12 Dekabr 2018 00:45
536
SİYASƏT
A- A+

Dünyanın ən böyük azərbaycanlısı


Tarix - onu yaradanları yaşadır, dünəndən bugünə, bugündən sabaha aparır, gələcək nəsillərə çatdırır, daim uca zirvələrdə saxlayır. Ulu öndər Heydər Əliyev də belə unudulmaz və həmişəyaşar, dahi və yaradıcı şəxsiyyətlərdəndir. Onun əsəri olan müstəqil Azərbaycan dövləti müasir dünya xəritəsində özünə layiqli yer tutaraq adını bəşəriyyət tarixinə əbədi həkk etdirmişdir. Hələ sağlığında ulu öndər özünün tarixdəki yerini müdrikcəsinə müəyyənləşdirərək demişdir: "Nə qədər ki Azərbaycan var, mən də varam! Mən isə Azərbaycanda həmişə olacağam!” Vəfatından ötən 15 il ərzində biz onun varlığını, dövlətimiz və xalqımızla birlikdə olduğunu daim hiss etmişik və bu, bütün zamanlarda da belə olacaqdır.

Xəyalən ulu öndərin əbədiyyətə qovuşduğu o məşum qış gününə qayıdır, ölçüyəgəlməz, əvəzsiz itkinin təkcə Azərbaycanda deyil, həm də bütün dünyada necə dərin kədər doğurduğunu xatırlayıram. Həmin dövrün ən məşhur və nüfuzlu siyasətçiləri ümummilli lideri Azərbaycanı çiçəklənmə yoluna gətirib çıxarmış, cəsarətli, müdrik, qətiyyətli, uzun müddət ərzində Cənubi Qafqazda söz sahibi olan qeyri-adi şəxsiyyət kimi səciyyələndirir, onun vəfatı xəbərini təəssüf və kədər hissi ilə qarşıladıqlarını bildirirdilər.

Rusiya Prezidenti Vladimir Putin dövrün görkəmli siyasətçisi və dövlət xadimi, Rusiyada böyük nüfuzu olan, ölkələrimiz arasında mehriban dostluq və qardaşlıq münasibətlərinin formalaşmasına və inkişafına əvəzsiz töhfə verən Heydər Əliyevin vəfatından ürəkdən kədərləndiyini bildirməklə yanaşı, ulu öndərin dəfn mərasimində iştirak etmək üçün şəxsən özü yüz nəfərlik nümayəndə heyəti ilə Bakıya gəlmişdi.

Amerika Birləşmiş Ştatlarının ovaxtkı prezidenti Corc Buş başsağlığı teleqramında yazırdı: "Heydər Əliyev Cənubi Qafqazda uzun müddət ərzində ən əsas şəxsiyyət olmuşdur. Amerika Birləşmiş Ştatları və Azərbaycanın bəhrələndiyi dostluq əlaqələrinin qurulmasında və Azərbaycanın müstəqilliyinin qorunmasında onun şəxsi səyləri həyati əhəmiyyət daşımışdır... Dağlıq Qarabağ faciəsinin sülh danışıqları vasitəsilə ədalətli və uzunmüddətli həllinə nail olmaq sahəsində onun nümayiş etdirdiyi qətiyyət regionda sülh və sabitliyin saxlanmasında mühüm əhəmiyyət kəsb etmişdir. Eyni zamanda, onun mövqeyi və göstərdiyi səylər Azərbaycanın iqtisadi inkişafını möhkəmləndirən böyük həcmli xarici sərmayələrin cəlb olunmasında əsas rol oynamışdır. Bu nailiyyətlər milyonlarla azərbaycanlının həyatını yaxşılaşdırmış və Azərbaycanın XXI əsrə müasir dövlət kimi daxil olmasına imkan yaratmışdır”.

Fransa Respublikasının sabiq prezidenti Jak Şirak isə dostluq telləri ilə bağlandığı Heydər Əliyevin vəfatı xəbərini böyük sarsıntı və kədər hissi ilə aldığını vurğulayaraq başsağlığı verir, ulu öndərin fəaliyyətini yüksək qiymətləndirməklə yanaşı, cənab Prezident İlham Əliyevə xitabən deyirdi: "Atanızın yolunun davam etdirilməsində böyük cağırışlarla üzləşəcəksiniz. Mən xüsusilə də Prezident Heydər Əliyevin hakimiyyətə gəldikdən sonra cəsarətlə həyata keçirdiyi siyasi islahatları nəzərdə tuturam. Şübhə etmirəm ki, Siz var qüvvənizlə onun yolunu davam etdirəcəksiniz və Azərbaycanı demokratiya və hüquqi dövlət yolu ilə irəli aparacaqsınız”.

...O günlərdə xalqımız dərin kədər içərisində idi: milyonlarla həmvətənimiz əsl millət atası olan ulu öndərə Azərbaycanda və onun hüdudlarından kənarda yas saxlayır, onun parlaq xatirəsinə ehtiramlarını ifadə edirdilər. Təkcə dəfn mərasimində və ondan sonrakı bir neçə gündə 4 milyona yaxın insan Fəxri xiyabana gələrək Heydər Əliyevin məzarını ziyarət etmişdi. Ötən 15 ildə bu müqəddəs ziyarətgaha üz tutub ulu öndərə sonsuz sevgisini və sədaqətini nümayiş etdirənlərin isə, yəqin ki, sayı-hesabı yoxdur.

Heydər Əliyevə bu böyük və tükənməz ehtiramın səbəbləri öz vətənini sevən, öz müstəqil dövlətçiliyinə qəlbən bağlı olan hər bir azərbaycanlıya yaxşı məlumdur. Mən dəfələrlə bu barədə öz fikirlərimi yazmış, ulu öndərin şəxsiyyəti, müdrik və möhtəşəm siyasəti, misilsiz quruculuq fəaliyyəti haqqında dövri mətbuatda dərc olunmuş məqalələrimi ayrıca bir kitabda toplayaraq "Qürur doğuran illər” adlandırmış, ötən il nəşr etdirmişəm. Lakin Heydər Əliyev irsi o qədər zəngindir ki, məncə, onu tam öyrənməyə, ayrı-ayrı xüsusiyyətlərini araşdırıb əxz etməyə bir insan ömrü yetməz... Müstəqil Azərbaycan onun müəyyənləşdirdiyi yolla inamla irəliyə addımladıqca biz bu irsin siqlətini və əhəmiyyətini daha dərindən dərk edir, ölkəmizin dinamik və davamlı inkişafının məhz Heydər Əliyev ideyalarından qaynaqlandığını görür və hədsiz qürur hissi keçiririk.

Otuz ildən artıq bir dövrdə Azərbaycanın tarixi taleyi Heydər Əliyevin adı ilə qırılmaz tellərlə bağlı olmuş, bu illər ərzində xalqımızın ictimai-siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrində dirçəliş məhz onun fəaliyyəti nəticəsində mümkünləşmişdir. Böyük siyasi və dövlət xadimi, xalqın şəksiz lideri olaraq hələ sağlığında canlı əfsanəyə çevrilən ulu öndər Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxarmışdır.

Hələ sovet hakimiyyəti dövründə Azərbaycanın gələcəyini düşünərək göstərdiyi müdriklik və uzaqgörənlik ulu öndərin ümumxalq məhəbbəti qazanması üçün ən mühüm amil kimi dəyərləndirilir. Həmin dövrdə Heydər Əliyev milli inkişaf üçün mümkünsüz sayıla biləcək addımlar atmış, ən başlıcası, doğma xalqının gücünü, potensialını ortaya qoymuş, onun müstəqil yaşamaq imkanlarını sübuta yetirmiş, bununla yanaşı, milli mənəvi dəyərlərinin qorunmasını və zənginləşməsini təmin etmişdir. Sovet totalitar rejiminin sərt nəzarəti altında öz millətinin ehtiyaclarını mərkəzi hakimiyyətin tələbləri ilə əlaqələndirmək və xalqın azadlıq ruhunu dirçəltmək fenomenal bir xüsusiyyət idi... Ulu öndər bunu bacarmışdı!

Bu da bir həqiqətdir ki, hətta sovet hökuməti özü belə Heydər Əliyev fenomenini ən yüksək səviyyədə qiymətləndirmişdir. Ulu öndər sovet dövlətinin ən ali mükafatlarına layiq görülmüş, iki dəfə Sosialist Əməyi Qəhrəmanı adını almışdır. Bundan başqa, bir çox xarici dövlətlərin orden və medalları ilə təltif olunmuş, beynəlxalq mükafatlara, müxtəlif ölkələrin universitetlərinin fəxri doktoru adına və digər yüksək nüfuzlu fəxri adlara layiq görülmüşdür.

Heydər Əliyev, həqiqətən, qəhrəman idi. Bunu təkcə sovet dövründəki fəaliyyəti ilə deyil, sonralar siyasi təqibə məruz qalanda, həyatın amansız sınaqları ilə üzləşəndə bir daha sübuta yetirdi. Yüksək dövlət vəzifəsindən istefa verdikdən sonra Qorbaçovun komandasından hər an hər cür təhlükə gözlənilirdi. Üstəlik, Azərbaycanın ovaxtkı rəhbərləri də namərdlik edirdilər, hətta ulu öndərə Bakıda qalmağa, paytaxtda yaşamağa belə imkan vermirdilər. Heydər Əliyev özünün mənəvi gücü və cəsarəti ilə bütün çətinliklərə hünərlə sinə gərdi, doğma Naxçıvana əsl qəhrəman kimi qayıtdı, muxtar respublikanı və onun əhalisini təcavüzkar Ermənistanın məkrli niyyətlərindən qorudu. Həmin vaxtlarda Bakıda hakimiyyət başında olanlar Naxçıvana qarşı ayrı-seçkilik siyasəti yeridir, bu torpağın müdafiəsinə, buradakı insanların həyatına, yaşayışına laqeyd münasibət göstərirdilər. Heydər Əliyevin gəlişi Naxçıvan üçün, naxçıvanlılar üçün tarixi bir hadisə oldu. Ulu öndər doğma yurda işıq, hərarət, ruzi gətirdi. Muxtar respublikanı demokratiyanın, haqqın-ədalətin beşiyinə, milli azadlıq və qurtuluş uğrunda mübarizə məkanına çevirdi. Nəqliyyat, enerji blokadası və rəsmi Bakının biganəliyi şəraitində çox çətin vəziyyətlə üzləşmiş Naxçıvan məhz Heydər Əliyevin şəxsi nüfuzu, müdrik siyasəti və diplomatik məharəti sayəsində qonşu Türkiyə və İrandan hərtərəfli kömək ala bildi. İranla sərhədyanı ticarət əlaqələrinin yaradılması, Naxçıvanı Türkiyə ilə birləşdirən Ümid körpüsünün istifadəyə verilməsi, hər iki ölkədən elektrik enerjisi almaq üçün xətlərin çəkilməsi muxtar respublikanı sosial-iqtisadi böhrandan çıxardı. Heydər Əliyev humanitar yardımla bağlı Qərb dövlətləri ilə də danışıqlar aparırdı. Belə ki, ABŞ-ın o vaxt yeni seçilən prezidenti Bill Klintona səmimi teleqram göndərmiş, bu teleqrama eyni dərəcədə səmimi cavab almış, sonra isə ABŞ-dan humanitar yardım gətirən "Boeing” təyyarəsi Naxçıvan Hava Limanında yerə enmişdi. Onu da xatırlayıram ki, hətta bu yardımın Ermənistan üzərindən çatdırılmaması ilə bağlı əvvəlcədən ABŞ rəhbərliyinə müraciət etmişdi və demişdi ki, oradan gələn ərzaq bizə lazım deyil.

Bununla yanaşı, 1992-ci ilin mayında Şuşa və Laçını ələ keçirən ermənilər Naxçıvana təcavüzü daha da gücləndirərək, xüsusən Sədərəyin bəzi ərazilərinə yiyələnmək istəyirdilər. Heydər Əliyevin təşəbbüsü ilə muxtar respublika parlamenti təcavüzün dayandırılması üçün Türkiyədən kömək göstərilməsini xahiş etdi. Türkiyə hökumətinin 1921-ci il Qars müqaviləsinə istinadla Naxçıvanın muxtariyyətinin təminatçısı olduğu barədə bəyanat verməsi dünyanın 57 dövlətini Ermənistanın təcavüzkar hərəkətini pisləməsinə səbəb oldu və təcavüzün qarşısına sədd çəkdi.

Ulu öndərin Naxçıvana rəhbərliyi dövrü ilə bağlı başqa bir maraqlı hadisə də yaddaşlarda yaşayır. Bu bölgədə qış çox sərt keçir. Blokadanın naxçıvanlıları tamamilə istilikdən məhrum etdiyi bir vaxtda Heydər Əliyev muxtar respublikanın paytaxtının mərkəzində yerləşən Böyük bağdakı ağacların budanmasının onların məhvinə səbəb olub-olmayacağı barədə mütəxəssislərin rəyini öyrənmiş və bunun bağa ziyan vurmayacağını dəqiqləşdirdikdən sonra budama aparılmasına və kəsilən qol-budaqlardan odun tədarük edilməsinə razılıq vermişdi. Həmin odundan hər ailəyə pay ayrılmışdı ki, qışdan çıxa bilsinlər.

Naxçıvanı qorumaqla, muxtar respublika əhalisinin qayğısına qalmaqla yanaşı, Heydər Əliyev buradakı siyasi fəaliyyəti dövründə müstəqil Azərbaycan dövlətçiliyi üçün çox mühüm işlər görmüşdür. Hələ 1990-cı ildə Naxçıvanda sovet idarəçiliyinin ləğvində, muxtar respublikanın adından "sovet” və "sosialist” sözlərinin çıxarılmasında, Ali Sovetin adının dəyişdirilərək Ali Məclis adlandırılmasında, həmin il noyabrın 17-də milli istiqlalımızın rəmzi olan üçrəngli bayrağın Naxçıvan Ali Məclisinə gətirilməsində və beləliklə, dövlətçilik atributu kimi bərpasında ulu öndərin müstəsna xidmətləri olmuşdur. Məhz Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Ali Məclisi Qarabağda vəziyyət, Bakıda fövqəladə vəziyyətin aradan götürülməsi, habelə 20 Yanvar hadisələrinə siyasi qiymət verilməsi haqqında qərarlar qəbul etdi. Muxtar respublika ərazisində kommunist partiyasının fəaliyyətinin dayandırılması, Naxçıvan əhalisinin SSRİ-nin saxlanması barədə referendumda iştirakdan imtina etməsi, 31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan olunması kimi siyasi aksiyalar həyata keçirildi... Bunlar müstəqil dövlətçiliyimiz üçün misilsiz tarixi hadisələrdir.

Məhz Naxçıvan Muxtar Respublikasına rəhbərlik etdiyi dövrdə Heydər Əliyev Azərbaycanın müstəqil dövlətçiliyinin dayağı olan güclü və monolit siyasi təşkilatın - Yeni Azərbaycan Partiyasının əsasını qoymuş, onu mükəmməl və yenilməz ideya ilə silahlandırmışdır. Partiyamızın ötən il keçirilən 25 illik yubileyində möhtərəm Prezident İlham Əliyev bu barədə demişdir: "İyirmi beş il əvvəl ulu öndər Heydər Əliyevin sədrliyi ilə Naxçıvanda Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirilmişdir. Bu, böyük tarixi hadisə idi. Ondan təqribən bir ay əvvəl bir qrup vətənpərvər insan - məşhur "91-lər” Heydər Əliyevə müraciət ünvanlamışdılar. Ulu öndər müraciətə müsbət cavab verərək yeni yaradılacaq partiyaya rəhbərlik etməyə hazır olduğunu bildirmişdir və partiyanın təsis konfransının keçirilməsi haqqında qərar qəbul edilmişdir. Təbii ki, təsis konfransı Bakıda keçirilməli idi. Ancaq o vaxt Azərbaycanda hakimiyyəti qanunsuz şəkildə zəbt etmiş AXC-Müsavat hakimiyyəti buna imkan vermədi. Baxın, özünü demokrat adlandıran dairələr, hakimiyyət imkan vermədi ki, Yeni Azərbaycan Partiyasının təsis konfransı Bakı şəhərində keçirilsin. Belə olan halda 500-dən çox nümayəndə, bütün bölgələri təmsil edən vətəndaşlar Naxçıvana gəldilər və ulu öndərin rəhbərliyi ilə partiyamızın təsis konfransı keçirildi”.

Bəli, partiyamız ağır siyasi şərtlər altında yaradıldı, bu gün də özlərini "demokrat” adlandırmaqdan utanıb həya etməyən şəxslər hər vəchlə Heydər Əliyevi respublikanın siyasi həyatından təcrid etməyə çalışırdılar. Lakin ulu öndərin Azərbaycanda rəhbərliyə gəlməsi, müstəqil dövlətçiliyimizi xilas etməsi, ölkəni xaosdan qurtarması, vətəndaş qarşıdurmasına son qoyması xalqın mütləq əksəriyyətinin arzusu və istəyi idi. Partiyamızın yarandığı vaxtlarda Azərbaycanda böhran daha da dərinləşmişdi, Ermənistanın hərbi təcavüzü, torpaqlarımızın işğalı davam edirdi. İqtidarda olan AXC-Müsavat cütlüyü nəinki bu prosesin qarşısını ala bilmir, dövləti idarə etməyi belə bacarmırdı. 1993-cü ilin yayında Gəncədə qardaş qanı axıdılmışdı. Qarabağ itirilməklə yanaşı, respublikanın şimalında və cənubunda yeni separatçılıq ocaqları yaranırdı. Həmin ilin 15 iyunu müstəqil Azərbaycan üçün dönüş nöqtəsi oldu: xalqın təkidli tələbi ilə siyasi rəhbərliyə dəvət edilən Heydər Əliyev Ali Sovetin sədri seçildi və ertəsi gün Əbülfəz Elçibəyin Bakıdan qaçması nəticəsində dövlətçiliyimizin qurtuluşu naminə bütün məsuliyyəti öz üzərinə götürmək məcburiyyətində qaldı. Həmin dövrü xatırladıqca ulu öndərin hünərinə, cəsarətinə və qəhrəmanlığına bir daha heyran qalır, xalqımıza məhz belə səbatlı və yenilməz lider bəxş etdiyinə görə Tanrıya şükür edirsən! Ulu öndər yenilməz liderliyini, xalqın hakimiyyətini qorumaq və möhkəmləndirmək bacarığını Prezident kimi müstəqil Azərbaycanda həqiqi dövlət quruculuğuna başladığı ilk illərdə qətiyyətlə sübuta yetirdi. Dövlət çevrilişi cəhdlərinin qarşısını aldı, ölkəni bürümüş cinayətkarlığa qarşı kəskin mübarizəni təşkil etdi, erməni təcavüzünü dayandırmağa, uğurlu əks-hücum əməliyyatı aparmağa və respublikanı böhrandan çıxarmağa imkan yaradan atəşkəsə nail oldu.

Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərlik etdiyi dövrdə xalqımızın və dövlətimizin qazandığı uğur və nailiyyətlər haqqında cild-cild əsərlər yazılıb və bundan sonra da yazılacaqdır. Mən həmin dövrü özünəməxsus güclü məntiqlə yığcam ifadə edən möhtərəm Prezident, partiyamızın sədri cənab İlham Əliyevin sözləri ilə səciyyələndirmək istərdim: "1993-2003-cü illər tariximizdə sabitlik, islahatlar və inkişaf illəri kimi qalacaq. Məhz o illərdə dövlətçiliyimizin əsasları qoyuldu. O illərdə bizim milli ideologiyamız - azərbaycançılıq ideologiyası təqdim edildi və xalq tərəfindən bəyənildi. O illərdə Azərbaycan beynəlxalq təcriddən çıxa və Dağlıq Qarabağ həqiqətlərini dünya ictimaiyyətinə çatdıra bilmişdir. Biz beynəlxalq aləmdə fəal siyasət apararaq Azərbaycanı tanıtmaq istiqamətində böyük işlər görə bildik. İqtisadi islahatlar, onların təməli məhz o illərdə qoyulmuşdu. O vaxt ölkə iqtisadiyyatının inkişafı üçün xarici sərmayənin cəlb edilməsi əsas şərt idi. Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan bunu da bacardı. O illərdə Azərbaycana cəlb olunan xarici sərmayə, demək olar ki, həmin dövrdə və hətta bu gün də ölkəmizin iqtisadi inkişafını şərtləndirən əsas amillərdən biridir. Bir sözlə, 1993-2003-cü illərdə Azərbaycanda aparılmış böyük işlər ölkəmizi gücləndirdi. Azərbaycan bütün çətin sınaqlardan şərəflə çıxa bilmişdir və bugünkü sürətli inkişafın da təməli o illərdə qoyulmuşdur”.

Ulu öndərin xalqımız və dövlətimiz qarşısında müstəsna xidmətlərindən biri də onun yolunu davam etdirməyə, ideyalarını daha da zənginləşdirib həyata keçirməyə qadir olan cənab İlham Əliyev kimi yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar siyasi lider yetişdirməsidir. Heydər Əliyev inanırdı ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası xalqın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcək, onun axıra çatdıra bilmədiyi taleyüklü məsələləri, işləri başa çatdıra biləcək. Ulu öndərin özü qədər inandığı və gələcəyinə böyük ümidlər bəslədiyi cənab İlham Əliyevin Azərbaycana rəhbərllik etdiyi 15 ildə respublikamız bütün sahələrdə özünün dinamik inkişafı ilə dünya birliyinin diqqət mərkəzində olmuşdur və bu şərəfli tarixin hər gün yeni, daha parlaq səhifələri yazılır. Bu illər ərzində iqtisadi inkişaf baxımından Azərbaycan qədər sürətlə inkişaf edən ikinci ölkə olmamışdır. Çox hörmətli akademik Ramiz Mehdiyevin qeyd etdiyi kimi, İlham Əliyev dövlətimizin möhkəmləndirilməsi, müstəqilliyimizin dönməzliyinin təmin olunması kimi məsul bir vəzifəni yerinə yetirməklə həm də milli şüurumuzun inkişafı və cəmiyyətimizin müasirləşməsi üçün yorulmadan səy göstərir. O, hər bir situasiya üçün düzgün qərar verərək onların həyata keçirilməsinə nail olur. İlham Əliyev siyasi lider kimi yeni dövrün tanınmış şəxsiyyətidir. Cənab Prezidentin qazandığı uğurlar xalqımıza böyük ümidlər verir, gələcəyə geniş yollar açır.

Azərbaycanın bugünkü dinamik sosial-iqtisadi inkişafının mühüm təməlinə çevilən "Əsrin müqaviləsi”ni ulu öndər dövlət müstəqilliyinin yeni bərpa edildiyi, ölkənin hələ ciddi sınaqlar qarşısında olduğu dövrdə imzalamışdı. Nəinki Azərbaycanın tərəqqisi üçün geniş imkanlar açan, həm də bölgəmizin və ümumən Avropanın enerji təhlükəsizliyində müstəsna rol oynayan bu sazişin müddətinin 2050-ci ilə uzadılmasına nail olan cənab Prezident İlham Əliyev möhtəşəm bir tarix yazdı. Ötən ilin sentyabrında "Azəri-Çıraq-Günəşli” neft yatağının işlənilməsi üzrə imzalanmış yeni saziş ölkəmiz üçün əvvəlkindən də əlverişlidir. Dövlət başçısının qeyd etdiyi kimi, sazişin şərtləri göstərir ki, Azərbaycanın gələcək inkişafı, maliyyə imkanlarımızın genişləndirilməsi üçün onun çox böyük əhəmiyyəti var.

Bu il aprelin 11-də ölkəmizdə növbəti prezident seçkiləri keçirildi və cənab İlham Əliyev qarşıdakı yeddi il müddətinə bu ali dövlət vəzifəsində fəaliyyətini davam etdirmək üçün yenidən xalqımızın etimadını qazandı. Onun prezidentliyə namizədliyi Yeni Azərbaycan Partiyasının VI qurultayında irəli sürülərkən Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin sakini Oqtay Həziyevin ilk çıxış etməsi təsadüfi deyildi. Bu kənd Qarabağın işğaldan yeni azad edilmiş və məcburi köçkün sakinləri doğma yurda qayıtmış yaşayış məntəqəsidir. 2016-cı ilin aprelində ordumuzun şücaəti sayəsində Lələtəpə yüksəkliyinin geri qaytarılması nəticəsində kəndin təhlükəsizliyi təmin olunmuş və cənab Prezidentin tapşırığı ilə burada yeni qəsəbə salınmışdır. Həmin vaxt Ali Baş Komandan kimi cənab İlham Əliyevin rəhbərliyi ilə ordumuz Ermənistanın işğalçı ordusuna elə bir zərbə vurmuşdur ki, təcavüzkar ölkə hələ də bu ağır məğlubiyyətin təsiri altından çıxa bilmir.

Ulu öndərin yolunun davamçısı kimi cənab Prezident İlham Əliyevin xalqımızın yeganə ağrılı problemi olan Qarabağ münaqişəsinin həlli istiqəmətində apardığı qətiyyətli və prinsipial siyasət öz nəticəsini verir. Heydər Əliyev Qarabağın azadlığını arzulayırdı və bunun üçün zəruri təminatlar yaradırdı. Onun son görüşünün tezliklə ordumuzun zabit korpusunu möhkəmləndirəcək gənc hərbçilərlə olması da məhz bunu təsdiq edir. Həmin görüşdə iştirak etmiş kursantların əksəriyyəti indi düşməndən qat-qat güclü olan ordumuzun yüksək rütbəli komandirləridir. Ulu öndər inanırdı ki, Azərbaycanın zəbt olunmuş torpaqlarının erməni işğalçılarından azad edilməsi üçün bizim daha güclü zabit heyətimiz olacaqdır və onun inamı doğrulmuşdur. Son 15 ildə cənab Prezident İlham Əliyevin apadığı məqsədyönlü, uğurlu hərbi quruculuq nəticəsində Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordusu sırasında yer tutmağa nail olmuşdur.

Heydər Əliyev ideyalarının gerçəkləşməsində onun şərəfli adını daşıyan fondun, bu fonda rəhbərlik edən Birinci vitse-prezident Mehriban xanım Əliyevanın çox böyük rolu vardır. Mehriban xanımın çoxşaxəli ictimai-siyasi fəaliyyəti xalqımızın hədsiz rəğbətini və dəstəyini qazanmaqla yanaşı dünyada da yüksək dəyərləndirilir. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva müasir Azərbaycan gəncliyinin lideri kimi müstəqil dövlətçiliyimizn inkişafına, ölkəmizlə bağlı həqiqətlərin dünyada təbliğinə layiqli töhfələr verir. Həm milli mədəniyyətimizin, həm xalqımızın əxlaqi-mənəvi dəyərlərinin təbliğində, həm də ölkəmizin dolğun müsbət imicinin formalaşmasında cənab Prezident İlham Əliyevin ailəsinin hər bir üzvünün onunla həmrəy, həmfikir olması ulu öndərin həmişəyaşar ideyalarının ən parlaq şəkildə gerçəkləşməsidir. Prezident və Ali Baş Komandan kimi cənab İlham Əliyev Azərbaycanın əmin-amanlığını qoruyur, ölkənin dinamik inkişafını, xalqın rifahını təmin edir, torpaqlarımızı işğaldan azad etməyə hər an hazır olan ordumuzun gücünü daim artırır, döyüş qabiliyyətini yüksəldir.

...Xalqımızın dahi oğlu Heydər Əliyevin vəfatı ilə əlaqədar vaxtilə mətbuatda dərc olunmuş nekroloqda çox haqlı olaraq deyilirdi ki, onun fəaliyyəti də, şəxsiyyəti də Azərbaycan tarixinin ayrılmaz bir hissəsini təşkil edir və hər bir azərbaycanlının taleyində Heydər Əliyev dühasının bir zərrəsi vardır. Yaddaşıma həmişəlik həkk olunmuş bu unudulmaz sözlər xalqımızın indiki və gələcək nəsillərinin ulu öndərimizlə, onun mənəvi varlığı ilə qırılmaz bağlılığını çox düzgün ifadə edir. Biz çox xoşbəxtik ki, Heydər Əliyevin yolu ilə addımlayırıq və Azərbaycanı daha yüksək zirvələrə doğru aparan bu yolun cənab İlham Əliyev kimi davamçısı var. Ulu öndərin xatirəsinə ən böyük abidə də elə çiçəklənən, güclənən, qüdrətlənən müstəqil Azərbaycandır!

Tağı ƏHMƏDOV,

YAP Yasamal rayon təşkilatının sədri

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video