifə kimi qoyulmuşdur.

Qeyd edək ki, hazırda dövlət reyestrinə daxil edilən toxum və ting istehsalçısı şəhadətnaməsi alan 343 fiziki və hüquqi şəxs bu sahədə fəaliyyət göstərir. O da maraqlı faktdır ki, istehsal olunan toxum və tinglərin 98 faizdən çoxu özəl toxumçuluq və tingçilik müəssisələrində yetişdirilir. Bunlardan 223 fiziki və hüquqi şəxs buğda və arpa, 8 özəl toxumçuluq təsərrüfatı qarğıdalı toxum sortlarını yetişdirməklə məşğuldur.

Kartof ən çox becərilən bitki növlərindəndir. Hazırda yeni kartof sortlarının yetişdirilməsi ilə 7 özəl toxumçuluq təsərrüfatı məşğul olur. Bundan başqa, 13 özəl toxumçuluq təsərrüfatı pomidor, kələm və soğanın reproduksiyalı toxum istehsalı sahəsində fəaliyyət göstərir. Paxlalı bitkilər və pambığın reproduksiyalı toxum istehsalı isə dövlətə məxsus elmi-tədqiqat müəssisələrinin öhdəsindədir.

Prezident İlham Əliyev toxumçuluğun inkişafı, bu sahədə digər ölkələrdən asılılığı aradan qaldırmaq üçün müvafiq sərəncamlar imzalayıb, dövlət toxum fondu yaradılıb. Fondun fəaliyyəti sayəsində son illər toxumçuluğun inkişafı ilə bağlı xeyli iş görülüb. Xaçmaz, Şəki, Ağcabədi, Qobustan və Cəlilabad rayonlarında fondun 5 emal müəssisəsi yaradılıb. Burada toxumlar saxlanılır, təmizlənir, dərmanlanır, qablaşdırılır, sonra yüksək kondisiyalı toxumlar fermerlərə çatdırılır. Müəssisələrin hər birinin istehsal gücü 5 tondur.

Bu sahədə fəaliyyət göstərən digər dövlət qurumu Bitki sortlarının qeydiyyatı, Toxum üzrə dövlət nəzarəti xidmətidir. Dövlət xidmətinin tabeliyində 1 respublika və 12 regional toxum sertifikatlaşdırılma mərkəzləri var. Bunların da bir neçəsi artıq fəaliyyətə başlayıb. Xidmətin 9 laboratoriyası müasir cihaz və avadanlıqlarla təmin edilib, qalan 3 mərkəz üçün avadanlıqlar alınacaq.

Müsbət haldır ki, toxum istehsalı ilə yeni texnika və texnologiyaların geniş şəkildə tətbiq olunan aqroparklar da məşğul olmağa qərar verib. Bunlardan biri Biləsuvar rayonunda fəaliyyət göstərən "Aqropark Yaşıl Ada” MMC-dir. Araz çayının yeni qol-kanalının açılışı sayəsində 3000 hektar ərazinin təyinatı dəyişdirilərək əkin dövriyyəsinə cəlb olunub. Burada aqropark fəaliyyət göstərəcək. Qeyd edək ki, əvvəllər bu ərazidən qış-otlaq sahəsi kimi istifadə edilirdi.

Bu layihə Biləsuvar rayonunun 10356 hektar əkin sahəsini əhatə edəcək. Bunun 3000 hektarı "Yaşıl Ada” aqroparkının yeni istifadəyə verilən torpaq sahəsidir. Aqroparkın ərazisində zəruri infrastrukturun yaradılması, torpaqların əkinə, yüksək məhsuldarlığa hazırlanması ilə bağlı bir çox işlər görülüb. Belə ki, 10 min tonluq anbar, ofis binası, işçilərin istirahətini təmin etmək üçün 6 tarla düşərgəsi tikilib, 8 kilometr elektrik xətti çəkilib, 100 kilovoltlıq transformator quraşdırılıb, 10 kilometr suvarma kanalı təmizlənib, aqroparka gedən 18 kilometr yol təmir olunub, 60 kilometr sahələrarası yollar yararlı vəziyyətə gətirilib.

Aqroparka İqtisadiyyat Nazirliyi tərəfindən 7 milyon manat dəyərində investisiya təşviqi sənədi verilib. Bu il birinci mərhələsinin istifadəyə verilməsi nəzərdə tutulan aqropark gələcəkdə böyük toxumçuluq təsərrüfatı kimi də fəaliyyət göstərəcək.

Rüstəm KAMAL,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video