10 Dekabr 2018 13:51
344
SİYASƏT
A- A+

Vitali İqnatenko: Heydər Əliyev zamanın fövqündə duran şəxsiyyətdir


İTAR-TASS agentliyinin sabiq baş direktoru Vitali İqnatenko Azərbaycanın ümummilli lideri Heydər Əliyevin insanlara olan sevgisini, səmimiliyini və özünə qarşı xeyirxahlığı qiymətləndirmək qabiliyyətini yüksək dəyərləndirib. AZƏRTAC xəbər verir ki, o, dahi şəxsiyyətlə bağlı düşüncələrini "Moskva-Bakı” portalına danışıb.

-Heydər Əliyev zamanın fövqündə duran şəxsiyyətdir. Onu xatırladıqda, böyük xoşbəxtlik hissi keçirirsən ki, haçansa sənə bu dahi şəxsiyyətin yanında olmaq səadəti nəsib olub. Şəxsiyyətinin miqyası çox nəhəng olan Heydər Əliyev özünün yüksək mədəniyyəti, cazibəsi, güclü iradəsi, geniş intellekti sayəsində çox şeyə qadir idi. Heydər Əliyev Azərbaycan xalqının taleyüklü məsələləri ilə bağlı çox mühüm işlər görüb. Hər bir insanın taleyinə töhfə vermiş bu dahi şəxsiyyətin xatirəsi ildən-ilə yeni keyfiyyətlərlə zənginləşərək, daim yaşayacaq.

Digər tərəfdən, biz hamımız onun necə gözəl ata, baba, ömür-gün yoldaşı, silahdaşları üçün dost və yoldaş olduğunu xatırlamalıyıq. Düşünürəm ki, onun bu keyfiyyətləri hər zaman yaddaşlarda qalacaq. Heydər Əliyev ətrafdakılar üçün çox dərin düşüncəyə malik və əhəmiyyətli bir insan idi. O, gələcək nəsillərə çox vacib miras qoyub. Heydər Əliyevi əvəz edən nəslin nümayəndələri onun şəxsiyyətinin miqyasının böyüklüyünü daim nəzərdən keçirməli, öyrənməli və lazımınca qiymətləndirməlidir.

Yolunun onunla kəsişdiyi ən xoşbəxt insanlardan biri də mənəm. Əlbəttə, həyatda qismətimiz olan xidməti mövqe, vəzifə baxımından mən onun yanında deyildim. Lakin biz bir neçə dəfə görüşmüşük. Bu görüşlər məndə və ailə üzvlərimdə böyük təəssüratlar doğurub.

Prezident Administrasiyasında işlədiyim vaxt mənə yay mövsümü üçün xidməti bağ evi təklif etdilər. Böyük, gözəl və rahat bağ evi idi. Mən ona baxdıqdan və ən kiçik detalları nəzərdən keçirdikdən sonra elə təəssürat yarandı ki, sanki bağ evinin sahibi harasa çıxıb və indi qayıdacaq. Mən burada kimin yaşadığını soruşdum. Cavab verdilər: "Əliyev. O, indi xəstəxanadadır və bu bağ evinə qayıtmayacaq”. Doğrusu, mən bundan çox pis oldum. Nəticə olaraq, mən bağ evindən imtina etdim. Məni gözləməyə məcbur etdilər və uzun müddət heç nə vermədilər...İllər ötdü, mən bu hadisəni unutdum. Bağ evinin xidmətçilərindən biri bu əhvalatı Heydər Əliyevə danışıb. Uzun illər sonra Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti oldu. Biz qəbulların birində görüşdük və o, həmin hadisəni mənim jurnalist həmkarlarıma danışdı. Onun bu əhvalatı xatırlaması məni çox mütəəssir etdi!

...İnsanı həmişə kiçik detalların prizmasından qiymətləndirmişəm. Bu, onun çox yüksək vəzifə daşıdığı vaxt daha da mühümdür. Belə ki, onda insanlara sevgi hissi, səmimilik və hər zaman köməyə çatmaq kimi keyfiyyətlər üzə çıxır. Əgər bütün bunlar mövcuddursa, onda başa düşürsən ki, qarşındakı böyük şəxsiyyətdir. Onda heç bir zaman "başgicəllənmə” olmayacaq və bütün vəziyyətlərdə insani keyfiyyətləri ön planda tutacaq, böyük işlər haqqında düşünəcək və onları həyata keçirəcək. Fikirləşirəm ki, bütün bunlar sonradan kollektivə, şəhərə və ölkəyə sirayət edir. Son nəticədə isə ona gətirib çıxarır ki, ölkənin daxilində və ətrafında tamamilə fərqli mühit yaranır. Yalnız qeyri-adi taleyə və zəngin daxili mədəniyyətə malik olan şəxsiyyət bunu etməyə qadirdir.

Heydər Əliyev mənim üçün məhz bu cür şəxsiyyət idi.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video