11 Dekabr 2018 14:55
275
SİYASƏT
A- A+

“Xatirələrdə, nəğmələrdə yaşayır Öndər” adlı tədbir keçirilib


Yorulmaz fəaliyyəti və zəngin həyat yolu ilə yaddaşlarda əbədiyyət qazanmış xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatının 15-ci ildönümü ilə əlaqədar Müdafiə Nazirliyinin "Heydər Əliyev ideyalarına sadiqik” devizi altında keçirdiyi ümumordu xatirə tədbirləri aylığı davam edir. Bütün xalqımız kimi, Azərbaycan Ordusunun şəxsi heyəti də dövlətçilik tariximizdə əvəzolunmaz şəxsiyyət, müqayisəedilməz siyasət korifeyi, müdrik və qətiyyətli dövlət xadimi, yenilməz sərkərdə, müasir Azərbaycan Ordusunun memarı, yeni Azərbaycanımızın qurucusu ulu öndər Heydər Əliyevi bir daha sonsuz ehtiramla yad edir, dahi şəxsiyyətin müqəddəs ruhu qarşısında sədaqət andı içir.

AZƏRTAC xəbər verir ki, "N” saylı hərbi hissədə keçirilən "Xatirələrdə, nəğmələrdə yaşayır Öndər” adlı tədbir də əbədiyaşar Ali Baş Komandanımızın xatirəsinə hörmət və ehtiramın təcəssümünə çevrilib.

Tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin hərbi hissənin qərargahı qarşısındakı abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.

Əsgər klubunda təşkil olunan tədbirdə əvvəlcə Vətən, xalq, dövlət qarşısında titanik xidmətləri olan, dünyanı heyrətə gətirən dahi liderimizin, eləcə də Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən igid oğul və qızlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni ifa olunub.

Layihənin müəllifi, Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü, polkovnik Abdulla Qurbani geniş məruzə ilə çıxış edərək Ümummilli Liderlə bağlı xatirələrini bölüşüb. A.Qurbani hələ ötən əsrin 90-cı illərinin əvvəllərində blokada şəraitində yaşayan Naxçıvanın qanlı-qadalı günlərində əhalinin ərzaq və yanacaqla sınağa çəkildiyi, Ermənistan silahlı bölmələrinin muxtar respublikanı intensiv atəşə tutduğu bir dövrdə Heydər Əliyevin Naxçıvanın və naxçıvanlıların təhlükəsizliyi, xilası naminə həyata keçirdiyi operativ və fövqəladə tədbirlərdən danışıb.

Qeyd olunub ki, məhz 1993-cü ildə xalqın təkidli tələbi ilə Ulu Öndərin Azərbaycanda hakimiyyətə qayıdışından sonra ölkəmiz vətəndaş müharibəsi təhlükəsindən, dövlət çevrilişinə cəhdlərdən xilas olub. Milli Orduda təxirəsalınmaz islahatlar aparılıb, ölkə həyatında yeni mərhələnin başlanğıcı qoyulub, cəbhədə ilk uğurlar qazanılıb, xalqın güzəranı gündən-günə daha da yaxşılaşıb. Heydər Əliyev siyasəti bu gün də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Heydər Əliyev ideyaları yaşayır və xalqımızı daha xoşbəxt gələcəyə doğru aparır.

Birlik komandirinin şəxsi heyətlə iş üzrə müavini, polkovnik Mehman Kərimov Ulu Öndərin dəfələrlə bu hərbi hissədə olduğunu, şəxsi heyətlə görüşdüyünü, göstəriş, tövsiyə və məsləhətlər verdiyini deyib. M.Kərimov 1994-cü il yanvarın 24-də Heydər Əliyevin burada yaradılan yeni hərbi hissənin şəxsi heyətini cəbhəyə yola salarkən dediyi sözlərin bu gün də aktual olduğunu vurğulayıb. Həmin vaxt Heydər Əliyev yolasalma mərasimində deyib: "Bilin ki, sizin hər birinizin arxasında böyük Azərbaycan ölkəsi durmuşdur. Bilin ki, hər biriniz öz doğma Vətəninizi, öz ananızı, atanızı, bacınızı, qardaşınızı müdafiə etmək üçün ordu sıralarına gəlmisiniz və indi cəbhəyə yola düşürsünüz. Bilin ki, sizin hər bir uğurlu addımınız Azərbaycan Respublikasının müstəqilliyinə və ərazi bütövlüyünə kömək edəcəkdir. Bilin ki, ümumi qələbəmiz sizin hər birinizin fəaliyyətindən, qəhrəmanlığından asılıdır”.

Respublikanın Xalq artisti Niyaməddin Musayev unudulmaz böyük şəxsiyyətin digər sahələrlə yanaşı, mədəniyyətə də göstərdiyi diqqət və qayğıdan, mədəniyyət xadimlərinin yaradıcılıqlarının inkişafı üçün yaratdığı şəraitdən bəhs edib, hələ 1991-ci ildə Naxçıvanda Ümummilli Liderlə tarixi görüşlərini yada salıb. O, məhz Heydər Əliyevin sayəsində fəxri adlar və "Şöhrət” ordeni ilə təltif olunduğunu minnətdarlıqla qeyd edib.

Tədbir iştirakçıları Xalq artistinin Ulu Öndərə həsr etdiyi "El atası”, "Ata”, "Mənim Prezidentim”, "Qurtuluş” və dahi Öndərimizin sevə-sevə dinlədiyi "Dünya sənin, dünya mənim” mahnısını böyük maraqla dinləyiblər.

Polkovnik İlqar Lətifov Heydər Əliyevin azərbaycanlı peşəkar hərbçilərin yetişməsindəki müstəsna xidmətlərindən danışıb. O, 1971-ci ildə - sovet ideologiyasının tüğyan etdiyi bir vaxtda böyük uzaqgörənliklə indiki Cəmşid Naxçıvanski adına Hərbi Liseyin yaradılmasını və bu məktəbin məzunlarının sovet ittifaqının demək olar ki, bütün xüsusi təyinatlı təhsil müəssisələrində müxtəlif hərbi ixtisaslara yiyələndiklərini tarixi hadisə kimi dəyərləndirib.

Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutunun "Dədə Qorqud” ansamblının rəhbəri, respublikanın Əməkdar artisti, zabit anası Nuriyyə Hüseynova ilk dəfə 11 yaşında Ümumittifaq xalq yaradıcılıq festivalının respublika müsabiqəsində Heydər Əliyev Sarayında gənclərimizin böyük hamisinin qarşısında çıxış etdiyini xatırlayaraq deyib: "Bir çox illər keçdikdən sonra Azərbaycan dövlət qədim musiqi alətləri ansamblı akademik Yusif Məmmədəliyevin 90 illik yubiley tədbirində çıxış edərkən Ulu Öndər yenidən ifamı dinlədi. Dahi şəxsiyyət 14 il əvvəl gördüyü və Bülbül adına orta ixtisas musiqi məktəbinə daxil olmağım üçün tapşırıqlar verdiyi həmin hörüklü məktəbli qız olduğumu xatırladı”.

Əməkdar artist Ulu Öndərin xatirəsinə həsr etdiyi yeni ifalarını səsləndirib.

Hərbi qulluqçular Əhməd Abdullayev, Sevinc İbrahimova, Vüqar Həbibov çıxışlarında vurğulayıblar ki, Azərbaycan dövləti və xalqı var olduqca Ulu Öndər xatirələrdə, ürəklərdə, nəğmələrdə yaşayacaq.

Həzi Aslanov adına Mərkəzi Zabitlər Evinin solistləri Ağabala Abdullayev, Günay Qasımova, Elçin Məmmədov, Leyla Qəhrəmanova və Vüsal Ağayev Ulu Öndərin əziz xatirəsinə həsr olunan və dahi rəhbərin sevdiyi xalq mahnılarını ifa ediblər.

Tədbir Heydər Əliyevin səsləndirdiyi "Azərbaycan” şeirinin və "Azərbaycan Bayrağı” mahnısının sədaları altında başa çatıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video