12 Yanvar 2019 02:38
736
Mədəniyyət
A- A+

“Mən bu cahana sığmazam...”


Böyük Nəsiminin 600 illiyini keçirəndə, onun heykəlini qoyanda, onun əsərlərini yayanda və onun məzarını Suriyanın Hələb şəhərində ziyarət edəndə, yenə də məhz Azərbaycanın milli mədəniyyətinin nə qədər zəngin olduğunu bir daha dünyaya göstərmək məqsədi daşımışdım.

Heydər ƏLİYEV


Böyük şair və mütəfəkkir Seyid Əli Seyid Məhəmməd oğlu İmadəddin Nəsimi 1369-cu ildə Şamaxı şəhərində anadan olmuşdur.

İlk təhsilini Şamaxıda alaraq, dövrün elmlərini öyrənən şair klassik Şərq və qədim yunan fəlsəfəsini, ədəbiyyatını dərindən mənimsəmiş, islamın və xristianlığın əsaslarına yaxından bələd olmuş, tibb, astronomiya, astrologiya, riyaziyyat və məntiq elmlərinə yiyələnmişdir.

Sonra hürufi Fəzlullah Nəiminin xidmətinə girmiş, onun tərbiyə və təlimlərindən bəhrələnmişdir. Nəsimi sufilik cərəyanına yaxın olsa da, sonradan hürufiliyin aparıcı simalarından olub. Onun ustadı Nəimi edam edilsə də, Nəsimi öz yolundan, hürufilik təlimini təbliğ etməkdən dönməyib.

Nəsimi poeziyası vasitəsilə sülhü, tolerantlığı və multikulturalizmi müdafiə edib. Şair 20 min misranı əhatə edən ədəbi irsinin əsas hissəsini ana dilində qələmə alıb. Nəsimi öz yaradıcılığında Azərbaycan xalqının arzu və istəklərini, ümumbəşəri dəyərləri, insanın fövqəlbəşəri varlıq olmasını tərənnüm edib. Lakin Nəsimi istedadının miqyası o qədər geniş idi ki, o öz yaradıcılığı ilə yalnız Azərbaycan xalqına məxsus deyildi, bütün bəşəriyyəti əsərlərində ifadə edirdi.

Fars və ərəb dillərində eyni dərəcədə gözəl şeirlər yaza bilən İ.Nəsiminin azərbaycanca şeirlərinin dili həm zənginliyi, həm də xalq nitqinə yaxınlığı ilə seçilir, atalar sözləri, zərbi-məsəllər, hikmətli sözlər burada çoxluq təşkil edirdi. Nəsiminin rübailəri Azərbaycan xalq şeiri nümunələri olan bayatılara çox yaxındır.

Dünya ədəbiyyatı və fəlsəfi fikrində böyük rol oynayan şairin ədəbi fəaliyyətindəki mənəvi azadlığa, bəşəri dəyərlərə, insana sevgiyə, azadlıq və əmin-amanlığa çağırış Nəsimi yaradıcılığının himni idi. Despotizmin, nadanlığın və cahilliyin daim təqib etdiyi İ.Nəsimi müxtəlif ölkələrdə sığınacaq axtarsa da, təqib və təhdidlərdən xilas ola bilmir. Hələb şəhərində isə şairin həyatında ən böyük faciə baş verir, 1417-ci ildə dərisi soyulmaqla edam edilir. Edama məhkum olunan Nəsimi dünyadan köçmədi. O, əsrlərdən bəri insanların qəlbində yaşamaqda davam edir, dünya poeziyası, ədəbi və fəlsəfi fikrində öz abidəsini ucaltmağa müvəffəq olub.

İ.Nəsiminin adı Azərbaycanda əbədiləşdirilib, elm və təhsil ocaqlarına, rayon, küçə, meydanlara onun adı verilib, abidəsi ucaldılıb. Azərbaycanın ümummilli lideri Heydər Əliyevin təşəbbüs və səyləri ilə hələ SSRİ dövründə Bakının mərkəzində şairin abidəsi ucaldılıb, onun adının əbədiləşdirilməsi üçün çox işlər görülüb. 2019-cu ilin "Nəsimi ili” elan olunması barədə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən müvafiq sərəncamın imzalanması şairə verilən yüksək dəyərin göstəricisidir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video