16 Yanvar 2019 00:52
654
SİYASƏT
A- A+

Ən islahatçı Prezident


İlham Əliyevin yeni struktur islahatları effektiv və daha çevik dövlət idarəetmə aparatının formalaşdırılmasına xidmət edir


"...İndi struktur islahatı gözlənilir. Çünki indi idarəetmədə struktur köhnəlib. Yeni idarəetmə strukturu olmalıdır - daha çevik, daha yığcam, daha məqsədyönlü. Çünki illər boyu yeni qurumlar yaranır. Onlar yarananda o qədər də hiss olunmur. Biri orada, biri burada yarandı, bir agentlik, bir xidmət yarandı. Sonra da baxanda görürük ki, bizim idarəetmə strukturumuz böyük dərəcədə şişirdilib. İndi dünyada əks proses gedir - idarəetmə daha yığcam, çevik, daha da məqsədyönlü və az işçi ilə böyük iş görmək üçün. Amma bizdə idarəetmə sistemi şişir. Buna son qoyulmalıdır. Ona görə struktur islahatı, kadr islahatı aparılmalıdır. Hər bir sahədə o sahəyə rəhbərlik edən şəxslər mütləq maksimum səmərə ilə işləməlidirlər”.

Bu fikirləri Prezident İlham Əliyev yanvarın 11-də, yəni 5 gün öncə Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında səsləndirmişdi. Bundan 3 gün sonra, yanvarın 14-də dövlət başçısı struktur islahatları istiqamətində mühüm qərarlar qəbul etdi. İmzalanan müvafiq fərmanlara əsasən, bir neçə qurum ləğv olundu, bəzi təşkilatların isə fəaliyyətləri özünümaliyyələşdirmə prinsipi əsasında həyata keçirilməklə yenidən təşkil edilməlidir.

Göründüyü kimi, bir neçə gün öncə islahatların davam etdiriləcəyi, idarəetmənin daha çevik mərhələyə çatdırılacağı anonsunu verən Prezident İlham Əliyev ilin əvvəlindən struktur islahatlarına başladı.


Daha çevik, operativ idarəçilik mexanizmi formalaşır


Bu gün Azərbaycan sürətli və hərtərəfli inkişaf edən ölkədir. Cənab İlham Əliyevin rəhbərliyi ilə tarixinin ən qüdrətli dövrünü yaşayan Azərbaycan dünyada sayılıb-seçilən ölkəyə çevrilib.

Bununla yanaşı, Azərbaycanın dinamik inkişafı, iqtisadi və sosial sferada əsaslı pozitiv dəyişikliklərin həyata keçirilməsi, cəmiyyət həyatının bütün sahələrində yeniləşməsi dövlət idarəçiliyi sisteminin təkmilləşdirilməsini, səmərəliliyin yüksəldilməsini, çevik və məqsədyönlü fəaliyyət göstərən yeni idarəetmə strukturunun formalaşdırılmasını zərurətə çevirib.

Əslində Azərbaycanda struktur islahatlarına 2015-ci ildən start verilib. Dövlət başçısının fərman və sərəncamlarına uyğun olaraq bir neçə dövlət qurumu ləğv edilib, bəziləri isə nazirliklərin tabeçiliyinə verilib. Qloballaşan dünyada müasir inkişaf tempi daha çevik struktura malik olan optimal idarəetmə tələb edir. Çünki məqsəd əldə edilən nailiyyətlərin davamlılığını təmin etməklə gələcək üçün daha səmərəli şərtlər formalaşdırmaqdır.

Prezident İlham Əliyevin həyata keçirdiyi struktur islahatları məhz idarəetmə sisteminin təkmilləşməsinə xidmət edir. Bu islahatlar nəticəsində idarəetmə sistemindəki paralelliyin və təkrarlığın aradan qaldırılması, dinamik, mobil, daha çevik, operativ idarəçilik mexanizminin formalaşması həyata keçirilir.


İdarəetmə və iqtisadi inkişaf arasında tarazlıq


Azərbaycan Prezidentinin güclü siyasi iradəsi və davamlı dəstəyi sayəsində ölkədə aparılan kompleks islahatlar ölkəmizin ötən il də yeni rekorda imza atmasına imkan yaratdı. Dünyada ən vacib və etibarlı reytinq göstəricisi hesab olunan Dünya Bankının "Doing Business-2019” hesabatı İlham Əliyevi ən islahatçı Prezident kimi dəyərləndirdi. Çünki hesabata əsasən Azərbaycan dünyanın 10 islahatçı dövləti siyahısına daxil edilərək dünyanın ən çox islahat aparan ölkəsi elan olunub. Göründüyü kimi, İlham Əliyevin apardığı kompleks islahatlar ölkəmizə "dünyada ən islahatçı” ölkə imici qazandırmaqla yanaşı, davamlı və tarazlaşdırılmış iqtisadi inkişafı təmin edib.

Ümumiyyətlə, struktur islahatları dövlət idarəetməsini iqtisadi inkişafın yeni mərhələsinə uyğunlaşdırır. İdarəetmə və iqtisadi inkişaf arasında tarazlıq, qarşılıqlı əlaqə və bir-birini tamamlama kimi prinsiplər qorunur. Həyata keçirilən struktur dəyişiklikləri eyni zamanda dövlət idarəçiliyinin təkmilləşdirilməsini, dövlət xidmətlərinin optimallaşdırılması və səmərəliliyinin artırılmasını nəzərdə tutur. Yəni Prezidentin rəhbərliyi ilə aparılan struktur islahatlarının əsas məqsədi idarəetmədə çevikliyi və səmərəliliyi artırmaq, cəmiyyətdə formalaşan yeni çağırışlara və iqtisadiyyatda baş verən struktur dəyişikliklərinə adekvat uyğunlaşmanı təmin etməkdir.


Büdcə vəsaitinə qənaət


Cənab Prezidentin apardığı struktur islahatları səmərəliliyin daha da artırılmasına xidmət edir. Məhz səmərəli dövlət idarəetmə aparatı cənab Prezidentin tapşırıqlarına uyğun olaraq məhdud resurslardan istifadə etməklə maksimum nəticə əldə edə bilər. Struktur islahatları institusional və tənzimləyici çərçivəni iqtisadiyyatın tarazlı inkişafına xidmətə yönəldir.

Dövlət aparatının optimallaşması, paralel strukturların aradan qaldırılması və mövcud strukturların yenidən təşkili büdcə vəsaitinə qənaət deməkdir. Dövlətin apardığı struktur islahatları həm biznesə, həm də ictimaiyyətə idarəetmənin səmərəliliyinin artırılması ilə bağlı yaxşı bir nümunədir.

Struktur islahatların gətirəcəyi faydalardan biri də ölkədə biznes mühitinin daha da təkmilləşdirilməsindən və rəqabətin gücləndirilməsindən ibarətdir. Çünki yığcam və məqsədyönlü dövlət aparatı özəl sektorun fəaliyyətinə müdaxiləni minimuma endirməklə daha çox bazar tənzimlənməsinə şərait yaradır. Beləliklə, dövlət və bazar tənzimlənməsinin optimal nisbəti müəyyənləşir ki, bu da özəl sektorun lokomotiv olduğu iqtisadi inkişafı təmin edir.

Struktur islahatları xüsusilə "Azərsilah” Açıq Səhmdar Cəmiyyəti və Aqrar Xidmətlər Agentliyi ölkədə aparılan diversifikasiya siyasətinə xidmət göstərməklə iqtisadiyyatın rəqabət qabiliyyətinin artırılmasını, qeyri-neft ixracının genişlənməsini, idxalın əvəzlənməsini, ərzaq təhlükəsizliyinin gücləndirilməsini və ordunun hərbi-texniki təchizatında kəmiyyət və keyfiyyət göstəricilərinin daxili istehsal hesabına yüksəldilməsini təmin edəcək.


İslahatlar zamanı iş yerləri ilə təminat diqqətdə saxlanılıb


Əlbəttə ki, struktur islahatları nəticəsində vətəndaşlara şəffaf, operativ və resurslara qənaət etməklə xidmət göstəriləcək, dövlət xidmətləri daha əlçatan və keyfiyyətli olacaq. "Bir pəncərə” və rəqəmsallaşma kimi prinsiplər struktur islahatları boyunca keçən əsas xətdir.

Struktur islahatları zamanı iş yerləri ilə təminat məsələsi diqqətdə saxlanılıb. Müvafiq qurumlar və Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi bu sahədə cənab Prezidentdən xüsusi tapşırıqlar alıb. Bu isə o deməkdir ki, fəaliyyəti dayandırılmış strukturların əməkdaşları üçün yenidən işlə təmin olunmaq imkanları maksimum təmin ediləcəkdir.


Azərbaycanın dünya iqtisadiyyatında mövqeləri daim möhkəmlənir


Struktur islahatları "yaxşı idarəetmə” və "açıq hökumət” prinsiplərinə uyğun olmaqla dövlət idarəetməsinin dünya standartlarına uyğunlaşdırılmasını təmin edir.

Davos İqtisadi Forumunun "Qlobal Rəqabətlilik - 2019” hesabatına əsasən, Azərbaycan 140 ölkə arasında "Dövlət tənzimlənməsinin yükü” alt-indikatoru üzrə əvvəlki illə müqayisədə 3 pillə irəliləyərək 12-ci yerdə qərarlaşıb və Avstriya, Belçika və Danimarka kimi ölkələri geridə qoyub. Təkcə bu fakt göstərir ki, cənab İlham Əliyevin rəhbərliyi altında ölkədə effektiv dövlət idarəetmə aparatı formalaşıb.

Bu islahatlar nəticə etibarilə məhsuldarlığın artırılması, ölkəyə daha çox investisiya cəlbi və yeni iş yerlərinin açılması deməkdir.

İlham Əliyevin həyata keçirdiyi siyasət biznes mühitinin təkmilləşməsini, infrastruktur və insan kapitalının inkişafını, Azərbaycanın dünya iqtisadiyyatında mövqelərinin güclənməsini təmin edir.

Bir sözlə, Azərbaycan özünün müstəqilliyi dövründə hər zaman dövlətçiliyin möhkəmləndirilməsi, idarəetmənin təkmilləşdirilməsi üçün daim islahatlar aparıb və günün tələblərinə cavab verən sistem yaratmağa çalışıb. Struktur islahatları ilə bağlı Prezident İlham Əliyevin qəbul etdiyi qərarlar bir daha göstərir ki, Azərbaycanda çevik idarəetmə sisteminə böyük maraq var və dövlət başçısı bu siyasəti davam etdirəcək.

Rəşad BAXŞƏLİYEV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video