12 Fevral 2019 00:25
560
CƏMİYYƏT
A- A+

“Qəhrəmanlar unudulmur” adlı tədbir keçirilib


Bakı Ali Neft Məktəbi (BANM) və "Zəfər Şəhid Ailələrinə Dəstək” İctimai Birliyinin birgə təşkilatçılığı ilə "Qəhrəmanlar unudulmur” adlı tədbir keçirilib.

BANM-ın konqres zalında keçirilən tədbirdə Milli Məclisin deputatları, müxtəlif dövlət qurumlarının rəhbər nümayəndələri, şəhid ailələri, ali məktəbin rəhbərliyi, professor-müəllim heyəti, tələbələri və media nümayəndələri iştirak ediblər. Konqres zalının foyesində 2016-cı il Aprel şəhidlərinin şəkillərindən ibarət sərginin nümayişi də olub.

Öncə Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib. Daha sonra doğma vətənin ərazi bütövlüyü uğrunda şəhid olmuş vətəndaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən BANM-ın rektoru Elmar Qasımov bildirib ki, vətən uğrunda canlarından keçən şəhid oğullarımızın əziz xatirəsini yad etmək hər bir Azərbaycan vətəndaşının borcudur. Rektor qeyd edib ki, 2016-ci il Aprel döyüşləri sübut etdi ki Azərbaycan Ordusunun gücü və vətənpərvərlik ruhu çox yüksəkdir. "Biz doğma vətən torpaqlarını düşmən tapdaqlarından azad etmək üçün vuruşan və canından keçən milli qəhrəmanlarımızı hər zaman təbliğ etməliyik. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin şəhid ailələrinə verdiyi dəstək və diqqətdən ibrət alaraq hər birimiz onların yanında olmalıyıq”, - deyə rektor Elmar Qasımov bildirib.

"Zəfər Şəhid Ailələrinə Dəstək” İctimai Birliyinin sədri Sevinc Əlizadə çıxış edərək qeyd edib ki, onun başçılıq etdiyi birlik bütün şəhid ailələrinin təşkilatıdır. O öz çıxışında zalda əyləşən gəncləri şəhid ailələrinə dəstək verməyə, onların yanında olmağa səsləyib, müasir gənclərə milli, vətənpərvər ruhda böyümələrini tövsiyə edib.

Tədbirdə həmçinin Azərbaycan Respublikası Milli Məclisinin deputatları Qənirə Paşayeva və Vahid Əhmədov çıxış edərək şəhidlik zirvəsinə ucalan qəhrəman oğulların əziz xatirələrini ehtiramla yad ediblər.

Aprel qazisi, polkovnik-leytenant Elşən Qarayev isə Aprel döyüşlərində baş verən həyəcanlı anlardan, şəhid olmuş vətən oğullarının şücaətindən bəhs edib.

Şəhid ailələrinin timsalında çıxış edən şəhid Əbdülməcid Axundovun anası Ceyran Axundova onlara göstərilən bütün dəstək və qayğı üçün dövlətimizə, həmçinin bu tədbirin təşkilatçılığında əməyi keçən hər kəsə öz təşəkkürünü bildirib, gəncləri vətən uğrunda daim birləşməyə hazır olmağa çağırıb.

Tədbirdə BANM-ın tələbələri vətənpərvərlik ruhunda şeirlər və musiqilər ifa edib. Azərbaycanın tanınmış hərbi diktoru, "Vətənpərvərliyin Təbliğinə Dəstək” İctimai Birliyinin sədri Şəmistan Əlizamanlı isə milli qəhrəmanlar, vətən, əsgər mövzularına həsr olunmuş mahnıları səsləndirib.

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video