11 Oktyabr 2018 02:57
380
SİYASƏT
A- A+

İşğalçının “göz yaşları”


İki gün əvvəl bir qrup rusiyalı qadınla birlikdə Azərbaycanın işğal olunmuş ərazilərinə səfər edən, qoşunların təmas xəttinə qədər gələn Ermənistanın baş naziri Nikol Paşinyanın arvadı Anna Akopyan buradan sülhə çağırış edib.
Amma maraqlıdır ki, işğal olunmuş torpaqlarda, işğalçı hərbçilərin əhatəsində baş nazirin xanımı kimi sülhə çağırırdı. Bəlkə Azərbaycan Ermənistanın torpaqlarını işğal edib?!


Sülh üçün ilk növbədə işğal olunmuş torpaqlar azad edilməlidir


Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin səbəblərinin və indiyə qədər aparılmış danışıqların ruhuna uyğun olmayan bu çağırışı işğal etdikləri ərazilərdə xidmət aparan erməni hərbçilərdən başqa heç kim eşitmədi. A.Akopyanın özü isə yəqin ki, qarşısında çıxış etdiyi həmin hərbçilərə baxarkən "erməni əsgərinin Dağlıq Qarabağda, Ağdamda, Füzulidə, Cəbrayılda, Kəlbəcərdə nə işi var” sualının ətrafında baş sındırmamış olmadı. Axı, bu yerlər Azərbaycanın əraziləridir. Axı, bu torpaqlardan 700 mindən çox azərbaycanlı didərgin salınıb. Ermənistanın özündə isə Dağlıq Qarabağı tərk etmiş erməni qaçqınları yoxdur.
Əgər A.Akopyan sağlam düşüncə ilə real vəziyyəti qiymətləndirməyi bacarırsa, deməli, kimin işğalçı olduğunu, kimin isə işğala məruz qaldığını da dərk edə bilir. O zaman yəqin ki, irəli sürdüyü təşəbbüsün həyata keçirilməsi istiqamətində atdığı addımların vəziyyətə uyğun olmadığını da başa düşür. Ən azından ona görə ki, vətəndaşı olduğu dövlət tərəfindən işğal edilmiş torpaqlardan və öz millətindən olan işğalçı əsgərlərin əhatəsində sülhə çağırış etmək tamamilə məntiqsiz hərəkətdir. Və əgər həqiqətən, sülh istəyirsənsə, birinci növbədə Azərbaycan torpaqlarının işğaldan azad olmasına çağırış etməlisən, xanım Akopyan! Bunu etməyəcəksənsə, o zaman belə yersiz təşəbbüslərə də ehtiyac yoxdur.


Ermənistan vətəndaşlarının rifahı təcavüzkar siyasətə son qoyulmasından asılıdır


Xatırladaq ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişənin siyasi həllinin prinsipial əsasını BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələri təşkil edir. BMT TŞ-nın qətnamələrində Azərbaycana qarşı gücdən istifadə olunması və Azərbaycan ərazilərinin işğalı pislənilir və ölkəmizin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı bir daha təsdiq olunur. Bu qətnamələrdə BMT TŞ bir daha təsbit edir ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir. Həmçinin qətnamələrdə BMT TŞ tərəfindən işğalçı qüvvələrin bütün zəbt olunmuş Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılması tələb olunur.
Ermənistan nəhayət, başa düşməlidir ki, Azərbaycan ərazisinin hərbi işğalı münaqişənin həlli deyil və heç vaxt Ermənistanın arzuladığı siyasi nəticəni verməyəcəkdir. Münaqişənin həlli yalnız və yalnız Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində suverenliyi və ərazi bütövlüyü əsasında mümkündür. Öz xalqını və beynəlxalq ictimaiyyəti çaşdırmaq əvəzinə, Ermənistan Azərbaycan ərazilərinin işğalı, etnik təmizləmə siyasətini dayandırmalı və münaqişənin həlli prosesində beynəlxalq öhdəliklərini yerinə yetirməlidir. Ermənistan bu reallığı nə qədər tez dərk edərsə, bir o qədər də tez regionda davamlı sülh və təhlükəsizlik bərqərar olar.
Bu, eyni zamanda, baş nazir N.Paşinyanın da siyasi karyerası üçün mühümdür. Çünki Paşinyan S.Sarkisyanın səhvləri üzərində hakimiyyətə gəlib. Hansı ki, bu səhvlərdən biri S.Sarkisyanın öz xalqını yoxsulluq və səfalət içində saxlaması idi. Bunun da əsas səbəbi təcavüzkar siyasətinə görə Ermənistanı Azərbaycanın cəzalandırması, bütün layihələrdən kənarda saxlaması, onu regional təcridə məruz qoymasıdır. Ona görə Ermənistanın yeni rəhbərliyi xalqın rifahını və dövlətin inkişafını təmin etmək üçün ilk növbədə sülh danışıqlarında konstruktiv olmalı, təcavüzkar siyasətə son qoymalı, işğal olunmuş Azərbaycan ərazilərindən qoşunlarını çəkməlidir.


Sülh istəyən övladını Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinə hərbi xidmətə göndərməməlidir


N.Paşinyanın xanımı sülh təşəbbüslərini erməni cəmiyyətindən başlasa daha məntiqli görünərdi. Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin açıqlamasında da bildirilir ki, A.Akopyan humanitar missiyası üçün hədəfləri düzgün seçməyib: "Gənc insanların ölümünün qarşısını almaq üçün o, ilk növbədə Ermənistan cəmiyyətindən başlamalı, Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğalına son qoymağa çağırmalı və erməni qadınlarını və analarını övladlarını Azərbaycanın işğal olunmuş torpaqlarına göndərməkdən çəkindirməlidir”.
Açıqlamada həmçinin qeyd olunur ki, A.Akopyanın bu təşəbbüsü hazırkı vəziyyətdə, xüsusilə də seçkilər öncəsi Ermənistanın daxili auditoriyasına hesablanıb: Bildirilir ki, bu kimi təşəbbüslər, xüsusilə də bu çərçivədə "humanitar missiya” adı altında Rusiya Federasiyasından bir qrup qadının Azərbaycanın işğal olunmuş ərazilərinə səfərlərini təşviq etmək, Rusiyanın ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi mandatına uyğun gəlmir, münaqişənin həllinə xidmət etmir və Azərbaycan Prezidenti ilə Ermənistan baş naziri arasında Düşənbədə aparılmış söhbətin ruhuna cavab vermir.
A.Akopyan bu addımı ilə həm də bilərəkdən həmin qadınların Azərbaycana yolunu bağlayıb. Çünki həmin şəxslərin adları Azərbaycanın "arzulounmaz şəxslər” siyahısına salınacaq.
Sülh istəyənlər müharibəni davam etdirməməli, insan itkisinin qarşısını almağa çalışanlar digər dövlətin ərazilərini hərbi işğal altında saxlamamalı və nəhayət, qadınları və anaları sülhə dəvət edənlər şəxsən öz övladlarını Azərbaycanın beynəlxalq tanınmış ərazilərinə hərbi xidmətə göndərməməlidirlər. Yalnız bu halda Paşinyanın xanımının sülh təşəbbüsü səmimi qəbul olunar. İndiki halda isə bu yalnız işğalçının "göz yaşları”dır.

Rəşad CƏFƏRLİ,
"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video