14 Oktyabr 2018 00:27
338
İQTİSADİYYAT
A- A+

Azərbaycan Rusiya bazarlarında mövqeyini möhkəmləndirir


Atalar sözüdür: "Malın mal olunca, bazarın bazar olsun”. Amma məsələ ondadır ki, Azərbaycanın istehsal etdiyi kənd təsərrüfatı məhsulları istənilən bazarda böyük üstünlüklərə malikdir. Dağ və dağətəyi rayonlarda yetişən meyvə-tərəvəz tərkibindəki faydalı mikroelementlərin sayına və miqdarına görə dünyanın bir çox ölkələrində - Çində, Belarusda, Moldovada, Ukraynada, əksər Avropa dövlətlərində istehsal olunan meyvə-tərəvəzi kölgədə qoyur. Bu baxımdan Azərbaycan ənənəvi Rusiya bazarında da üstünlüklərə və perspektivlərə malikdir. Əvvəlcə qısa da olsa qeyd edək ki, dünyanın aqrar bazarı 8 min ilə yaxın inkişaf tarixinə malikdir. İlk dəfə torpağı istehsal məqsədi ilə bazar üçün əkib-becərən, təkəri kəşf edən, yəni, məhsuldarlığı artırmaq məqsədi ilə kənd təsərrüfatını mexanikləşdirən qədim şumer tayfaları olub.
Onların ardınca qədim misirlilər eyni minvalla məhsul istehsalını davam ediblər. Beləliklə, ilk ordular və nəhəng imperiyalar yaranıb. VII-VIII əsrlərdə baş verən aqrar inqilab isə müsəlmanların adı ilə bağlıdır. İspaniyadan Hindistana qədər ərazini əhatə edən ərəb xilafətlərində kənd təsərrüfatı məhsullarının öz ölkələrində və xaricdə satışını təşkil edən tacirlər olub. İnsanlar öz regionları üçün xarakterik olmayan kənd təsərrüfatı bitkilərini yetişdirməyə başlayıblar. Məhz bu dövr qlobal dünya iqtisadiyyatının inkişafının əvvəli sayılır. Amerika kəşf ediləndən sonra isə kənd təsərrüfatı məhsullarının ikinci miqrasiyası başlanıb. Sonra dəmir yolları salınıb, ilk soyuducular kəşf edilib. Yalnız XIX əsrin sonunda və XX əsrin əvvəllərində daha faydalı və məhsuldar işləyən kənd təsərrüfatı texnikası - traktorlar və kombaynlar yaranıb, geni dəyişdirilmiş məhsullar yetişdirilib.
Belə uzun inkişaf yolu keçən müasir dünyanın aqrar bazarının əsas vəzifəsi mal mübadiləsini təmin etmək, ərzaq məhsullarına olan ehtiyacı ödəmək və satışdan qazanmaqdır. Qlobal aqrar bazar mürəkkəb strukturdan ibarətdir, əhalinin artmasından və yoxsulluqdan əziyyət çəkən ölkələrin natamam, formalaşmamış aqrar bazarlarının problemləri ilə üzbəüzdür.
Azərbaycan da İpək yolunun üstündə yerləşən, qlobal aqrar bazara ilk ayaq açan bölgələrdən biri kimi qədim təcrübəyə, zəngin ənənələrə malikdir. Məhsullarımız Şərqə və Cənuba daşınsa da, Şimal bazarı bizim üçün həmişə daha sərfəli olub.
Bu gün isə Qafqazın ən güclü ölkəsinə çevrilən, iqtisadiyyatını uğurla şaxələndirən Azərbaycan üçün Rusiyanın aqrar bazarında yerini möhkəmləndirmək, daha güclü mövqelərə sahib olmaq üçün ötən illərin təcrübəsindən yararlanmaq faydalıdır. Azərbaycan-Rusiya münasibətlərini nəzərdən keçirəndə görünən odur ki, hər iki tərəf üçün daimi əlaqələrin inkişaf etdirilməsi yeni tərəfdaşlar axtarmaqdan əlverişlidir. İki ölkə arasında əlaqələr dinamik inkişaf edir, demək olar ki, hər il geniş formatda görüşlər keçirilir və aqrar sektorun inkişafına təkan verən müqavilələr imzalanır. İki ölkə arasında ticarət dövriyyəsi mütəmadi olaraq artır. Bu artımda kənd təsərrüfatı məhsullarının payı çox böyükdür. Eyni zamanda, nəzərə almaq lazımdır ki, Rusiyaya qarşı Qərbin sanksiyaları artdıqca, Azərbaycandan bu ölkəyə ixrac olunan kənd təsərrüfatı məhsullarının həcmi də artır. Artıq neçə ildir ki, hər iki ölkə bunda maraqlıdır. Təsadüfi deyil ki, keçən il Rusiya Azərbaycanın kənd təsərrüfatı məhsulları istehsal edən daha 14 müəssisəsinin Rusiya bazarlarına çıxması barədə qərar qəbul edib.
Bu əlaqələr 2018-ci ildə daha intensiv inkişaf edir. Sentyabrın
1-ində iki ölkənin Soçidə geniş tərkibdə keçirdiyi görüşdən sonra iki dövlət başçısının iştirakı ilə gələcək əməkdaşlıqla bağlı çox vacib sənədlər imzalanmışdır. Həmin müqavilə, razılaşma və memorandumların bəziləri bilavasitə və dolayısı ilə logistika sisteminin və aqrar sektorun inkişafı ilə bağlıdır. İmzalanan digər sənədlər - "Kiçik və orta sahibkarlığın inkişafı üzrə Federal Korporasiya Səhmdar Cəmiyyəti ilə Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi publik hüquqi şəxs arasında qarşılıqlı anlaşma haqqında Memorandum çərçivəsində tədbirlərin reallaşdırılması üzrə Yol Xəritəsi”, "Azərbaycan Respublikası hökuməti ilə Rusiya Federasiyası hökuməti arasında malların hava nəqliyyatı ilə daşınması sahəsində gömrük hüquqpozmalarına qarşı mübarizə sahəsində qarşılıqlı fəaliyyət haqqında protokol”, "Azərbaycan Respublikası hökuməti və Rusiya Federasiyası hökuməti arasında rəqəmsal nəqliyyat sistemləri sahəsində əməkdaşlıq haqqında Memorandum”, "Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Rusiya Federasiyasının Sənaye və Ticarət Nazirliyi arasında sənaye sahəsində əməkdaşlığın möhkəmləndirilməsi haqqında Saziş”, "Rusiya-Azərbaycan əməkdaşlığının başlıca istiqamətlərinin inkişafı üzrə Fəaliyyət Planı” və "Azərbaycan Respublikası hökuməti ilə Rusiya Federasiyası hökuməti arasında 2024-cü ilədək əməkdaşlıq proqramı” da bu qəbildəndir. Bütün bu sənədlər iki ölkənin aqrar sektorunun və bazarlarının qarşılıqlı inkişafını stimullaşdırmağa xidmət edir.
IX Azərbaycan-Rusiya Regionlararası Forumu da bu baxımdan xüsusi əhəmiyyət kəsb edir. Hər iki tərəfdən iqtisadiyyatın müxtəlif sahələrini təmsil edən 1000-ə yaxın nümayəndənin iştirak etdiyi tədbirdə "Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi çərçivəsində dəmir yolu xətti ilə yükdaşımaların genişləndirilməsi, o cümlədən dəniz yolu ilə daşınan malların boşaldılmasının artırılması, Azərbaycan və Rusiya limanları arasında birbaşa bərə xəttinin açılması məsələsi müzakirə mövzularından olmuşdur.
IX Azərbaycan-Rusiya Regionlararası Forumunun plenar iclaslarında ikitərəfli iqtisadi əlaqələrin inkişafı ilə bağlı Rusiya Federasiyasının Dağıstan Respublikasının başçısı Vladimir Vasilyev, Stavropol diyarının qubernatoru Vladimir Vladimirov, Novqorod vilayətinin qubernatoru Andrey Nikitin, Arxangelsk vilayətinin qubernatoru İqor Orlov çıxış edərək təmsil etdikləri regionların iqtisadi, turizm imkanları, mədəniyyəti barədə ətraflı məlumat vermiş, regionlar arasında iqtisadi əməkdaşlığın, o cümlədən aqrar əlaqələrin dərinləşdirilməsi üçün geniş imkanların mövcud olduğunu diqqətə çatdırmışlar.
Forumun plenar iclasından sonra iki ölkənin şirkətləri və biznes təşkilatları arasında sənədlər imzalanmışdır. Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AzPROMO) və Rusiya-Azərbaycan İşgüzar Şurası arasında əməkdaşlığa, Azərbaycanın "Khan-El” MMC və Rusiyanın "Qud-Fud Postavka” MMC şirkətləri, eləcə də Azərbaycanın "Azhazelnut” MMC və Rusiyanın "Frutimpex” MMC arasında Rusiyaya fındıq ixracına, Azərbaycan Respublikasının "Dövlət Aqrar Ticarət Şirkəti” MMC və Rusiyanın Kənd Təsərrüfatı Nazirliyinin Analitik Mərkəzi Federal Dövlət Büdcə Təşkilatı arasında əməkdaşlığa, "Azər Sharab NM” MMC və "Del Monte” MMC arasında spirtli içkilərin Rusiyaya ixracına, "Grovv Group Azerbaijan” MMC və "Essen Logistic” MMC arasında pomidor satışına, Azərbaycanın "Mətanət-A” MMC və Rusiyanın "Matanat” MMC şirkətləri arasında Rusiyada quru inşaat qarışıqlarının istehsalı zavodunun tikintisinə dair bir sıra ciddi sənədlər imzalanmışdır.
Bütün bunlar o deməkdir ki, hər iki tərəf tarixi əlaqələrə dəyər verir, möhkəm dostluğun əsaslarını gücləndirir. Azərbaycan tarixən çıxışı olan Rusiyanın aqrar bazarında mövqelərini möhkəmləndirir. Necə deyərlər, həm bazarımız bazardır, həm də məhsulumuz məhsul.

Bahadur İMANQULİYEV,
"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video