17 Oktyabr 2018 01:12
405
İQTİSADİYYAT
A- A+

“Şimal-Cənub nəqliyyat dəhlizi” Azərbaycana böyük iqtisadi və siyasi dividendlər gətirəcək


Bu dəhlizlə ölkəmizin ərazisindən daşınan yüklərin 100 dəfə artması uğurların başlanğıcıdır


Azərbaycan təkcə "Şərq-Qərb nəqliyyat dəhlizi”nin deyil, "Şimal-Cənub nəqliyyat dəhlizi”nin də fəal iştirakçısıdır. Odur ki, bu dəhliz vasitəsilə göndərilən yüklərin həcmi getdikcə artır.
İlin əvvəlindən "Şimal-Cənub nəqliyyat dəhlizi” ilə Azərbaycan ərazisindən daşınan yüklərin həcmi 100 dəfədən çox artıb. Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bu nailiyyətlərin başlanğıc olduğu qeyd edilmişdir.
Azərbaycan "Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi” infrastrukturunu davamlı surətdə təkmilləşdirir. Bunu son bir neçə il ərzində dəhlizin reallaşması istiqamətində görülən mühüm işlər təsdiqləyir. Məsələn, Astara-Rəşt dəmir yolunun tikintisinin qısa müddətdə başa çatdırılması təkcə İran və Azərbaycan üçün deyil, bütün Avrasiya regionu üçün yeni imkanlar açacaq. Bu dəmir yolu istifadəyə veriləndən sonra "Şimal-Cənub nəqliyyat dəhlizi” vahid şəbəkə sistemində fəaliyyət göstərəcək. Nəticədə Avrasiya məkanında ölkələrin bir-biri ilə qarşılıqlı əlaqələri genişlənəcək.
Bu məqsədlə Azərbaycan və İran tərəfləri birgə səylər göstərib, dəhlizlə bağlı məsələlər qonşu ölkələrlə də mütəmadi müzakirə edilib. Bunlar yolun açılması üçün möhkəm zəmin yaradıb.
2016-cı və 2017-ci illərdə Azərbaycan ərazisində dəmir yolunun çatışmayan hissələri inşa edilib. Astaraçay üzərində körpü salınıb. Keçən il Azərbaycandan İran ərazisinə ilk sınaq qatarı keçib, sonra yük terminalının inşasına başlanıb.
Astara-Rəşt dəmir yolu xətti qonşu ölkələrin iqtisadi, siyasi sahədə əməkdaşlığını gücləndirəcək və onları dəmir halqalar kimi bir-birinə bağlayacaq. Belə ki, bu dəmir yolunun istifadəyə verilməsi möhkəm sistem yaradaraq Avrasiya ölkələrinin qarşılıqlı əlaqələrinin genişlənməsində mühüm rol oynayacaq.
Astara-Rəşt dəmir yolu işə düşdükdən sonra Azərbaycanın Fars körfəzinə, Oman dənizinə, Hind okeanına, Afrika ölkələrinə çıxışı asanlaşacaq, Rusiya və Mərkəzi Avropa ilə əməkdaşlıq imkanları xeyli artacaq. Azərbaycan tranzit ölkə kimi böyük iqtisadi səmərə ilə yanaşı, həm də böyük siyasi dividendlər əldə edəcək. Ölkəmiz regionda aparıcı mövqeyini möhkəmləndirəcək.
Məlum olduğu kimi, Astara-Rəşt dəmir yolu Azərbaycan və İran dövlətlərinin iradəsi və səyi nəticəsində gerçəkləşir. Cari ilin mart ayında İranın Prezidenti Həsən Ruhaninin Azərbaycana rəsmi səfəri çərçivəsində Astara-Rəşt dəmir yolu hissəsinin tikintisinin maliyyələşdirilməsi haqqında Bakıda respublikamızın iqtisadiyyat naziri və İranın iqtisadiyyat və maliyyə nazirinin imzaladıqları sənəd buna daha bir misaldır. Həmin sənəd bütünlükdə bu ərazidə tranzit nəqliyyat kompleksinin inkişafına təkan verəcək. Müqavilənin bağlanması eyni zamanda, regionda sülhün və əməkdaşlığın təhlükəsizliyinə zəmanət verən addım kimi qiymətləndirilməlidir.
Sözügedən səfər çərçivəsində keçirilən biznes forumda Azərbaycan Prezidenti İlham Əliyev əmin olduğunu bəyan etmişdir ki, "Şimal-Cənub nəqliyyat dəhlizi”nin çatışmayan hissəsi - Astara-Rəşt dəmir yolu qısa müddət ərzində tikiləcək və beləliklə, bütün Avrasiya regionu üçün yeni imkanlar açılacaq.
Bu günlərdə İranın Dövlət Dəmir Yolları İdarəsinin rəisi S.Məmmədzadə də Azərbaycanın bu dəhlizin formalaşmasında fəaliyyətini yüksək qiymətləndirmişdir. Vurğulamışdır ki, Qəzvin-Rəşt-Astara (İran)-Astara (Azərbaycan) dəmir yolu beynəlxalq yükdaşımaları həyata keçirməklə yanaşı, iki ölkə arasında iqtisadi və ticarət əlaqələrinin də inkişafına böyük töhfə verəcək. O, həmçinin İran, Azərbaycan və Rusiyanın dəmir yolları sistemlərini birləşdirəcək "Şimal-Cənub beynəlxalq dəhlizi”nin əsasını təşkil edən bu dəmir yolu xətti tam istifadəyə verildikdən sonra daşınan yüklərin həcminin xeyli artacağını, nəqliyyat xərclərinə ödənilən vəsaitə qənaət ediləcəyini bildirmişdir.
Astara-Rəşt dəmir yolunun qısa müddətdə istifadəyə verilməsi ölkəmizin iqtisadi inkişafına, iqtisadiyyatın diversifikasiyasına, onun ixrac imkanlarının artırılmasına, bölgədə iqtisadi, siyasi əməkdaşlığın keyfiyyətcə yeni mərhələsinə daxil olmağa imkan yaradacaq.
Beləliklə, qitələri birləşdirəcək Astara-Rəşt dəmir yolu tranzit ölkələrə, o cümlədən Azərbaycana böyük mənfəət gətirməklə bölgədə keyfiyyətcə yeni əməkdaşlıq formalarının yaranmasına, inkişafına səbəb olacaq. Astara-Rəşt dəmir yolunun işə düşməsi nəticəsində xəttin keçdiyi regionlarda yeni iş yerləri açılacaq, logistik infrastrukturlar yaradılacaq, ticarət şəbəkəsi genişlənəcək, sahibkarların, iş adamlarının dünya bazarına çıxış imkanları daha da artacaq. Bu həmçinin bölgədə turizmin inkişafına, yolun keçdiyi ərazi boyunca ticarətin genişləndirilməsinə təkan verəcək.
Hazırda "Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi”nin tərkib hissəsi olan M-1Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun H.Z.Tağıyev qəsəbəsindən başlayan 92 kilometrlik hissəsinin inşası da davam etdirilir. Prezident
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu günlərdə Quba rayonuna səfər çərçivəsində avtomobil yolunda tikinti işlərinin gedişi ilə tanış olmuşlar. Yeni inşa edilən yol Şabran rayonunun Gəndov kəndindən Rusiya sərhədinədək uzanan 60 kilometrlik yolla birləşəcək. Bununla da yeni avtomobil yolunun uzunluğu 152 kilometrə çatacaq. Bu avtomobil yolu ödənişli olacaq. Yolun istifadəyə verilməsi nəqliyyat xidmətlərini daha da yaxşılaşdıracaq, bölgədə turizmin inkişafına dəstək verəcək. Ən başlıca şərtlərdən biri də odur ki, yeni yol "Şimal-Cənub nəqliyyat dəhlizi” ilə yük və sərnişin daşınmasında mühüm rol oynayacaq.
Bütün bunlar region ölkələri arasında əməkdaşlığın inkişafına təkan verir. Eləcə də Azərbaycanın iqtisadi gücü ilə yanaşı, siyasi nüfuzunu da artırır. Nazirlər Kabinetinin iclasında Prezident İlham Əliyev "Şimal-Cənub nəqliyyat dəhlizi”nın əhəmiyyəti barədə demişdir: "Biz indi tərəfdaş ölkələrlə bu layihəninn tam həyata keçirilməsi üçün çox ciddi danışıqlar aparırıq. Azərbaycanın həm texniki təcrübəsi, həm də mütəxəssisləri və maliyyə resursları var. Azərbaycan ərazisində bütün işləri biz özümüz görürük və başqa yerlərə də öz maliyyə imkanlarımızı cəlb edə bilərik ki, bu dəhliz tam gücü ilə işləsin və ölkəmizə əlavə valyuta gətirsin. Bizim əsas məqsədimiz budur. Əlbəttə ki, tranzit ölkələrin siyasi çəkisi də, siyasi imkanları da artır. Regionda əməkdaşlığın inkişafı üçün o ölkələrin rolu artır. Biz istəyirik ki, bizim rolumuz artsın. Biz istəyirik ki, Azərbyacan ilə daha çox hesablaşsınlar”.
Beləliklə, "Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi” yük və sərnişin daşınmasında geniş fəaliyyət göstərməklə yanaşı, gəlirlərin çoxalmasına, nəqliyyat infrastrukturunun inkişafına, bölgələrdə yeni iş yerlərinin açılması ilə sosial problemlərin uğurlu həllinə və ölkəmizin siyasi nüfuzunun artmasına xidmət edəcək.

Flora SADIQLI,
"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video