20 Fevral 2019 15:57
555
CƏMİYYƏT
A- A+

İqlimin ən təzadlı dövrü – Boz ay

Xalq təqvimində xüsusi yer tutan Boz ay Novruz bayramından əvvəl bir ayı əhatə edən dövrə verilən addır. Xalq arasında bu dövrə boz ayla yanaşı, "alaçalpo(v)”, "çilləbeçə”lər, "ağlar-gülər ay” da deyirlər. Ayın bu cür adlandırılması onun buludlu, yağışlı, küləkli, bəzən də günəşli, bir sözlə, dəyişkən olması ilə bağlıdır.

"Küsəyən ayın” rəvayəti

AZƏRTAC-ın Naxçıvan bürosuna müsahibəsində bu barədə danışan tədqiqatçı Zaleh Novruzovun sözlərinə görə, xalq arasında qışı müəyyən zamanlara bölüb ona müxtəlif adlar veriblər. Qışın Böyük çilləsinin 40, Kiçik çilləsinin 20 və Boz ayın 30 gün bölgüsünə el deyimlərində də rast gəlirik. Həsən bəy Zərdabi isə onların hər birinin 30 gün olduğunu yazırdı. Boz ayda 4 ünsür – su, torpaq, yel və odla bağlı dörd çərşənbə təntənəli şəkildə qeyd edilərmiş. Belə rəvayət olunur ki, qədim dövrlərdə insanlar ili 12 aya bölür, hər aya 32, Boz aya isə 14 gün düşür. Boz ayın incidiyini görən ayların hər biri ona bir gün verir. Boz ay yenə razılaşmır. Ancaq bu dəfə ayların bəziləri bir gün versə də, digərləri vermir. Xalq arasında belə bir təqvimin, həqiqətən də, olduğunu bir tapmaca da təsdiq edir:

Bir ağacım var

On iki budaqlı,

Otuz iki yarpaqlı.

Dörd çərşənbə, dörd müqəddəs

Zaleh Novruzov vurğulayıb ki, Boz ayda olan dörd çərşənbə müqəddəs sayılıb və təbiətin dəyişilməsində dörd ünsür - su, torpaq, yel və od mühüm rol oynayıb. Boz ayla bağlı folklorşünas Bəhlul Abdulla "Kommunist” qəzetinin 1989-cu il 24 fevral tarixli nömrəsində dərc olunmuş "Novruz gəlir” adlı məqaləsində yazır: "Boz ay çilləbeçələrə bölünür. Etiqada görə, çərşənbələrdən birinci üçünə "oğru buğ” ("oğru üskü”), ikinci üçünə "doğru buğ” ("doğru üskü”), sonuncuya isə ilaxır çərşənbə deyilir. Bu çərşənbələrin hər birinin ayin və mərasimləri var. Məsələn, torpağa dəyən ilk "oğru buğ”da insanlar tonqal üstündən hoppanmaqla yanaşı, öncədən düzəltdikləri lopanı alışdırıb üç kərə ev-eşiyin çevrəsinə dolandırıb, "Qaçın-qaçın, şeytanlar, sizi odda qalaram”, deyərmişlər. Ayinə görə, şər qüvvələr qorxub qaçarmışlar.

Yalançı və xəbərçi çərşənbələr

Tədqiqatçı bu mövzuda apardığı araşdırmalar barədə də danışaraq deyir ki, digər qaynaqlarda da əlavə çərşənbələrin olması haqda məlumatlar var. Əzizə Cəfərzadə 1989-cu il 3 mart tarixli "Ədəbiyyat və incəsənət” qəzetində "Anam deyərdi ki...” məqaləsində yazır ki, əslində, dörd çərşənbə var, analar bu çərşənbələrin sayına ikisini də əlavə edirdilər: yalançı çərşənbə, xəbərçi çərşənbə. Bu çərşənbələrin xuşkəbəri (quru meyvəsi) çox olmazdı. Şam da çox yandırılmazdı. Xörəyi də yüngül çilovdan-zaddan olardı. Çərşənbələrin, bayram axşamının öz xörəkləri var. İlaxır çərşənbə və bayram axşamında turşulu plov bişirmək olmaz. Yəni narqovurma, turşu qovurma, sirkəplov, zirinc plov bişirilməz. Yalançı çərşənbədə – sirkəplov, xəbərçi çərşənbədə – lobya çilov (balqabaqla), birinci çərşənbədə narqovurma və ya turşu qovurma, ikincidə – paxlaplov, üçüncüdə – səbzi qovurma, ilaxır çərşənbədə – çığırtma və ya şirinplov kişmiş, bayram axşamı isə qaysı ilə toyuqplov bişirilərdi.

Hər şeydən əvvəldir yaşıl səməni

Əhali boz ayda, adətən, bayrama hazırlaşır. Birinci bayram səmənisi qoyulur. Əvvəlki dövrlərdə bütün qışı içəridə yanan buxarı və kürsü təndirinin tüstüsü tavan və divarları qaraltdığı üçün evlər təmizlənər, divarlar ağardılardı.

Professor Mirəli Seyidov 1989-cu il 4 mart tarixli "Kommunist” qəzetində dərc olunan "Yaz-günəş bayramı” sərlövhəli məqaləsində yazır ki, qədim azərbaycanlılar təqvimlə bağlı vaxt anlayışını hərdən canlandırmış, hərdən insan kimi gözə çarpdırmış, hərdən isə zoomorfik dünya ilə əlaqələndirmişlər.

Etnoqraf Qəmərşah Cavadov da bu mövzuya uyğun folklor nümunəsini misal çəkir:

Babamın bir çuxası var, on iki cibi.

Hər cibində otuz düymə.

Hər düymənin bir üzü ağ, bir üzü qara.

"Bu nümunədə baba kainatı, çuxa ili, on iki cib ilin aylarını, otuz düymə ayın günlərini, düymələrin ağ üzü gündüzü, qara üzü isə gecəni təmsil edir” – deyən Zaleh Novruzov qeyd edir ki, bu cür bağlama formalı söyləmələr aşıq ədəbiyyatında da öz əksini tapıb. Molla Cümə "Varmı” adlı qoşmasında belə yazır:

Bir guş eylər Molla Cümə bədbəxtə,

Bir çıraq görmüşəm yeddi otaqda.

On iki şəcərdə, üç yüz altmış budaqda,

Gül olan otuzdan xəbərin varmı?

Boz ay bozara-bozara keçər

Boz ay haqqında bir neçə deyim də var: "Boz ay bozara-bozara keçər”, "Boz ay kimi qərarsız”.

Zaleh Novruzov ikinci deyimi yuxarıda qeyd edilən rəvayətlə əlaqələndirir. Belə ki, bütün aylar boz aya gün verdiyi üçün bu ayda havalar tez-tez dəyişir. Havalar əlverişli keçəndə palaz-xalçalar çırpılır, ev-eşik bayramsayağı döşənir.

Boz ay dövründə iqlim təzadlı keçsə də, əkinçilikdə bəzi işlərin görülməsinə başlanılır. Yaşlılar söyləyirlər ki, Naxçıvanda noxudu fevralın axırı, martın birinci ongünlüyündə əkmək lazımdır. Əsasən, dəmyə əkilən noxud bu dövrdə əkildikdə yağıntının hesabına su ilə təmin olunur, erkən əkildiyi üçün "ağ” (xəstəlik) vurmur. Bu ay heyvandarlar üçün də məsuliyyətli dövrdür. Çünki, adətən, mart ayının əvvəlindən heyvanlarda döl başlayır.

Qar altından boylanan novruzgülü

Bəzi etnoqraflar bahar müjdəçisi novruzgülünün Novruz bayramı ərəfəsində açdığını yazırlar. Tədqiqatçı Zaleh Novruzov isə deyir ki, bu gül Kiçik çillənin sonu, Boz ayın əvvəlində açır. Çox maraqlıdır ki, qış mülayim, qarsız-boransız keçsə də, novruzgülü Boz ay girməmiş heç vaxt açmır. Ən sərt keçən qışda isə Boz ayın əvvəlində cənub tərəfdə qarın altından zərif çiçəklər boylanır.


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video