15 Mart 2019 14:41
483
SİYASƏT
A- A+

Qlobal Bakı Forumu çərçivəsində Balkan ölkələrinin bu günü və gələcəyi ilə bağlı məsələlər müzakirə edilib


Martın 15-də VII Qlobal Bakı Forumu çərçivəsində "Balkanlar: bu günü və gələcəyi” adlı panel iclas keçirilib.

AZƏRTAC xəbər verir ki, Bosniya və Herseqovinanın keçmiş Baş naziri Zlatko Laqumciyanın moderatorluğu ilə keçən tədbirdə çıxış edən Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Şefik Caferoviç bildirib ki, ötən əsrin sonlarında Balkanlarda başlanan müharibələr başa çatsa da, hazırda bu regionda hələ də həllini gözləyən məsələlər var. Müharibə bu ölkələrdə yaşayan insanların həyatına çox təsir edib. Uzun sürən çalışmaların nəticəsində Balkanlarda sabitliyin təmin olunması istiqamətində xeyli nailiyyətlər əldə edilib.

Rumıniyanın Baş nazirinin müavini Ana Birçal Azərbaycanın qlobal məsələlərin müzakirə məkanına çevrildiyini deyib və bu Forumu nümunə göstərib. O, bu kimi tədbirlərə uğurla ev sahibliyi etdiyi üçün Azərbaycan dövlətinə minnətdarlıq edib.

Baş nazirin müavini Avropada sabitliyin təmin olunması istiqamətində görülən işlərdən danışıb. Qeyd edib ki, hazırda Avropada gərgin ictimai-siyasi vəziyyət müşahidə edilir. Vəziyyəti sabitləşdirmək üçün Avropa İttifaqına daxil olan ölkələr birgə fəaliyyət göstərməlidirlər.

Serbiyanın keçmiş Baş naziri Mirko Tsvetkoviç bir sıra Balkan ölkələrinin hələ də siyasi keçid dövrünü yaşadığını deyib. Qeyd edib ki, bəzi beynəlxalq güclər bu amildən öz mənafeləri naminə istifadə edirlər. Bu isə bölgədə sabitliyi təmin etmək işində problemlər yaradır. Lakin Balkan ölkələrinin əlverişli coğrafi-strateji mövqeyi və digər müsbət cəhətlər bu bölgənin aydın gələcək gözlədiyini deməyə əsas verir.

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin keçmiş sədri Mladen İvaniç Balkanlarda iqtisadi və siyasi sabitliyin qlobal güclərdən çox asılı olduğunu deyib. O bildirib ki, beynəlxalq aktorların mübarizəsi kiçik dövlətlərin zərər görməsinə səbəb olur. Belə güclər inkişaf etməkdə olan ölkələrin mənafeyini, ümumiyyətlə, nəzərə almırlar.

Xorvatiyanın keçmiş Baş naziri Yadranka Kosor yenidən Azərbaycanda olmaqdan məmnunluq ifadə edib. O, Forumda iştirak etmək üçün dəvətə görə təşəkkürünü bildirib. Y.Kosor Balkan bölgəsinin etnik baxımdan zəngin olduğunu deyib. Əlavə edib ki, burada bolqarlar, rumınlar, xorvatlar, slovenlər və digər xalqlar yaşayırlar. Bu zənginliyin müəyyən mənfi nəticələri də var. Belə ki, burada etnik rəngarənglik siyasi, bəzən də hərbi münaqişələrə gətirib çıxarır.

Albaniyanın keçmiş Prezidenti Recep Meydani Balkanların tarixboyu bir çox dəyişikliklərə, müharibələrə məruz qaldığını, buna görə də bu ölkələrin keçmişdən ibrət götürməli olduğunu deyib. Əlavə edib ki, hazırda bu regionda sabitlik hökm sürür və xoşbəxt gələcək qurmaq üçün bu, yaxşı fürsətdir. Avropa İttifaqına daxil olmaq bu region ölkələri üçün vacib məsələdir. Regional əməkdaşlıq nəticəsində bölgədə sülh əldə edilib.

Albaniyanın keçmiş Prezidenti Buyar Nişani belə tədbirlərin uğurla keçirilməsinə görə Azərbaycan dövlətinə təşəkkür edib. Qeyd edib ki, bu Forumun əhəmiyyəti ildən-ilə artır. B.Nişani bildirib ki, Balkanların əlverişli coğrafi mövqeyi tarixən burada beynəlxalq güclərin maraqlarının toqquşmasına səbəb olub. Hazırda da bu proses davam edir. Bu isə regionda siyasi gərginliyə gətirib çıxarır. XX əsrin sonlarında baş verən proseslər buna bariz nümunədir.

Bolqarıstanın keçmiş Prezidenti Petar Stoyanov Balkan ölkələrinin Avropa İttifaqına daxil edilməsi məsələsində ədalətsizliklər olduğunu, bəzi əsassız iradların göstərildiyini bildirib. O deyib ki, bu ölkələrin Avropa İttifaqına daxil edilməməsi onların iqtisadi baxımdan geri qalmasına səbəb olur.

Regionun inkişafı üçün atılan addımlar barədə məlumat verən Monteneqronun keçmiş Prezidenti Filip Vuyanoviç bu işdə əldə edilən uğurların heç də asan başa gəlmədiyini deyib. Qeyd edib ki, regionun coğrafi baxımdan əhəmiyyətli mövqedə yerləşməsi burada mütəmadi olaraq böyük güclərin təhriki ilə münaqişələrə gətirib çıxarır.

İclas müzakirələrlə davam edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video