14 Dekabr 2018 00:55
265
SİYASƏT
A- A+

Etibar NƏCƏFOV: “Azərbaycan multikulturalizmi dövlət siyasəti kimi qəbul edən nadir ölkələrdəndir”


Etnik-mədəni müxtəlifliklərin tənzimlənməsi həyata keçirilmədikdə və ya düzgün aparılmadıqda cəmiyyətin inkişafının ayrı-ayrı sahələrində ciddi problemlər, hətta münaqişələr yaranır. Bu səbəbdən etnik-mədəni müxtəlifliklərin düzgün tənzimlənməsi çoxmədəniyyətli dövlət üçün böyük praktiki əhəmiyyət kəsb edir. Müasir dövrdə multikulturalizm siyasəti bir sıra Qərb ölkələrində iflasa uğrayarkən Azərbaycan Respublikası bu siyasət vasitəsilə cəmiyyətdəki etnik-mədəni müxtəlifliklərin tənzimlənməsi sahəsində böyük nailiyyətlər qazanıb. Buna misal kimi ölkəmizdə etnik, dini və irqi zəmində heç bir qarşıdurmanın, münaqişənin olmamasını göstərmək olar.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirlər dekabrın 13-də Quba şəhərində "Müasir dövrdə Azərbaycan Respublikasında etnosiyasi və dini durum” mövzusunda keçirilən zona müşavirəsində səsləndirilib.

Prezident Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin təşkilatçılığı ilə keçirilən tədbirdə Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən və Xızı rayon icra hakimiyyəti başçılarının müavinləri - dini işlər üzrə komissiya sədrləri, dini qurumlarla işin təşkilatçıları, hüquq mühafizə orqanlarının, Mədəniyyət, Təhsil, Gənclər və İdman nazirliklərinin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yerli qurumlarının rəhbərləri, bələdiyyə sədrləri, ziyalılar və din xadimləri iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin Quba şəhərinin mərkəzi meydanındakı abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.

Heydər Əliyev Mərkəzində keçirilən zona müşavirəsində Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev çıxış edərək tədbirin əhəmiyyətindən danışıb, rayondakı dini durum haqqında məlumat verib.

Bildirib ki, tədbirin keçirilməsində əsas məqsəd dövlətimizin multikulturalizm və dövlət-din münasibətləri sahəsində əldə etdiyi nailiyyətləri bölgə ictimaiyyətinin diqqətinə çatdırmaq, həmçinin bölgədə etnosiyasi və dini durumla bağlı mövcud vəziyyəti yerində öyrənmək, sözügedən sahədə dövlət qurumları arasında koordinasiyanı gücləndirmək, bu istiqamətdə həyata keçirilən dövlət siyasətinin, eyni zamanda, Prezident Administrasiyasında təsdiq edilmiş fəaliyyət planlarının icra vəziyyəti ilə tanış olmaqdır.

Müşavirədə məruzə ilə çıxış edən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfov bildirib ki, Azərbaycanda etnik-mədəni müxtəlifliklər əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş və müasir dövrdə Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi multikulturalizm siyasəti vasitəsilə tənzimlənir. Azərbaycan multikulturalizmi dövlət siyasəti kimi qəbul edən nadir ölkələrdəndir. Multikulturalizm etnik, irqi, dini və mədəni müxtəlifliklərin tənzimlənməsinə yönələn bir siyasət kimi, assimilyasiya siyasətindən fərqli olaraq, milli azlıqların etnik-mədəni dəyərlərinin ləğv edilməsinin qarşısını almaqla bu dəyərləri qorumağa çalışır. Həmçinin izolyasiya siyasətindən fərqli olaraq, milli azlıqların etnik-mədəni dəyərləri ilə titul etnosun etnik-mədəni dəyərlərinin bir-birinə qarşılıqlı təsir etmələri üçün lazımi şərait yaradır. Eləcə də milli azlıqların yaşadıqları cəmiyyətə inteqrasiyası üçün əlverişli imkan təklif edir.

Diqqətə çatdırılıb ki, tarixən Azərbaycanda məskunlaşmış milli azlıqlar etnik, dini və mədəni mənsubiyyətlərinə, etnik-mədəni dəyərlərinə görə burada əhalinin çoxluğunu təşkil edən Azərbaycan türkləri tərəfindən təqib olunmayıb və birgə əmin-amanlıq şəraitində yaşayıblar. Azərbaycanda multikultural mühit ölkənin müstəqil olduğu zamanda daha da güclənib.

Etibar Nəcəfov məruzəsində qeyd edib ki, ölkəmizin xarici siyasətinin əsas istiqamətlərindən biri dünyada mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun təşviq olunmasıdır. Bu istiqamətdə ölkəmiz böyük uğurlara imza atıb. Belə uğurlardan biri kimi son dövrdə siyasi leksikona daxil olmuş "Bakı prosesi”ni qeyd etmək olar. Bu il on illiyini qeyd etdiyimiz və qlobal hərəkata çevrilmiş "Bakı prosesi” müxtəlif mədəniyyətlər arasında dialoqun inkişaf etdirilməsini nəzərdə tutan təşəbbüsdür. Prezident İlham Əliyev tərəfindən ilk dəfə irəli sürülən və Azərbaycan multikulturalizminin beynəlxalq münasibətlər sistemində təzahürü olan bu təşəbbüs çərçivəsində ölkəmizdə mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun inkişafına xidmət edən bir sıra nüfuzlu beynəlxalq tədbirlər keçirilib. "Bakı prosesi” çərçivəsində paytaxtımızda Dünya Mədəniyyətlərarası Dialoq forumları, Bakı Beynəlxalq Humanitar forumları, Dünya Dini Liderlərinin Sammiti, eləcə də Birləşmiş Millətlər Təşkilatı Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu təşkil olunub.

"Unutmaq olmaz ki, din ideoloji sahədə ən həssas və incə mahiyyətə sahibdir. Ondan siyasi, qrup, şəxsi maraqlar naminə istifadə edən, yaxud din pərdəsi altında müxtəlif destruktiv fəaliyyətlərə yönələn və bunun nəticəsində digər vətəndaşların hüquqlarını pozan, bir sözlə, insanların saf duyğularından istifadə edib öz məkrli məqsədlərini həyata keçirmək istəyənlər də az deyil” deyə Etibar Nəcəfov bildirib.

Müşavirədə digər çıxış edənlər qeyd ediblər ki, Azərbaycanda dövlət-din münasibətləri möhkəm təməllər üzərində qurulub. Ölkəmizdə dindarlara daim dövlət tərəfindən diqqət və qayğı göstərilir. Görülən bu işləri dindarlar yüksək qiymətləndirir, Azərbaycan hökumətinin həyata keçirdiyi tolerant və multikultural siyasəti dəstəkləyirlər.

Vurğulanıb ki, Azərbaycan Respublikasında dini etiqad azadlığı möhkəm hüquqi normativ əsaslara malikdir. Eyni zamanda, dövlətimiz dini etiqad azadlığının təmin olunması sahəsində böyük işlər görür. Lakin radikal ekstremist qruplaşmalar öz çirkin əməlləri ilə buna kölgə salmağa çalışır, həmçinin ölkədəki ictimai-siyasi sabitliyi pozmağa cəhdlər edirlər. Belə cəhdlərin qarşısı həmişə qətiyyətlə alınıb və gələcəkdə də alınacaqdır.

Müşavirədə dövlət-din münasibətləri istiqamətində görülən işlərdən danışılıb, Azərbaycanda mövcud olan etnosiyasi və dini durumun dünyaya nümunə olduğu bildirilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video