22 Fevral 2019 00:41
446
DÜNYA
A- A+

London və Brüssel ayrılma prosesinin son mərhələsində


Brexit sazişi dəyişdirilə bilər


Böyük Britaniyanın Avropa İttifaqından (Aİ) çıxmasına (Brexit) bir ay bir həftə vaxt qalır. Gələn ayın 29-da London və Brüssel bir-birinə "əlvida” deməlidir. Lakin tərəflər necə ayrılacaqlarını hələ də müəyyənləşdirməyiblər. Bu il yanvarın ortalarında Birləşmiş Krallığın parlamenti Brexit üzrə saziş layihəsini qətiyyətlə rədd etmişdir. 432 parlamentar Londonun Aİ rəhbərliyi ilə ötən ilin noyabrında razılaşdırdığı sənədin əleyhinə çıxmışdır.

Britaniya qanunvericilik orqanının mövqeyi prosesin dalana dirənməsinə gətirib çıxarmışdı. Əsas problem Birləşmiş Krallığın tərkib hissəsi olan Şimali İrlandiya ilə İrlandiya Respublikası arasında sərhədin Brexitdən sonra 2020-ci ilin axırınadək davam edəcək keçid dövründə şəffaf qalıb-qalmaması idi. Plana görə, Britaniya martın 29-da Aİ-dən çıxacaq, amma Şimali İrlandiya keçid dövründə Aİ-nin Gömrük İttifaqında və vahid bazarında qalacaq. Britaniyalı qanunvericilər isə belə bir yanaşmanın ölkənin suverenliyinə xələl gətirdiyini bildirərək saziş layihəsini dəyişdirməyi tələb edirdilər.

Lakin Aİ rəhbərliyi Brexit şərtlərinə yenidən baxmağı lüzum görmürdü. Birliyin üzvü olan bəzi ölkələr sazişsiz Brexitə hazırlaşır, bəziləri isə prosesin müddətini uzatmağı və Londonla əlavə danışıqlar keçirməyi təklif edirdi. Nəhayət, London təmsilçiləri ilə yenidən görüşmək təklifi qəbul olundu və srağagün Böyük Britaniyanın Baş naziri Tereza Meylə Avropa Komissiyasının (AK) sədri Jan-Klod Yunker Brüsseldə bir araya gəldilər.

Görüşün yekunlarına dair qəbul olunmuş birgə bəyanatda deyilir ki, iki lider danışıqların konstruktiv keçdiyini ifadə etmiş və nümayəndə heyətlərini Brexit prosesini reallaşdırmaq üçün imkanlar axtarıb tapmağa çağırmışdır. Mey və Yunker əldə olunmuş irəliləyişi qarşıdakı günlərdə yenidən dəyərləndirmək qərarına gəlmişlər. AK-ın sədri və Böyük Britaniya hökumətinin başçısı cari ayın axırınadək yeni danışıqlar keçirmək barədə razılaşma əldə etmişlər. Eyni zamanda Mey və Yunker İrlandiya adasında "sərt sərhəd”in peyda olmasına imkan verməyəcəklərini, Avropa və Britaniya daxili bazarlarının toxunulmazlığına hörmət etmək öhdəliklərini bir daha təsdiqləmişlər.

Birgə bəyanatdan aydın olur ki, tərəflər Britaniya parlamenti Brexit sazişinin layihəsini rədd etdikdən sonra ilk dəfə bu sənədə düzəlişlər etməyin mümkün olması qənaətindədir. Bəyanatda qeyd olunur ki, Mey və Yunker Britaniya və Aİ-nin mövqelərinə uyğun olaraq iki tərəf arasında gələcək münasibətlər haqqında siyasi bəyannaməyə əlavə və düzəlişlər daxil edilməsinin mümkün olub-olmaması məsələsini müzakirə etmişlər.

Bu ifadələr Meylə Yunker arasında cari ayın 7-də keçirilmiş görüşün yekunlarına görə qəbul olunmuş birgə bəyanatdakı ifadələrdən xeyli fərqlənir. O vaxt bəyanatda vurğulanmışdı ki, Aİ Brexit sazişinə yenidən baxmayacaq. Srağagün İspaniyanın xarici işlər naziri Jozep Borrel "Bloomberg” agentliyinə müsahibəsində bildirmişdir ki, Britaniya ilə Aİ arasında gələcək münasibətlər haqqında birgə siyasi bəyannamənin yeni mətni üzərində iş gedir. O vurğulamışdır ki, Brexit müqaviləsinə yenidən baxılmayacaq, amma ona yeni izah vermək, yaxud əlavələr daxil etmək mümkün olacaq.

Göründüyü kimi, London və Brüssel ayrılmanı nizamlı şəkildə reallaşdırmaq xətti götürmüşdür. Lakin bu hələ o demək deyil ki, Brexit prosesini başa çatdırmaq üçün qarşıya çıxmış bütün maneələr aradan qaldırılmışdır. Qısa müddət ərzində tərəfləri qane edən razılaşmalar əldə edilməli, yeniləndirilən saziş layihəsi həm Britaniya parlamentində təsdiqlənməli, həm də Aİ-nin üzvü olan bütün ölkələr tərəfindən ratifikasiya olunmalıdır.

Özü də sazişsiz Brexit nə Londonu, nə də Brüsseli qane edir. Çünki Britaniya və Aİ prosesin şərtləri barədə razılaşa bilməsələr, "sərt” Brexit qaçılmaz olacaq. Hadisələrin bu yöndə inkişafı Britaniyanın eyni vaxtda Aİ Gömrük İttifaqında və Avropa vahid bazarında üzvlüyünün dayanmasını, Avropa bazarında satılan Britaniya mallarına gömrük rüsumlarının tətbiqini nəzərdə tutur. Yaxın perspektivdə sazişsiz Brexit Britaniya ilə materik arasında nəqliyyatın fəaliyyətini çətinləşdirə, bəzi əmtəə kateqoriyalarının qıtlığına gətirib çıxara, Birləşmiş Krallıqla Aİ ölkələri arasında ticarət üçün maneələr yarada bilər.

Bütün hallarda Brexit prosesi son dərəcə həssas mərhələyə daxil olur. London və Brüssel hadisələrin gedişinin arzuolunan razılaşmalarla nəticələnməsinə nail olmaq əzmindədir. Buna baxmayaraq, qarşıdakı mərhələnin rəvan keçəcəyini gözləmək lazım gəlmir. Belə ki, bir tərəfdən, London və Brüssel ayrı-ayrılıqda özlərinə daha çox sərf edən saziş əldə etməyə çalışır, digər tərəfdən, Britaniyada müxalifətçi düşərgə Tereza Mey hökumətini iqtidardan kənarlaşdırmaq üçün Brexitdən yaxşı fürsət görmür. Ona görə də indidən gözləmək olar ki, yaxın həftələrdə dumanlı Albionda gərgin siyasi ab-hava hökm sürəcək.

Allahverdi MEHDİYEV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video