13 Oktyabr 2018 00:21
831
İQTİSADİYYAT
A- A+

Dağlar diyarı LERİK


Lerik deyəndə istər-istəməz gözlərimiz qarşısında əsrarəngiz mənzərələr, uca dağlar, dərin dərələr, sıldırım qayalar, yaşıl donlu meşələr, axan çaylar, buz bulaqlar canlanır. Bunlara tamaşa etdikcə xəyalın qanad çalıb səni başqa bir aləmə - səsi-sorağı əsrlərin o tayından gələn keçmişlərə aparır. Fikirləşirsən ki, görəsən, nə zamandan mövcuddur Lerik adlı bu gözəl diyar. Yeri gəlmişkən qeyd edək ki, Lerik toponimi barədə müxtəlif rəy və mülahizələr var. Lakin onun yerli əhalinin "yağışlı-yağmurlu” mənasında işlətdyi "liklik” sözündən yarandığı ən çox uyğun gələni və məntiqlisidir.
Fransız alimləri Henri və Jak Morqan qardaşları XIX əsrin sonlarında Lerikdə qazıntılar apararkən eramızdan əvvəl Son Tunc və İlk Dəmir dövrlərinə aid qəbir və kurqanlar aşkar etmişlər. Azərbaycan alimi Q.Qafarlının rəhbərliyi altında 1986-cı ildə arxeoloji abidələri tədqiq edən ekspedisiya isə burada qədim yaşayış yerlərini, Tunc dövrünə aid qəbir və kurqanları qeydə almışdır. Cənub bölgəsindəki dini-tarixi abidələrin çoxu Lerik rayonu ərazisindədir. Qız qalası, Oğlan qalası, Büzeyir qalası, Digah qalası orta əsr abidələri kimi dövlət tərəfindən mədəni irs siyahısına daxil edilmişdir. Rayonun Xanagah kəndində XIV əsrə aid Xoca Seyid, Cəngəmiran kəndində Xəlifə Zəkəriyyə, Lənkəran-Lerik magistral şose yolunun 40-cı kilometrliyində Babagil, Lerik şəhəri yaxınlığında Cabir, Orand kəndində Kəla türbələri bölgədə islam dininin geniş yayılmasını göstərir.
Təbiət gözəllikləri ilə zəngin olan qədim dağlar diyarında ömürlər də uzun olur. Bu haqda danışanda keçən əsrin 60-70-ci illəri yada düşür. O zaman planetimizin ən yaşlı sakinləri sayılan Şirəli Müslümov və Mahmud Eyvazov burada yaşayırdılar. Dünyanın hər yerindən jurnalistlər, alimlər, həkimlər, digər maraqlananlar Lerikə gəlib onlarla görüşür, sorğu-sual keçirir, onların həyat tərzini, uzunömürlülüklərinin sirlərini öyrənməyə çalışırdılar. Mətbuat səhifələrində Yer kürəsinin ən yaşlı sakinləri haqqında maraqlı yazılar dərc olunar, televiziya ekranlarında verilişlər göstərilərdi. Bu gün də Lerikdə yaşı 100-dən çox olan 25 nəfər var. Rayon mərkəzində yaradılmış "Uzunömürlülər muzeyi”ndə maraqlı fotoşəkillər, eksponatlar saxlanılır. Onların hər biri uzunömürlü insanların keçdiyi həyat yolunun müxtəlif illərini, günlərini, anlarını əks etdirir. Lerikə gələn elə qonaq, elə turist olmaz ki, bu muzeyə baş çəkməsin.
Bax beləcə, dağlar diyarı illər, qərinələr, əsrlər keçdikcə, elə bu dünyanın özü kimi, dolub-boşalıb. Bir nəsil gəlib, digəri öz karvanını çəkərək köçüb gedib. Gələn hər insan nəsli də doğulduğu bu torpaqda bacardığı qədər iz qoymağa çalışıb. Bu mənada keçən əsr keşməkeşli, ziddiyyətli olsa da, Lerikin də inkişafında müəyyən rol oynayıb. Lakin onun tərəqqisi keçən əsrin 70-ci illərindən - xalqımızın böyük oğlu Heydər Əliyev Azərbaycan rəhbərliyinə gələndən sonra başlayıb.
Burada bir haşiyə çıxaraq qeyd etmək lazımdır ki, ulu öndər bundan əvvəl də milli təhlükəsizlik orqanlarında müxtəlif vəzifələrdə çalışarkən dağ rayonu kimi Leriklə həmişə sıx təmasda olub. Bu sözlər də onundur: "Lerik Azərbaycanın ucqar dağ rayonudur... Orada gözəl insanlar, zəhmətkeş adamlar, qəhrəman insanlar yaşayır. Mən leriklilərlə əbədi dostam. Bu dostluq böyük sınaqlardan keçib”. 1993-cü ilin yayında yenidən hakimiyyətə gələndən sonra da ümummilli lider bu rayonla, onun əhalisi, ayrı-ayrı insanları ilə əlaqəsini bərpa edib. Düzdür, o illər respublikada iqtisadiyyat çox zəifləmiş, sovet dövründən qalanlar dağıdılaraq məhv edilmişdi. Ancaq xalqda, eyni zamanda leriklilərdə belə bir inam vardı ki, böyük siyasətçi, polad iradəyə sahib olan Heydər Əliyevin rəhbərliyi altında hər şey öz axarına, nizamına düşəcək. Belə də oldu. "Əsrin müqaviləsi” imzalandı, mühüm əhəmiyyətli islahatlar həyata keçirildi. Bütün bunlar bəhrəsini verməyə başladı. Gənc, müstəqil respublikamız inkişaf yoluna qədəm qoydu.
2004-cü ilin fevral ayının 11-də Prezident İlham Əliyevin imzaladığı Regionların sosial-iqtisadi inkişafı I Dövlət Proqramı bütün bölgələrimiz kimi, Lerik rayonunun yüksəlişi üçün də üfüqlər açdı. Genişmiqyaslı tikinti-quruculuq, abadlıq işlərinə başlanıldı. İlk olaraq uzun illərdən bəri təmir edilməyən, sökülüb-dağılmış 56 kilometrlik Lənkəran-Lerik şose yolu yenidən quruldu. İlk dəfə rayona təbii qaz xətti çəkildi. Bunların açılışında iştirak etmək üçün Prezident İlham Əliyev 2005-ci ilin 8 sentyabrında Lerik rayonuna gəldi. Bu, əsl bayram idi.
İllər keçdi, yığılıb qalan problemlər mərhələli şəkildə öz həllini tapmağa başladı. Əhalinin elektrik enerjisi təminatında əsaslı dönüş yarandı. 2009-cu ildə qəbul edilən Regionların sosial-iqtisadi inkişafı II Dövlət Proqramı ilə bağlı Lerik daha da inkişaf etdi. Yeni təhsil, səhiyyə, mədəniyyət ocaqları inşa olundu, köhnələri əsaslı təmir edildi. Yeni obyektlərin tikilib istifadəyə verilməsi nəticəsində çox sayda iş yerləri açıldı. Salınan parklar, xiyabanlar, abad küçələr, meydanlar rayon mərkəzinin simasını tanınmaz dərəcədə dəyişdi. Ona şəhər statusu verildi. Prezident Lerikə növbəti səfərləri çərçivəsində burada açılışlar etdi, yeni obyektlərin əsasını qoydu, rayonun gələcək sosial-iqtisadi inkişafı üçün sərəncamlar imzaladı.
Rayon indi inkişafının yeni dövrünü yaşayır. Regionların sosial-iqtisadi inkişafı III Dövlət Proqramı çərçivəsində burada təbii qaz, yol çəkilişi işləri davam etdirilir. Kənd təsərrüfatının, turizmin inkişafı üçün tədbirlər həyata keçirilir. Gündən-günə gözəlləşir, abad olur dağlar diyarı. Lakin bu gözəllik insan olmasaydı, kimsəsiz yetim kimi görünərdi. Onu dəyərləndirən, hüsnünə heyran olan insan da onun qarşısında borclu qalmır. Zəhməti, zövqü, gücü, qüdrəti ilə onun hüsnünə yeni rənglər, çalarlar qatır, öz diyarını daha gözəl edir. Eyni zamanda neçə-neçə ziyalının, müxtəlif peşə sahiblərinin, zəhmətkeş insanların dünyaya göz açdığı, boya-başa çatdığı yurd yeridir dağ-dərəli bu torpaq. Onlar ölkəmizin elmi, iqtisadi, mədəni potensialının inkişaf etməsi üçün gecəni gündüzə qatır, həm Azərbaycanın, həm də doğulduqları Lerikin adına şöhrət gətirirlər.

Seyran CAVADOV,
"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video