24 Yanvar 2021 00:22
1594
Mədəniyyət
A- A+

Xalqımız milli-mənəvi, dini dəyərlərini hər zaman yaşadacaq

 

Ermənilərin Azərbaycana qarşı terror əməllərinin hədəflərindən biri də tarixi abidələrimiz olub

 

Müzəffər Azərbaycan Ordusu tərəfindən Qarabağın erməni işğalından azad edildiyi gün ümid dolu, zəfər ünvanlı tariximizin ilk səhifəsi yazıldı.

Ermənistan silahlı qüvvələrinin təcavüzündən xilas edilən ərazilərimiz Azərbaycan dövlətinin və xalqının iradəsi ilə tezliklə bərpa ediləcək. Erməni vandallarının xarabaya çevirdikləri yurdlarımız abadlaşacaq. Düşmənin viran qoyduğu, uçurub dağıtdığı, od vurub yandırdığı evlərin, məktəblərin, xəstəxanaların, kitabxanaların yerlərində yeniləri tikiləcək.

Ancaq mənfur düşmənin ağlagəlməz qəddarlıqla həyata keçirdiyi vandal əməllər unudulmayacaq. Düşmən otuz ilə yaxın işğal altında saxladığı ərazilərimizdə ən ağır cinayətlər törədib.

Ermənilərin Azərbaycana qarşı işğalının və terror əməllərinin hədəflərindən biri də məhz tarixi abidələrimiz olub. Ötən əsrin sonuncu onilliyindən 2020-ci ilin 8 noyabrınadək Ermənistan silahlı qüvvələrinin işğal altında saxladıqları ərazilərimizdə erməni vandalları yalnız Azərbaycan üçün deyil, bütövlükdə bəşəriyyət üçün böyük əhəmiyyət daşıyan tarixi abidələri dağıdıb, məhv ediblər.

O yerlərdə xalqımızın Qarabağdakı varlığını, milli kimliyimizi özündə daşıyan minlərlə mədəni və dini abidə vardı. Qədim diyarda bu mədəniyyət inciləri yalnız xalqın tarixini deyil, eyni zamanda milli-mənəvi yaddaşını qoruyub saxlayırdı. Bu baxımdan ermənilərin  abidələri, qədim məbədlərimizi məhv etmələri onların mənfur xislətini açıq-aydın büruzə verir. Uzun illər daşnaklar bu yolla əzəli torpaqlarımızdan həm tarixi keçmişimizi, həm də mənəvi yaddaşımızı silməyə, məhv etməyə cəhd ediblər.

 

Erməni vandalizmi...

 

Dünyanın ən qədim yaşayış məskənlərindən biri olan Azərbaycanda tarixən müxtəlif dini və mədəni abidələr mövcuddur. Əsrlərdir dinindən, dilindən, milli mənsubluğundan asılı olmayaraq ölkəmizdə yaşayan hər bir xalqa məxsus bu mədəni incilər yüksək səviyyədə qorunub.

Ermənilər Azərbaycanın otuz ilə yaxın işğal altında saxladıqları ərazilərində mövcud olan, xalqımızın qədim tarixini, milli kimliyini, dini ənənələrini özündə ehtiva edən abidələri uçurub dağıdıblar. Həmin abidələrin erməniləşdirilməsinə cəhd göstəriblər. Bu məqsədlə bir çoxunu təmir adı altında dəyişdirməyə çalışıblar, təhqir ediblər.

Mədəniyyətimizə, tarixi abidələrimizə qənim kəsilən erməni vandallarının təmir-bərpa işləri bəhanəsi ilə Qarabağın incisi Şuşa şəhərində yerləşən Yuxarı Gövhər ağa məscidinin daxili interyerində ciddi dəyişiklik etməsi, tarixi abidənin bədii-estetik dəyərlərinə zərər vurması, bu abidənin Azərbaycan xalqına mənsub olmaması barədə əsassız iddialar irəli sürməsi, Ağdamın işğalından bir il sonra orada yandırılan Cümə məscidindən tövlə kimi istifadə etmələri və digər bu kimi yüzlərlə fakt bütün dünya ictimaiyyətinə məlumdur. Eləcə də işğal edilmiş rayonlarımızda yerləşən və erməni kilsəsinə heç bir aidiyyəti olmayan tarixi Alban xristian kilsələrinin mülkiyyəti mənimsənilib, arxitektura xüsusiyyətləri dəyişdirilərək erməni abidələri kimi təqdim olunmağa cəhd edilib.

2020-ci ilin 27 sentyabrından başlayan, 44 gün davam edən Vətən müharibəsi günlərində də düşmən öz mənfur xislətini göstərdi. Belə ki, Ermənistan silahlı qüvvələrinin bir neçə istiqamətdən müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan istifadə edərək yaşayış məntəqələrimizi, eyni zamanda hərbi mövqelərimizi atəşə tutması hərbçilərimiz, mülki şəxslərimizlə yanaşı, abidələrimizdən də yan keçmədi. İşğalçıların yaşayış məntəqələrinə istiqamətlənmiş atəş zərbələrinin Füzuli rayonunun Babı kəndinin yaxınlığında yerləşən qəbiristanlığa düşməsi nəticəsində dövlət mühafizəsinə götürülmüş ölkə əhəmiyyətli tarix-memarlıq abidəsi olan Şeyx Babı türbəsinə və Gəncədəki tarixi abidəyə ziyan dəymişdir.

 

Düşməndən qisasımızı aldıq

 

Beynəlxalq konvensiyalarda bəşəri cinayət kimi qiymətləndirilən bu əməllər bütün dünya mədəniyyətinə qarşı təcavüzdür.

Prezident İlham Əliyev öz çıxışlarında hər zaman ermənilərin tarixi-mədəni və dini abidələri vəhşicəsinə dağıtmasına diqqət çəkir, erməni vandallığını sərt tənqid edir. Dövlət başçısı həmçinin beynəlxalq təşkilatların bu prosesə vaxtında yetərincə həssas və duyarlı münasibət göstərmədiklərini də vurğulayır.

Dövlət başçısı İlham Əliyev xalqa müraciətlərində ermənilər tərəfindən Azərbaycanın tarixi-mədəni irsinin silinməsi cəhdlərinə son qoyulacağını, ərazi bütövlüyümüz tam bərpa edildikdən sonra dağıdılmış bütün abidələrimizin, məscidlərimizin bərpa ediləcəyini bildirib. Noyabrın

10-da qalib ölkənin Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı olaraq xalqa müraciət edən İlham Əliyev deyib: “ Bizim bütün binalarımız dağıdılıb, tarixi abidələrimiz dağıdılıb, muzeylərimiz talan edilib, təbiətimizə böyük ziyan vurulub, məscidlərimiz dağıdılıb, təhqir edilib. Azad edilmiş torpaqlarda yarıdağılmış məscidlərdə vəhşi düşmən bizi təhqir etmək üçün, bizim qürurumuza toxunmaq üçün donuz saxlayırdı. Amma biz onların qisasını artıqlaması ilə aldıq”.

Azərbaycan güclü dövlət olduğunu təkcə Ermənistana deyil, bütün dünyaya göstərdi. Erməni terrorizminə və vandalizminə layiqli cavab verdi.

Yanvarın 6-da 2020-ci ilin yekunlarına həsr olunmuş müşavirədə Prezident İlham Əliyev həyata keçirilmiş və qarşıya qoyulan böyük işlərdən danışıb: “Azad edilmiş ərazilərə biz bundan sonra da xarici nümayəndələri, jurnalistləri, diplomatik korpus nümayəndələrini, Azərbaycana səfər edən nümayəndə heyətlərini dəvət etməliyik. Misal üçün bu ay ISESCO-nun nümayəndə heyətinin səfəri gözlənilir... Yaxşı olardı ki, nümayəndə heyətinin bəzi üzvləri azad edilmiş ərazilərə getsinlər, ermənilərin, Ermənistan rəhbərliyinin dağıtdığı məscidlərə də baş çəksinlər, o məscidlərin qalıqlarına da baxsınlar və bütün dünya müsəlmanlarına bu barədə daha dolğun məlumat versinlər. Nəinki dünya müsəlmanlarına, bütün dünyaya ki, bizim tarixi, dini abidələrimiz düşmən tərəfindən necə dağıdılıb”.

Azərbaycan dövlətinin diqqəti və qayğısı, xalqın əzmi və sevgisi ilə düşmənin viran qoyduğu ərazilərimizdə həyat yenidən canlanacaq. Biz öz milli-mənəvi, dini dəyərlərimizi hər zaman yaşadacağıq.

 

Zöhrə FƏRƏCOVA,

“Azərbaycan”

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video