13 Oktyabr 2018 00:21
347
İQTİSADİYYAT
A- A+

Fermerin təklifi var


Bərəkətli Muğan düzünü bəzən Azərbaycanın bərəkət boğçası da adlandırırlar. Münbit torpağı, zəhmetkeş insanları ilə şöhrət qazanmış bu diyar yetirdiyi bol kənd təsərrüfatı məhsulları ilə bu gün də ölkənin ərzaq təhlükəsizliyinin təmin olunmasına sanballı töhfələr verir.

Prezident İlham Əliyevin kənd təsərrüfatında ənənəvi sahələrdən olan pambıqçılığı inkişaf etdimək, bu sahədə əvvəlki şöhrəti qaytarmaq barədə verdiyi tapşırıq və tövsiyələr Sabirabadda da razılıqla qarşılanmışdır. Təsadüfi deyil ki, pambıqçılığın inkişafına həsr edilmiş ilk respublika müşavirəsi də Sabirabadda keçirilmişdir. Bu seçim hələ sovet dönəmində Azərbaycanın qabaqcıl pambıqçılıq rayonu kimi şöhrət qazanmış Sabirabadın mövcud potensialına, buradakı əmək və torpaq ehtiyatlarına verilən böyük dəyərin göstəricisi kimi qiymətləndirilməlidir. Təbiətin yaratdığı problemlərə, qarşıya çıxan obyektiv çətinliklərə baxmayaraq, Sabirabad kəndlisi pambıqçılığın inkişafı üçün əlindən gələni əsirgəmir. Rayonda bu istiqamətdə həyata keçirilən tədbirlər məhsul istehsalını artırmağa imkan yaradır.

İndi rayonda pambıq yığımının qızğın çağıdır. Min bir zəhmətlə hasilə gələn məhsulu tez və itkisiz yığıb tədarük etmək üçün bütün qüvvələr səfərbərdir. Rayonda pambıqçılıq sahələrində qazanılan şöhrətin ağır yükünü çiyinlərində daşıyan hünərvər əmək adamlarından biri İxtiyar Mehdiyevdir. İxtiyar kişi Bulaqlı kəndində bacarıqlı fermer kimi tanınır. Kolxoz zamanı rayonun qabaqcıl pambıqçılıq briqadirlərindən olub. İllər keçsə də, qırılmaz tellərlə bağlandığı torpaqdan ayrılmayıb. Pambıq ustası bu il 21 hektar sahədə pambıq əkib-becərib.

Biz onun sahəsində olanda pambıqyığan maşınlar ağ örpəkli tarlada işləyirdi. Birinci yığımın nəticəsi İxtiyar kişinin nurlu çöhrəsini bir az da işıqlandırmışdır. Hələlik hər hektarın məhsuldarlığı 37 sentnerdir. İkinci yığımda da nəticənin yüksək olacağı gözlənilir. Hələ kolların üzərində açılmamış xeyli qoza var.

İxtiyar kişi xeyirxah, imanlı bir ağsaqqal kimi də bölgədə böyük nüfuza malikdir. Gəncə Texnologiya İnstitutunda ali təhsil alıb. Deyir ki, ən böyük məktəb həyatın özüdür. Ona hamı Hacı deyə müraciət edir. 1990-cı ildə Məkkə ziyarətində olub. Sonralar Kərbəlanı və Məşhədi də ziyarət edib. Maraqlı həmsöhbətdir. Həyata fərqli baxışa, zəngin dünyagörüşünə malikdir. Təbii ki, günümüzün hünər meydanı sayılan tarlada baş tutan söhbətimizin əsas mövzusu torpaqla, zəhmətlə, məhsul bolluğundan yaranan xoş ovqatla bağlı idi.

Hacı İxtiyarın dedikləri:

- Torpaq müqəddəsdir. Sevdiyimiz, uğrunda canımızdan, qanımızdan keçdiyimiz vətən onun üzərində bərqərar olub. Əgər torpaq yoxdursa, vətən real həyatdan uzaqlaşıb xəyallarda ünvan tapır. Ulu Dədə Qorquddan gələn "Əgər torpağı qorumursansa, əkib-becərməyə dəyməz, yox əgər əkib-becərmirsənsə, qorumağa dəyməz” ideyası mənim üçün həyatın mənasıdır. Dövlət başçısı, Ali Baş Komandan İlham Əliyev işğal altındakı torpaqlarımızı azad etmək üçün lazım olan hər şeyi edir. Biz qürur duyuruq ki, bu gün Azərbaycanın güclü ordusu var. Qələbənin yaxında olduğuna, Ali Baş Komandanın güclü iradəsinə, müdrik siyasətinə, ordumuzun qüdrətinə inanırıq. Bu fikirləri gəlişi xoş sözlər kimi demirəm. Demək istədiyim odur ki, torpaqlarımız vətənpərvərliklə qorunur. Biz əmək adamlarının üzərinə düşən vəzifə isə hər qarış torpağı qayğı ilə əkib-becərmək, istehsal etdiyimiz bol məhsuldan yüksək səmərə götürməkdir. Bu, həm dövlətimizin iqtisadi gücünə güc qatır, həm də aqrar sektorda çalışanların xoş güzəranını, firavan həyatını təmin edir. Pambığın dünyada etibarlı bazarı var. İndi ölkəmizdə bir kiloqram pambığın qiyməti artırılaraq 75 qəpiyə çatdırılmışdır. Bunun 65 qəpiyini şirkət ödəyir, 10 qəpiyini dövlət subsidiya kimi verir. Bu gün üçün yaxşı qiymətdir. Cari ildə pambıq əkdiyimiz 21 hektardan azı 50 min manat xalis gəlir gözləyirik. Bu, yaxşı qazancdır. İlin aylarına böləndə hər aya 4 min manatdan da çox düşür.

Aqrar sektorda qazanılan uğurların əsas təməli sayılan torpaqdan elmi surətdə əsaslandırılmış qaydada istifadə etmək zamanın tələbidir.

Bu gün biz torpaqdan çox da səmərəli istifadə etmirik. Əkib-becərdiyimiz torpağın üzvi və mexaniki tərkibi haqqında bilgilərimiz yoxdur. Bilmirik ki, onun hansı mineral gübrələrə ehtiyacı var. Yaxşı olar ki, bölgələrdə aqrolaboratoriyalar yaradılsın. İki ildən bir torpaqdan nümunələr götürülüb laboratoriyalarda analiz edilsin. Belə olarsa, biz də torpağın ehtiyaclarını elmi surətdə qarşılayarıq. Yoxsa əlimizə keçən gübrəni, faydası olub-olmadığının fərqinə varmadan, torpağa vermək düz deyil. Bir təklifim də gübrə üçün dövlətin verdiyi subsidiya ilə əlaqədardır. Yaxşı olar ki, bu subsidiya pul şəklində deyil, gübrə formasında verilsin. Etiraf edək ki, ayrılan subsidiyanı pul kimi alan adamların çox az hissəsi onu gübrə almağa xərcləyir. Nəticədə istismar olunan torpaq get-gedə gücdən düşür, məhsuldarlığını itirir.

Bizcə, zəhmət adamının təklifi barədə düşünməyə dəyər.

Lazım QULİYEV,

Ağaəli MƏMMƏDOV (foto),

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video