12 Yanvar 2019 02:20
482
İQTİSADİYYAT
A- A+

83 yaşlı fermer


Lətif Cəfərovu Biləsuvarda tanımayan yoxdur. Sözün əsl mənasında zəhmət adamıdır. Ağlı kəsəndən torpaqla ülfət bağlayıb. Sovetlər zamanında yaşadığı Təzəkənd kəndindəki kolxozda əmək fəaliyyətinə başlayıb. Ondan da əvvəl orta məktəbdə oxuyarkən yay aylarında ata-anası ilə birlikdə sahəyə gedib, pambıq becərib.

Orta təhsilini başa vurub, Salyan Kənd Təsərrüfatı Texnikumuna daxil olub, oranı da bitirdikdən sonra kəndlərinə qayıdıb. Əvvəl sıravi kolxozçu, suçu olub. İşgüzarlığını görüb onu briqadir təyin ediblər. Göstərilən etimadı doğruldaraq yüksək göstəricilərə nail olub, pambıq ustası kimi ad çıxarıb. Çəkdiyi zəhmət də lazımınca qiymətləndirilib. Keçmiş SSRİ-nin orden və medalları ilə təltif olunub.

Ancaq bir hadisəni heç vaxt unutmur, şirin xatirə kimi həmişə ürəyində yaşadır. Bu, 1974-cü ildə ulu öndər Heydər Əliyevin Biləsuvar rayonuna səfəri zamanı onun briqadasında olması, briqada üzvləri ilə səmimi söhbət etməsi və qazandığı nailiyyətlərə görə "QAZ-24” markalı minik maşınının açarını ona verməsidir.

1991-ci ildə sovetlər birliyi dağılanda L.Cəfərov çaşbaş qalmır. Torpağa bağlı olduğunu əməli ilə bir daha sübuta yetirir. Biləsuvardan İran sərhədindəki gömrük keçid məntəqəsinə gedən yolun kənarında yerləşən pay torpağında öz işi ilə məşğul olmağa başlayır. Yolun yaxınlığında yurd salır. Ailəsini də bura gətirir. Əkin-biçin işi ilə məşğul olur. Mal-qara saxlamağı da yaddan çıxarmır.

Lətif kişi ilə dəfələrlə görüşmüşük. O, yaxşı təsərrüfatçı olmaqla yanaşı, nümunəvi ata və babadır. Bir nəfəri istisna olmaqla qalan oğlanlarını, hətta ali təhsilli nəvəsini də yanında işlədir. Maraqlı, səmimi həmsöhbət olan L. Cəfərov bir dəfə dedi ki, iş yeri demirlər? Mən onlar üçün bunu yaratmışam: "Çalışıram ki, onlar zəhmətə bağlı olsunlar. Zəhmət çəkmədən, əziyyətə qatlaşmadan heç nə əldə etmək mümkün deyil. Bunu həyat özü çoxdan sübut edib. Bir də ataların belə bir kəlamı var: "Özgə atına minən tez düşər”. Nə lazımdırsa, onlar üçün etmişəm. Öz dədə-baba kəndimizdə, Təzəkənddə hər biri üçün ev tikmişik. Hamının minik maşını var. Adama daha nə lazımdır?! Təsərrüfatımız isə çoxsahəlidir”.

Lətif kişi onu da vurğuladı ki, pal-paltardan savayı, kəndli heç nəyə pul sərf etməməlidir. Ərzaqla özünü, ailəsini saxlamalıdır, artığını da satıb başqa dərd-sərinə, əyər-əskiyinə verməlidir. Elə bu məqsədlə 50 başdan çox qaramal, 200 başa yaxın davar saxlayır. Bunlardan başqa, həyətində 100-dən çox toyuq-cücəsi var. Onların yemini, dənini də öz sahəsindən tədarük edir.

O, təsərrüfatını genişləndirməyi də yaddan çıxarmayıb. 10-15 il öncə pulla torpaq alıb, bələdiyyə fondundan torpaq icarəyə götürüb. Gəliri artdıqca müəyyən sayda kənd təsərrüfatı texnikası əldə edib. Nə əkirsə əksin, ancaq pambığı heç vaxt unutmayıb. Demək olar ki, hər il pambıq əkir. Elə buna görə də Biləsuvarda onu "pambığın Məcnunu” çağırırlar. Dövlət başçısının pambıqçılığı inkişaf etdirmək haqqında göstərişi sanki ona yeni bir nəfəs verib. Keçən il əldə etdiyi göstəricilərə görə "Tərəqqi” medalı ilə təltif edilib. Bu il isə əkdiyi 26 hektar sahənin hər hektarından hələlik 50 sentner məhsul götürüb. Əldə etdiyi göstəriciyə görə, kənd təsərrüfatı naziri İnam Kərimov telefonla onu təbrik edib. Yeri gəlmişkən onu da qeyd edək ki, Lətif Cəfərov Kənd Təsərrüfatı Nazirliyi yanında Fermerlər Şurasının üzvüdür.

Fermer L. Cəfərov 83 yaşı adlayıb. Ancaq əli işdən bir an belə soyumur: "Nə qədər canımda can var, işləyəcəyəm. Çalışıram ki, ölkəmizdə gedən bu inkişafda mənim və oğlanlarımın da payı olsun. Əminəm ki, ölkəmizdə indi görülən işlər yaxın vaxtlarda öz bəhrəsini verəcək”.

Seyran CAVADOV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video