18 Fevral 2019 16:50
338
SİYASƏT
A- A+

Xocavənd rayonunda Qaradağlı faciəsinin ildönümü qeyd edilib


Azərbaycanın Xocavənd rayonunun Qaradağlı kəndinin Ermənistan tərəfindən işğal edilməsindən və kənd sakinlərinin soyqırımına məruz qalmasından 27 il ötür. Xocavənd rayonunda bu münasibətlə anım tədbiri keçirilib. Tədbirdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev, Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov, Dövlət Komitəsinin və yerli icra orqanlarının əməkdaşları, mətbuat və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, əvvəlcə Vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsini əbədiləşdirmək məqsədilə Nərgiztəpədə ucaldılmış abidə kompleksi ziyarət edilib.

Faciənin ildönümü ilə əlaqədar keçirilən tədbirdə qeyd olunub ki, dörd il erməni işğalçılarına qarşı mübarizə aparan Qaradağlı kəndində Qarabağ müharibəsinin ən dəhşətli faciələrindən biri yaşanıb. Erməni quldurlar 1992-ci il fevralın 17-də kəndi işğal edərək yandırıb, dinc əhaliyə qarşı soyqırımı həyata keçiriblər. Kəndin 91 sakini amansızcasına qətlə yetirilib, 200 ev, 1 mədəniyyət evi, 320 yerlik orta məktəb binası, 25 çarpayılıq xəstəxana binası və digər obyektlər, azərbaycanlılara məxsus tarixi, dini, mədəni abidələr və qəbiristanlıq dağıdılıb. Kəndin 800 nəfərə yaxın sakini məcburi köçkün düşüb.

Dövlət Komitəsinin sədri Rövşən Rzayev çıxışında vurğulayıb ki, Dağlıq Qarabağda erməni separatizminin baş qaldırması, Ermənistanın yenidən ərazi iddiaları irəli sürməsi və işğal siyasəti aparması Azərbaycanın o vaxtkı rəhbərliyinin səriştəsizliyi və qətiyyətsizliyi ilə əlaqədar idi. Təəssüf ki, həmin dövrdə respublikaya rəhbərlik edən şəxslər öz məsuliyyətini dərk edə, milli maraqlarımızı qoruya bilmirdilər. Yalnız ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra Azərbaycanda müstəqil dövlətçiliyin süqutunun qarşısı alındı, xalqın birliyi təmin olundu, separatçı və işğalçı qüvvələrə qarşı güclü müqavimət təşkil edildi.

Komitə sədri Ermənistanın işğalçılıq siyasətinin bütün dünyada ifşa edilməsi, ölkəmizin müdafiə sisteminin qurulması və möhkəmləndirilməsi, həmçinin işğal nəticəsində yurd-yuvasını itirmiş məcburi köçkünlərin problemlərinin həlli istiqamətində ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş dövlət siyasətinin bu gün Prezident İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirildiyini və müsbət nəticələr verdiyini diqqətə çatdırıb. 2016-cı ilin Aprel döyüşlərində qəhrəman Ordumuzun işğalçılara öz gücünü göstərdiyi, torpaqlarımızın bir hissəsini azad etdiyi, ötən il isə Naxçıvanda keçirilən uğurlu hərbi əməliyyat nəticəsində bir sıra strateji yüksəkliklərə nəzarəti ələ aldığı qeyd olunub.

Prezident İlham Əliyevin qaçqınlar və məcburi köçkünlərlə iş sahəsində aparılan dövlət siyasətini daha da təkmilləşdirmək məqsədilə həyata keçirdiyi islahatlar, müharibədən ziyan çəkən insanların mənzil-məişət şəraitinin və maddi rifahının yaxşılaşdırılması, məşğulluğunun təmin edilməsi istiqamətindəki genişmiqyaslı tədbirlər barədə də ətraflı söhbət açılıb. Birinci vitse-prezident Mehriban Əliyevanın məcburi köçkünlərin problemlərinə həssaslıqla yanaşdığı, ağır və həyat üçün təhlükəli şəraitdə yaşayan məcburi köçkünlərin ilk növbədə yeni ev və mənzillərə köçürülməsi ilə bağlı verdiyi tapşırığın icrasını daim nəzarətdə saxladığı bildirilib.

Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov çıxışında qeyd edib ki, Qaradağlı faciəsinin dünya ictimaiyyətinə çatdırılması məqsədilə Azərbaycan dilində və xarici dillərdə "Soyqırımı: Qaradağlı”, "Soyqırımı Qaradağlı: davam edir...” və "Qaradağlı, mübarizə” sənədli filmləri çəkilib. Ermənistan silahlı qüvvələrinin Qaradağlı kəndində törətdiyi soyqırımı ilə bağlı "Qaradağlı soyqırımı şahidlərin dili ilə” kitabı hazırlanıb. Bundan başqa, şəhidlərin xatirəsini əbədiləşdirmək üçün Yeni Qaradağlı, Yeni Xocavənd qəsəbələrində və Nərgiztəpə ərazisində abidə kompleksləri ucaldılıb. Rayonun sosial-iqtisadi inkişafı sahəsində əldə edilmiş uğurlar, məcburi köçkünlərin problemlərinin həlli ilə bağlı görülən işlər barədə də məlumat verilib.

Tədbirdə Xocavənd rayonundan olan ziyalılar, Qaradağlı sakinləri çıxış ediblər.

Sonda Qaradağlı faciəsinə həsr edilmiş film nümayiş olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video