12:10 11 Aprel 2021
ONLINE XƏBƏR LENTİ
00:55 11.04.2021

Zamanın bayraqdarı


00:37 11.04.2021

Xalqın sevdiyi rəhbər


00:33 11.04.2021

Qürur doğuran 3 il


00:23 11.04.2021

Uğurlarımızın memarı


00:22 11.04.2021

Zəfər sərkərdəsi


Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

“Xocalıya ədalət!” kampaniyası çərçivəsində İsraildə soyqırımı qurbanlarını anma günü keçirilib
ANA SƏHİFƏ / SİYASƏT
12:50 26.02.2021

 

“İsraildə Azərbaycan Evi” və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində beynəlxalq onlayn-konfrans keçirib.

AZƏRTAC xəbər verir ki, Xocalı faciəsinin qurbanlarının xatirəsinə həsr olunan konfransda İsrailin siyasi partiyalarının nümayəndələri, o cümlədən Yerusəlimin sabiq meri, hakim “Likud” partiyasından olan deputat Nir Barkat, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Anatoli Rafailov, Akko şəhərinin meri Şimon Lankri, Rusiya Yəhudi Konqresinin vitse-prezidenti və “STMEGİ” fondunun prezidenti German Zaxaryayev, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin rəhbəri Rəvan Həsənov, Xocalıda soyqırımı aktının canlı şahidi Əsəd Fərəcov, İsrailin Dağ Yəhudiləri Birliyinin rəhbəri Pavel Yelizarov, tanınmış azərbaycanlı şairə, “SÖZ” bədii layihəsinin yaradıcısı Nigar Həsənzadə, Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dosenti Məhsəti Əliyeva, “İsraildə Azərbaycan Evi”nin rəhbəri Şirin Nexamiya Mixaeli, beynəlxalq münasibətlər sahəsində tanınmış israilli ekspert, hüquq elmləri doktoru və ravvin Mixael Finkel, İsrail KİV-lərinin nümayəndələri və vaxtilə Azərbaycanda yaşayan icma təmsilçiləri iştirak ediblər.

Tədbirə toplaşanlar Xocalı soyqırımı qurbanlarının xatirəsini İsrail və Azərbaycanın dövlət himnlərinin sədası altında bir dəqiqəlik sükutla yad ediblər.

Konfransın moderatoru, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsraildəki nümayəndəliyinin və “İsraildə Azərbaycan Evi”nin icraçı direktoru, beynəlxalq münasibətlər sahəsində tanınmış israilli ekspert Arye Qut konfransın açılışında çıxış edərək, Xocalı soyqırımı ilə bağlı dərin kədərini bildirib. Sonra o, Azərbaycan xalqını Vətən müharibəsində qazandığı möhtəşəm hərbi-siyasi qələbə münasibətilə təbrik edib.

Arye Qut deyib: “Bütün bu illər ərzində biz Xocalıdakı bu soyqırımı aktına ürəkdən acıyırdıq. Biz Holokostu yaşamış bir xalq kimi Azərbaycan xalqının ağrı-acısını çox gözəl başa düşürük. Ermənistan Azərbaycan ərazilərinin 20 faizini, o cümlədən Dağlıq Qarabağ və ona bitişik yeddi Azərbaycan rayonunu 28 ildən artıq işğal altında saxlayıb. Dağlıq Qarabağın Azərbaycanın tarixi hissəsi olması hamıya məlum faktdır. Mən Xocalı soyqırımını yaşayan sakinlərlə dəfələrlə İsrail KİV-lərinin nümayəndələri ilə birgə görüşmüşəm. İnanın, onlar ermənilərin qəddarlığı və vəhşiliyi barədə elə dəhşətli sözlər danışırdılar ki, bu barədə hətta yazmaq və o sözləri dilə gətirmək belə ağır idi. O müdhiş fevral gecəsində Azərbaycanın Xocalı şəhərində baş verən bütün hadisələr sənədli videomateriallarla, həmin vaxt şəhərdə olan şahidlərin, əcnəbi jurnalistlərin və ekspertlərin ifadələrində təsdiqini tapıb. Xocalı şəhərinin mülki əhalisinin kütləvi şəkildə, bilərəkdən məhv edilməsinin yeganə səbəbi bütün sakinlərin azərbaycanlı olması idi. Xocalı soyqırımı aktının dəhşətli səhifələri barədə bütün bu tarixi faktlar mənim atamla həmmüəllifi olduğumuz “Ağrı” bədii-sənədli romanında öz əksini tapıb”.

Knessetin Xarici siyasət və müdafiə üzrə Komissiyasının üzvü, Knessetin deputatı Nir Barkat ötən il Arye Qut və Şirin Nexamiya Mixaelinin dəvəti ilə Heydər Əliyev Fondunun və “İsraildə Azərbaycan Evi”nin dəstəyi ilə Holon Texnoloji İnstitutunda keçirilmiş “Xocalıya ədalət!” beynəlxalq kampaniyasında iştirak etdiyini, həmçinin Azərbaycanın Xocalı şəhərində baş verən qırğına həsr edilən sənədli mobil fotosərgi yüksək səviyyədə keçdiyini bildirib.

İsrailli siyasətçi deyib: “Bu fotosərgi və sənədli film məni sarsıtdı. Biz Xocalı faciəsi ilə bağlı Azərbaycan xalqının dərdinə ürəkdən şərikik. Biz, Holokostu yaşamış insanlar olaraq, Azərbaycan xalqının ağrı-acısını çox gözəl başa düşürük.

Ötən il Azərbaycanın Vətən müharibəsindəki qələbəsinə görə çox şadam. Biz bütün bu illər ərzində Azərbaycanın yanında idik. İsrail Dövləti Azərbaycan Respublikası ilə praktik olaraq bütün sahələrdə 30 illik strateji tərəfdaşlığı və əməkdaşlığı yüksək dəyərləndirir. Bundan başqa, biz bu gün əməkdaşlığımızın real nəticələrini görürük”.

Milli Məclisin deputatı Anatoli Rafailov qeyd edib ki, XXI əsrin astanasında baş verən Xocalı soyqırımı bəşəriyyətin hələ də qarşılaşdığı təhlükənin əyani nümunəsidir. O deyib: “Fikrimcə, Xocalıda törədilən soyqırımı aktının təqsirkarlarının cəzasızlığı gələcəkdə belə fəlakətlərin təkrarlanması ilə nəticələnə bilər. Dünya ölkələrinin belə məsələlər üzrə Azərbaycana həmrəylik nümayiş etdirməsi buna bənzər hadisələrin təkcə Azərbaycanda deyil, bütün dünyada təkrarlanmasının qarşısının alınmasına kömək olacaq.

Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın rəşadətli döyüşçülərinin apardığı 44 günlük Vətən müharibəsi nəticəsində ölkəmiz bu münaqişəyə son qoydu və öz ərazi bütövlüyünü bərpa etdi. Lakin Birinci Qarabağ müharibəsinin gedişində Xocalıda dinc azərbaycanlı əhaliyə soyqırımı təşkil edən, qocalara və uşaqlara rəhmi gəlməyən Ermənistandan fərqli olaraq, Azərbaycan Ordusu bu iki Qarabağ müharibəsinin heç birində dinc əhaliyə atəş açmadı”.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin rəhbəri Rəvan Həsənov beynəlxalq onlayn-konfransın iştirakçılarına minnətdarlığını bildirdi. O dedi: “Xocalı hadisəsi bəşər tarixində ən böyük faciə və XX əsrin vandalizm aktıdır. Eyni zamanda, bu, insanlıq üçün böyük rüsvayçılıqdır. Bütün dünyanın gözü qarşısında baş verən bu soyqırımı aktı bir daha sübut etdi ki, bəşəriyyət Holokost və Srebrenitsa kimi soyqırımlarından hələ ibrət dərsi almayıb və faşizm hələ də mövcuddur. 1992-ci il fevralın 26-na keçən gecə Ermənistan silahlı qüvvələri 366-cı motoatıcı alayın dəstəyi ilə yerli sakinləri, o cümlədən qadınları, uşaqları və qocaları qətlə yetiriblər. İnsanlar xüsusi qəddarlıqla öldürülür və evlərindən qovulurdu. Bu vandalizm aktı nəticəsində Xocalının 613 sakini həlak oldu, 487 nəfər yaralandı və 1275 nəfər əsir düşdü. 150 nəfərin taleyi barədə hələ də məlumat yoxdur. Bu insanların yeganə “təqsiri” onların azərbaycanlı olmalarında idi.

Xocalı soyqırımı etnik azərbaycanlılara qarşı törədilən cinayət əməli idi və bu akt bütün dünyada soyqırımı aktı kimi dəyərləndirilməlidir. Xocalı faciəsindən 29 il keçməsinə baxmayaraq, dünya birliyi hələ də bu soyqırımı aktına ədalətli qiymət verməyib, soyqırımında əli olanlar məsuliyyətə cəlb olunmayıblar”.

İsrailin Akko şəhərinin meri Şimon Lankri Xocalı soyqırımı ilə bağlı müraciət edərək, başsağlığı verib. O deyib: “Mən dəfələrlə təkrar etmişəm ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın mövqeyini dəstəkləmişəm və yenə də dəstəkləyirəm. Mən Azərbaycanın Vətən müharibəsində qazandığı qələbəyə və milyondan artıq qaçqın və məcburi köçkünlərin tezliklə öz əzəli torpaqlarına qayıdacaqlarına çox sevinirəm. Bütün bu illər ərzində biz Azərbaycanın yanında olduq. İsrail Dövləti Azərbaycan Respublikası ilə praktik olaraq bütün sahələrdə 30 illik strateji tərəfdaşlığı və əməkdaşlığı yüksək dəyərləndirir. Biz bu gün əməkdaşlığımızın real nəticələrini görürük”.

Rusiya Yəhudi Konqresinin vitse-prezidenti və “STMEGİ” fondunun prezidenti German Zaxaryayev konfrans iştirakçılarına müraciətində Xocalı soyqırımı ilə əlaqədar dərin kədərini ifadə edib. German Zaxaryayev deyib: “Bu, soyqırımı aktı və bəşəriyyətə qarşı cinayətdir. Biz bunu heç vaxt unutmamalıyıq. Mən Azərbaycanda, Cənubi Qafqazın multikultural və tolerant ölkəsində doğulub, boya-başa çatmışam. Azərbaycanın Quba rayonunun Qırmızı Qəsəbə adlanan yaşayış məntəqəsində doğulan insan kimi mən daim özümün kiçik vətənimlə fəxr edirəm və onun barəsində bütün dünyanın bilməsini istəyirəm. Bu, mübaliğəsiz olaraq unikal yerdir – İsrail istisna olmaqla, planetdə yəhudilərin yığcam yaşadığı yeganə yaşayış məntəqəsidir ki, yəhudilər burada əhalinin əksəriyyətini təşkil edirlər. Müasir Azərbaycan – müxtəlif xalqların və konfessiyaların sülh və dostluq şəraitində dinc yanaşı yaşadığı çoxmillətli dövlətdir və bundan sonra da belə davam etməsi üçün ölkə rəhbərliyi əlindən gələni edir.

Mən Azərbaycanın Vətən müharibəsində qazandığı hərbi-siyasi qələbəsi ilə çox fəxr edirəm. Azərbaycan Cənubi Qafqazda yeni reallıq yaradıb. Azərbaycan Cənubi Qafqazda gedən geosiyasi proseslərdə lider ölkədir. Bütün bu illər ərzində biz doğma Azərbaycanımızın yanında olmuşuq”.

Ehtiyatda olan polkovnik, Xocalı soyqırımının canlı şahidi, hazırda İsrail vətəndaşı olan Əsəd Fərəcovun çıxışı çox təsirləndirici olub. Polkovnik Əsəd Fərəcov deyib: “Biz həmin hadisələrin baş verməsindən 2-3 gün sonra o qorxunc ərazidə olduq. Gördüyümüz mənzərə məni sarsıtdı. Ermənilərin vəhşiliyinin fəsadları fonunda çəkilmiş fotoşəklim hələ də qalır. Xocalı sakinlərinin təhqirə məruz qalan meyitləri hələ də gözlərim qarşısındadır. Öldürülmüş, şikəst edilmiş, eybəcər hala salınmış və zorlanmış qadınların, yandırılmış, başları, qulaqları kəsilmiş, başlarının dərisi soyulmuş adamların, bədənləri deşilmiş uşaq və qocaların cəsədlərini görəndə başa düşdük ki, Xocalı soyqırımı barədə dəhşətli həqiqətləri dünyaya çatdırmaq üçün buraya jurnalistləri gətirmək lazımdır. O vaxt içərisində jurnalistlər olan ikinci helikopter Xocalıya uçdu.

Ermənilər fikirləşirdilər ki, biz xocalılıların meyitlərini toplamağa gəlmişik. Rəhmətlik Çingiz Mustafayev mənimlə idi. O hönkürə-hönkürə bütün dəhşətli mənzərəni lentə alırdı. Siz bu kadrlarda mənim də səsimi eşidə bilərsiniz. Mən ona “çək, bunu da çək” deyirəm. Əgər ermənilər bizim oraya fransalı, türkiyəli, rusiyalı jurnalistlər qrupunu gətirdiyimizi bilsəydilər, bu helikopteri vurardılar”.

“İsraildə Azərbaycan Evi”nin rəhbəri Şirin Nexamiya Mixaeli tədbirə dəstəyə görə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinə minnətdarlığını bildirib. O deyib: “Mən Azərbaycan xalqının dağ yəhudisi mənşəli oğluyam və bəyan edirəm ki, 1992-ci ildə şahidi olduğumuz vəhşilikləri heç vaxt yaddan çıxarmayacağıq. Mən işğaldan azad edilən Azərbaycan ərazilərinə yaxın dostlarımla birgə gedəcəyim günü səbirsizliklə gözləyirəm.

Biz, vaxtilə Azərbaycanda yaşayan dağ yəhudiləri fəxr edirik ki, daşnakçı işğalçılara qarşı aparılan bu müharibədə müstəqil Azərbaycanın birinci Milli qəhrəmanlarından biri Albert Aqarunov olub. Onun şücaəti Azərbaycan və yəhudi xalqlarının mərdliyini bir daha nümayiş etdirdi. Mən Azərbaycanın Vətən müharibəsində əsl hərbi-siyasi qələbəsinə görə çox şadam və bununla fəxr edirəm. Azərbaycan Cənubi Qafqazda yeni reallıq yaratdı.

Bizim qəhrəmanımız Albertlə yanaşı, Azərbaycanın ərazi bütövlüyü uğrunda vuruşan yəhudilər çoxdur. Onların arasında itkin düşənlər də var. Onlardan biri mənim yaxın qohumum Vüqar Mixaylovdur. Hazırda Mixaylovlar ailəsinin üzvləri İsrailin müxtəlif şəhərlərində yaşayırlar. Onun anası, böyük qardaşı və bacısı çox ümid edirlər ki, 29 il erməni əsirliyindən sonra Vüqarı görəcəklər”.

Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dosenti Məhsəti Əliyeva vurğulayıb ki, Xocalı soyqırımı Azərbaycan tarixinin ən faciəli səhifələrindən biridir. Bu, Ermənistanın Azərbaycana qarşı işğalçılıq və soyqırımı siyasətinin tərkib hissəsidir ki, misli görünməmiş amansızlıqla, insan hüquqlarının pozulması və beynəlxalq hüququn ümumtanınmış normaları ilə ziddiyyət təşkil edən, insanlığa qarşı yönəlmiş aktlarla müşayiət olunub. Bu faciə XX əsr ərzində Azərbaycan xalqına qarşı erməni millətçilərinin apardığı etnik təmizləmə və soyqırımı siyasətinin daha bir nümunəsidir.

Beynəlxalq münasibətlər sahəsində tanınmış israilli ekspert, hüquq elmləri doktoru və ravvin Mixael Finkel qeyd edib ki, Ermənistan Xocalıda özünün vəhşi əməlləri ilə 1949-cu il Cenevrə Konvensiyasını və onun hərbi əməliyyatlar zamanı qəsdən dinc əhaliyə hücumu qadağan edən protokollarını sözsüz pozub. Ravvin deyib: “Beynəlxalq hüquq baxımından belə davranış birmənalı olaraq terrorizm kimi qiymətləndirilir. Bu, ən ciddi şəkildə pislənməyə layiqdir. Xocalıda törədilən soyqırımı aktı terrorçuların taktikasının nəticəsidir. Bu soyqırımı aktını törədənlər insan adlanmağa layiq olmayan barbarlar, faşistlərdir. Onlar sadəcə olaraq, Azərbaycan xalqının ruhunu sındırmaq istəyirdilər, lakin bu, baş vermədi. Vətən müharibəsi Ermənistanın tam uğursuzluğu və total fiaskosu ilə başa çatdı”.

Ravvin Mixael Finkel çıxışının sonunda Xocalıda həlak olan dinc azərbaycanlıların xatirəsinə “Kadiş” anma duasını oxudu, konfrans iştirakçıları bundan çox mütəəssir oldular. “Biz, Holokostu yaşayan bir xalq kimi Xocalının erməni işğalçılar tərəfindən təhqirə, işgəncəyə məruz qalan dinc azərbaycanlı sakinlərinə qarşı törədilmiş vəhşilikləri və qeyri-insani münasibəti pisləyirik. Mən Azərbaycanın Xocalı şəhərində törədilən soyqırımı aktının qurbanlarının xatirəsinə yəhudilərin “Kadiş” anma duasını oxumaq istəyirəm”, - deyə ravvin Finkel vurğulayıb.

Tanınmış azərbaycanlı şairə, “SÖZ” bədii layihəsinin yaradıcısı Nigar Həsənzadə Azərbaycanın dostlarına dəstəyə görə minnətdarlığını bildirərək, Xocalı faciəsinin XX əsrin ən dəhşətli faciələrindən biri olduğunu bildirib. O xatırladıb ki, erməni daşnaklar tərəfindən azərbaycanlıların kütləvi şəkildə məhv edilməsi hələ ötən əsrin əvvəllərində başlayıb. N.Həsənzadə deyib: “Biz bu dəhşətli faciəni yaddan çıxarmayaraq, biz Xocalı soyqırımında əli olanların hamısının cəzalandırılmasını tələb edirik. Artıq 29 ildir biz gözləyirik ki, bu dəhşətli cinayəti törədən daşnaklar məhkəmə qarşısında dayanacaq və cəzalandırılacaqlar. Biz ədalətin zəfər çalacağına inanırıq. O müdhiş gecədə alınan canlar üçün bu gün hamımız birgə dua edək”.

İsrailin Dağ Yəhudiləri Birliyinin rəhbəri, İsrail parlamentində Qafqaz yəhudilərinin irəliləməsi üzrə lobbinin başçısı Pavel Yelizarov Azərbaycan xalqına başsağlığı verərək, Xocalı soyqırımını XX əsrin ən dəhşətli faciəsi adlandırıb. O deyib: “İsraildə Xocalı dərslərinin universitet səviyyəsində keçirilməsi ideyası ilə çıxış etmək lazımdır. Əsas odur ki, bu faciə unudulmasın, daim yaddaşlarda olsun. Dünyanın harasında olursa-olsun, bu vandalizmin pislənməsi və qəbul edilməsi çox mühümdür ki, belə cinayətlər gələcəkdə baş verməsin. Lakin bu gün bir mühüm məqamı qiymətləndirməmək mümkün deyil. Qarabağ artıq azaddır!”.

Konfransın moderatoru, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsraildəki nümayəndəliyinin və “İsraildə Azərbaycan Evi”nin icraçı direktoru, beynəlxalq münasibətlər sahəsində tanınmış israilli ekspert Arye Qut beynəlxalq onlayn-konfransa yekun vuraraq qeyd edib ki, Xocalıdakı soyqırımı aktının təşkilatçıları, ideoloqları və təhrikediciləri hələ də açıq şəkildə ittihamdan və məhkəmədən boyun qaçırmağa nail olurlar. Buna görə də Robert Koçaryan, Serj Sarkisyan, Seyran Ohanyan və digərləri həbsxanada cəza çəkmək əvəzinə prezident, nazir oldular, hətta xarici ölkələrdə də onları qəbul edib ordenlərlə təltif etdilər. Lakin Xocalıda soyqırımı aktının təşkilatçılarını azərbaycanlılar tərəfindən cəzalandırılmaq qorxusu heç vaxt tərk etməyib.

Arye Qut deyib: “Biz həlak olanlar üçün təəssüf edirik, onların ruhunu anırıq, qisas deyil, ədalət tələb edirik! Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq kampaniyası məhz ona görə belə adlanır ki, ədalət əsas yer tutur, bu, hərbi cinayətlərdə, insanlığa qarşı cinayətlərdə və Xocalıdakı kütləvi qətllərdə günahı olanların əməllərinə görə cavab vermələrinə çağırışdır. Cinayətkarlar beynəlxalq məhkəmə qarşısında durmalıdırlar”.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM