15 Yanvar 2019 14:42
353
CƏMİYYƏT
A- A+

Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi ötən il də diqqət mərkəzində saxlanılıb


Yanvarın 15-də Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi və Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiya tərəfindən 2018-ci il ərzində korrupsiyaya qarşı mübarizə sahəsində görülmüş işlərlə bağlı KİV və QHT nümayəndələrinin iştirakı ilə mətbuat konfransı keçirilib.

AZƏRTAC xəbər verir ki, mətbuat konfransında çıxış edən baş prokurorun müavini - Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə əvvəlki dövrlərdə olduğu kimi, 2018-ci ildə də bütün sahələrdə dinamik inkişafa nail olunduğunu bildirib. Vurğulanıb ki, ölkəmizin milli təhlükəsizliyinin, iqtisadi maraqlarının və vətəndaşların rifahının yüksəlməsinə xidmət edən dövlət idarəçiliyinin məntiqi nəticəsi olaraq aprelin 11-də keçirilən demokratik, şəffaf və ədalətli seçkilər yolu ilə xalqımız növbəti dəfə qəti iradə nümayiş etdirərək ulu öndər Heydər Əliyev siyasi kursuna səs verib.

Diqqətə çatdırılıb ki, hesabat dövründə Prezident İlham Əliyevin siyasi fəaliyyətinin prioritet istiqamətlərindən olan korrupsiyaya qarşı mübarizə tədbirləri daha intensiv xarakter alıb. Ölkəmizdə iqtisadiyyatın liberallaşdırılması, bürokratik əngəllərin aradan qaldırılması, məmur-vətəndaş münasibətlərinin sağlam zəmində qurulması, şəffaflığın və hesabatlılığın təmin edilməsi və digər bu kimi korrupsiyaya qarşı mübarizə tədbirlərinə əsaslanan ardıcıl hüquqi və institusional islahatlar həyata keçirilib.

Xüsusi vurğulanıb ki, əvvəlki illərdə olduğu kimi, hesabat dövründə də prokurorluq orqanları korrupsiyaya qarşı mübarizəni fəaliyyətinin başlıca xətti kimi müəyyən edib. Baş İdarə prokurorluq orqanlarının digər qurumları ilə əlaqəli şəkildə bütün səylərini qarşıya qoyulmuş vəzifələrin uğurla və daha səmərəli şəkildə icra edilməsinə, ölkəmizdə həyata keçirilən sosial-iqtisadi islahatların əsas təminatlarından olan ictimai-siyasi sabitliyin qorunmasına və korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə yönəldib. Bu müddətdə Baş İdarə tərəfindən vətəndaşların 8058 müraciətinə baxılıb, 310 cinayət xarakterli material araşdırılıb. Həmin materialların 222-si (71,7 faizi) üzrə cinayət işi başlanıb, 88 (28,3 faiz) material üzrə digər prokuror təsir aktları tətbiq edilməklə 61 nəfər vəzifəli şəxs intizam məsuliyyətinə cəlb edilib. Korrupsiya hüquqpozmaları barədə müraciətlərin fasiləsiz rejimdə qəbulu məqsədilə yaradılan və Baş İdarə ilə vətəndaşlar arasında mühüm dialoq vasitəsi rolunu oynayan 161 "Qaynar xətt” əlaqə mərkəzinə hesabat dövründə 3854 müraciət daxil olub. Həmin müraciətlərin 19-u üzrə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işləri başlanıb. Həmçinin aidiyyəti dövlət qurumları ilə birgə görülmüş tədbirlər nəticəsində digər müraciətlərin müsbət həlli təmin edilməklə vətəndaşların pozulmuş hüquqları bərpa olunub. Aşkarlanmış qanun pozuntularının aradan qaldırılması məqsədilə müvafiq təşkilatlara təqdimatlar göndərilib. Hesabat dövründə Baş İdarənin əməliyyat qurumları öz vəzifələrini uğurla icra edərək keçirdikləri əməliyyat tədbirləri nəticəsində 25 şəxs cinayət başında yaxalanıb. Əməliyyat üsul və vasitələrindən istifadə etməklə korrupsiya hüquqpozmaları barədə əldə edilmiş məlumatlar əsasında isə 24 cinayət işi başlanıb.

Məlumat verilib ki, 2018-ci il ərzində Baş İdarədə 431 şəxs barəsində 278 cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti məhkəmələrə göndərilib. Həmin cinayət işlərindən 121 şəxs barəsində 68 iş mənimsəmə və israf etmə, 86 şəxs barəsində 55 iş dələduzluq, 33 şəxs barəsində 21 iş vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, 23 şəxs barəsində 13 iş rüşvət alma (passiv rüşvətxorluq), 46 şəxs barəsində 36 iş rüşvət vermə (aktiv rüşvətxorluq) və şəxsi rüşvət verməyə təhrik etmə, qalanları isə digər korrupsiya cinayətləri ilə bağlı olub. Məhkəmələrə göndərilmiş cinayət işləri üzrə 120 milyon manat məbləğində maddi ziyandan ibtidai araşdırma mərhələsində 53,3 milyon manatın ödənilməsi təmin edilib. Həmçinin qalan ziyanın ödənilməsini təmin etmək məqsədilə 34,2 milyon manat dəyərində qiymətləndirilən əmlak üzərinə həbs qoyulmaqla, ümumilikdə vurulmuş maddi ziyanın 73 faizinin ödənilməsi təmin olunub. Bununla yanaşı, törədilmiş və ya hazırlanan korrupsiya ilə əlaqədar hüquqpozmalara dair baxılmış məlumatlar üzrə araşdırma müddətində 2,6 milyon manat məbləğində maddi ziyanın ödənilməsi təmin edilib.

Qeyd edilib ki, hesabat dövründə Baş İdarə rəisi və onun müavinləri, idarə və şöbə rəisləri, təşkilati və informasiya təminatı idarəsinin prokurorları tərəfindən ümumilikdə 1620 vətəndaş qəbul edilib. Korrupsiyaya qarşı mübarizədə qabaqlayıcı tədbirlərin mühüm əhəmiyyəti nəzərə alınaraq, korrupsiya cinayətləri və hüquqpozmalarının yayıldığı sahələrin müəyyənləşdirilməsinə diqqət artırılmaqla preventiv tədbirlərin təsir gücünün məhz bu istiqamətlərə yönəldilməsi son illərin təcrübəsi ilə bir daha təsdiqini tapır. Əvvəlki dövrlərdə olduğu kimi, hesabat ilində korrupsiyaya qarşı mübarizə sahəsində bir sıra qabaqlayıcı tədbirlər həyata keçirilib. Otuz iki xüsusat üzrə inzibati pozuntu aşkarlandığından İnzibati Xətalar Məcəlləsinin 54-cü, 192.1-ci və 198.0.1-ci maddələrinin tələblərinə əsasən, inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar qəbul edilərək aidiyyəti üzrə məhkəmələrə göndərilib. Araşdırılması üçün aidiyyəti qurumlara göndərilmiş müraciətlər üzrə aparılmış xidməti yoxlamalar nəticəsində vəzifəli şəxslərin hərəkətlərində aşkarlanan cinayət xarakterli olmayan hüquqpozmalar üzrə 25 vəzifəli şəxsə xəbərdarlıq, 16 vəzifəli şəxsə töhmət verilib, 3 vəzifəli şəxs şiddətli töhmət növündə intizam məsuliyyətinə cəlb olunub, 17 nəfər isə vəzifəsindən azad edilib. Habelə yol verilmiş qanun pozuntularının aradan qaldırılması və gələcəkdə təkrarlanmaması üçün müxtəlif dövlət qurumlarına və vəzifəli şəxslərə 157 təqdimat göndərilib.

Bildirilib ki, hesabat dövründə Baş İdarə tərəfindən Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən imzalanmış "Tikinti sahəsində qeyri-rəsmi əmək münasibətlərinin qarşısının alınması ilə bağlı nəzarətin gücləndirilməsinə dair tədbirlər haqqında” 2017-ci il 28 aprel tarixli Fərmana uyğun olaraq, bu sahədə vətəndaşların əmək hüquqlarının pozulmasına yönəlmiş qanunsuz hərəkətlərə qarşı Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi ilə birgə ən ciddi mübarizə tədbirləri davam etdirilib. Mərkəzdən daxil olmuş 23 material əsasında aparılmış araşdırmalar zamanı bir sıra şirkətlərin rəhbərləri tərəfindən ayrı-ayrı şəxslərin Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən xidmətlərin yerinə yetirilməsinə cəlb edilmələri halları müəyyənləşdirildiyindən 1 cinayət işi və 14 inzibati xəta haqqında iş üzrə icraatın başlanması təmin edilib. "Prokurorluq haqqında” qanunun 22-ci və 23-cü maddələrinə əsasən, həmin şirkətlərin rəhbərlərinə gələcəkdə hər hansı işlərin görülməsi zamanı işlərə cəlb edilmiş işçilərin hüquqlarının pozulması hallarına yol verilməməsi, əks təqdirdə barələrində daha ciddi məsuliyyət tədbirləri görüləcəyi barədə 25 rəsmi xəbərdarlıq elan olunub. Eləcə də bu növ qanun pozuntularını doğuran səbəb və şəraitin aradan qaldırılmasına dair müvafiq təşkilatlara 50 təqdimat verilib. Həyata keçirilən qabaqlayıcı tədbirlər nəticəsində əmək münasibətləri rəsmiləşdirilmədən tikinti şirkətlərində işə cəlb olunan 414 işçi ilə əmək müqavilələrinin bağlanması təmin edilib.

Vurğulanıb ki, ötən il Baş İdarə ilə Dövlət Gömrük Komitəsi, Vergilər Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Qida Təhlükəsizliyi Agentliyi arasında səmərəli işgüzar əməkdaşlıq intensivləşib. Bu, qabaqlayıcı əhəmiyyətə malik olmaqla həmin sahələrdə korrupsiya cinayətlərinin və digər hüquqpozmaların vaxtında aşkarlanmasına, onların aradan qaldırılmasına, həmin qanun pozuntularına yol vermiş şəxslərin ifşa olunaraq cinayət və inzibati məsuliyyətə cəlb edilmələrinə və bununla da digər şəxslər tərəfindən qanun pozuntusuna yol verilməsinin qarşısının alınmasına böyük töhfə verib. Ötən il Baş İdarəyə Dövlət Gömrük Komitəsindən 17, Vergilər Nazirliyindən 7, Ekologiya və Təbii Sərvətlər Nazirliyindən 21, Qida Təhlükəsizliyi Agentliyindən 8, Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən 6, məhkəmələrdən isə 22 material daxil olub. Nəticədə 43 material üzrə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işi başlanıb.

Diqqətə çatdırılıb ki, korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlığın və mövcud qanunvericiliyin səmərəli tətbiqi üçün qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsinin zəruriliyi nəzərə alınaraq hesabat dövründə Baş İdarə tərəfindən bu sahədə ixtisaslaşmış beynəlxalq təşkilatlar və digər ölkələrin hüquq mühafizə orqanları ilə əlaqələrin daha da genişlənməsinə xüsusi diqqət yetirilib, ölkəmizin korrupsiyaya qarşı mübarizədə əldə etdiyi mühüm nailiyyətlər beynəlxalq qurumlar tərəfindən də yüksək qiymətləndirilib. Beynəlxalq əməkdaşlıq sahəsində görülmüş işlərin məntiqi nəticəsi olaraq, Avropa Şurasının MONEYVAL Komitəsinin 57-ci plenar iclası çərçivəsində cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində ölkəmizin IV raund qiymətləndirilməsi üzrə növbəti tərəqqi hesabatı dinlənilməklə, Azərbaycan Respublikasında bu sahə beynəlxalq səviyyədə mövcud standartlara tam cavab verən sistem kimi qiymətləndirilib, MONEYVAL-ın tövsiyələrinin ölkəmiz tərəfindən müvəffəqiyyətlə yerinə yetirildiyi qənaətinə gəlinib. Həmçinin İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Şərqi Avropa və Mərkəzi Asiya üçün Antikorrupsiya Şəbəkəsinin İstanbul Fəaliyyət Planı üzrə 19-ci monitorinq görüşündə Şəbəkənin IV Monitorinq Raundu üzrə ölkəmizə dair verilmiş tövsiyələrin böyük qismində icrası istiqamətində əsaslı nailiyyətin əldə olunması barədə yekdil fikrə gəlinib və dövri hesabat qənaətbəxş qiymətləndirilərək qəbul edilib. Bundan əlavə, Baş İdarənin rəisi tərəfindən ötən il Strasburqda Avropa Şurasının Korrupsiyaya qarşı Dövlətlər Qrupunun (GRECO) 81-ci plenar iclasında korrupsiyanın qarşısının alınmasına və aşkarlanmasına məsul olan dövlət qurumları arasında təcrübə mübadiləsinin həyata keçirilməsi məqsədilə təsis edilmiş Korrupsiyanın qarşısının alınması üzrə Orqanlar Şəbəkəsinə Azərbaycanın qoşulması ilə bağlı bəyannamə imzalanıb.

Son illər əhəmiyyətli beynəlxalq tədbirlərə ev sahibliyi edən əlverişli məkan olaraq tanınan Azərbaycanda keçirilən genişmiqyaslı tədbirlərdən biri kimi respublikamızın dünya prokurorlarını bir qurumda birləşdirən Beynəlxalq Prokurorlar Assosiasiyasının işində fəal iştirakı, təşəbbüskarlığı və səmərəli təmsilçiliyi nəzərə alınaraq, Assosiasiyanın İcraiyyə Komitəsinin 45-ci iclası Bakıda təşkil olunub. Təşkilata üzv olan ölkələrin prokurorluq orqanlarının yüksək səviyyəli şəxslərinin iştirak etdikləri tədbirdə Assosiasiyanın rəsmi internet səhifəsinin antikorrupsiya saytının fəaliyyətinin Azərbaycan prokurorluğu tərəfindən hazırlanması xüsusi qiymətləndirilib.

Beynəlxalq Prokurorlar Assosiasiyasının ötən ilin sentyabrında Cənubi Afrika Respublikasının Yohannesburq şəhərində keçirilmiş 23-cü illik konfransı və ümumi yığıncağında Azərbaycan Respublikasının Prokurorluğu xüsusi mükafatla - Assosiasiyanın fəxri sertifikatı ilə təltif edilib. Sertifikat ölkəmizdə prokurorluq orqanlarının fəaliyyəti ilə bağlı həyata keçirilmiş mütərəqqi islahatlar, Azərbaycan Prokurorluğu ilə Assosiasiya arasında əməkdaşlıq, o cümlədən bu qurumun İcraiyyə Komitəsinin Bakıda keçirilmiş 45-ci iclasının yüksək səviyyədə təşkilinə görə verilib. Eyni zamanda, həmin konfrans çərçivəsində Azərbaycan Prokurorluğunun nümayəndəsi Beynəlxalq Prokurorlar Assosiasiyasının vitse-prezidenti seçilib.

Qeyd edilib ki, ötən il Baş İdarə tərəfindən korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış beynəlxalq təşkilatlarla yanaşı, bu sahədə qabaqcıl və müsbət təcrübəyə malik olan ölkələrin ixtisaslaşmış antikorrupsiya qurumları ilə də ikitərəfli səmərəli əməkdaşlıq əlaqələrinin qurulması istiqamətində zəruri tədbirlər görülüb. İtaliya, Monqolustan, İran kimi xarici dövlətlərin hüquq-mühafizə orqanları ilə səmərəli əməkdaşlıq münasibətləri uğurla davam etdirilib. Əməkdaşlıq çərçivəsində Baş İdarə ilə İranın Baş Təftiş Təşkilatı və Monqolustanın Korrupsiyaya Qarşı Mübarizə üzrə Müstəqil Xidməti arasında korrupsiyanın qarşısının alınması və ona qarşı mübarizədə əməkdaşlıq haqqında anlaşma memorandumları imzalanıb. Bundan başqa, Avropa İttifaqının Avropa Qonşuluq Siyasətinin "Şərq Tərəfdaşlığı” və TAIEX (Texniki Yardım və İnformasiya Mübadiləsi) aləti çərçivəsində, Beynəlxalq Antikorrupsiya Akademiyasi (IACA), Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilatı (GUAM) və digər təşkilatlarla səmərəli əməkdaşlıq aparılıb.

Baş İdarənin fəaliyyətində korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış beynəlxalq təşkilatlar və xarici ölkələrin ixtisaslaşmış antikorrupsiya qurumları ilə yanaşı, respublikanın dövlət qurumları ilə də qarşılıqlı əməkdaşlıq əlaqələrinin inkişafı mühüm yer tutub. Ötən dövrdə Baş İdarə ilə Dövlət Gömrük, Dövlət Şəhərsalma və Arxitektura komitələri, Qida Təhlükəsizliyi Agentliyi, eləcə də Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında müvafiq olaraq gömrük işi, tikinti-şəhərsalma, qida təhlükəsizliyi və sahibkarların hüquqlarının müdafiəsi sahələrində korrupsiyaya qarşı birgə mübarizənin daha səmərəli təmini məqsədilə anlaşma memorandumları imzalanıb.

Korrupsiyaya qarşı mübarizədə qeyri-hökumət təşkilatları ilə sıx münasibətlərin qurulmasına xüsusi önəm verən Baş İdarənin fəaliyyəti, son vaxtlar bu sahədə qəbul edilmiş qanunvericiliyin tələbləri, beynəlxalq əməkdaşlıq nəticəsində həyata keçirilən tədbirlər, həmin tədbirlərin reallaşmasında dövlət qurumlarının və vətəndaş cəmiyyətinin rolu, Baş İdarə tərəfindən həyata keçirilən uğurlu əməliyyat tədbirləri, istintaqı aparılan cinayət işləri və digər mühüm məsələlərlə əlaqədar kütləvi informasiya vasitələrində ictimaiyyətə mütəmadi məlumat verilib.

Mətbuat konfransında çıxış edən Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın katibi Kamal Cəfərov bildirib ki, 2018-ci ildə dövlət idarəçiliyində səmərəliliyin artırılması, şəffaflığın gücləndirilməsi və açıq hökumət sahəsində həyata keçirilən tədbirlər davam etdirilib. Vergi və gömrük sahələrində şəffaflıq daha artırılıb, sahibkarlıq və investisiya mühiti yaxşılaşdırılıb. Həyata keçirilən islahatlar nəticəsində Azərbaycan "Doing Business”in 2018-ci il hesabatında 32 pillə irəliləyərək 190 ölkə arasında 25-ci yerə layiq görülüb.

Qeyd edib ki, korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq standartlara cavab verən institusional, qanunvericilik və inzibati tədbirlər uğurla icra olunub. Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı dövlət orqanları tərəfindən 89 faiz yerinə yetirilib. Elektron hökumət sahəsində dövlət siyasətini icra etmək, dövlət informasiya sistemlərinin səmərəli inteqrasiyasını həyata keçirmək məqsədilə Prezident İlham Əliyev tərəfindən "Elektron xidmətlərin inkişafı və rəqəmsal hökumətə keçid” haqqında Fərman imzalanıb və Elektron Hökumətin İnkişafı Mərkəzi yaradılıb. Etik davranış qaydalarının əhatə dairəsinin genişləndirilməsi ilə əlaqədar beynəlxalq təcrübəyə uyğun olaraq, Milli Məclisinin deputatları, bələdiyyə üzvləri və bələdiyyə qulluqçularının etik davranış qaydaları ilə bağlı qanunlar qəbul edilib. Korrupsiyanın qarşısının alınması sahəsində təhsillin rolunun artırılması məqsədilə "Azərbaycan Antikorrupsiya Akademiyası” layihəsi çərçivəsində dövlət qurumlarının 800-dən çox əməkdaşına 60-dan çox təlim keçirilib.

Diqqətə çatdırılıb ki, tikilməkdə olan və ya tikilmiş və istismara qəbul edilməmiş çoxmənzilli binalarda mənzillərin bir neçə şəxsə satılması kimi mənfi halların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişikliklər edilib. "Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizəyə dair 2017-2019-cu illər üçün Milli Fəaliyyət Planı”nın 2018-ci il üçün icrası uğurla təmin edilib. Avropa Şurasının MONEYVAL Komitəsinin tövsiyələrinin icrası ilə bağlı bir sıra vacib qanunvericilik aktları qəbul edilib. Bu sahədə dövlət siyasətinin vahid çərçivədə icrası məqsədilə Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidməti yaradılıb, fəaliyyəti təmin edilib və Maliyyə Monitorinq Xidməti Eqmont qrupuna üzv olub.

K.Cəfərov korrupsiyanın qarşısının alınması sahəsində Komissiyanın "Qanunvericiliyinin təkmilləşdirilməsi üzrə” İşçi Qrupu tərəfindən yeni Milli Strategiyanın və Tədbirlər Planının layihəsinin hazırlandığını və prosesin müvafiq dövlət orqanları, beynəlxalq ekspertlər və təşkilatlar, vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə cari il ərzində yekunlaşacağını bildirib.

Qeyri-hökumət təşkilatlarının nümayəndələri çıxışlarında hesabat dövründə Baş İdarənin korrupsiyaya qarşı mübarizə sahəsində fəaliyyətini müsbət dəyərləndiriblər.

Mətbuat konfransında yanvarın 11-də Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlətimizin başçısının ölkəmizdə həyata keçirilən quruculuq işlərinə, iqtisadi, sosial və siyasi sahədə aparılan islahatlara kölgə salan, habelə əhalinin haqlı narazılığına səbəb olan rüşvətxorluq və korrupsiya kimi mənfi təzahürlərə qarşı daha ciddi mübarizənin aparılması sahəsində verdiyi göstərişlərə uyğun olaraq, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin korrupsiya hüquqpozmalarını doğuran səbəb və şəraitin müəyyənləşdirilməsi və cinayətlərin qarşısının alınması istiqamətində sistemli, ardıcıl və qətiyyətli mübarizə tədbirlərini bundan sonra da davam etdirəcəyi xüsusi vurğulanıb.

Sonda QHT və KİV nümayəndələrinin sualları ətraflı cavablandırılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video