14 Mart 2019 14:06
695
İDMAN
A- A+

Bakıda idman gimnastikası üzrə dünya kuboku yarışlarının açılış mərasimi olub


Martın 14-də Bakıda kişi və qadın idman gimnastikası üzrə Beynəlxalq Gimnastika Federasiyasının (FIG) dünya kuboku yarışlarının açılış mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, açılış mərasimi Milli Gimnastika Arenasında iştirakçı ölkələrin paradı ilə başlayıb.

Tədbirdə çıxış edən Azərbaycan Prezidenti Administrasiyasının gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev turnirdə 41 ölkəni təmsil edən idmançıları və qonaqları salamlayıb. Qeyd edib ki, idmançılarımızın beynəlxalq yarışlarda göstərdiyi yüksək nəticələrlə fəxr edən Azərbaycan indi həm də belə yarışların mütəmadi təşkil edildiyi məkana çevrilib. Son bir neçə il ərzində ilk Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları, Formula 1 Azərbaycan Qran-Prisi və digər yarışlara yüksək səviyyədə ev sahibliyi edən ölkəmizin bu sahədəki uğurları ilk növbədə Prezident İlham Əliyevin idman siyasəti ilə bağlıdır. Məhz dövlətimizin başçısının diqqət və qayğısı sayəsində indi respublikamızın bütün bölgələrində fəaliyyət göstərən Olimpiya mərkəzlərində, idman məktəblərində, idman klublarında ölkə gənclərinin idmanla məşğul olması və öz göstəricilərini yüksəltməsi üçün bütün şərait yaradılıb. Çox sevindirici haldır ki, vaxtı ilə ölkəmiz üçün ənənəvi idman növü sayılmayan gimnastika bu gün respublikamızda özünün inkişaf dövrünü yaşayır, gimnastlarımız Azərbaycanı beynəlxalq yarışlarda uğurla təmsil edirlər.

"Azərbaycanın Birinci vitse-prezidenti, Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban xanım Əliyevanın gimnastikanın inkişafına göstərdiyi daimi diqqət və qayğı nəticəsində yeniyetmələr və gənclər arasında bu idman növünün populyarlığı getdikcə artır və gimnastika ilə məşğul olanların sayı ildən-ilə çoxalır. Azərbaycan Gimnastika Federasiyasının 2017-ci və 2018-ci illərdə Beynəlxalq Gimnastika Federasiyasının reytinq siyahısında birinci sırada yer tutması məhz bu diqqətin təzahürü, ölkəmizdə gimnastikanın inkişafı istiqamətində fəaliyyətin səmərəliliyinin göstəricisidir”, - deyə Yusuf Məmmədəliyev vurğulayıb.

Prezidenti Administrasiyasının şöbə müdiri bildirib ki, il ərzində təşkil edilən Avropa və dünya miqyaslı yarışların sayına və təşkilinin keyfiyyətinə, yarış məkanlarının texniki göstəricilərinə görə Bakı artıq dünyanın gimnastika mərkəzlərindən biri hesab oluna bilər. 2019-cu ildə Bakıda gimnastikanın müxtəlif növləri üzrə 7 beynəlxalq tədbir təşkil ediləcək. Bu, ölkəmiz üçün böyük şərəf və dünya idman ictimaiyyətinin yüksək etimadının göstəricisi olmaqla, həm də böyük məsuliyyət deməkdir. Əminliklə demək olar ki, biz bu məsuliyyətli işin öhdəsindən layiqincə gələcəyik.

Bu gün açılış mərasimi keçirilən yarışın fərqli cəhətlərindən biri Tokio Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşımasıdır. Bu barədə danışan Y.Məmmədəliyev deyib: "Bütün gimnastlara hər bir idmançının ən böyük arzusu olan Olimpiya Oyunlarında iştirak etmək hüququ qazanmağı arzulayıram. İdman yarışları bizim üçün həm də bir-birimizi daha yaxşı tanımaq, təmsil etdiyimiz xalqların və ölkələrin milli-mənəvi dəyərləri, mədəniyyəti barədə məlumat almaq, dünyanın nə qədər gözəl və rəngarəng olduğunu bir daha hiss etmək imkanı yaradır. Əminəm ki, qədim Azərbaycan torpağında keçirdiyiniz bir neçə gün yaddaşınızda silinməz izlər qoyacaq, qazandığınız idman nailiyyətləri dünyada sülh və əmin-amanlığın, xalqlar arasında dostluğun qorunub-saxlanılması və inkişaf etdirilməsi işinə əvəzsiz töhfə olacaq”.

İdmançılara uğurlar arzulayan Y.Məmmədəliyev dünya kuboku yarışlarını açıq elan edib.

Sonra Azərbaycanın dövlət himni səsləndirilib.

Martın 17-dək davam edəcək turnir "Tokio 2020” Yay Olimpiya Oyunlarına lisenziya qazanmaq istəyən idmançılar üçün mühüm əhəmiyyət daşıyır. Olimpiadaya təsnifat xarakterli bu yarışda iştirak etmək üçün 41 ölkə qeydiyyatdan keçib. Medallar və lisenziya xalları uğrunda mübarizəyə 121 kişi və 49 qadın idman gimnastı qoşulub. Turnirə Olimpiya Oyunlarının, dünya və Avropa çempionatının medalçıları qatılıblar. Yarışların ilk iki günündə təsnifat, sonrakı iki gündə isə final mərhələləri keçiriləcək.

Dünya kuboku yarışlarında ölkəmizi Murad Ağarzayev, İvan Tixonov, Nikita Simonov və Marina Nekrasova təmsil edirlər.

Turnirdə ən yüksək icra xalı toplamış gimnastlara Azərbaycan Gimnastika Federasiyasının ənənəvi kuboku - "AGF Trophy” təqdim olunacaq.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video