17 Yanvar 2021 00:31
1749
SİYASƏT
A- A+

Zəfər salnaməsi

 

Azərbaycan tarixinin 44 şərəf günü

 

Azərbaycan xalqı üçün geridə qalan 2020-ci ilin ən böyük hadisəsi ərazi bütövlüyünün bərpası oldu.  Sentyabrın 27-də başlanan və 44 gün davam edən Vətən müharibəsində Azərbaycan Ordusu təcavüzkar Ermənistanı məğlub edərək işğal siyasətinə son qoydu. Bu savaş Müzəffər Ali Baş Komandan İlham Əliyevin şərtləri əsasında düşmənin kapitulyasiyası ilə başa çatdı.

 

Azərbaycanın maraqlarına cavab verməyən bəyanat layihəsi geri götürüldü

 

Bir neçə il əvvəl ATƏT-in Minsk qrupunun həmsədri olan ölkələrin prezidentləri birgə bəyannamə ilə çıxış edərək status-kvonun qəbuledilməz olduğunu bildirmişdilər. Bu bəyanat münaqişənin həlli ilə bağlı müəyyən ümidlər yaratmışdı. Lakin bir müddət sonra bu mövqe də dəyişdi, status-kvonun qəbuledilməz olması barədə bir daha danışılmadı və ortaya qoyulan mövqe yalnız status-kvonun qorunmasına xidmət edirdi.

Müharibənin ilk günündən Azərbaycan beynəlxalq hüquqa istinad edərək status-kvonu dəyişdi və sübut etdi ki, işğalçını ən qısa müddətdə torpaqlarından qovmağa qadirdir. 44 gün ərzində Azərbaycan bəzi xarici qüvvələrin təzyiqləri ilə üzləşdi. Ayrı-ayrı dövlətlər Ermənistanı xilas etmək üçün dəridən-qabıqdan çıxdılar. Ermənistanın işğalçı siyasətinə göz yuman və öz laqeydlikləri ilə bu işğala rəvac verən ayrı-ayrı beynəlxalq təşkilatlar və dövlətlər Azərbaycanın uğurlu hərbi əməliyyatlara başlayandan sonra atəşin dayandırılması, problemin danışıqlar masası ətrafında həll olunması üçün canfəşanlıq etdilər. Lakin Prezident İlham Əliyev bütün bu təzyiqlərə mətinliklə, qətiyyətlə sinə gərdi, Azərbaycanın haqq işinin qarşısını heç bir qüvvə ala bilmədi. Humanitar atəşkəs razılaşmalarını da Ermənistan pozdu və buna görə hər dəfə layiqli cəzasını aldı.

Cəbhədə ordumuzun irəlilədiyi bir vaxtda BMT Təhlükəsizlik Şurası (TŞ) səviyyəsində Fransanın təşəbbüsü ilə Azərbaycana növbəti təzyiq göstərilməyə cəhd edildi. Belə ki, TŞ-nin Ermənistan-Azərbaycan münaqişəsi ilə əlaqədar keçirilmiş qapalı iclasdan sonra Fransanın təşəbbüsü ilə ATƏT-in Minsk qrupunun həmsədr ölkələri adından bəyanat layihəsi hazırlandı və razılaşdırılması üçün üzv ölkələr arasında yayıldı. Lakin layihədə TŞ-nin 1993-cü ildə qəbul etdiyi və Ermənistan qoşunlarının Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılmasını tələb edən 822, 853, 874 və 884 saylı qətnamələrinə istinad edilməmişdi. TŞ-də təmsil olunan Qoşulmama Hərəkatına üzv olan 7 dövlət - İndoneziya, Niger, Vyetnam, Tunis, Cənubi Afrika, Dominikan Respublikası, Sent Vinsent və Qrenadin layihəyə TŞ qətnamələrinə istinadın daxil edilməsini təkid etdilər.

Bundan sonra layihənin müəllifi olan həmsədr ölkələr onu geri götürməyə məcbur qaldılar. Beləliklə, İlham Əliyevin Qoşulmama Hərəkatı çərçivəsində həyata keçirdiyi uzaqgörən siyasi fəaliyyətin nəticəsi olaraq ermənipərəst dairələrin Azərbaycana olan təzyiqlərinin beynəlxalq hüquqi qüvvəyə minməsinin qarşısı alındı. “Bir sözlə, bu siyasi addım iflasa uğradı, heç bir sənəd qəbul edilmədi və hesab edirəm ki, bu, bizim növbəti siyasi qələbəmizdir. Necə ki, döyüş meydanında biz qələbə qazanırıq, siyasi müstəvidə də qələbə qazanırıq. Düşməni necə ki döyüş meydanından qovuruq, düşmənin havadarlarının təxribat xarakterli addımlarına da lazımi cavab veririk. Azərbaycan tək deyil, beynəlxalq birlik tərəfindən ərazi bütövlüyümüz tanınır, biz beynəlxalq hüquq normaları çərçivəsində fəaliyyət göstəririk” deyə Prezident İlham Əliyev bu barədə bildirdi.

Xatırladaq ki, son 25 ildə ilk dəfə idi ki, Dağlıq Qarabağ məsələsi TŞ-də müzakirə olunurdu. Həmsədrlər tərəfindən hazırlanmış bəyanat layihəsi isə sırf onların üslubunda idi. Atəşkəsə nail olunması, danışıqların aparılması kimi şablon, çeynənmiş fikirlər. Məzmunsuz, ünvansız, işğalçı və işğala məruz qalan ölkə arasında fərqin qoyulmadığı bir mətn. Lakin Azərbaycan onun qəbul olunmasının qarşısını layiqincə aldı.

Bəzən bir sıra müxalifət nümayəndələri “QH-yə qoşulmaq Azərbaycanın nəyinə lazımdır”, “Nəyə görə başqa ölkələrə humanitar və maliyyə yardımları edilir” kimi yanlış mühakimələr yürüdürdülər. Amma həmin qətnamənin qəbulunun qarşısının alınmasının nümunəsində hər kəs gördü ki, Prezident İlham Əliyevin xarici siyasət xətti zərgər dəqiqliyi ilə ölçülüb-biçilib və uzunmüddətli hədəflərə hesablanıb. Azərbaycan qısa müddət ərzində qazandığı nüfuz və inama görə QH-nin sədri seçilib. Prezident İlham Əliyev QH ölkələri adından koronavirusa qarşı BMT Baş Assambleyasının xüsusi sessiyasının çağırılması təşəbbüsü ilə çıxış edib ki, dünyanın 130-dan çox ölkəsi bu təşəbbüsü dəstəkləyib. Azərbaycan yalnız COVID-19-la bağlı 30-dan çox ölkəyə maliyyə və humanitar yardımlar göstərib. Buna görə BMT TŞ-də ədalətsiz bəyanatın qəbul edilməməsi və QH-yə üzv ölkələrin dəstəyi Prezident İlham Əliyevin növbəti diplomatik qələbəsi oldu.

 

Ermənistana informasiya məkanında da zərbə vuruldu

 

“Cəbhədəki vəziyyət Azərbaycan Ordusunun üstünlüyünü göstərir. Biz bir-birinin ardınca kəndləri, şəhərləri azad edirik. Döyüş meydanındakı bu müddət ərzində Azərbaycan, demək olar ki, 30 il işğal altında olan ərazisinin böyük hissəsini azad edib. Azərbaycan Ordusunun uğurlu hücum əməliyyatı davam edir. Bu, bir daha onu göstərir ki, biz güclü ölkəyik və öz torpağımızda döyüşürük. Biz Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazisini, Azərbaycanın ərazi bütövlüyünü bərpa edirik. Yeri gəlmişkən, biz BMT Təhlükəsizlik Şurasının Ermənistan qoşunlarının bizim ərazilərimizdən çıxarılmasını tələb edən, lakin Ermənistan tərəfindən, demək olar ki, 30 il ərzində əməl olunmayan qətnamələrini icra edirik”. Bu fikirləri Prezident İlham Əliyev noyabrın 4-də İspaniyanın EFE informasiya agentliyinə müsahibəsində bildirdi. İlham Əliyev bir daha vurğuladı ki, ATƏT-in Minsk qrupu tərəfindən təklif olunan həll üçün əsas prinsiplər faktiki olaraq Azərbaycanın işğal olunmuş ərazilərinin boşaldılmasını tələb etsə də, Ermənistan bunu könüllü şəkildə həyata keçirmədi. Ona görə də Azərbaycan Ermənistanı buna məcbur etdi.

Ümumiyyətlə isə 44 günlük müharibədə Azərbaycan həm də informasiya cəbhəsində mübarizə apardı və qalib çıxdı. Həmin günlərdə respublikamız düşmənin saxta informasiya cəbhəsini darmadağın etdi. Hətta Ermənistanın havadarları olan dövlətlərdə belə KİV-in saxta təbliğatı nəticəsiz qaldı və ictimaiyyət onların yalan informasiyalarını qəbul etmədi.

Ermənistana qarşı həm informasiya mübarizəsinin, həm düşmənin saxta təbliğatının qarşısının alınması, həm də Azərbaycanın həqiqətlərinin  dünyaya çatdırılması prosesinin önündə olan Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev idi. Hərb meydanında olduğu kimi, informasiya məkanında da İlham Əliyev düşmənə sarsıdıcı zərbə vurdu.

Xatırladaq ki, Azərbaycan hələ əks-hücum əməliyyatından əvvəl Ermənistan tərəfindən törədilən ardıcıl təxribatları və erməni yalanlarını sistemli şəkildə, bütün mümkün vasitələrdən istifadə etməklə beynəlxalq arenada ifşa etməyi bacarmışdı. 2020-ci ilin iyul təxribatından əvvəl və sonra Prezident İlham Əliyev bütün beynəlxalq platformalarda Ermənistanın işğalçı siyasətini ifşa etmişdi, düşmən ölkənin Azərbaycana qarşı yeni işğal planları qurduğunu faktlarla sübuta yetirmişdi.

Sentyabrın 27-də Ermənistanın növbəti təxribatı nəticəsində bərpa olunan hərbi əməliyyatlar dövründə isə İlham Əliyev dünyanın nüfuzlu televiziya kanallarına müsahibələrində münaqişənin tarixi, səbəbləri, hazırkı vəziyyəti, habelə Azərbaycanın mövqeyini əsaslandıran hüquqi, siyasi, mənəvi və digər amilləri bir daha dünya ictimaiyyətinin diqqətinə çatdırdı.

İlham Əliyev sentyabrın 29-dan noyabrın 6-na kimi 26 xarici KİV-ə müsahibə verdi. Bunlar Rusiyanın “Rossiya-1,  “Pervıy”, RBK televiziya kanalları, Ria Novosti, TASS və İnterfaks agentlikləri, Türkiyənin “TRT Haber”, CNN-Türk, “Haber Global”, “Haber Türk”, NTV, “A Haber”  televiziyaları,  Fransanın “Sky News”,  “France 24” televiziyaları, “Figaro” qəzeti,  Almaniyanın ARD televiziyası, Yaponiyanın “Nikkei” qəzeti, ABŞ-ın “Fox News” televiziyası, İtaliyanın Rai-1 televiziyası və  “La Repubblica” qəzeti, İspaniyanın EFE informasiya agentliyi, habelə dünyada yüz milyonlarla izləyiciləri olan “Əl-Cəzirə”, “Əl-Ərəbiyə”,  “Euronews”,  “CNN International”, “BBC News” televiziya kanalları idi.

Prezident İlham Əliyev erməni təbliğatına hətta düşmənin maraqlarını müdafiə edən informasiya məkanlarında belə tutarlı zərbə vurdu. Ermənistanın erməni lobbisi və xaricdəki havadarlarına əsaslanaraq yenidən özü üçün münbit informasiya mühiti yaratmaq xülyası iflasa uğradı.

Beləliklə, Ali Baş Komandan kimi Prezident İlham Əliyev eyni vaxtda həm döyüş, həm də informasiya cəbhəsində məharətli sərkərdə kimi ölkəsinin maraqlarını inamla və qətiyyətlə müdafiə etdi. Dövlət başçısının istər daxili, istərsə də xarici auditoriya qarşısındakı çıxışları xalqın ürəyindən xəbər verdi. Ən əsası İlham Əliyev məsələlərə operativ müdaxiləsi və reaksiyası, hadisələri nəzarətə götürmək, vəziyyəti idarə etmək bacarığı ilə istənilən ağır şəraitdə, taleyüklü anlarda Azərbaycanın milli maraqlarının müdafiəsinin necə təşkil edilməsi ilə bağlı şəxsi nümunə göstərdi. Bir daha sübut etdi ki, milli maraqlar Prezident İlham Əliyev üçün ən ali dəyərdir. 

 

İlham ƏLİYEV: “Biz Şuşaya qayıtmışıq!”

 

Azərbaycan Ordusu irəlilədikcə, rayonlarımızı azad etdikcə bütün diqqətlər Şuşaya yönəlirdi. Hər bir azərbaycanlı səbirsizliklə Şuşanın azad edilməsi barədə xəbəri gözləyirdi. Hələ oktyabrın 16-da Türkiyənin “A Haber” televiziya kanalına müsahibə verən Prezident İlham Əliyev jurnalistin “Qarabağın qəlbi, gözü Şuşadır. Azərbaycanlıların gözü-qulağı Şuşadan gələcək xəbərdədir. İstiqaməti Şuşa olaraqmı verdiniz, inşallah?” sulını cavablandırarkən demişdi: “İstiqamət hər tərəfdir. İşğal edilmiş torpaqların hər bir qarışı, hər bir şəhər bizim üçün doğmadır, əzizdir. Mənim üçün hər bir kəndin dəyəri, qiyməti o biri kəndlə müqayisədə, o biri şəhərlə müqayisədə eynidir, bərabərdir. Ancaq siz də yaxşı bilirsiniz ki, Şuşanın Azərbaycan xalqının qəlbində xüsusi yeri var. Bu, bizim tarixi şəhərimizdir, qədim mədəniyyət ocağıdır. Şuşa Azərbaycan xalqına bir çox istedadlı, dahi şəxslər bəxş edibdir. Əlbəttə ki, Şuşasız bizim işimiz yarımçıq olar. Təbii ki, müzakirələr prosesində də hər zaman bu məsələ gündəlikdə idi”.

Hərbi əməliyyatların gedişində bütün Azərbaycan xalqı Şuşanın azad olunacağı günü gözləyirdi. Noyabrın 8-də, Dövlət Bayrağı Günü ərəfəsində qədim Azərbaycan şəhəri, milli mədəniyyətimizin, musiqimizin beşiyi, qürur ünvanımız Şuşa şəhərinin azad edilməsi İkinci Qarabağ müharibəsində bütün Azərbaycan dövlətçiliyinin tarixinə qızıl hərflərlə düşən hadisəsi oldu. İlham Əliyev həmin gün and yerimiz olan Şəhidlər xiyabanından xalqa müraciətində Şuşanın azad olunduğunu bəyan edərək dedi: “Böyük fəxarət və qürur hissi ilə bəyan edirəm ki, Şuşa şəhəri işğaldan azad edildi! Şuşa bizimdir! Qarabağ bizimdir! Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Bütün şuşalıları ürəkdən təbrik edirəm. İyirmi səkkiz il yarım işğal altında olan Şuşa azad edildi! Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu tarix əbədi yaşayacaq. Bu, bizim şanlı Qələbəmizin, zəfərimizin günüdür!”

Bu xəbər Azərbaycanın hər yerində  böyük coşqu ilə qarşılandı. Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilandan sonra qədim Azərbaycan şəhəri, milli qürurumuzun ünvanı Şuşanın da azad edilməsi Azərbaycan xalqının dərin sevincinə səbəb oldu. İnsanlar əllərində Azərbaycan və bu müharibədə respublikamıza mənəvi  dəstəyini əsirgəməyən, Türkiyənin və Pakistanın bayraqları ilə tarixi hadisəni qeyd etmək üçün küçələrə axışdılar.

Şuşanın işğaldan azad edilməsi müasir Azərbaycan tarixinə ən möhtəşəm hadisə kimi həkk olundu. Bu qələbənin fatehi isə Ali Baş Komandan İlham Əliyevdir. İlham Əliyevin gücləndirdiyi ordu, qəhrəman əsgərlər bu qələbəni, bu sevinci xalqımıza yaşatdılar.

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev birlik komandiri general-leytenant Hikmət Mirzəyevə zəng edərək Şuşa şəhərinin işğalçılardan azad edilməsi münasibətilə onu təbrik etdi. Dövlət başçısı Şuşanın azad edilməsində rəşadətlə iştirak etmiş hərbi qulluqçulara, Silahlı Qüvvələrimizin bütün şəxsi heyətinə təbriklərini çatdırdı.

Həmin gün Birinci vitse-prezident Mehriban Əliyeva Şuşa şəhərinin işğaldan azad edilməsi münasibətilə xalqımızı təbrik etdi. Mehriban Əliyevanın rəsmi “Instagram” səhifəsində tarixi qələbə ilə bağlı etdiyi paylaşımda deyilirdi: “Bu anlarda bütün xalqımız təsvirəgəlməz qürur və sevinc hissləri keçirir! Şuşa işğaldan azad edilib! Bu münasibətlə bütün həmvətənlərimizə səmimi təbriklərimi çatdırıram!

İllər boyu davam etmiş kədər, həsrət, faciəli hadisələrdən sonra tarixi ədalət bərpa olunur! Vətənimizi müdafiə edən və əzəli Azərbaycan torpaqlarını işğaldan azad edən qəhrəmanlar nəslinin bugünkü igidlikləri Azərbaycan tarixinə əbədi daxil olacaq və hər birimizin yaddaşında həmişəlik qalacaq!

Azərbaycan torpaqlarının hər qarışının azad edilməsi bizim rəşadətli əsgərlərimizin qəhrəmanlığı və igidliyi, dözümlülüyü və qələbə əzmi sayəsində mümkün olur! Vətən naminə canlarından keçmiş şəhidlərimizə Allah rəhmət eləsin!

Əziz qardaşlar və bacılar!

Biz Şuşamızı qaytardıq! Bu əlamətdar tarixi hadisə münasibətilə hamınızı bir daha təbrik edirəm. Qoy bizim bütün uğurlarımızın və nailiyyətlərimizin, bütün qələbələrimizin qarantı olan Xalq-Prezident birliyi günbəgün möhkəmlənsin! Bu gün məhz bu birlik Azərbaycanın öz gücünü nümayiş etdirməsinə imkan yaradır! Milli həmrəylik, xalqın etimadı, inamı və dəstəyi sayəsində bizim Prezidentimiz bütün mürəkkəb məsələlərin öhdəsindən uğurla gəlməyi bacarır! Qoy Uca Tanrı ordumuzu, xalqımızı, vətənimizi və Prezidentimizi qorusun! Şuşa bizimdir! Qarabağ Azərbaycandır!”

 

(Ardı var)

 

Rəşad CƏFƏRLİ,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video