14 Oktyabr 2018 00:38
913
İQTİSADİYYAT
A- A+

Fındıqçılıq: hələlik dünyada dördüncüyük


Amma daha yüksək yerə iddialıyıq


Aqrar sektorda ənənəvi sahələrin dirçəldilməsi üçün görülən işlər bu gün həm istehsalın həcmində, həm də ixracda özünü göstərir.

Bir fakta diqqət yetirək: bir sıra ənənəvi sahələrin dirçəldiləndən sonra sahə üzrə məhsul istehsalı faizlə deyil, dəfələrlə artıb. Belə sahələrdən biri fındıqçılıqdır. Bu sahənin inkişafında dövlət başçısının 16 noyabr 2016-cı ildə imzaladığı "İpəkçiliyin və fındıqçılığın inkişafına dövlət dəstəyinin gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” sərəncamın rolu böyükdür. Həmin sənədə əsasən, təksə fındıq pöhrələrinin alınmasına dövlət büdcəsindən 700 min manat vəsait ayrılmışdır.

Prezident İlham Əliyev 2017-ci il avqustun 4-də Qaxda barama, tütün və fındıq istehsalının inkişafı məsələlərinə dair keçirilən respublika müşavirəsində fındıqçılığın inkişafının əhəmiyyətini vurğulayaraq demişdir: "Qarşıya məqsəd qoyulub ki, biz fındıq bağlarının sahəsini 80 min hektara çatdıraq. Bu, aparılmış təhlil əsasında formalaşmış real rəqəmdir. Əgər biz 1-2 il ərzində 32 min hektardan 55 min hektara qalxa bilmişiksə, ona görə 80 min hektarda bağların salınması tam real rəqəmdir. Biz növbəti bir neçə il ərzində buna çatmalıyıq... Hazırda fındıqçılıqla 9 min nəfər məşğuldur, yeni bağlar salınandan sonra təqribən 20 min nəfərə çatacaq. Bizim tövsiyəmizlə Fındıq İstehsalçıları və İxaracatçıları Assosiasiyası yaradıldı ki, bu işlər mərkəzləşdirilmiş qaydada aparılsın, fermerlərə kömək göstərilsin, onların məhsulu mərkəzləşdirilmiş şəkildə alınsın və ixrac edilsin”.

Göründüyü kimi, yüksək səviyyədə aqrar sektora göstərilən qayğı, verilən dəstək nəticəsində fındıqçılıq yenidən sürətlə inkişaf etməyə başlayıb. Dövlət tərəfindən fındıq pöhrələrinin fermerlərə pulsuz verilməsi bu sahəyə marağı daha da artırıb. Üstəlik, fındıq istehsalçılarına indiyədək 10 milyon manatdan çox güzəştli kredit verilib. Bütün bunlar isə nəticəsiz qalmır. Bugünədək ölkəmizdə 50 min hektardan çox fındıq bağı salınıb, özü də qısa müddətdə. Belə ki, yeni bağların salınmasına 2016-cı ildən start verilib və bu proses indi də davam edir.

Fındıqçılığın inkişafında Fındıq İstehsalçıları və İxracatçıları Assosiasiyasının da xüsusi rolu var. Bu assosiasiya 2017-ci ilin ilk üç ayı ərzində 62 min fındıq ağacı yetişdirərək fermerlərə pulsuz paylamışdır. Bu proses indi də dayanmayıb.

Dünyada fındıq ixracı üzrə Türkiyə liderdir. Amma ölkəmizin də bu sahədə imkanı genişdir. Təsadüfi deyil ki, hazırda Azərbaycan dünyada dördüncü fındıq ixracatçısıdır. Əgər bu sahədə ölkəmiz qarşıya qoyulan hədəflərə çatsa, bu sırada yerimizi yüksəldə bilərik. Bir daha qeyd edək ki, ölkəmizin potensialı bu sahədə genişdir və üstəgəl dövlət fermerlərə fındıqçılığı inkişaf etdirmək üçün hər cür dəstək verir.

Zaqatala və Qax şimal-qərb bölgəsində fındıq istehsalında öndə gedən rayonlardandır. Fındıqçılığın təbliği ilə bağlı I Beynəlxalq fındıq, qoz və şabalıd festivalının Zaqatalada keçirilməsi də bununla bağlıdır. Xatırladaq ki, 1929-cu ildə keçmiş SSRİ məkanında yeganə fındıq zavodu Zaqatalada fəaliyyət göstərmişdir. Həmin müəssisədə istehsal olunan məhsullar SSRİ-nin bütün ərazisi ilə yanaşı, Avropa ölkələrinə də ixrac edilirdi. Rayonda fındıqçılığı inkişaf etdirmək məqsədilə 1932-ci ildə fındıqçılıq sovxozu da yaradılmışdı.

Prezidentin fındıqçılığın inkişafı ilə bağlı sərəncamından sonra Zaqatalada məhsul istehsalı sürətlə artmağa başlayıb. Son 3 ildə fındıq bağlarının ümumi sahəsi 9 min 575 hektardan 18 min 503 hektara çatdırılıb. 2016-cı ildə Zaqatalanın emal müəssisələri tərəfindən 90 milyon, 2017-ci ildə 124,4 milyon manatlıq fındıq ixrac olunub. Keçən il rayonda 13 min 420 ton fındıq istehsal edilib. Cari ildə isə bu rəqəm 15 min tondan çoxdur. Qeyd edək ki, burada fındığın 100-dən çox sortu mövcuddur və onların hər birinin özünəməxsus üstünlükləri var.

Fındıq istehsalı Qaxda da artır. Son məlumata görə, cari il rayon üzrə 4 min 785 ton məhsul tədarük olunub ki, bu da ötən ildəkindən 641 ton çoxdur. Prezidentin kənd təsərrüfatının ənənəvi sahələrindən olan fındıqçılığın inkişaf etdirilməsi ilə bağlı verdiyi tapşırığa əsasən, Qaxda da əkin sahələri genişləndirilir. Təkcə bu il yaz əkini dövründə rayon üzrə 160 hektar sahədə yeni fındıq bağları salınıb. Ümumiyyətlə, son 3 ildə rayon ərazisində 2 min 660 hektar sahədə yeni fındıq bağları salınaraq mövcud bağların ümumi sahəsi 9 min 478 hektara çatdırılıb.

Məlumdur ki, dövlət tərəfindən son illər aqrar sektorda istehsal olunan məhsulların ixrac təşviqinin həyata keçirilməsi istiqamətində bir sıra işlər görülür. Belə tədbirlər fındıq ixracının stimullaşdırılması üçün həyata keçirilir. Fındıq İstehsalçıları və İxracatçıları Assosiasiyası AzPROMO ilə əməkdaşlıq edərək yeni dəstək mexanizmləri, xüsusilə ixrac təşviqi və "Made in Azerbaijan” brendinin tanıdılması istiqamətində mühüm tədbirlər reallaşdırır. Bunun sayəsində artıq bir çox ölkələrdə Azərbaycana məxsus "Ata-baba” fındıq sortu özünə müştərilər tapıb.

İndi kənd təsərrüfatı məhsullarının ixracında fındıq pomidor satışından sonra ikinci yerdədir. Pomidor ixracından əldə olunan gəlir artsa da, fındıq istehsalı da, qeyd edildiyi kimi, ölkəmizə ən çox valyuta gətirən sahə olaraq qalır.

Rüstəm KAMAL,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video