11 Dekabr 2018 18:37
219
SİYASƏT
A- A+

Sergey Medvedev: Heydər Əliyev mətbuat nümayəndələri ilə həmişə qeyri-rəsmi və səmimi şəraitdə işləyirdi


Rusiyanın birinci prezidenti Boris Yeltsinin mətbuat katibi işləmiş Sergey Medvedev "Moskva-Bakı” portalına müsahibəsində Heydər Əliyevin insanlara səmimi münasibətindən və jurnalistlərlə ünsiyyət qurmaq bacarığından danışıb. AZƏRTAC müsahibənin mətnini oxuculara təqdim edir:

-Mən Ümumittifaq radiosunda çalışırdım, sonra "Vremya” proqramına keçdim. Heydər Əliyevlə iki dəfə rastlaşmışam. Birinci dəfə, mən onun sədrliyi ilə "Admiral Naximov” teploxodunun qəzaya uğraması ilə bağlı təhqiqatla əlaqədar keçirilən müşavirədə iştirak etdim. İkinci dəfə isə Kremldə bizim aramızda söhbət oldu. Cari məsələlərdən danışdıq. Yevgeni Primakov da bu söhbətdə iştirak edirdi. Mən hətta onların özümə marağının səbəbini başa düşmədim, çünki adi müxbir idim. Redaksiyadakı vəziyyət, nələrə həvəsimin olması, öz işimə münasibətimlə maraqlanırdılar. Bu söhbət mənə olduqca qəribə gəldi. Adətən bu cür hallar kadr məsələləri ilə bağlı baş verirdi. Mənə aid heç bir kadr məsələsi həll edilmədi. O vaxt bir jurnalist kimi siyasi xəbərlərlə məşğul idim və siyasi liderlərin fəaliyyətini diqqətlə izləyirdim.

Heydər Əlirza oğlu Əliyev sözün əsl mənasında nadir şəxsiyyət - milli elitanın yetirməsi idi. Onun bioqrafiyasını yaxşı bilirəm. Mənə məlumdur ki, Heydər Əliyev Azərbaycanda qalmağını xahiş edəndə, buna imkan verməyiblər və o, Moskvaya gedib.

Heydər Əliyev Kreml həyatının bütün siyasi cərəyanlarını və burada gedən oyunları çox gözəl başa düşürdü. 1985-ci ildə Qorbaçovun ölkə lideri seçilməsini dəstəkləyəndə o, öz üzərində siyasi təzyiq hiss etdi. Sonralar məhz həmin Qorbaçovun özü tərəfindən siyasi təzyiqə məruz qaldı. Bu dəstxət mənə tanış idi, çünki mən yaxşı bilirdim ki, Qorbaçov Yeltsinin Moskva Şəhər Partiya Komitəsinin rəhbəri olduğu dövrdə həkimlərin vasitəsilə onu istefaya göndərmək üçün bu üsuldan istifadə edib. Heydər Əliyevlə də bu cür rəftar etmək istəyirdilər. Yəni onu inandırmağa çalışırdılar ki, həmin vaxt onun həm fiziki, həm də siyasi vəziyyəti bundan sonra gördüyü böyük işlə məşğul olmağa imkan vermir... Belə metamorfozalar yaşamış liderlərin sayı o qədər də çox deyil. Görünür, onların ikisi də daxilən buna hazır idilər. Heydər Əliyev, ümumiyyətlə, həyatında daha çox satqınlıqlar görüb...

Heydər Əliyevdə xoş təsir bağışlayan nə idi? Jurnalist korpusunun bir nümayəndəsi kimi deyim; yeri gəlmişkən, Yevgeni Primakovdan fərqli olaraq, o, heç vaxt jurnalistlərlə ünsiyyətdən boyun qaçırmağa, onlarla arasında hər hansı sədd qoymağa cəhd etmirdi. Heydər Əliyev mətbuat nümayəndələri ilə həmişə qeyri-rəsmi, səmimi şəraitdə işləyirdi.

Xalq arasına "çıxmağa” ilk dəfə Heydər Əliyev başladı. Qorbaçov yox, məhz Heydər Əliyev. Avtomobil dayanır və o, maşından düşərək vətəndaşlarla ünsiyyət qurmağa gedir. Vəcdə gəlmiş insanlar suallar verir, belə bir yüksək rəhbərə ehmalca toxuna bilirdilər. Mənə elə gəlir ki, o, bunu səmimiyyətlə edirdi. Bu, heç də gözdən pərdə asmaq üçün deyildi. Heydər Əliyev insanlarla ünsiyyəti xoşlayırdı. Bəzi görkəmli rəhbərlər, hətta yaxşıları belə, bunu xoşlamır və bacarmırlar. O isə bunu xoşlayır və bacarırdı. Xalqın həyat nəbzini tutmaq onun üçün çox mühüm idi, beləcə o, aldığı informasiyadan bəhrələnirdi. Bir var sənə arayış, məruzə, hesabat verirlər, bir də var ki, sən özün insanların nə fikirləşdiyi, onların hansı əhval-ruhiyyədə olduğu barədə aydın təsəvvürə malik olursan. Kağız parçası onların əhval-ruhiyyəsini əks etdirə bilməz. Heydər Əliyev sanki kamerton kimi insanların psixoloji vəziyyətini hiss edirdi. Açıq görünürdü ki, o, bunu qeyri-rəsmi şəraitdə edir. Bu, ona lazım idi.

Ola bilər ki, Heydər Əliyev ən mürəkkəb siyasi kolliziya və vəziyyətlərin, qarşıdurmaların əvvəlində həmişə qalib olmurdu. Lakin o, son nəticədə qalib gəlir və qələbəyə aparan yolu kompromislər, heç də asan olmayan qərarlarla tapa bilirdi. Heydər Əliyev siyasətçinin necə olmasını nümayiş etdirirdi. Onun müstəqil, çiçəklənən dövlət qurmaq arzusu gerçəkləşdi. Biz hazırda Azərbaycanda necə ciddi dəyişikliklərin baş verməsinin şahidiyik!

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video