23:34 10 Aprel 2021
ONLINE XƏBƏR LENTİ
Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Xocalıya ədaləti artıq bütün dünya tələb etməlidir

ANA SƏHİFƏ / SİYASƏT
00:46 02.03.2021

 

Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuz Xocalı soyqırımının intiqamını döyüş meydanında aldı

 

Dünya çoxlu qanlı hadisələrə, döyüşlərə, qırğınlara şahidlik edib... Tarix saysız təcavüzkarlar görüb, xeyli işğalları, müharibələri qanlı səhifələrlə yazıb... Amma bu işğalların bir qırmızı xətti, müharibələrin müəyyən qayda-qanunu, döyüşlərin rəhmi olub...

Ermənilərin zaman-zaman azərbaycanlılara qarşı törətdiyi qanlı cinayətlərin, vəhşiliklərin isə Yer üzündə misli-bərabəri yoxdur. Elə təkcə Xocalı müsibəti erməni şovinizminin soyqırımı siyasətinin ən dəhşətlisi, insanlığa sığmayan, tarixdə görünməyən terror aksiyasıdır. Xocalı soyqırımı Azərbaycan tarixinin ən qanlı səhifələrindən olmaqla bərabər, bəşər tarixinin də ən genişmiqyaslı və xüsusi amansızlıqla törədilmiş hərbi cinayətlərindəndir...

Soyqırımın canlı şahidlərinin yaşantılarına, tarixi faktlara nəzər saldıqda əminliklə demək olar ki, Xocalı dəhşətinə, müsibətinə bənzər hadisə bu zamana kimi  yaşanmayıb. Körpə uşaqlara atəş açılmayıb, diri-diri yandırılmayıb... Hamilə qadının sinəsinə süngü sancılmayıb... Diri-diri insanların dərisi soyulmayıb... Ayağı güclə yer tutan ahıllara zor tətbiq edilməyib... Gənclərin əl-ayaqları bağlanaraq başları kəsilməyib...

Amma bütün bu insanlığa sığmayan vəhşilikləri ermənilər 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda törədiblər.

Üzərindən illər keçsə də, Xocalı hadisələrinin canlı şahidləri erməni terrorçuları tərəfindən törədilən həmin dəhşətlərin qarabasmaları ilə yaşayıblar. Bu faciənin qəlblərində açdığı dərin yaralar sarınsa da, heç vaxt tam sağalmayıb, zaman-zaman qanayıb, onları incidib. Lakin Qarabağın işğaldan azad edilməsi sevinci o sızıldayan yaralara məlhəm oldu. 44 gün ərzində müzəffər ordumuzun çaldığı zəfər 30 illik ağrı-acılara sığal çəkdi. Narahat ruhların hüzur tapmasına vəsilə oldu...

Azərbaycanın Qarabağda qazandığı tarixi qələbə ilə şəhidlərimizin, günahsız insanların, soyqırım qurbanlarının qisası alındı...

 

Unudulmayan tarix

 

Xankəndi şəhərindən 14 km şimal-şərqdə yerləşən Xocalı bir neçə dəfə erməni təcavüzünə məruz qalıb. XX yüzilin əvvəllərində 1905-1906, 1917-1918-ci illərdə bu yaşayış məntəqəsi ermənilərin hücumu nəticəsində yandırılsa da, talan edilib dağıdılsa da,  yenidən bərpa olunaraq yaşamını davam etdirib.

1988-ci ilin fevralında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi başlayanda isə onun ilk zərbələrindən biri Xocalıya dəydi. Əvvəl Xocalının Xankəndi, Əsgəran, ermənilər yaşayan digər qəsəbə və kəndlərində işləyən sakinləri işdən çıxartdılar. Bu müddətdə ermənilər kütləvi şəkildə silahlandı, vilayətdə yaşayan azərbaycanlılara divan tutdu, yurd-yuvalarından didərgin saldılar. Öz dədə-baba yurdlarından - Ermənistandan zorla, vəhşiliklə qovulan azərbaycanlıların harayını isə eşidən yox idi. Dağlıq Qarabağda vaxtilə azərbaycanlılar yaşayan 78 kənd vardısa, hadisələr başlayandan sonra orada cəmi beş-on Azərbaycan kəndi qalmışdı. Hələ hadisələrə qədər erməni daşnaklar 230-a yaxın azərbaycanlı evini yandırmış, 200-dən artıq evi isə zəbt etmişdilər.

Xocalı işğal olunmazdan öncə 7 min əhalisi, 3000 min hektardan çox əkin və bağ sahələri, məktəb, kitabxana, mədəniyyət evi var idi. Tarixi Azərbaycan torpaqları olan  Ermənistandan qovulmuş 130 azərbaycanlı ailəsi, Fərqanədən didərgin salınmış 40 Axıska türkünün ailəsi də Xocalıya pənah gətirmişdi. Onlara burada torpaq sahəsi ayrılmış, özləri üçün ev tikib şərait yaratmışdılar.

1989-1990-cı illərdə münaqişənin gərginləşdiyi zamanlarda ermənilər Dağlıq Qarabağa, Şuşaya gedən yollarda azərbaycanlılara, o cümlədən də xocalılara məxsus olan maşınları daşa basır, əzir, yandırır, insanları girov götürüb qətlə yetirirdilər. 1991-ci ilin oktyabrında İmarət-Qərvənd (Kərəmli) kəndi erməni silahlı dəstələri tərəfindən yandırıldı, onlarca dinc sakin qətlə yetirildi. Bunun ardınca Tuğ, Xocavənd, Kərkicahan, Cəmilli, Meşəli, Malıbəyli, Quşçular, Qaradağlı kəndləri erməni daşnak ordusu tərəfindən yandırılaraq azərbaycanlı əhaliyə divan tutuldu. 1991-ci ilin oktyabrından 1992-ci ilin fevralına qədər, yəni beş ay müddətində ermənilər Dağlıq Qarabağı azərbaycanlılardan demək olar ki, “təmizlədilər”.

Xocalıya ilk irimiqyaslı hücum 1988-ci il sentyabrın 18-də olmuşdu. Həmin gün kənddə toy mərasimi vardı. O toy yasa çevrildi. Xankəndidəki nümayişdən çıxan 5 minə qədər erməninin bir qismi piyada, bir qismi maşınlarla Xocalıya hücum etdi. Xocalının yüzlərlə cəsur oğlu isə onların qarşısına çıxıb əks-hücuma keçdilər. Ermənilər 6 evi yandırdı, çəpərlərə, ot tayalarına od vurdular, sakinləri yaraladılar. Məhz bundan sonra “fağır” erməniləri azərbaycanlıların “hücum”larından qorumaq adı ilə Xocalı şəhərinin sərhədlərində sovet qoşun hissələri - 366-cı motoatıcı alay yerləşdirdilər.

 

Günahsız qurbanlar...

 

4 il mühasirədə yaşayan Xocalı 1991-ci il oktyabrın 30-da tam blokadaya düşdü. O gecə ermənilər Xocalıdan Ağdama gedən “UAZ” markalı avtomobili Əsgəranda vurdular. Maşının içərisində olan bir sərnişin öldü, digəri yaralandı. Elə həmin gecə ermənilər Əsgəran qalasından yolu bağladılar. Və Xocalı əhalisi son günə qədər 4 ay tam mühasirədə yaşadı.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə isə Xocalıda əsl soyqırımı törədilir. Erməni silahlı dəstələri 366-cı motoatıcı hərbi alayının köməyi ilə silahsız və köməksiz qalan Xocalıya hücum edirlər. Əvvəl şəhər dörd tərəfdən erməni qoşunları tərəfindən əhatə olunur, sonra isə artilleriya və ağır hərbi texnikadan güclü, amansız atəş açılır, qısa vaxt ərzində şəhərdə yanğın baş verir, hər yer alova bürünür. Şəhərin müdafiəçiləri və yerli əhali ərazini tərk etməyə məcbur olurlar. Fevralın 26-sı səhər saat 5-ə kimi şəhər erməni işğalçıları tərəfindən zəbt edilir. Bir gecənin içərisində qədim Xocalı yerləyeksan edilir.

Şəhəri tərk etməyə məcbur olan əhali dağlara, meşələrə qaçır. Hər tərəfdə silahlı ermənilər dinc əhalini güllələyir, onlara amansız divan tutur. Əhalinin bir hissəsi zorakılıqdan qaçıb qurtarmaq istəyərkən əvvəlcədən düzəldilmiş pusqularda qətlə yetirilir. Soyuq, qarlı fevral gecəsində nə qədər qız-gəlin əsir düşür, girov götürülür. Nə qədər insan erməni silahından yayınıb meşələrə, dağlara qaçsa da, çoxu soyuqdan, şaxtadan məhv olur.

Rusiyanın “Memorial” hüquq-müdafiə mərkəzinin məlumatına əsasən, dörd gün ərzində Ağdama Xocalıda qətlə yetirilmiş 200 azərbaycanlının meyiti gətirilmiş, onlarca meyitin təhqirə məruz qalması faktı aşkar edilmişdi. Ağdamda 181 meyit (130 kişi və 51 qadın, o cümlədən 13 uşaq) məhkəmə-tibbi ekspertizasından keçirilmişdi. Ekspertiza zamanı müəyyənləşdirilmişdi ki, 151 nəfərin ölümünə güllə yaraları, 20 nəfərin ölümünə qəlpə yaraları səbəb olmuş,10 nəfər küt alətlə vurularaq öldürülmüşdü. Hüquq-müdafiə mərkəzi diri adamın baş dərisinin soyulması faktını da qeydə almışdı.

Xocalı sakini Əntiqə erməni hərbçilərinin tələb etdiyi “bu yerlər böyük Ermənistanın bir hissəsidir” sözlərini dilinə gətirmədiyinə görə ermənilər tərəfindən diri-diri yandırılmışdı. Digər Xocalı sakini Səriyyə Talıbova danışırdı ki, “4 məshəti türkünün və 3 azərbaycanlının erməni qəbirinin üzərində başını kəsdilər. Sonra daha 2 azərbaycanlının gözlərini çıxartdılar”.

Dəhşətli soyqırım nəticəsində 613 nəfər vəhşicəsinə öldürülüb. Onlardan 106-sı qadın və ahıl, 63-ü azyaşlı uşaqlar idi. 8 ailə bütövlükdə qətlə yetirilib, 487 nəfər yaralanıb, 150 nəfər itkin düşüb. 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib. Qəddarlığın ən son həddi isə 1275 nəfər dinc sakinin - qocaların, uşaqların, qadınların  əsir götürülərək ağlasığmaz erməni zülmünə, təhqirlərə və həqarətlərə məruz qalmasıdır. 150 nəfərin taleyi hələ də məlum deyil. 56 nəfər erməni cinayətkarları tərəfindən xüsusi qəddarlıq və amansızlıqla qətlə yetirilib - diri-diri yandırılıb, torpağa basdırılıb, başları kəsilib, üzlərinin dərisi soyulub, körpə uşaqların gözləri çıxarılıb, süngüyə keçirilib, qadınların döşləri kəsilib, hamilələrin qarınları yarılıb, meyitləri təhqir olunub...

 

Xocalı həqiqətləri dünyaya çatdırılır

 

Xocalı faciəsi Azərbaycan və bəşəriyyətin tarixinə ən dəhşətli və faciəli hadisələrdən biri kimi daxil olub. Həqiqətlərin dünyaya çatdırılması, bu faciənin xalqımıza qarşı soyqırımı aktı kimi tanınması üçün Azərbaycan dövləti bütün zəruri addımları atıb.

Bu sahədə məqsədyönlü fəaliyyət Ümummilli Lider Heydər Əliyev Azərbaycanda siyasi hakimiyyətə qayıdandan sonra başlandı. Ulu Öndərin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis “Xocalı Soyqırımı Günü haqqında” qərar qəbul etdi, BMT-yə, dünya dövlətlərinə bu qətliamın mahiyyətini açıqlayaraq beynəlxalq ictimaiyyəti erməni terrorizminə qarşı təsirli tədbirlər görməyə çağırdı. Heydər Əliyev Xocalı faciəsinin on illiyi münasibətilə müraciətində qeyd edirdi ki, bu amansız və qəddar soyqırımı aktı insanlıq tarixinə ən qorxulu kütləvi terror aktlarından biri kimi daxil olub: “Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırımı, eyni zamanda bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir”.

Bu illər ərzində Xocalı həqiqətlərinin dünyaya tanıdılması, Ermənistanın havadarlarının dəstəyi ilə həyata keçirdiyi insanlıq əleyhinə cinayətin beynəlxalq miqyasda ifşası istiqamətində xeyli iş görülüb, xarici dillərdə kitablar, sənədlər dərc olunub, soyqırımı müxtəlif təşkilatlarda gündəmə gətirilib. Xocalı soyqırımına aid 6 ölkədə abidə ucaldılıb.

Faciənin dünya miqyasında tanıdılması istiqamətində Heydər Əliyev Fondu tərəfindən görülən işlər xüsusilə təqdirəlayiqdir. 2008-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanmış “Xocalıya ədalət!” beynəlxalq kampaniyası uğurla davam etdirildi. Xocalı soyqırımının dünya miqyasında tanıdılması istiqamətində aparılan sistemli işin nəticəsidir ki, İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqının, Meksika, Pakistan, Çexiya, Peru, Kolumbiya, Panama, Honduras, Sudan, Qvatemala və Cibuti parlamentlərinin müvafiq sənədlərində Xocalıda törədilmiş kütləvi qətllərin soyqırımı aktı olduğu təsdiqlənib. Rumıniya, Bosniya və Herseqovina, Serbiya, İordaniya, Sloveniya, Şotlandiya parlamentləri, eləcə də ABŞ-ın 22 ştatının icra və qanunvericilik orqanları Xocalı faciəsini qətliam kimi qiymətləndirərək qətiyyətlə pisləyiblər.

Milli Məclisin 26 fevral 2002-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Xocalı soyqırımının 10-cu ildönümü ilə əlaqədar Azərbaycan Respublikası Milli Məclisinin Bəyanatı”nda  qeyd edilirdi ki, Azərbaycan dövləti mövcud imkanların hamısından yararlanaraq ərazi bütövlüyünün bərpasını təmin edəcək, Xocalı faciəsinin əsl beynəlxalq hüquqi-siyasi qiymət almasına, onun ideoloqlarının, təşkilatçılarının və icraçılarının layiqincə cəzalandırılmasına nail olacaq.

 

Xocalı soyqırımının qisası alındı

 

Elə də oldu. Ötən il sentyabrın 27-də Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin komandanlığı ilə 44 günlük Vətən müharibəsi ölkəmizin qələbəsi ilə başa çatdı və Azərbaycan özünün ərazi bütövlüyünü tam təmin etdi. 30 ilə yaxın erməni işğalçılarının tapdağı altında qalan Qarabağımız ordumuzun vətənpərvər, igid oğullarının sayəsində azadlığına qovuşdu.

2020-ci il oktyabrın 7-də Xocalının 2, noyabrın 9-da 4, noyabrın 10-da isə 3 kəndi işğaldan azad edildi.

Xocalı soyqırımının iştirakçısı olan terrorçuların, əli Xocalı faciəsi qurbanlarının qanına bulaşmış erməni vandallarının bir çoxu Vətən müharibəsi zamanı ordumuz tərəfindən məhv edildi. Beləliklə, Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi müzəffər ordu Xocalı soyqırımının qisasını döyüş meydanında aldı. Qisasımız qiyamətə qalmadı!

 

Xəyalə MURADLI,

“Azərbaycan”



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM