19 Fevral 2019 00:53
1541
Mədəniyyət
A- A+

Mövsüm mərasimlərinin izi ilə


Türk mifoloji ənənəsində ilin müəyyən fəsillərində təbiət hadisələrinə təsir etmək, sanki təbiəti ram etmək məqsədilə ayrı-ayrı ayin-rituallarla müşayiət olunan mərasimlər meydana gəlmişdir. Onlar da mövsüm mərasimləri adı altında tədqiqatlara cəlb olunmuşdur. Əcdadlarımız dörd fəslin hər birinin magik funksiyasını, təbiətdəki rolunu belə xarakterizə etmişlər:

Üçü bizə yağıdı,

Üçü cənnət bağıdı,

Üçü yığıb gətirdi,

Üçü vurub dağıtdı.

Erkən dövrlərdən ilin fəsillərinin hər birinə uyğun olaraq mövsümlərlə bağlı silsilə mərasimlər sistemi yaranmışdır. Belə mərasimlər arasında aramsız yağan yağışlar zamanı onun kəsilməsi məqsədilə "Hodu-hodu”, yaxud "Qodu-qodu” mərasimi keçirilərdi. Mərasimi cavanlar, yeniyetmələr icra edər, kəndbəkənd gəzib oxuyardılar:

Hodu-hodunu gördünmü?

Hoduya salam verdinmi?

Hodu burdan ötəndə

Qırmızı günü gördünmü?

Hoduya qaymaq gərək,

Qablara yaymaq gərək.

Hodu gün çıxarmasa,

Gözlərin oymaq gərək…

Mənbələrə görə, "Qodu” mərasimi ritual qaynaqlara malikdir, çünki mərasimin əsas obrazı mifik görüşlərlə sıx bağlıdır. Qodunun mifikliyi həm onun xarici görünüşü, geyimi, həm də "ölüb-dirilmə”si ilə səciyyələnir. Mifoloji qaynaqlarda Qodu başında dəri və ya keçədən hazırlanmış şiş papaqlı, qoyun dərisindən kürk geyinmiş bir obraz kimi təsvir olunur. Tədqiqatçılar Qodunun "ölüb-dirilmə” funksiyasına əsasən mifoloji varlıq olduğunu və onun türk tanrıçılıq görüşlərindən xəbər verdiyini də təsdiqləyirlər. Həmçinin həmin mərasim fasiləsiz yağışlar yağan zaman günəşi çağırmaq, günəşi arzulamaq, bir sözlə, günəşlə bağlı keçirilmiş qədim bir mərasimdir. Bu mərasimi Novruzdan tamamilə ayrı götürmək də düzgün olmaz, çünki Novruz çərşənbələrinin birində, xüsusən Od çərşənbəsində "günəşi çağırmaq” mərasimi keçirilmişdir. Folklorşünaslıqda Qodu ilə bağlı müxtəlif fikirlər irəli sürülmüşdür. Yusif Vəzir Çəmənzəminli vaxtilə Qodunu günəşin timsalı kimi qəbul etdiyini bildirmişdir. Başqa bir mənbəyə görə, Qodu Xuda sözü ilə əlaqələndirilir və günəş tanrısının adı kimi təqdim edilir.

Əcdadlarımız erkən dövrlərdən başlayaraq günəşi müqəddəs saymış, ona sitayiş etmiş və nəğmələr qoşmuşlar:

Günəş, çıx, çıx, çıx!

Kəhər atı min çıx!

Oğlun qayadan uçdu,

Qızın təndirə düşdü.

Keçəl qızı evdə qoy,

Saçlı qızı götür çıx.

Gün getdi su içməyə,

Qırmızı don biçməyə.

Gün ç

ıxıbdı, yetirəcək,

Keçəl qızı ötürəcək,

Saçlı qızı götürəcək.

Azərbaycan ərazisində keçirilən silsilə mərasimlər arasında quraqlıq zamanı "yağış yağdırmaq” mərasimi də arxaik detallarla zəngindir. Mənbələr göstərir ki, bu mərasimi keçirərkən yağışın yağmasını göstərən süni ünsürlərdən istifadə edilmiş və müvafiq nəğmələr oxunmuşdur.

Ümumilikdə qədim insanın şifahi yaradıcılığında əmək nəğmələrindən sonra mühüm yeri gündəlik məişətlə təbiəti dərketmə, ayin, etiqad və mərasimlərlə bağlı nəğmələr tutmuşdur. Yuxarıda qeyd etdiyimiz kimi, təbiət hadisələri üzərində hökmranlıq idealı ilə yaşayan insanda onları qavramaq, başa düşmək, özünə tabe etmək duyğuları yaranmışdır. Bu duyğular isə insanın inanc və etiqadlarını, ayin və mərasimlərini yaratmış, həmin düşüncə şifahi yaradıcılıqda öz əksini tapmışdır. Mövsümlərlə bağlı nəğmələri xalqın məişət həyatından kənarda təsəvvür etmək olmaz. Çünki bu nəğmələr xalqın gündəlik həyatı ilə bağlı olmuş, onun tələbindən doğmuşdur. Bu isə ümumilikdə təbiətin sirlərinə bələd olmaq, onu dərk etmək, gözəlliklərin estetik dəyərlərinə yiyələnmək, insanın ağır məişət həyatını yüngülləşdirmək arzusu ilə bağlı olmuşdur. Mövsüm nəğmələrində ulu əcdadlarımızın bir sıra erkən görüşləri, animistik və antropomorfik baxışları, sivil mədəniyyətə doğru inkişafın müxtəlif mərhələ və dövrlərdəki görüşləri, ziddiyyətləri və təzadları öz əksini tapmışdır. Mərasimlərlə paralel yaranan nəğmələr arxaik poetik düşüncənin təzahürüdür.

Ulu əcdadlarımız yeli, küləyi antropomorf hesab etmiş, onun mifik obrazlarını yaratmışlar. İnsan estetik düşüncədə nəinki onun qarşısını ala bilmiş, eyni zamanda özünə tabe etmişdir. Yellə, küləklə əlaqədar aşağıdakı nəğmədə küləyi çağırış əsas motiv kimi diqqəti cəlb edir:

A yel baba, yel baba,

Qurban sənə, gəl, baba,

Taxılımız yerdə qaldı,

Yaxamız əldə qaldı.

A yel baba, yel baba,

Qurban sənə, gəl, baba.

Mövsüm nəğmələri içərisində yağışın yağmasının qarşısını almaq, dumanın çəkilməsinə nail olmaq məqsədilə söylənən nəğmələr mifik düşüncəyə əsaslanır.

Türk tayfaları hələ qədimdən əsasən ilin iki mövsümü - yazın gəlişi, yeni əmək mövsümünün başlanması və məhsulun yığılıb başa çatması ilə bağlı mərasimlər, bayramlar keçirərdilər. Mövsümə yekun vurular, məhsulun toplanmasının başa çatması bayram edilərdi. Bu, belə bir etiqada söykənərdi ki, hər il məhsul yığımının sonu bayram şəklində qeyd edilərsə, gələn ilin məhsulu bol olar. Bu isə bütün bayramlar üçün ənənəvi olan inamlarla imkansızlara kömək etmək, məhsuldan pay vermək, bayram günü süfrə açıb paylaşmaqla bərəkətə tapınma görüşləri ilə əlaqadar idi.

"Xırman nəğmələri” adı ilə milli yaddaşda yaşayan nəğmələr də bu günə qədər xalq arasında yaşamaqdadır:

Atdım arpanı torpağa,

Qatdım yarmanı torpağa.

Qara eldən boylan gəl,

Qar altından hoylan gəl.

Telli sünbülün gəzər,

Yelli xırmanın bəzər.

Yaman günün yamanı,

Bərəkətin amanı...

İnsanların birgə əməyini yekunlaşdıran mərasimlər içərisində "Çəltik mərasimləri”, "Üzümçü mərasimləri”, "Alma yığımı” ilə bağlı mərasimlər və s. geniş yayılmışdır.

Erkən düşüncədə yeni əmək mövsümünün başlanması ilə də bağlı mərasim və nəğmələr geniş yayılmışdır. Əslində, onlar ilin son qış aylarından başlayıb Novruzaqədərki dövrü əhatə edirdi. Bu baxımdan "şum mərasimi”, "saya mərasimi” və onları bəzəyən nəğmələr diqqəti daha çox cəlb edir. Xalq arasında Novruzaqədərki nəğmələr kimi tanınan həmin nəğmələr də üç yerə ayrılardı: ”Çillə nəğmələri”, "İlaxır çərşənbə nəğmələri” və "Bayram məişəti nəğmələri”.

Azərbaycan şifahi xalq yaradıcılığında mərasim poeziyasının yaranmasına əmək nəğmələrinin də böyük təsiri olub. Əmək nəğmələrinin daha geniş yayılmış örnəkləri əkinçiliklə bağlı cütçü nəğmələridir. Mənbələrə görə, "bu, Azərbaycan xalqının ilkin çağlarda daha çox hansı təsərrüfatla məşğul olduğunu müəyyənləşdirməyə də kömək edir”. El arasında cütçü nəğmələrinə holavar deyilir. Holavarı yalnız iş prosesi zamanı oxuyurlar. Holavarların məzmunu əməklə, cütə qoşulmuş heyvanların hərəkətləri ilə bağlı olur. Holavar əvvəlcə bir-iki hecalı misralardan ibarət olmuş və ahəngə, səsə uyğunlaşdırılmışdır. Zaman keçdikcə, ibtidai təfəkkürün inkişafı, söz sənətinin yeni formalarının yaranması ilə bağlı qədim holavarlar da bayatıların sırasına daxil olmuş və öz ilkin şəklini qoruyub saxlaya bilməmişdir.

Azərbaycan ədəbiyyatşünaslığında "sayaçı sözləri”nin, xüsusən də "saya” ifadəsinin etimoloji izahına müxtəlif münasibət bildirilmışdır. Bu söz araşdırıcılar tərəfindən ayrı-ayrı mənalarda, o cümlədən, "kölgə” "nəğmə”, "say-rəqəm”, "bolluq-bərəkət”, "tanrı”, peyğəmbər, işıq, yolgöstərən, tamaşaçı, ovçu, çoban və s. kimi izah edilmişdir.

M.Arif yazır: "Hər il təxminən yaza əlli gün qalmış, qoyunlar quzulamağa başladığı zaman çoban paltarı geymiş adamlar kəndbəkənd gəzib "sayaçı” mərasimi icra edirdilər”. Sayaçı sözlərilə bağlı Y.V.Çəmənzəminli hələ 1921-ci ildə "Azərbaycan ədəbiyyatına bir nəzər” adlı kitabında geniş məlumat vermişdir.

Göründüyü kimi, türk mifik ənənəsində ulu qaynaqlardan gələn mövsüm mərasimləri və onlarla paralel şəkildə yaranmış folklor nəğmə mətnləri şifahi yaddaşda mühafizə edilmiş, cilalanıb mükəmməl şəkildə bizə gəlib çatmışdır.

Ülkər NƏBİYEVA,

Bakı Dövlət Universitetinin professoru, filologiya üzrə elmlər doktoru

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video