16 Dekabr 2018 00:46
450
İQTİSADİYYAT
A- A+

“Made in Azerbaijan” brendinin “Şahdağ” möhürü


Azərbaycanda qeyri-neft sektorunun inkişafına verilən dövlət dəstəyi iqtisadiyyatın neftdən asılılığını arxa plana keçirib. Bunun bir səbəbi də ölkəmizin hər yerində bu sektorun inkişafı üçün yollar axtarılması mövcud potensialdan istifadə edilməsidir.

Onlardan biri də turizmin inkişafıdır. Təbiət gözəllikləri ilə zəngin bölgələrimizdə bunun inkişafı üçün yeni infrastruktur yaradılır, istirahət mərkəzləri açılır. Belə rayonlardan biri də Qusardır.

İlin bütün fəsillərində ölkəmizin şimal bölgəsində turistlərlə rastlaşmaq mümkündür. İsti aylarda gözoxşayan meşələri, qışda pambıq kimi ağappaq qara bürünmüş dağ və dərələri buraya gələnləri sanki ovsunlayır, onları təkrar-təkrar bu füsunkar diyara qayıtmağa məcbur edir.

Qusarın iqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil etsə də, rayonun inkişafı daha çox turizmlə bağlıdır. Rayonda çoxsaylı mədəniyyət ocaqları, qalalar, tarixi keçmişimizi yaşadan adət-ənənələr var. Böyüklü-kiçikli onlarla şəlalənin yerləşdiyi Qusar turistlərin marağına səbəb olmaqla yanaşı həm də multikultural dəyərləri ilə seçilən bölgədir. Quba ilə yanaşı məkanda yerləşməsi ona olan marağı bir qədər də artırır. Belə ki, Qusara təşrif buyuran turist yaxınlıqdakı Qubanı da ziyarət edir. Bu da turist marşrutlarına əlavələr deməkdir.

Azərbaycan Prezidenti İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində ərsəyə gələn "Şahdağ” Qış-Yay Turizm Kompleksi turistlərin marağını çəkən ən yaxşı məkanlardan biridir. Turistlərin axışdığı Qusar rayonu turizm bölgəsi kimi günü-gündən inkişaf edir. Bu isə rayona gələn turistlərin sayında artımla müşahidə edilir.

Dövlət tərəfindən də rayonda turizmin potensialının gücləndirilməsinə böyük maliyyə dəstəyi göstərilir. Xatırladaq ki, "Şahdağ” Qış-Yay Turizm Kompleksinin tikintisinə 2009-cu ildə başlanıb. Qusar şəhərindən 30 kilometr şimalda, dəniz səviyyəsindən 1.300-3.200 metr hündürlükdə, Şahdağ Milli Parkının ərazisində inşa edilən "Şahdağ” Qış-Yay Turizm Kompleksi bu dəstəyin konkret təzahürüdür.

Bu yerlərdə turizmin daha geniş miqyas alması, inkişafı üçün hər cür şərait var. Rayonun turizm sahəsində çalışanların isə əsas vəzifəsi əsrarəngiz təbiətin qoynunda mənalı istirahətin və xidmətin təşkilinin müasir tələblər səviyyəsində qurulmasına nail olmaqdır. Həm də dünyanı dolaşan turist üçün maraqla qarşılaşacaq nəyinsə hazırlanması gərəkdir. Çünki gəzdiyi yerlərdən fərqlisini görəndə o, buralara bir də dönəcək. Odur ki, yeni layihələr həyata keçirilməli, infrastruktur dəyişiklikləri aparılmalıdır.

Qusar rayonunda bu sahədə xeyli iş görülüb. Bu gün rayonda turizmin dağ, meşə, qış, yay, kənd kimi növləri formalaşmaqdadır. Göstərilən istiqamətlərdə lazımi şəraitin yaradılması bu sahəyə cəlb olunanların sayının artmasına gətirib çıxarır. Əsasən qış aylarında dağ turizminə üstünlük verənlər ilin digər fəsillərində də bu məkana gələrək müxtəlif turizm marşrutlarından yararlanmağa çalışırlar.

Yayda rayonun kəndlərində, hotellərdə boş yer tapmaq çətin olur. Turizm işi burada yaxşı təşkil olunub. Rayon mərkəzində, park və xiyabanlarda xüsusi bələdçilər turistlərə yol göstərmək üçün fəaliyyət göstərir. Bundan əlavə, əgər qonaq gedəcəyi yeri müəyyənləşdiribsə, ona əvvəlcədən hazırlanmış xəritə təqdim edirlər. Artıq istirahət edəcəyi yeri bilən turist birbaşa istədiyi əraziyə yollana bilir.

Amma turistlərin ən çox dincəlmək istədiyi yer "Şahdağ” Qış-Yay Turizm Kompleksidir. O, dünyadakı bu tipli komplekslərdən nadirliyi və unikallığı ilə fərqlənir.

Adıçəkilən turizm kompleksinin Qusarda işsizlik probleminin həllində, rayonda, sahibkarlığın, sənətkarlığın inkişafında, büdcə gəlirlərinin artmasında, infrastruktur sahələrinin sürətlə yenidən qurulmasında əsaslı rolu var. Bu layihə ölkəmizin turizm sektoruna qoyulan ən böyük sərmayədir. Kurort fəaliyyətə başlayandan bərı yüzlərlə yeni iş yeri açılıb. Hazırda turizm kompleksində yaxın rayonlardan da xeyli sayda gənc çalışır.

Respublikamızda keçirilən idman turnelərində, I Avropa və IV İslam Həmrəyliyi Oyunları zamanı bu kompleksi seçən turistlər özlərilə ölkələrinə qucaq dolusu sevinc aparmış, çoxları yenidən qayıdaraq dəfələrlə bu istirahət guşəsinə səyahət etmişlər.

"Şahdağ” Qış-Yay Turizm Kompleksində ilin bütün fəsillərində hər kəsin maraq dairəsinə və bacarığına uyğun müxtəlif əyləncələr təşkil olunur. Məsələn, aktiv əyləncəyə üstünlük verənlər üçün xüsusi dağ velosipedi və ya sərbəst velosiped turu, fərqli əyləncə növlərini və sürəti sevənlər üçün trottinet, seqvey - mobil platforma, kvadrotsikl, bob kart kimi nəqliyyat vasitələri, sadəcə təmiz dağ havası, ruhu dinləndirən sakitlik və möhtəşəm mənzərələrdən zövq almaq istəyənlər üçün at sürmə, dağlarda gəzinti, adrenalin sevənlər üçün kanatla yüksəklikdən sürüşmə - ziplayn, macəra parkı, peyntbol, azyaşlı turistlər üçün isə hava qəsrlərindən ibarət mini kvadrotsikllər kimi əyləncə növləri təklif olunur.

Bundan əlavə ailəvi istirahət etmək istəyənlər üçün də bir neçə əyləncə növünün daxil olduğu xüsusi paketlər hazırlanıb. Şahdağda ən maraqlı əyləncələrdən biri isə paraplan uçuşları vasitəsilə 2250 metr hündürlükdən bütün ərazini seyr edə, eləcə də bu adrenalin dolu anları və inanılmaz görüntüləri GoPro kamerası ilə çəkib dostlarla paylaşmaqdır.

Kanat yolları 6 yaşdan kiçik uşaqlar, 70 yaşdan böyük vətəndaşlar, veteranlar və fiziki məhdudiyyətli insanlar üçün pulsuz olaraq fəaliyyət göstərir. Qeyd edək ki, bütün əyləncələrdən istifadə zamanı turistlər hər cür təhlükəsizlik vasitələri ilə təmin edilir və daim bələdçilərin nəzarəti altında olurlar.

Ötən qış mövsümündə "Şahdağ” Qış-Yay Turizm Kompleksini 40 mindən artıq turist ziyarət edib. Səudiyyə Ərəbistanı, BƏƏ, Pakistan, Rusiya, Küveyt və İsrail kimi ölkələrdən olan turistlər bu siyahıda üstünlük təşkil edirlər.

Qış qapının ağzındadır. Yəqin ki, qış fəslində bu kompleksi hələ çox insan görməyə gələcək və turizm ənənələrinə yiyələnən Qusarı gəzəcəklər. Beləliklə, turistlərin dillərində və gözlərində xatirəyə çevrilən Şahdağ möhürü Azərbaycan brendi olaraq daha da genişlənəcəkdir.

Akif ƏLİYEV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video