15 Fevral 2019 15:21
565
CƏMİYYƏT
A- A+

Ötən il Ali Məhkəmənin fəaliyyətinin təkmilləşdirilməsi və müasirləşdirilməsi istiqamətində mühüm işlər görülüb


Fevralın 15-də Ramiz Rzayevin sədrliyi ilə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun növbəti iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, Plenumun iclasında çıxış edən Ali Məhkəmənin sədri Ramiz Rzayev 2018-ci ilin bir sıra əlamətdar hadisələrlə yadda qaldığını bildirib. R.Rzayev deyib ki, bu hadisələrin ən önəmlisi Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin təntənəli şəkildə geniş qeyd edilməsi olub. Məhkəmə-hüquq sisteminin tarixi qədim olsa da, yeni məhkəmə hakimiyyətinin formalaşdırılması dövlət müstəqilliyimizin bəhrəsidir. Ötən il də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin məhkəmə sistemi ilə bağlı sərəncamlarının icrası və Ali Məhkəmənin fəaliyyətinin təkmilləşdirilməsi və müasirləşdirilməsi istiqamətində bir sıra işlər görülüb. Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 13 fevral tarixli Sərəncamı ilə Ali Məhkəmədə müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqini təmin edən "Elektron məhkəmə” informasiya sistemi yaradılıb. Bu, məhkəmə sisteminin inkişafında yeni mərhələnin başlanğıcını qoyub. Azərbaycan Prezidenti ötən il dekabrın 28-də "Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi barədə” Qanunu təsdiqləyib. Qanunda "Elektron məhkəmə” sisteminin təkmilləşdirilməsini nəzərdə tutan mühüm dəyişikliklər edilib.

Diqqətə çatdırılıb ki, "Elektron hökumət”in tərkib hissəsi olan "Elektron məhkəmə” informasiya sistemi məhkəmə hakimiyyətinin və ədalət mühakiməsinin işinin səmərəliliyini artırır. Sistem vətəndaşın məhkəməyə müraciət etmək hüququnun yaranması anından məhkəmə qərarının icrasının tamamlanmasına qədər bütün prosesi əhatə edir. "Elektron məhkəmə” informasiya sisteminin yaradılması və aparılan genişmiqyaslı məhkəmə-hüquq islahatları ədalət mühakiməsinin həyata keçirilməsində süründürməçilik və sui-istifadə hallarının qarşısının alınmasına, aşkarlıq və operativliyin təmin edilməsinə, məhkəməyə müraciət imkanlarının daha da asanlaşmasına, məhkəmə qərarlarının icrasına nəzarətin səmərəliliyinin artırılmasına, elektron kargüzarlığın və elektron sənəd dövriyyəsinin təmin olunmasına xidmət edir.

R.Rzayev bildirib ki, ötən il Ali Məhkəmənin fəaliyyətinin hüquqi və informasiya təminatı gücləndirilib, Aparatda yeni texnologiyalar tətbiq edilib, maddi-texniki baza möhkəmləndirilib. Eyni zamanda, əvvəlki illərlə müqayisədə 2018-ci ildə vətəndaşların hüquqlarının məhkəmə müdafiəsi genişləndirilib. Ali Məhkəmənin 27 əməkdaşı test imtahanlarını müvəffəqiyyətlə verərək 2018-ci ildə hakim seçilib.

Ali Məhkəmənin sədri vurğulayıb ki, Azərbaycan Respublikası "İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasına qoşulduğundan Avropa Məhkəməsinin presedent hüququ ölkəmizin hüquq sistemi üçün mühüm əhəmiyyət kəsb edir. Hər həftə Ali Məhkəmədə keçirilən seminarda beynəlxalq hüquqi aktlar, xüsusən də "İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının müddəaları, Avropa Məhkəməsinin presedent hüququ öyrənilir. Hakimlərin və dəvət olunmuş beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı ilə "dəyirmi masa”lar keçirilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə Azərbaycan vətəndaşlarının müraciətinə əsasən, ləğv olunan işlərin sayında 2017-ci illə müqayisədə 2018-ci ildə azalma müşahidə olunub.

Plenumda Ali Məhkəmənin kollegiya sədrlərinin 2018-ci ildə ədalət mühakiməsinin həyata keçirilməsi vəziyyətinə dair məlumatları dinlənilib.

Məlumatlarla əlaqədar Plenumda geniş müzakirələr və təhlillər aparılıb.

Məruzə edən kollegiya sədrləri 2018-ci ildə kollegiyaların fəaliyyətində nəzərəçarpacaq keyfiyyət dəyişikliyinin olduğunu vurğulayıblar.

Qeyd olunub ki, Ali Məhkəmənin mülki, cinayət və hərbi kollegiyalarında 2018-ci ildə baxılmış işlər 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə azalıb, inzibati-iqtisadi kollegiyada isə artıb. Mülki kollegiyada 6,5 faiz, cinayət kollegiyasında 3,1 faiz, hərbi kollegiyada isə 8,9 faiz azalma, inzibati-iqtisadi kollegiyada 4 faiz artım müşahidə olunub. Ümumiyyətlə, Ali Məhkəməyə daxil olmuş işlərin sayı 2 faiz artıb. Həm baxılan işlərin, həm də ləğv olunan məhkəmə qərarlarının sayının azalması aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilən qərarların keyfiyyətinin əvvəlki illərə nisbətən yüksək olduğunu göstərir. Ötən il Ali Məhkəmənin Plenumunun 5 iclası keçirilib və 20 qərar qəbul olunub. Ali Məhkəməyə müraciətlərdə artımın müşahidə edilməsini vətəndaşların məhkəmələrə inamının artması kimi qəbul etmək olar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video