22 Fevral 2019 01:02
305
CƏMİYYƏT
A- A+

Qış məktəbinin iştirakçıları Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində olublar


Fevralın 21-də (BBMM) "Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” VIII Beynəlxalq Multikulturalizm Qış Məktəbinin iştirakçıları Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində (BBMM) olublar.

AZƏRTAC xəbər verir ki, dünyanın 16 ölkəsinin aparıcı universitetlərində təhsil alan tələbələrin cəlb olunduğu layihənin iştirakçıları BBMM-in Himayəçilər Şurasının sədri, akademik Kamal Abdullayev və Azərbaycan Respublikası Prezidenti Administrasiyasının millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfovla görüşüblər.

Ölkəmizdə multikultural ənənələrin qorunub saxlanması, təbliği ilə bağlı mühüm layihələrin həyata keçirildiyini deyən K.Abdullayev Azərbaycan dövlətinin multikulturalizm siyasətindən və bu sahədə əldə olunan nailiyyətlərdən söz açıb. Prezident İlham Əliyevin təşəbbüsü ilə Beynəlxalq multikulturalizm qış və yay məktəblərinin keçirildiyini deyən K.Abdullayev bildirib ki, multikultural ənənələrin qorunması və inkişaf etdirilməsi Azərbaycanın dövlət siyasətinin əsas istiqamətlərindəndir. Dövlətimizin qarşıya qoyduğu hədəf kimi bu istiqamətdə mühüm layihələr həyata keçirilir, azərbaycanlı tələbə gənclərlə xarici həmkarları arasında sıx əlaqələrin və səmimi dostluq münasibətlərinin qurulmasında mühüm addımlar atılır.

Qeyd olunub ki, ildə iki dəfə təşkil edilən beynəlxalq multikulturalizm qış və yay məktəblərinin məqsədi Azərbaycan multikulturalizmini öyrənən tələbələrin nəzəri şəkildə öyrəndiklərini multikultural və tolerant dəyərlərin qorunduğu ölkəmizdə öz gözləri ilə görüb şahid olmasına şərait yaratmaqdır.

Almaniya, İtaliya, Portuqaliya, İndoneziya, Rusiya, Gürcüstan və digər xarici ölkələrdəki universitetlərdə BBMM tərəfindən Azərbaycan multikulturalizmi fənninin tədris olunduğunu söyləyən K.Abdullayev bildirib ki, Azərbaycan dilinin, mədəniyyətinin, ədəbiyyatının, incəsənətinin, ictimai-siyasi vəziyyətinin, ölkəmizlə bağlı bütün həqiqətlərin öyrənilməsində bu fənnin əhəmiyyəti olduqca böyükdür. Daha sonra bu universitetlərin tələbələri Azərbaycandakı multikultural mühitlə tanış olmaq məqsədilə ölkəmizə dəvət edilir və səkkizinci dəfədir keçirilən multikulturalizm məktəbinin təşkil olunması bunun əyani sübutudur.

K.Abdullayev deyib: "Bizim məqsədimiz odur ki, azərbaycanlı və xarici gənclər arasında sıx əlaqələr qış və yay məktəbləri başa çatdıqdan sonra da davam etsin. Ümidvaram ki, bu münasibətlər və səmimi dostluq əlaqələri bundan sonra da davam edəcək. Arzu edərdim ki, siz gənclər mənim Vətənim Azərbaycanı da öz ölkəniz kimi sevəsiniz. Qış və yay məktəblərinin iştirakçıları gələcəkdə Azərbaycanla bağlı əlaqələrini bizim mərkəz vasitəsilə qura bilərlər”.

Yay və qış məktəblərində iştirak edən tələbələrin mərkəzin nəzdində "Azərbaycanın gənc dostları klubu”nu yaratdıqlarını deyən BBMM-in Himayəçilər Şurasının sədri gənclərə həmin kluba üzv olmağı arzulayıb.

Tədbirdə çıxış edən Etibar Nəcəfov bildirib ki, Azərbaycanda keçirilən çoxlu beynəlxalq tədbirlər multikulturalizmdən, tolerantlıq ənənələrinin inkişafından xəbər verir və ölkəmizdə bu sahəyə böyük diqqət ayrılır. O, VIII Beynəlxalq Multikulturalizm Qış Məktəbinin proqramı, bağlanış mərasimi barədə məlumat verib, səfər müddətində iştirakçılarla keçirilən görüşlərdən söz açıb.

Yunanıstan, Braziliya, Bosniya və Herseqovina, İspaniya, Nepal, Gürcüstan, Afrika, Serbiya, Yaponiya və digər ölkələrdən olan iştirakçılar Qış məktəbinin proqramından və onlar üçün yaradılan şəraitdən razı qaldıqlarını söyləyib, Azərbaycan hökumətinə, BBMM-ə minnətdarlıqlarını bildiriblər. Səfər çərçivəsində olduqları məkanlardan xoş təəssüratlarla ayrılan qonaqlar xalqımızın qonaqpərvərliyini xüsusi qeyd ediblər.

Sonra Qış məktəbinin iştirakçılarının sualları cavablandırılıb.

Qeyd edək ki, Qış məktəbində Azərbaycan, Gürcüstan, Çexiya, Almaniya, Serbiya, Hindistan, Bosniya və Herseqovina, Avstriya, Yaponiya, İspaniya, Tacikistan, Yunanıstan, Portuqaliya, Rusiya, Bolqarıstan, San Tome və Prinsipi Demokratik Respublikası, Braziliya kimi ölkələrin tələbələri iştirak edirlər. Qış məktəbinin iştirakçılarına Azərbaycandakı multikultural durum, tolerant əhval-ruhiyyə, etnik-dini müxtəliflik, ölkəmizdə müxtəlif xalqların nümayəndələrinin, fərqli konfessiyaların dinc yanaşı yaşaması haqqında mühazirələr oxunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video