15 Mart 2019 22:59
756
Mədəniyyət
A- A+

Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin fonduna türk musiqi alətlərinin təqdim edilməsi mərasimi keçirilib


Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun dəstəyi ilə Muzey Mərkəzinin akt zalında Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin fonduna türk musiqi alətlərinin təqdim olunması üzrə təntənəli mərasim keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Alla Bayramova mərasimi açaraq bildirib ki, Türkiyə vətəndaşları – Türkiyə Xarici İqtisadi Əlaqələr Şurasının (DEİK) Türkiyə-Azərbaycan Biznes Şurasının sədri Səlcuk Akat və musiqi alətləri ustası Feridun Obul muzeyə 12 musiqi aləti – cura, tütək, Qara dəniz bölgəsinin kamançası, Qabaq Kamanı-Kırbız, qoşa-nağara, lavta, nefir, zurna, ney, sipsi və cümbüş (2 ədəd) hədiyyə ediblər.

A.Bayramova qeyd edib ki, muzeyin fondunda olan altı min eksponatın arasında çoxlu hədiyyələr var. O əlavə edib: "Bu gün qardaş Türkiyə təkcə Azərbaycan musiqisinin deyil, musiqi alətləri kolleksiyamızda nümayiş etdirilən ölkələrin musiqisinin təbliğini həyata keçirən muzeyimizin kolleksiyasında layiqli yer tutacaq hədiyyələr təqdim edib”.

Mədəniyyət naziri Əbülfəs Qarayev qonaqları səmimi salamlayaraq qeyd edib ki, bu yaxınlarda ölkəmizin mədəni həyatında əlamətdar hadisə baş verib – Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın mədəniyyət və incəsənət xadimləri ilə görüş keçiriblər. Həmin görüşdə mədəniyyətimizin mühüm məsələləri müzakirə olunub, bir sıra təkliflər irəli sürülüb. Dövlət başçısı ölkəmizin mədəni həyatına dair bir neçə sahə üzrə dərhal müvafiq göstərişlər verib.

Nazir musiqinin və musiqi alətlərinin xalqımızın mədəniyyətində mühüm yer tutduğunu vurğulayıb. O, buna misal olaraq, təkcə özünün deyil, həm də ifa edildiyi bütün alətlərin UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edildiyi Azərbaycan muğamını göstərib.

Ə.Qarayev əlavə edib ki, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi ölkəmizin mədəni həyatında xüsusi yerə malikdir. Bu muzeydə təkcə musiqi alətləri nümayiş etdirilmir, həmçinin qədim musiqinin və musiqi alətlərinin dirçəldilməsi həyata keçirilir. Muzeyin nəzdində fəaliyyət göstərən qədim musiqi alətləri ansamblı dünyada Azərbaycanın unikal musiqisini təbliğ edir.

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva türk dünyasının ayrılmaz hissələri olan Türkiyə və Azərbaycan arasında dostluq əlaqələrindən və əməkdaşlıqdan bəhs edib. Vurğulayıb ki, bugünkü tədbir türk dünyasının böyük oğlu, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin "Bir millət, iki dövlət” kəlamının daha bir təzahürüdür.

Fondun fəaliyyətindən bəhs edən G.Əfəndiyeva qeyd edib ki, onun başlıca məqsədlərindən biri türk dünyasının mədəni irsinin, o cümlədən musiqisinin qorunub saxlanılması və dünyada təbliğidir. O, türkdilli ölkələrin mədəni irsinin daha dərindən öyrənilməsi və geniş auditoriyaya çatdırılması məqsədilə Fondun himayəsi altında Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin nəzdində Türk Dünyasının Musiqi Alətləri Mərkəzinin yaradılmasını təklif edib.

Türkiyənin Azərbaycandakı səfiri Ərkan Özoral, Türkiyə Xarici İqtisadi Əlaqələr Şurasının Türkiyə-Azərbaycan Biznes Şurasının sədri Səlcuk Akat öz çıxışlarında mədəniyyətin və musiqinin ölkələrimiz və xalqlarımız arasında əlaqələrin möhkəmlənməsində mühüm rolunu qeyd ediblər.

Sonra Alla Bayramova qonaqlara təşəkkür məktubları təqdim edib.

Mərasimin sonunda Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin nəzdində fəaliyyət göstərən qədim musiqi alətləri ansamblının ifasında türk xalq mahnıları və Azərbaycan muğamları səslənib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video