12 Dekabr 2018 00:47
819
Sərəncamlar
A- A+

Ləki-Qəbələ dəmir yolu xəttinin tikintisi ilə bağlı tədbirlər haqqında


Azərbaycan Respublikası Prezidentinin Sərəncamı


Ölkə iqtisadiyyatının neftdən asılılığının azaldılması, digər sahələrdən gələn gəlirlərin artırılması, qeyri-neft sektorunun sürətli inkişafı respublikada aparılan iqtisadi islahatların əsas istiqamətlərindəndir. Qeyri-neft sektorunun iqtisadi cəhətdən ən sərfəli sahələrindən biri hesab edilən turizmin inkişafı ilə bağlı son illərdə həyata keçirilən tədbirlər nəticəsində bu sahədə ciddi nailiyyətlər əldə edilmiş, o cümlədən turizm obyektlərinin sayı çoxalmış, xidmət səviyyəsi yüksəlmiş, yerli əhalinin milli turizmə marağı, eləcə də ölkəyə səfər edən turistlərin sayı xeyli artmışdır.

Ölkənin əsas turizm mərkəzlərindən biri olan Qəbələ şəhərinə və əks istiqamətdə dəmir yolu ilə sərnişindaşımaların həyata keçirilməsi üçün Ağdaş rayonu ərazisində yerləşən Ləki stansiyasının yaxınlığından uzunluğu 43,0 km olan yeni dəmir yolu xəttinin tikintisi turizm infrastrukturunun yaxşılaşdırılmasına və turizm obyektlərinə əlyetərliyin təmin edilməsinə öz töhfəsini verəcəkdir.

Bu istiqamətdə işlərin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Ləki-Qəbələ dəmir yolu xəttinin tikintisinin layihə-smeta sənədlərinin hazırlanması, tikinti altına düşən torpaqların özgəninkiləşdirilməsi və tikinti işlərinin aparılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 yanvar tarixli 3593 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.3.7-ci yarımbəndində göstərilmiş məbləğin 30,0 (otuz) milyon manatı "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinə ayrılsın.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. bu sərəncamın 1-ci hissəsində qeyd edilən işlərin icrası ilə əlaqədar torpaqların dövlət ehtiyacları üçün alınması məqsədilə zəruri tədbirlər görsün;

2.2. bu sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

4. Ləki-Qəbələ dəmir yolu xəttinin layihə-smeta sənədlərinin hazırlanması və tikinti işlərinin həyata keçirilməsi "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinə həvalə edilsin.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 11 dekabr 2018-ci il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video