19 Noyabr 2018 17:19
377
SİYASƏT
A- A+

İtaliyalı diplomata azərbaycanlı məcburi köçkünlərin vəziyyəti ilə bağlı ətraflı məlumat verilib


Noyabrın 19-da Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) təşkilatçılığı ilə "Azərbaycanın işğal edilmiş ərazilərində qeyri-qanuni fəaliyyət və üçüncü tərəflərin məsuliyyəti” mövzusunda keçirilən beynəlxalq konfransda iştirak etmək üçün ölkəmizdə səfərdə olan italiyalı diplomat və ATƏM-in (hazırkı ATƏT) Minsk konfransının ilk sədri Mario Raffaelli ilə görüşüb.

Komitədən AZƏRTAC-a bildiriblər ki, görüşdə Dövlət Komitəsinin sədri qonağa hələ də öz həllini tapmayan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində ölkəmizin üzləşdiyi humanitar fəlakətin fəsadları barədə məlumat verib.

Bildirilib ki, Ermənistanın hərbi təcavüzü və işğalçılıq siyasəti nəticəsində qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş soydaşlarımız respublikanın müxtəlif bölgələrində məskunlaşıb, ağır məhrumiyyətlərə düçar olublar. BMT Təhlükəsizlik Şurasının işğalçı qüvvələrin Azərbaycan torpaqlarından dərhal, tam və qeyd-şərtsiz çıxarılması ilə bağlı dörd qətnaməsinin icra edilməməsi onların öz evlərinə, yurd yerlərinə qayıtmasını əngəlləyir. Bununla yanaşı, Minsk Konfransına sədrlik etdiyi dövrdə Mario Rafaelli tərəfindən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində görülən işlər razılıq hissi ilə xatırlanıb. Onun atəşin dayandırılması təklifini irəli sürdüyü, BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən çıxarılmasını nəzərdə tutan "Təcili tədbirlər haqqında vaxt cədvəli”ni hazırladığı qeyd edilib. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində İtaliyanın göstərdiyi səylər müsbət qiymətləndirilib.

Azərbaycanda məcburi köçkün probleminin həlli ilə bağlı həyata keçirilən tədbirlər haqqında qonağa məlumat verən Komitə sədri bu sahədə Prezident İlham Əliyevin məqsədyönlü siyasət apardığını, müharibədən zərər çəkən insanlara zəruri dövlət qayğısı göstərildiyini bildirib. Qeyd olunub ki, onların sosial müdafiəsinin təmin edilməsi, mənzil-məişət şəraitinin yaxşılaşdırılması prioritet istiqamətlərdəndir.

Diqqətə çatdırılıb ki, hələ də ağır şəraitdə yaşayan məcburi köçkünlərə yeni mənzillərin verilməsi üçün Birinci vitse-prezident xanım Mehriban Əliyevanın təşəbbüsü ilə genişmiqyaslı layihələr icra olunur. Əsasən zirzəmilərdə və qəzalı vəziyyətdə olan tikililərdə müvəqqəti məskunlaşmış yüzlərlə ailə bu il yeni mənzillərə köçürülüb və məcburi köçkünlər üçün yaşayış komplekslərinin inşası davam etdirilir.

Didərginlik həyatı yaşayan həmvətənlərimizin öz doğma yurdlarına qayıtmaq istəyinin və əzminin Cəbrayıl rayonunun iki il əvvəl işğaldan azad edilmiş və Azərbaycan dövləti tərəfindən bərpa olunmuş Cocuq Mərcanlı kəndinin timsalında özünü aydın şəkildə göstərdiyi diqqətə çatdırılıb. Kəndə qayıtmış yerli sakinlərin hazırda burada rahatlıqla yaşadığı, onların məşğulluğu üçün layihələr icra edildiyi vurğulanıb.

Mario Raffaelli səmimi görüşə və məcburi köçkünlərin vəziyyəti ilə bağlı verilən ətraflı məlumata görə təşəkkürünü bildirib, münaqişənin nizamlanması istiqamətində səylərini bundan sonra da davam etdirəcəyini qeyd edib.

Görüşdə müxtəlif məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Sonra italiyalı diplomat Abşeron rayonunun Masazır qəsəbəsində məcburi köçkünlər üçün salınmış yaşayış kompleksində olub, burada müvəqqəti məskunlaşmış sakinlərlə görüşüb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video