16 Oktyabr 2018 02:27
762
İQTİSADİYYAT
A- A+

Nə yeyiriksə, oyuq


Bəzi qidalar artıq yaşamağa yox, ölümə də xidmət edir


"Keyfiyyətsiz ərzaq böyük təhlükədir və mən hesab edirəm ki, bu sahəyə daha da böyük diqqət göstərilməlidir Bəzi televiziya kanallarında mətbəxlə bağlı verilişlər hazırlayıb göstəririlər... Mən etiraz etmirəm, olsun, bir şərtlə ki orada göstərilən reseptlər, yeməklərin bişirilmə qaydaları insanların sağlamlığına mənfi təsir göstərməsin. Mən bəzi hallarda çox ürək ağrısı ilə həmin verilişlərə baxıram və görürəm ki, indi yağın içində üzən yeməklər təbliğ edilir. Axı, bu olmaz, bu yeməkləri gündə yeyən insan xəstələnəcək. Biz sağlam həyat tərzini təbliğ edirik, insanları pis vərdişlərdən çəkindirməyə çalışırıq, idmanı təbliğ edirik. Siqaret çəkənlərə müsbət münasibət ola bilməz, alkoqollu içkilərə aludə olanlar qınaq obyektinə çevrilməlidir. Belə olan halda bəzi kanalların insanlara verdikləri təkliflər çox məyusedicidir”.
Hələ 6 il öncə, 2012-ci ildə Prezident İlham Əliyev Nazirlər Kabinetinin iclasında bu fikirləri səsləndirərkən sağlam qidalanmağın insan həyatı üçün nə qədər zəruri olduğuna diqqət çəkirdi.


İnsanı öldürən qocalıq deyil, pis vərdişlərdir


Böyük Hippokrat deyirdi: "Biz nə yeyiriksə oyuq”. Bir neçə sözdən ibarət bu kəlam qida mədəniyyətinin insan yaşamının, insan varlığının bir parçasını, lap elə özəyini təşkil etməsi barədə o qədər böyük məna əxz edir ki...
İnsanın bütün fəaliyyəti birbaşa, ya da dolayı yolla qidanın axtarışı, yetişdirilməsi, hazırlığı, qəbulu ilə bağlıdır. Çünki yalnız qidanı və sevgini təmin etməklə insan bioloji fərd kimi var ola bilər, yaşayar, yaradar.
Amerikanın məşhur naturopat alimi, professor Pol Breqq insanı qocalığın deyil, pis vərdişlərin öldürdüyünü, yapon alimi Katsudzo Nişi isə "ölü qida”ların olduğunu təkidlə cəmiyyətə anlatmağa çalışırdı. Qəribədir ki, hər iki alimə uşaqlığında xəstəlik səbəbindən ölüm diaqnozu qoyulmuş, yaşamlarının bir il belə çəkməyəcəyi bildirilmişdi, amma onlar bütün bu diaqnozlara inad göstərərək 70-80 yaşa qədər həyat sürmüşdülər. Bəs nə idi uğurlu həyat hekayəsinin arxasında duran sirr? Əlbəttə ki, sadəcə, düzgün qidalanma...


821 milyon insan aclıqla mübarizə aparır


Hazırda dünyada hər 9 insandan biri, bütövlükdə isə 821 milyon insan aclıqla mübarizə aparır və bu rəqəm durmadan artmaqdadır. Digər tərəfdən, təxminən 1,4 milyard insan düzgün qidalanmama səbəbindən artıq piylənmədən və bir çox xəstəliklərdən əziyyət çəkir. Dünyada beş yaşa qədərki hər dörd uşaqdan biri lazımi səviyyədə inkişaf etmir ki, bu da 165 milyon uşağın öz fiziki potensiallarına heç bir zaman çatmayacaqları mənasını daşıyır. Təxminən 2 milyard insan sağlam olmaq üçün lazım olan vitamin və mineralları qəbul etmir. Həmçinin kifayət qədər qida qəbul etməyən qadınların fiziki əngəlli uşaq doğmaq riskini daha da artırır.
Ana bətnindəki körpənin lazımi qədər qidalana bilməməsi yoxsulluğun nəsildən-nəslə ötürülməsinə səbəb olan ən ciddi faktorlardan biridir. Ümümdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, dünyada ana südü ilə qidalanma 38 faizdir. UNİCEF-in məlumatına görə bu hal Azərbaycanda 12 faiz təşkil edir. "Doğuşun ilkin saatlarında, ilk 6 ayda və 2 yaşınadək ana südü verməklə dünyada 800 min uşağın həyatı xilas olunur” deyən pediatr Vaqif Qarayev bildirir ki, ana südünün tərkibindəki bioloji aktiv maddələr erkən yaşlı uşaqların ölümünə səbəb olan problemlərdən - pnevmoniya və diareyadan qoruyur: "Döşlə əmizdirən analarda isə döş vəzi və yumurtalıq xərçənginin yaranma ehtimalı azalır. Nə qədər tərkibi zəngin süni qarışımlar hazırlansa da, ana südünü əvəz edə bilməz. Ana südü əmən uşaqların həm fiziki, həm də psixi inkişafı daha normal məcrada gedir”.


Rejimsiz və keyfiyyətsiz qidalanma mədə xəstəliklərini artırır


Azərbaycan xalqı həmişə öz mətbəxi, qonaqpərvərliyi ilə fərqlənib, dünyada şöhrət qazanıb. Milli xörəklərimizin isə demək olar ki, tam əksəriyyəti çox kalorilidir: yağlı plov, toyuq çığırtması, quzu kababı, xaş, piti... Mütəxəssislər bu cür qidaları qəbul etməyin insan orqanizminə həddindən çox zərərli olduğunu deyirlər. "Bu bizim ata- baba xörəyimizdir və hər zaman yemişik” - deyənlərin arqumentinə isə belə cavab verirlər ki, indi zaman həmin zaman deyil, insanlar daha çox hərəkətsiz həyat tərzi keçirdikləri üçün bu cür kalorili yeməklərdən uzaq durmaq, getdikcə ögeyləşdiyimiz ana təbiətə yönəlməyə çalışmalıyıq.
"Son vaxtlar əhali arasında mədə xəstəlikləri artıb. Hər 2-3 nəfərdən biri bundan şikayət edir, əsas səbəblərindən biri isə rejimsiz və keyfiyyətsiz qidalanmadır”. Bu fikri isə terapevt-qastroenteroloq Mətanət Cəfərova söyləyir. Onun fikrincə, gün ərzində 2-3 dəfə qidalanmaq və yeməklər arasında böyük fasilələr vermək mədədə fəsadlara yol açır: "Normal halda mədə turşuluğu hər 2-3 saatdan bir pik nöqtəyə çatır, bu o deməkdir ki, hər 2-3 saatdan bir qida qəbul etməliyik. Bu da 3 əsas, 2 ara yeməyə bərabərdir. Çox təəssüf ki, insanların çoxu buna əməl etmir və cəmi iki dəfə qidalanırlar ki, bu da yemək arasındakı fasiləni uzadır. Nəticədə mədə turşuluğu yüksəlir, hətta turşu geriyə qida borusuna qayıdaraq reflüksün yaranmasına gətirib çıxarır. Həmçinin bəzən həkimlərin 5 dəfə qidalanma məsləhətini, hər dəfə məhz xörək yeyilməlidir kimi başa düşürlər. Xeyr, elə deyil, əslində, əsas yeməklər arasında çərəzlər, meyvə qəbul etmək lazımdır ki, onlar mədə turşusunu neytral saxlayaraq gələcəkdə mədə problemlərindən qorusun”.


Doymadan süfrədən qalxmağı vərdiş halına gətirmək lazımdır


Mətanət Cəfərova vurğulayır ki, birdən-birə çox yemək yeyib, mədəni doldururlar, həmçinin yeməkdən dərhal sonra çay içməyə meyil göstərirlər ki, bunlar yolverilməz səhvdir: "Çayın tərkibindəki tanin həzmsizlik yaradır, buna görə də o, qida qəbulundan minimum 2 saat sonra içilməlidir. Təəssüf ki, adətən, axşam işdən qayıdandan sonra çox yeyir, üstündən də maye qəbul edib, uzanırıq. Dolmuş mədə diafraqmal pərdəyə təzyiq göstərir və nəticədə yırtıq yaranır. Bu da gəyirmə və qıcqırmaların daha çox artmasına, sonda qida borusu xərçənginin yaranmasına gətirib çıxarır”.
Həkim məsləhət görür ki, doymadan süfrədən qalxmağı bir vərdiş halına gətirmək lazımdır. Bunun üçün əvvəlcə boşqabın ölçüsünü kiçiltmək və xörəyin miqdarını azaltmaq lazımdır: "Az və tez-tez qidalanmağa çalışın. İnsanın birdən-birə çox yemək istəyinin səbəbi mədə turşuluğunun pik səviyyəyə çatmasıdır ki, insan çox acmış formada süfrə arxasına oturur, nəticədə həddindən çox yemək yeyir. Amma çox acmadan, 3-4 saatdan bir az-az qidalansaq, birdən-birə çox yeməyə ehtiyac olmayacaq. Burada su qəbulu da çox önəmlidir. Bəzən acmaqla susamaq hissini qarışdırırıq. Yeməkdən yarım sat əvvəl su içmək önəmlidir ki, aclıq hissini də xeyli azaltsın”.


"Sıfır aclıq”


1945-ci il oktyabrın 16-da Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı FAO təsis olunur və həmin tarix "Ümumdünya Qida Günü” kimi qeyd edilir. Təşkilat hər il kənd təsərrüfatı, ərzaq çatışmazlığı və başqa mövzular barədə ictimaiyyəti maarifləndirmək məqsədilə müxtəlif tədbirlər həyata keçirir. Bu il FAO daha qlobal bir məsələni diqqətə çatdırmaq üçün "Ümumdünya Qida Günü”nün şüarını "Sıfır aclıq” ("Zero Hunger”) olaraq təyin edib. Təşkilat hesab edir ki, dünya sakinləri öz səylərini birləşdirsələr, 2030-cu ilə qədər aclığı tamamilə aradan qaldırmaq mümkündür.
Lakin dünyada qida təhlükəsizliyinin təmin edilməməsi məsələsi hələ də əsas problemlərdən biri olaraq qalır. Gələcəkdə böhran hallarında baş verə biləcək ərzaq təhlükəsizliyi və qida çatışmazlığının aradan qaldırılması, eyni zamanda, heyvandarlığın qaba yemə olan təlabatının ödənilməsində mühüm addımların atılması və tədbirlərin görülməsi üçün qida təhlükəsizliyinin təminatında strateji əhəmiyyətə malik olan taxılçılıq və bitkiçilik sahəsində yaranan bir sıra problemlərin həll edilməsi vacibdir. Əhali arasında sağlam və düzgün qidalanmanın təbliği, həmçinin israf hallarının aradan qaldırılması, təkrar emal prosesinin inkişafı, yeni istehsal üsullarının tədqiqi və təbliğatının aparılması istiqamətində maarifləndirici tədbirlərin davamlılığının təmin olunması qarşıya qoyulmuş ən vacib məsələlərdəndir. İnsanların yaşayış imkanlarının daha da inkişaf etdirilməsi, artan ərzaq çatışmazlığının həll edilməsinə nail olmaq məqsədilə FAO 2030-cu ilə qədər Kənd Təsərrüfatının İnkişafı üzrə Beynəlxalq Fond (IFAD), Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNICEF), Dünya Qida Proqramı (WFP) və ÜST ilə birgə çoxsaylı yeni proqramların və tədbirlərin icrasını həyata keçirməyi planlaşdırır.


"Fast Food” qidaların ziyanları


16 oktyabr Ümumdünya Qida Günü ilə əlaqədar ölkəmizdə də Qida Təhlükəsizliyi Agentliyi tərəfindən aidiyyəti qurumlarla birgə bir sıra layihə və tədbirlərin həyata keçirilməsi planlaşdırılıb.
Qurumdan verilən məlumata görə, Vətəndaşların Ümumdünya Qida Günü və qida təhlükəsizliyi anlayışı barədə məlumatlandırılması, bu istiqamətdə maarifləndirici video çarxların hazırlanması, geniş elmi-maarifləndirici yazıların elektron informasiya portallarında yayımlanması, radio və televiziya kanallarında yayımlanan verilişlərin bəzi buraxılışlarının Ümumdünya Qida Gününə həsr olunması, sosial şəbəkələrdə "Sağlam qida” ilə bağlı müsabiqələrin təşkil olunması həyata keçiriləcək tədbirlər planının əsas istiqamətlərini təşkil edir. Eyni zamanda, məktəblilər arasında qida təhlükəsizliyi anlayışının təbliğ edilməsi, agentliklə uşaqlar və gənclər arasında sıx əlaqələrin qurulması üçün Ümumdünya Qida Günü” mövzusunun işıqlandırılacağı "Sağlam məktəbli” adlı layihənin həyata keçirilməsi nəzərdə tutulub. Layihə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu, AQTA-nın Bakı Şəhəri İdarəsi və Təhsil Nazirliyinin Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşlarının iştirakı ilə həyata keçirilir. Məktəblilərlə görüş çərçivəsində "Məktəblərdə sanitar-gigiyenik norma və qaydalara əməl olunması”, "Fast Food qidaların ziyanları” kimi mövzularda şagirdlərlə fikir mübadiləsi aparılacaq. Layihənin keçirilməsində məqsəd məktəblilər arasında qida təhlükəsizliyi anlayışının təbliğ edilməsi və şagirdlərə qida təhlükəsizliyi vərdişlərinin aşılanmasıdır. Cari ilin sonunadək layihənin Bakı şəhərində fəaliyyət göstərən 9 ümumtəhsil müəssisəsində həyata keçirilməsi nəzərdə tutulub.


Bəşəriyyəti qida xaosu bürüyüb


Apardığımız kiçik araşdırmanın nəticəsi onu deməyə əsas verir ki, qida məsələsində qızıl ortanı tapmaq xeyli müşkülə çevrilib. Dünyada baş verən dəhşətli kataklizmlər, havanın, suyun, torpağın insan tərəfindən xususi qəddarlıqla zəhərləndirilməsi dəhşətli sonuclar yaradıb.
Bəşəriyyəti qida xaosu bürüyüb, dəlicəsinə hər yerdə öz əli ilə məhv etdiyi təbii nemət axtarışındadır, amma tapa bilmir. İnsanlar ağız ləzzətini itirib, dadsız, duzsuz qidalarla özlərini doyuzdurmağa çalışırlar ki, bu da onlarda əlavə psixoloji gərginliyə, getdikcə artan qarşısıalınmaz xəstəliklərin yaranmasına birbaşa rəvac verir. Hazır, genetikası dəyişdirilmiş qidaların, çipsilərin, şirin, qazlı içkilərin əsirinə çevrilmişik...

Yasəmən MUSAYEVA,
"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video