12 Fevral 2019 00:31
974
İDMAN
A- A+

“Formula-1”in ən möhtəşəm təşkilatçılıq modeli


Bakı daha 5 il dünyanın sürət paytaxtı olacaq


"Formula-1” yarışlarında yüksək təşkilatçılıqla nümunə göstərən Azərbaycan daha 3 il, yəni 2023-cü ilədək dünyanın ən güclü pilotlarını qarşılayacaq.

Bakı builki yarış da daxil olmaqla, daha 5 il planetin sürət paytaxtı olacaq. Sözsüz ki, belə nüfuzlu yarışların ölkəmizə həvalə edilməsi Azərbaycanın dünyada və Avropada idman ölkəsi kimi tanınmasından irəli gəlir.

Bu gün Azərbaycanda idmanın inkişafına geniş prizmadan yanaşılır və bunun üçün kompleks tədbirlər görülür. Bunun nəticəsi olaraq ölkəmizdə keçirilən nüfuzlu yarışlar silsilə xarakter daşıyır.

Aprelin 26-28-də dünyanın diqqəti yenə də Bakıya yönələcək. Paytaxtımız planetin bir nömrəli avtomobil yarışına 4-cü dəfə evsahibliyi edəcək. Azərbaycan Qran-prisində ən məşhur komandalar və pilotlar 6 kilometr məsafədən ibarət 51 dövrəlik mərhələnin qalibi uğrunda yarışacaqlar. Bu mübarizə isə, sözsüz ki, sürət həvəskarlarının böyük marağına səbəb olacaq.


Unikal Bakı treki


"Formula-1” yarışlarının 2019-cu il mövsümü 21 mərhələdən ibarət olacaq. Azərbaycan yarışların 4-cü mərhələsinə evsahibliyi edəcək. Mövsümün ilk yarışı martın 15-də Avstraliyada başlayıb, son yarışı isə noyabrın 29-da Abu Dabidə tamamlanacaq.

Uzunluğu 6 kilometrdən bir qədər artıq olan Bakı Şəhər Halqası trekin uzunluğuna görə dünyada ikincidir. Unikal xüsusiyyətlərə sahib Bakı Şəhər Halqası elə təşkil olunub ki, izləyənlər yarış zamanı UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil olan İçərişəhər Tarixi-Memarlıq Qoruğunu, şəhərin müasir göydələnlərini və Xəzərin sahilboyu hissəsini özündə birləşdirən Bakının ecazkar simasını görəcəklər.

Şəhər treki pilotlardan xüsusi dəqiqlik tələb edən İçərişəhərətrafı dar yoxuş hissəsi, inanılmaz sürət əldə etməyə imkan verən 2,2 kilometr dənizkənarı hamar hissəsi və s. bir sıra özəllikləri ilə yarışı canlı olaraq tribunalardan və ya televiziya qarşısında izləyən "F1” azarkeşləri üçün əsrarəngiz bir şouya çevriləcək.

Trekdə yarış avtomobillərinin hərəkəti saat əqrəbinin əks istiqamətində olacaq. Trekin ən geniş yeri 13 metrdir, ən dar hissəsi trekin İçərişəhər ətrafında olan bölmələrində, o cümlədən 7-ci və 8-ci döngələrdə 7.6 metr təşkil edəcək. Start və finiş xətti Azadlıq meydanında olacaq.


Bir nömrəli avtomobil yarışı


"Formula -1” üzrə dünya çempionatı bir nəfərlik, açıq təkərli avtomobillərin yarışıdır. Yüksək statusa malik bu yarışlarda sürücülər pilot, avtomobillər isə bolid adlanır. İl ərzində müxtəlif ölkələrdə "F1” üzrə mərhələ yarışları, başqa sözlə, qran-prilər təşkil olunur.

Dünyada geniş tamaşaçı auditoriyasına malik bu turnirlər izlənmə sayına görə yalnız Yay Olimpiya Oyunlarından və futbol üzrə dünya çempionatından geri qalır. Daha çox sürət həvəskarlarının maraq dairəsində olan "Formula-1” Qran-priləri ilk vaxtlar ancaq Avropa ölkələrində keçirilsə də, hazırda dünyanı əhatə edir.

Yarışları FIA (Beynəlxalq Avtomobil Federasiyası) keçirir. 1904-cü ildə Parisdə yaradılan federasiya avtomobil idmanı üzrə təşkil olunan bütün növ yarış və tədbirlərə cavabdehdir.

"Formula-1” üzrə ilk rəsmi dünya çempionatı isə 1950-ci il mayın 13-də İngiltərənin Silverstoun trekində təşkil olunub. Britaniya kral ailəsinin də maraqla izlədiyi turnirdə 21 bolid qələbə uğrunda mübarizə aparıb. Həm təsnifat, həm də əsas mərhələdə finiş xəttinə birinci gələn "Alfa Romeo”nun italiyalı pilotu Cüzeppe Nino Farina "F1” yarışının ilk qalibi kimi tarixə düşüb. Birincilik uğrunda mübarizədə onun əsas rəqibi komanda yoldaşı, argentinalı Xuan Manuel Fanxio olub. Lakin sonralar X.M.Fanxio bu məğlubiyyətin əvəzini yetərincə çıxdı. Belə ki, o, karyerası ərzində 5 dəfə (1951-ci, 1954-cü, 1955-ci, 1956-cı və 1957-ci illərdə) dünya çempionu adını qazanmaqla rəqiblərinə aman verməyib.


Bakı yeniliyin tətbiqi ilə yaddaşlara yazılıb


"Formula-1” yarışlarında Bakı yeniliyin tətbiqi ilə də yaddaşlara həkk olunub. Xatırladaq ki, 2016-cı ildəki dünya çempionatında "F1” Bakı mərhələsində sıralama turları ilə bağlı yenilik etmişdi. Belə ki, əvvəlki qaydalara görə, 18 dəqiqə davam edən birinci və 15 dəqiqəlik ikinci seansların nəticələrinə əsasən ən pis nəticə göstərən 6 pilot mübarizədən kənarlaşdırılmışdı. 10 pilot isə 12 dəqiqəlik üçüncü seansdakı göstəricilərə görə yarışa start vermişdilər. Bakı mərhələsində tətbiq edilən yeni qaydalarda isə seansın sonunda yox, 90 saniyədən bir ən yavaş pilotun mübarizəni dayandırması nəzərdə tutulmuşdu.

Məhz Bakıdakı yenilik son 3 mövsümdür "Formula-1” mütəxəssislərinin rəylərinə görə, yarışlarda həyəcanı bir qədər də artırıb.


Salam, Bakı


Aprelin 26-dan etibarən Azərbaycan Qran-prisi ilə bağlı Bakıya gələn hər kəs ölkəmizin inkişafını, xalqımızın qonaqpərvərliyini, zəngin mədəniyyətini növbəti dəfə öz gözləri ilə görəcəklər. Onlar Azərbaycanda keçirilən sürət yarışına hazırlıq işlərinin çox yüksək səviyyədə aparıldığının növbəti dəfə şahidinə çevriləcəklər.

Azneft meydanından Dəniz vağzalına qədər bütün Dənizkənarı Milli Park ərazisində əyləncə zonaları fəaliyyətə başlayacaq. Həmçinin azarkeşlər üçün pit yolu gəzintisi təşkil olunacaq. Bununla onlar "Formula-1” aləminə daha da yaxınlaşacaqlar. Gəzinti zamanı azarkeşlər pit yolunu keçərək komandaların yarışa hazırlığına şahidlik edəcək, pit-stop əməliyyatlarını öz gözləri ilə görəcəklər. İzləyicilər komandaların qarajlarında dünyanın ən innovativ yarış avtomobillərinin mühəndis və mexaniklər tərəfindən necə sazlanması prosesinin şahidi olacaqlar.

Bayram ab-havasına bürünmüş Bakıda sürət və adrenalin həvəskarları simulyatorlarda test edərək özlərini əsl "F1” sürücüsü yerində görə biləcəklər. Azarkeşlər bu oyunlarda sanki Azərbaycan Qran-prisinin bir hissəsinə çevrilərək bu mötəbər yarışın həyəcanını yaşayacaq, onun adrenalinini hiss edəcəklər.


Sürətsevərlərin pilotlar ilə görüşləri


"Formula-1”in Azərbaycan nümunəsi yüksək səviyyədə hazırlıq, qonaqpərvərlik ilə dünyanı heyran etməklə yanaşı, paytaxtımızda yarışan ən məşhur pilotların qəlbində hər zaman dostluq, anlaşma, sevgi məşəli yandırıb. Bu dəfə də Bakı bulvarının əsas səhnəsində 3 gün ərzində sürətsevərlər öz qəhrəmanları - "McLaren”, "Haas”, "Williams”, "Red Bull Racing”, "Ferrari”, "Mercedes”, "Renault”, "Toro Rosso”, "Alfa Romeo Racing” və s. komandaların pilotları ilə avtoqraf sessiyalarında görüşəcəklər. Bu, azarkeşlər üçün növbəti dəfə əsl hədiyyə olacaq.

Elçin CƏFƏROV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video