25 Fevral 2021 00:24
1925
SİYASƏT
A- A+

Xocalı faciəsi insanlığa qarşı yönəldilmiş ən ağır cinayətdir

 

Azərbaycanın milli müstəqillik tarixində elə hadisələr var ki, Vətənini sevən hər bir insanın qəlbində onlar yara kimi illərlə qaysaq bağlasa da, yada düşəndə sızım-sızım sızıldayır...

Bu ağrı-acı bizləri baş verənlərdən dərs almağa, torpağını, yurdunu göz bəbəyi kimi qorumağa səsləyir. Belə qanlı hadisələrdən biri də ürəkağrısı ilə xatırladığımız Xocalı faciəsidir.

Unudulması mümkün olmayan Xocalı soyqırımı təkcə bir şəhərin və orada yaşayan insanların taleyi ilə bağlı olmayıb, bütün Azərbaycana və azərbaycanlılara qarşı ağır cinayət hesab edilir. Keçmiş sovetlər ittifaqının süqutu ərəfəsində xarici himayədarlarının dəstəyi ilə Ermənistan silahlı birləşmələri özləri azmış kimi xaricdən gətirdikləri muzdlu terrorçularla birgə Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə ərazi iddiası irəli sürərək, qanlı və dəhşətli faciələr törətmişlər. Qarabağımızda münaqişə ocağını alovlandıran xain qonşularımız özlərinin “böyük Ermənistan” xülyasını gerçəkləşdirmək üçün ən dəhşətli vasitələrdən xüsusi qəddarlıq və amansızlıqla istifadə etməkdən çəkinməyərək saysız-hesabsız qətllər və qırğınlar törətdilər, qədim yurd yerlərimizi xarabalığa çevirdilər.

 29 il əvvəl dünyanın siyasi mənzərəsinin olduqca mürəkkəbləşdiyi bir dövrdə imperialist qüvvələrindən dəstək alaraq erməni-daşnak millətçilərinin törətdikləri Xocalı soyqırımı bütün insanlığa qarşı yönəldilmiş ən ağır cinayətlərdən biri kimi qiymətləndirilir. Ulu Öndər Heydər Əliyev bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımının ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktı, eyni zamanda bütün bəşəriyyətə qarşı tarixi bir cinayət olduğunu bəyan etmişdir. Dünyanın bütün humanist və sülhsevər insanları bu gün Xocalı faciəsini tarixin yaddaşından heç vaxt silinməyən Xatın, Xirosima, Naqasaki və Holokost kimi dəhşətli faciələrdən üstün hesab edirlər. Prezident İlham Əliyev demişdir ki, Xocalı soyqırımını törətməkdə düşmənin məqsədi Azərbaycan xalqını sarsıtmaq, suverenlik və ərazi bütövlüyü uğrunda mübarizədən çəkindirmək və torpaqlarımızı zorla ələ keçirmək olsa da, bu ağır faciə xalqımızı daha da mətinləşdirmiş, qəhrəman oğul və qızlarımızı müqəddəs Vətən və milli dövlətçiliyimiz naminə qətiyyətli və mütəşəkkil mübarizəyə səfərbər etmişdir. Yeri gəlmişkən, qeyd edək ki, bunun bariz nümunələri özünü 2016-cı ilin Aprel döyüşlərində və ötən ilin Vətən müharibəsində göstərdi.

Xocalı Qarabağın tarix və mədəniyyət abidələri ilə seçilən qədim yaşayış məskənlərindən idi. Ötən əsrin 80-ci illərində sürətlə böyüməyə başlayaraq şəhər statusu almışdı. Respublikamız üçün strateji əhəmiyyətə malik olan bu şəhər Ağdam-Şuşa və Əsgəran-Xankəndi yollarının üstündə yerləşirdi. O zaman respublikamızda siyasi hakimiyyətin zəifləməsindən istifadə edərək fəallaşan erməni-daşnak qüvvələrinin Xocalıda və Qaradağlıda həyata keçirdikləri vandalizm yerli azərbaycanlı əhalisinə qarşı mənfur düşmənçiliyin zirvəsi oldu. Hələ soyqırımından bir neçə ay əvvəl şəhərə gedən avtomobil yollarını bağlayan və ərazini mühasirəyə alaraq əhalini ağır məhrumiyyətlərə düçar edən erməni quldur birləşmələri onların Azərbaycanın digər bölgələri ilə nəqliyyat-kommunikasiya əlaqələrini kəsmişdilər. Himayədarları tərəfindən sürətlə silahlandırılan ermənilərin Xankəndidən raket atəşi açmaqla 28 yanvar 1992-ci ildə Ağdamdan Şuşaya uçan “Mİ-8” helikopterini Xəlfəli kəndinin üzərində vurması, nəticədə 3 nəfər heyət üzvünün və 41 sərnişinin həlak olması artıq Qarabağ səmasındakı hava yollarının da keçilməz olduğunu göstərdi. Bölgəyə yerləşdirilmiş Ermənistan ordusu bundan sonra bir-birinin ardınca yuxarı Qarabağda azərbaycanlılar yaşayan sonuncu yaşayış məntəqələrini də işğal etdi. Buradakı 30-dan çox yaşayış məntəqəsini, o cümlədən Tuğ, İmarət-Qərvənd, Sırxavənd, Meşəli, Cəmilli, Umudlu, Kərkicahan və s. kimi strateji əhəmiyyətli yaşayış məntəqələrini viran qoyub talan etdilər. Erməni silahlıları 1992-ci il fevralın 25-dən 26-na keçən gecə keçmiş SSRİ Silahlı Qüvvələrinə məxsus 4-cü ordunun 23-cü diviziyasının tərkibində olan və Xankəndidə yerləşən 366-cı motoatıcı alayın şəxsi heyətinin və hərbi texnikasının köməyi ilə Xocalıya hücum etdilər. Şəhəri tamamilə dağıdıb, azərbaycanlı sakinləri xüsusi qəddarlıqla qətlə yetirdilər. Dinc əhali arasında başı kəsilən, gözləri çıxarılan, dərisi soyulan, diri-diri yandırılan və fiziki cəhətdən ağlasığmaz şəklə salınanlar çoxluq təşkil edirdi. Rəsmi mənbələrin araşdırma-məlumatlarında bildirilir ki, qanlı cinayəti törədənlərə Ermənistanın rəhbərliyi və əlaltıları şəxsən rəhbərlik etmişlər. Ermənistanın ozamankı prezidenti Serj Sarkisyan ermənilərin həqiqi simasını açaraq müsahibələrinin birində xarici jurnalistə bildirmişdi: “Xocalıya qədər azərbaycanlılar elə bilirdilər ki, bizimlə zarafat etmək olar, onlar fikirləşirdilər ki, ermənilər mülki əhaliyə əl qaldırmazlar. Biz bu stereotipi dağıtdıq. Məhz bu baş verdi”. Qatil Sarkisyan açıqlamasında özünün terrorçu, dövlətlərinin isə terrorun beşiyi olduğunu bir daha etiraf etmişdir.

Xocalı soyqırımı nəticəsində rəsmi rəqəmlərə görə, 613 nəfər öldürülmüşdür ki, onlardan 63-ü uşaq, 106-sı qadın, 70 nəfəri isə qoca idi. 8 ailə tamamilə məhv edilmişdir. 487 nəfər şikəst olmuşdur ki, onlardan da 76-sı uşaqdır. Bundan əlavə, 1275 nəfər əsir götürülmüş, 150 nəfər itkin düşmüşdür. Bu faktlar indiyədək nəinki ayrı-ayrı kitablarda və qəzet-jurnal məqalələrində qeyd edilmiş, hətta Azərbaycan Prezidentinin xarici ölkələrə səfərləri zamanı ali kürsülərdən dəfələrlə dünya ictimaiyyətinə çatdırılmışdır. Çünki tərəqqipərvər insanlar, eləcə də bizim indiki və gələcək nəsillər bu amansız cinayəti heç vaxt unutmamalı, onu törədənləri həmişə, hər yerdə nifrət hissi ilə yada salmalıdırlar. Təəssüf ki, bu qanlı hadisənin baş verdiyi dövrdə vəzifə bölgüsü aparan AXC-Müsavat cütlüyü Xocalı soyqırımı haqqında həqiqətləri dünya ictimaiyyətinə çatdıra bilməmişdi. Bu səbəbdən dünyanın biganə qaldığı dəhşətli soyqırımın əsl mahiyyəti yalnız Ulu Öndər Heydər Əliyevin respublikada siyasi hakimiyyətə qayıdışından sonra üzə çıxarıldı. Rəhbərin şəxsi təşəbbüsü ilə 1994-cü ilin fevralında Azərbaycan Respublikasının Milli Məclisində Xocalı soyqırımına siyasi-hüquqi qiymət verildi. 25 fevral 2002-ci ildə Xocalı soyqırımının 10-cu ildönümü ilə əlaqədar Azərbaycan xalqına müraciətində Ümummilli Lider Heydər Əliyev bu amansız soyqırımını belə səciyyələndirmişdir: “Xocalı faciəsi 200 ilə yaxın bir müddətdə erməni şovinist-millətçiləri tərəfindən azərbaycanlılara qarşı müntəzəm olaraq həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin davamı və ən qanlı səhifəsidir”.

Prezident İlham Əliyev müraciətlərindən birində demişdir: “Xocalı faciəsini törətməklə Azərbaycana qarşı hərbi təcavüzün miqyasını daha da genişləndirən və Dağlıq Qarabağın hüdudlarından kənara çıxaraq Laçın, Kəlbəcər, Ağdam, Cəbrayıl, Füzuli, Qubadlı, Zəngilan rayonlarını işğal edən Ermənistanın apardığı etnik təmizləmə siyasəti nəticəsində 20 min soydaşımızın həyatına son qoyulmuş, 50 mindən çox insan yaralanmış və əlil olmuş, torpaqlarımızın 20 faizi işğala məruz qalmışdır”. Dövlət başçısının təşəbbüsü ilə Xocalı soyqırımının tanınması Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilmişdir. Prezident İlham Əliyevin rəhbərliyi ilə bu istiqamətdə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində Xocalı soyqırımını bir çox ölkələr parlament səviyyəsində qətliam kimi tanıdıqlarını elan etmişlər.

BMT-nin Təhlükəsizlik Şurasının dörd qətnaməsinə, Avropa Parlament Assambleyasının, İslam Əməkdaşlıq Təşkilatının, Qoşulmama Hərəkatının və eləcə də digər beynəlxalq qurumların qərarlarına baxmayaraq, bu münaqişə beynəlxalq hüquq normalarına uyğun, ölkəmizin ərazi bütövlüyü çərçivəsində ötən il sentyabrın 27-də başlanan 44 günlük Vətən müharibəsində müzəffər Ordumuzun tarixi qələbəsi ilə öz həllini tapdı. Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin uzaqgörən siyasəti və qətiyyəti sayəsində işğaldan azad edilmiş Azərbaycan torpaqlarında indi üçrəngli bayrağımız əzəmətlə dalğalanır.

 

Rəhman SALMANLI,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video