15 Fevral 2019 01:46
517
SİYASƏT
A- A+

Ermənistanda terrorçular hərbi xunta ilə birləşir


Keçmiş və indiki hakimiyyət arasında qarşıdurmalar işğalçı ölkəni yeni problemlər məngənəsinə yuvarlayır


Ermənistanın yeni hakimiyyəti ilə Sarkisyan-Koçaryan koalisiyası arasında yaranan qarşıdurma ölkədə siyasi sahə ilə yanaşı, sosial-iqtisadi sferada da ciddi problemlər yaradır. Əsas səbəb isə odur ki, ölkənin maliyyə rıçaqları, iqtisadiyyatın bir çox mühüm sferaları hələ də keçmiş hakimiyyətin nəzarətindədir. İndi onlar baş nazir Nikol Paşinyanın mövqelərini laxlatmaq üçün əllərində olan bütün imkanlardan yararlanmağa çalışırlar.


Bank sektorunda ciddi valyuta çatışmazlığı var


Ermənistanın "Jamanak” qəzeti yazır ki, bu durumda ölkəni iqtisadi sahədə çətin günlər gözləyir: "Mərkəzi Bankın Ermənistanda makroiqtisadi vəziyyətin sabit olduğuna dair əhalini arxayın etməsinə baxmayaraq, biz yenidən milli valyutamız dramın növbəti devalvasiyasının şahidi olduq. Mənbəmiz bildirdi ki, mərkəzi bank hətta tələb olduğu halda belə, banklara dollar almağı qadağan edərək, repressiv tədbirlər vasitəsilə dramın kursunu saxlamağa çalışır. Əgər əvvəllər mərkəzi bank valyuta müdaxilələri yolu ilə dramın kursuna təsir edirdisə, indi xarici rezervlərin pis vəziyyətdə olması üzündən bu maliyyə instrumentinin tətbiqi imkanları xeyli məhdudlaşıb. Bütün bunlar Serj Sarkisyan hakimiyyətinin qoyduğu miraslardır”.

Bununla yanaşı, qeyd edilir ki, baş nazir Nikol Paşinyanın növbədənkənar parlament seçkilərindən sonra hazırlanan yeni hökumət proqramını parlamentə təqdim edərkən səsləndirdiyi "bu gündən etibarən Ermənistanda iqtisadi inqilab dövrünün başlandığını elan edirik” bəyanatı ölkənin mövcud valyuta ehtiyatları və hazırkı inkişaf reallıqları ilə tərs mütənasibdir: "Çünki investisiya və bir sıra digər problemlərlə üzləşən Ermənistanda iqtisadiyyatın bütün sahələrində geriləmə, bank sektorunda ciddi valyuta çatışmazlığı və dövlət borcunun durmadan artması uzun illərdir ekspertlərin Ermənistanın müflis ölkəyə çevriləcəyi ilə bağlı verdikləri proqnozun reallaşacağı günü daha da yaxınlaşdırır”.


"İnqilab populizmə görə bədəl ödəyir”


Ölkədə siyasi müstəvidə zoraklıq hallarının artması da ciddi təhdid mənbəyi kimi qeyd olunur. Bu hal xüsusən də 2016-cı il iyulun 17-də Yerevanda Post-Patrul Xidmətinin binasına silahlı hücum edərək girovlar götürmüş "Sasna Tsrer” qruplaşması ilə bağlı özünü qabarıq göstərir. Qeyd edək ki, həmin vaxt "Sasna Tsrer” qruplaşması Serj Sarkisyanı hakimiyyətdən getməyə məcbur etmək üçün silahlı qiyam qaldırmış və post-patrul xidmətinin binasına hücum edərək 6 nəfəri girov götürmüşdü. Ermənistanda məlum hakimiyyət dəyişikliyindən sonra isə "Sasna Tsrer” terror təşkilatının "xaç atası”, o cümlədən qruplaşmanın mənəvi lideri Jirayr Səfilyan həbsdən azad edilmişdi.

Səfilyanla yanaşı, təşkilatın digər üzvləri olan Gevorq Safaryan, Nerses Poğosyan, Qalust Qrigoryan, Hrayr Topçyan, Sasunik Kirakosyan, Ovhannes Petrosyan da azadlığa buraxıldılar. Son hadisələr isə "Sasna Tsrer” terrorçularının artıq hərbi xunta ilə birləşərək Paşinyanın özü üçün də ciddi problemə çevrildiyini göstərir.

Bu xüsusda Ermənistanın "1-in.am” portalında olduqca maraqlı bir yazı dərc edilib. Qruplaşmanın son məhkəməsinə toxunan portal yazır: "Hətta "tsrer”in günahsız olduğunu israr edən adamlar da məhkəmə zalında baş verənlərdən şoka düşdülər. "Sasna Tsrer” qrupunun üzvləri və tərəfdarları məhkəmədə Ermənistanın polis rəisi Valeri Osipyanı alçaldıblar və görmək çətin deyildi ki, polisin dilxor rəisi bu şəraitdə səslənən ittiham və hədələri öz üzərinə götürərək yalnız hökuməti təmsil edirdi.

Nikol Paşinyan populizmə görə bədəl ödəyir. Post-Patrul Xidmətinin alayını ələ keçirmiş, silahlı qrupun iki nəfər istisna olmaqla polisləri qətlə yetirməkdə ittiham olunan üzvləri inqilabın qələbəsindən sonra həbs qətimkan tədbirinin dəyişilməsi nəticəsində azadlığa çıxıblar. Nikol Paşinyan yeni hökumətin məhkəmələrə təsir etmədiyini nə qədər iddia etsə də, aydındır ki, "tsrer” hökumətin siyasi qərarı nəticəsində azad olunub. Hətta "zəngə görə” ədalətin yerinə inqilaba yaxın deputatların xahişi gələrkən inqilabsonrası Ermənistanda kədərli ənənə formalaşıb. "Tsrer”ə münasibətdə göstərilən humanizm hətta Nikol Paşinyanın tərəfdarlarını da parçalayıb.

Əlbəttə, Jirayr Səfilyan və komandası dəfələrlə bildirib ki, özlərini inqilabın arxa cəbhəsi sayır və silahlı mübarizə səhifəsini qapanmış hesab edirlər. Amma "Sasna tsrer”in partiya qurultayında bir sıra çıxışlar tamamilə bunun əksindən xəbər verirdi, nəticədə baş nazir parlamentə seçkilər kampaniyası vaxtı Səfilyanın komandasına qarşı sərt şəkildə durmağa məcbur oldu. Cəmiyyət hökumətdən xeyli ağıllı çıxdı: "Sasna tsrer” parlament seçkiləri zamanı hətta iki faiz səs də yığa bilmədi, bundan sonra onun liderləri daha da radikallaşdı, bunun məntiqi zirvəsi son məhkəmə iclası oldu.

Məhkəmə zalında polis rəisi Valeri Osipyanın ünvanına hədələr səsləndi - onun aşkar dilxorluğu göstərdi ki, Nikol Paşinyan inqilabsonrası ilk həftələrdə populimzə güzəştə getməklə və "gilyotin inqilabı” tərəfdarlarını qanuniləşdirməklə necə böyük bir səhv edib”.


Xaotik vəziyyət


Məqalədə qeyd edilir ki, silahlı qruplaşmanın üzvü Areq Kyureqyan məhkəmə iclasında "proqram” nitqiylə çıxış edib. O, polis rəisinin keçmiş müavini Vardan Yeqiazaryanın ifadəsi vaxtı xəbərdarlıq edib: "Onda sizə də izah ediblər ki, hakimiyyət qanunsuz mənimsənilib. Polis hökumətlə əməkdaşlıq edirdi, insanların həyatını əlindən alırdı, işgəncəylə öldürürdü, intihara çatdırırdı, onlarla vətəndaş Yerevanın küçələrində güllələnirdi. Və bu hal təkrarlanarsa, biz də serjantdan generala qədər döşəməyi davam etdirəcəyik”.

Hər bir ağıllı adam bu "manifest”dən sonra tələb etməyə borcludur ki, 2016-cı ilin iyununda PPX alayına silahlı hücum edərək üç polisin ölümünə bais olmuş adamlar qanunun bütün ciddiliyi ilə cəzalandırılsınlar. Əks halda "döşəməyə yatırtmaq” dramının təkrarı olacaq - özü də daha amansız nəticələrlə. Burada keçmiş hakimiyyət tərəfindən verilən dəstək vəziyyəti daha da pisləşdirir”.

Bütün bunlar Ermənistanda terror dalğasının yenidən başlanmasını qətiyyən istisna etmir. Belə görünür ki "Sasna Tsrer” qruplaşması hərbi xunta ilə birləşib ölkədə yaşanan xaosu daha da dərinləşdirməyi düşünür.

Elçin CƏFƏROV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video