11 Oktyabr 2018 02:57
421
İQTİSADİYYAT
A- A+

Dövlətin pambıqçıların əməyini stimullaşdırması fermerlərdə böyük razılıq yaradıb


Tərtərlilər Qarabağ savaşında olduğu kimi əmək meydanında da qəhrəmanlıq nümunəsi göstərir, qanları, canları bahasına qoruduqları torpağı min bir həvəslə əkib-becərir, halal zəhmətləri ilə öz güzəranlarını qururlar. Bu gün Tərtərdə pambıq istehsalına böyük diqqət verilir. Məhz bu diqqət Tərtəri ölkənin pambıqçılıq rayonları arasında ön mövqeyə çıxarmış, pambıqçılıqda qabaqcıl təcrübənin ünvanına çevirmişdir. Keçən il 3127 hektarda pambıq əkib-becərən tərtərlilər hər hektardan 28 sentner pambıq toplamışlar ki, bu da ölkə üzrə yüksək göstərici idi.

Bu il Tərtərdə 3.300 hektara çiyid səpilmişdir. Becərmə işlərinin yüksək aqrotexniki tələblər səviyyəsində aparılmasının nəticəsidir ki, tarlalarda sanki bərəkət boğçası açılıb. Göz işlədikcə uzanan geniş sahələr başdan-başa ağ örpəyə bürünüb. Böyük zəhmət bahasına yetişdirilmiş bol məhsulu tez və itkisiz yığıb tədarük etmək üçün rayonda bütün qüvvələr səfərbər edilib.

Köçərli kəndində Abbas Əliyevin pambıq tarlasındayıq. Sahədə pambıqyığan maşın işləyir. Lafetlər pambıqla yüklənib bir-birinin ardınca yola salınır. Abbas kişinin nurlu çöhrəsindən bol məhsulun sevinci süzülür. Birinci üz yığımdan azı 40 sentner məhsul gözlənilir. Hələ kolların üzərində açılmayan qozalar da çoxdur. Odur ki, son nəticənin 50 sentnerdən yüksək olacağına şübhə yoxdur.

"MKT” MMC Tərtər filialının direktoru Feruz Hacıyevlə tarlanın kənarında görüşürük. Uzun illərdən bəri pambıqçılıq sahəsində zəngin təcrübə qazanmış Feruz deyir ki, bu il pambıqçılıq üçün təbii şərait çox əlverişlidir. Söhbətdən məlum olur ki, zavod keçən il hər hektardan 28,9 sentnerə nail olmuşdur. Bu, şirkət üzrə respublikada ən yüksək nəticə idi.

Bu il isə hədəf 31 sentnerdir. Məhsul yığımı ərəfəsində tarlaların bioloji məhsuldarlığına dair aparılan hesablamalar əminlik yaradır ki, müəyyən edilmiş hədəf fəth olunacaq.

Feruz Hacıyevin sözlərinə görə, məhsul yığımında yenə də texnikaya üstünlük veriləcək. Zavodun 8 pambıqyığan maşını mövsümə hazırdır. İndi onlar tarladadır. Sürücü-mexaniklərdən Mübariz Həsənov, Şəmsəddin Alıyev, Elnur Səfiyev, Rabil Məmmədli və başqaları gündəlik yığım normasını artıqlamasilə yerinə yetirirlər.

Dövlətin pambıqçıların maddi marağını artırmaq, onların əməyini stimullaşdırmaq istiqamətində atdığı addımlar ölkənin hər yerində olduğu kimi, Tərtərdə də razılıqla qarşılanır, hər kəsdə minnətdarlıq doğurur. Rayonun qabaqcıl fermerləri Habil Əliyev (Qaraqoyunlu kəndi), Fazil Vəliyev (Bəyimsarov kəndi), Rəhim Abbasov (Qaynaq kəndi) və Ramiz Yunisovla (Köçərli kəndi) apardığımız söhbətlərdən aydın oldu ki, dövlətin pambıqçılığın inkişafına göstərdiyi qayğı onlara əlavə stimul verir. Bu ildən dövlət hər ton pambıq istehsalına görə daha 50 manat subsidiya ödəyir. Keçən il hər kiloqram pambığın qiyməti 60 qəpik idisə, bu il 75 qəpiyə yüksəlib. Bunun 65 qəpiyini şirkət ödəyir, 10 qəpiyini isə dövlət subsidiya kimi verir. Başqa bir güzəşt isə dərman və gübrələrə görədir. Hər hektar pambıq əkini üçün istifadə olunan mineral gübrə üçün bu ildən 150 manat (keçən il 100 manat olub), istifadə edilən dərmanlara görə 50 manat (keçən il 10 manat idi) subsidiya verilməsi pambıqçı əməyinə verilən yüksək qiymətdir.

İndi Tərtərin ağ örpəyə bürünmüş pambıq tarlalarında məhsul yığımının ilk günləridir. Hər ötən gün yığımın sürəti daha da artır.


Lazım QULİYEV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video