14 Dekabr 2018 18:19
517
İQTİSADİYYAT
A- A+

Bakı şəhərinin Baş Planının hazırlanması işinin ilkin mərhələsi başa çatdırılıb



Prezident İlham Əliyevin tapşırığı ilə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən Bakı şəhərinin Baş Planının hazırlanması işi davam etdirilir.

Komitənin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, iki mərhələdən ibarət olan bu prosesin beynəlxalq standartlara uyğun təşkil edilməsi və Bakı şəhərinin baş planının ən uğurlu qlobal təcrübəyə əsaslanaraq tərtib olunması məqsədilə "Böyük Üçlük” adlanan dünyanın ən nüfuzlu üç strateji məsləhətçi şirkətlərindən birini – "Boston Consulting Group” ("Boston Konsaltinq Qrup”) şirkətini cəlb edib. Artıq işin birinci mərhələsi uğurla yekunlaşdırılıb, ikinci mərhələyə başlamaq və şəhərsalma sahəsində beynəlxalq səviyyədə təcrübəsi olan şirkəti işə cəlb etmək məqsədilə açıq tender elan edilib.

Birinci mərhələdə, ötən illər ərzində hazırlanmış "Böyük Bakının Regional İnkişaf Planı” və "Bakı şəhərinin Ərazidən İstifadə və Zonalaşdırma Planı” layihələri "Boston Konsaltinq Qrup” şirkəti ilə birgə təhlil edilib. Məlum olub ki, həmin şəhərsalma sənədlərinin hazırlanması zamanı bir çox zəruri olan məlumatların toplanması, onların aktuallığının yoxlanılması mümkün olmayıb, həmin planların torpaq kadastrına bağlantısı təmin edilməyib və bir çox məsələlərdə qeyri-dəqiqliyə yol verilib. Bununla belə, həmin sənədlərin bir hissəsinin Bakının Baş Planının hazırlanmasında istifadə olunması mümkün olduğu müəyyənləşdirilib.

Eyni zamanda, birinci mərhələdə paytaxtın inkişaf istiqamətləri ilə bağlı aidiyyəti icra hakimiyyəti orqanlarının, ictimai təşkilatların, yerli ekspertlərin və şəhər sakinlərinin (sosial sorğu vasitəsilə) mövqeyi öyrənilib, beynəlxalq təcrübəyə və bu sahədə müasir tendensiyalara əsaslanaraq Bakının gələcək inkişafına dair konseptual yanaşma formalaşdırılıb.

Qeyd olunub ki, beynəlxalq təcrübə təhlil edilərkən dünyanın müxtəlif şəhərlərinin (London, Toronto, Vyana, Dubay, Kopenhagen, Paris, Praqa, Doha, Moskva və s.) şəhərsalma və zonalaşma təcrübəsi öyrənilib, müsbət və mənfi cəhətləri araşdırılıb.

Hazırlanmış konsepsiya çərçivəsində Bakı şəhərinin inkişafının dörd prioritet istiqaməti müəyyənləşdirilib:

1) Davamlı inkişafın təmin olunması məqsədilə şəhərin tarazlı zonalaşdırılması və ənənəvi mərkəzi ilə yanaşı alternativ mərkəzlərin və alt-mərkəzlərin formalaşdırılması;

2) Şəhər və ətraf mühitinin regenerasiyası, ərazilərdən səmərəli istifadə və əhalinin rahat yaşayışının təmin edilməsi;

3) Milli-mədəni irsin və şəhərin memarlıq görkəminin qorunması, şəhərin mədəni həyatının zənginləşdirilməsi;

4) Şəhər iqtisadiyyatının post-sənaye dövrünə mərhələli keçidi.

Bununla yanaşı, Abşeron yarımadasının inkişafı kontekstində Bakı şəhərinin inkişafına dair aşağıdakı əsas tələblər müəyyənləşdirilib:

- mühəndis-kommunikasiya təminatının, yol-nəqliyyat infrastrukturunun və ictimai nəqliyyat sisteminin təkmilləşdirilməsi;

- ictimai məkanların kəmiyyət və keyfiyyət göstəricilərinin artırılması;

- ətraf mühitin mühafizəsi və ekoloji durumun yaxşılaşdırılması;

- əhalinin məşğulluq imkanlarının artırılması;

- Bakı qəsəbələrinin sosial-iqtisadi rolunun və onların özünü təminetmə qabiliyyətinin artırılması.

Baş Plan yuxarıda qeyd olunan konseptual prioritetlərin şəhərsalma nöqteyi nəzərindən diqqət mərkəzində saxlayan, ərazi planlaşdırılması həllərini təqdim edən, tikintiyə və şəhər infrastrukturunun inkişafına dair tələbləri müəyyənləşdirən əsas strateji sənəddir. Eyni zamanda, müasir şəraitdə Baş Planın əhəmiyyətli rolu şəhər idarəedilməsi sahəsində dövlətin bizneslə və investorlarla dialoqunun qurulmasındadır.

Birinci mərhələdə görülmüş işlər əsasında komitə "Boston Konsaltinq Qrup” şirkəti ilə birgə beynəlxalq səviyyədə tanınmış şəhərsalma şirkətinin açıq tender vasitəsilə seçilməsi üçün müvafiq layihə tapşırığı hazırlayıb. İştirakçılar tərəfindən təqdim olunacaq tender təkliflərinin hərtərəfli dəyərləndirilməsi məqsədilə komitənin əməkdaşları ilə yanaşı, aidiyyəti dövlət orqanlarının (Bakı Şəhər İcra Hakimiyyəti, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi və Bakı Nəqliyyat Agentliyi) nümayəndələri, Azərbaycan Memarlar İttifaqının və Azərbaycan Memarlıq və İnşaat Universitetinin rəhbərlərindən ibarət Tender Komissiyası yaradılıb.

Tender elanı milli mətbuatda, komitənin www.arxkom.gov.az internet səhifəsində, www.tender.gov.az portalında yerləşdirilməklə yanaşı, həmçinin qlobal memarlıq və şəhərsalma şəbəkələri vasitəsilə yayılacaq.

Tenderin qalibi komitənin və "Boston Konsaltinq Qrup” şirkətinin dəstəyi ilə Bakı şəhərinin Baş Planının hazırlanması işinin ikinci mərhələsini reallaşdıracaq.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video