15 Fevral 2019 01:19
692
Mədəniyyət
A- A+

Sözün sönməyən işığı


Görkəmli yazıçı Cəlil Məmmədquluzadə əsərlərinin nəşri qayğıları ilə daim məşğul olmuşdur. Böyük ədib yazdıqlarını çap etdirmək üçün xeyli əziyyətlər çəkmiş, maneələrlə üzləşmiş, tam külliyyatının nəşrinə nail ola bilməmişdir.

Buna görə nigarançılıq da çəkmişdir. "Xatiratım” memuarında yazırdı: "...Yazmaq istəyirdim! Çox istəyirdim yazmaq! Amma bilmirdim niyə yazım, kimdən yazım? Çünki ümidvar deyildim ki, yazdıqlarımı çap etməyə və intişara qoymağa hökumət izn verəcək. Və görürdüm ki, necə ki, qəzet icazəsini almaq mümkün deyil, habelə də əlyazmasını da kitab surətində birdəfəlik çap eləməyə də senzur idarəsi mane olur. Bə çarə nə? Yazırdım ki, görək nə vaxt bu yazıları çapa vermək mümkün olacaq”.

Lakin bütün bunlara baxmayaraq, XX əsrdə ən çox nəşr olunan yazıçılar arasında Mizrə Cəlil xüsusi yer tuturdu. Tədqiqatçılar onu bu sahədə "bəxti gətirən” nasirlərdən hesab edirlər. Azərbaycanda kitab nəşri yenicə formalaşmağa başlayanda onun da əsərlərinə müraciətlər olurdu. Məslək dostu Ömər Faiq Nemanzadə "Qeyrət” mətbəəsində ədibin 1905-1907-ci illərdə "Poçt qutusu”, "Usta Zeynal”, "İranda hürriyyət”, "Qurbanəli bəy” hekayələrini ayrıca kitabçalar şəklində nəşr etdirib geniş oxucu kütləsinə çatdırmışdır. 1916-cı ildə çıxan "Nigarançılıq” kitabı ədəbi mühitdə böyük əks-səda doğurmuşdur.


Naşirlər ən çox ona müraciət edirdilər


Görkəmli yazıçının əsərlərinə naşirlər tərəfindən daha çox müraciətlər olunurdu. Səbəbi isə ilk növbədə onun yaradıcılığında millilik, yüksək vətəndaşlıq, tipiklik, ideyalılıq, sadəlik kimi xüsusiyyətlərin qabarıq ifadə olunması idi. Bu kiçik kitablarda xalq həyatına bağlılıq, ibrətamiz ideya-məzmun, milli kolorit, nağılvari dil və üslub Cəlil Məmmədquluzadəni geniş oxucu kütləsinə tanıdıb məşhurlaşdırmışdır.

1920-1930-cu illərdə yazıçının əsərlərinə maraq daha da artmışdır. Təkcə 1925-ci ildə ədibin "Baqqal məşədi Rəhim”, "Molla Fərzəli”, "Şeir bülbülləri”, "Konsulun arvadı” hekayələri kiçik kitabçalar şəklində çap olunub yayılmışdır. "Bəlkə də qaytardılar” toplusu 1927-1928-ci illərdə əvvəlcə əski əlifba, sonra isə latın qrafikası ilə nəşr edilmişdir. 1925-ci və 1929-cu illərdə "Ölülər” tragikomediyası iki dəfə çap edilmişdir. Bunlar hamısı görkəmli ədibin sağlığında nəşr olunmuşdur.

Akademik İsa Həbibbəyli yazır: "Cəlil Məmmədquluzadənin vəfatından sonra böyük ədibin əsərlərinin nəşri bir neçə mərhələdə həyata keçirilmişdir. Birinci mərhələ Mirzə Cəlilin dünyasını dəyişdiyi 1932-ci ildən Azərbaycanın müstəqilliyi ərəfəsinə qədərki böyük bir dövrü əhatə edir. Həmin mərhələdə C.Məmmədquluzadənin əsərlərinin toplanması istiqamətində ardıcıl və səmərəli iş aparılmış, yazıçının əsərləri sistemli şəkildə tərtib edilərək nəşr olunmuşdur”. O dövrdə ədibin əsərlərinin ayrı-ayrı nəşrlərinə müqəddimələr yazılmış, kitablara qeyd və izahlar əlavə olunmuşdur. Bu da həmin nəşrlərin elmi xarakter daşımasını səciyyələndirmişdir. Bu cəhətdən tanınmış ədəbiyyatşünaslar Həbibulla Səmədzadə və Əziz Mirəhmədovun xidmətləri yüksək qiymətə layiqdir. Görkəmli ədəbiyyatşünas Əziz Şərifin fədakar tərcüməçilik fəaliyyəti sayəsində ədibin rus dilində Bakıda və Moskvada seçilmiş əsərləri çap edilmişdir.


Mirzəcəlilşünaslığa sanballı töhfələr


H.Səmədzadə "Danabaş kəndinin əhvalatları” povestinin və "Dəli yığıncağı” tragikomediyasının əlyazmalarını əldə edib 1936-1938-ci illərdə ayrı-ayrı kitablar şəklində çap etdirmişdir. Daha sonra ədibin "Əsərləri”nin iki cildi nəşr olunur. 1947-ci ildə Əziz Mirəhmədovla birlikdə "Əsərləri”nin üçüncü çildi hazırlanır. Ə.Mirəhmədov sonra Turan Həsənzadə ilə bilrikdə böyük ustadın altıcildliyini nəşrə hazırlayıb tamamlayır.

Görkəmli ədəbiyyatşünas Mir Cəlal Paşayevin Cəlil Məmmədquluzadənin zəngin irsi, çoxşaxəli fəaliyyətinin tədqiqi və nəşri sahəsində müstəsna xidmətləri vardır. Akademik Mirzə İbrahimovun ədibin əsərlərinin üçcildliyinə yazdığı müqəddimə satirik yazıçının mükəmməl elmi-ədəbi portreti sayılmağa layiqdir. Sabirşünas kimi tanınmış AMEA-nın müxbir üzvü Abbas Zamanovun mirzəcəlilşünaslıq sahəsində gördüyü işlər xüsusi vurğulanmalıdır.

1986-1991-ci illərdə ədibin naməlum əsərləri üzə çıxarılmışdır. Akademik İsa Həbibbəylinin axtarışları sayəsində yazıçının dördpərdəli "Ər” pyesi, "Oyunbazlar” və "Lənət” səhnəcikləri tapılıb ayrıca kitab halında nəşr olunmuşdur.


Əbədi yadigarlar


Cəlil Məmmədquluzadə irsinin tədqiqi və nəşri məsələsinə yeni maraq 1994-cü ildə ulu öndər Heydər Əliyevin sərəncamı ilə ədibin 125 illik yubileyinin dövlət səviyyəsində qeyd olunmasından sonra ciddi surətdə artmağa başlamışdır. Ə.Mirəhmədovun redaktorluğu ilə hazırlanan "Molla Nəsrəddin” jurnalının faksimile çapının birinci və ikinci cildlərinin latın qrafikası ilə nəfis nəşri böyük elmi-ədəbi əhəmiyyət kəsb etmişdir. 2004-cü ildə onun dördcildlik külliyyatı çap edilmişdir. Bu çoxcildliyin "Ön söz”ünün müəllifi akademik İsa Həbibbəylidir.

Oxuculara təqdim edilən bu kitablarda həyata göz açan gündən "dünyanı qaranlıq görən” böyük yazıçının keçdiyi şərəfli, mübarizələrlə dolu əzablı yollar, onun çoxşaxəli yaradıcılıq fəaliyyəti barədə, dünya ədəbiyyatı xəzinəsinə bəxş etdiyi nadir incilər öz əksini tapmışdır. Bu nəşrlərə salınmış tənqidi məqalələr, oçerklər, felyetonlar, avtobioqrafik məktublar, xatirat qiymətli ədəbi yadigarlardır.

İradə ƏLİYEVA,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video