22:51 10 Aprel 2021
ONLINE XƏBƏR LENTİ
Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Vətəni sevməyi şəhid və qazilərdən öyrənirik

ANA SƏHİFƏ / CƏMİYYƏT
00:23 25.02.2021

 

Bayraqları bayraq yapan üstündəki qandır,

Torpaq uğrunda ölən varsa, Vətəndir!

Bu, çox müdrikliklə deyilmiş dahiyanə bir fikirdir. Hər hansı bir torpaq parçasına Vətən deyilməz. Vətən əcdadlarımızın uğrunda odlardan, alovlardan keçdikləri, “uf” demədən canlarını fəda etdikləri doğmadan doğma kənddi, şəhərdi, yurddu, yuvadı. Ulu babalarımızın uyuduqları bu torpaq əsrdən-əsrə keçərək müqəddəsləşib, and yerimizə çevrilib, namus, qeyrət, qürur meyarı olub. Vətən deyə sevib əzizlədiyimiz, uğrunda hər fədakarlığa hazır olduğumuz bu müqəddəs diyara sonsuz məhəbbət soyumuzdan kökümüzdən gəlir, ana südü ilə canımıza, qanımıza hopur.

Sevimli şairimiz Abbas Səhhətin məhəbbətlə qələmə aldığı unudulmaz misralar vətən sevdalı könüllərdə hər zaman şirin nəqarət kimi səslənir:

Vətəni sevməyən insan olmaz,

Olsa da, ol şəxsdə vicdan olmaz.

Vətən sevgisindən danışarkən yazıçı Anarın ulu Dədə Qorqudun dili ilə dediyi müdrik bir kəlam da yada düşür: “Torpağı əkib-becərmirsənsə, qorumağa, qorumursansa, əkib-becərməyə dəyməz”.

Biz gənc nəsil olaraq hər zaman ürəyimizdə Vətən sevgisi yaşadırıq. Doğulduğumuz, boya-başa çatdığımız bu diyar, havasını udduğumuz, suyunu içdiyimiz cənnət Azərbaycan bizim sevimli Vətənimizdir. Tarixin şanlı səhifəsinə çevrilən müqəddəs Qarabağ savaşı - Vətən müharibəsi bir daha təsdiq etdi ki, bu Vətən bizim üçün həyatımızdan da qiymətlidir. Mənim neçə-neçə həmyaşıdım Vətənin çağırışına hay verib könüllü olaraq müharibəyə yollandı. Onlardan neçəsi şəhid olub əbədiyyətə qovuşdu, neçəsi döyüşlərdə yaralanıb sağlamlığını itirdi, öz qəhrəmanlıqları ilə bizim üçün canlı örnək olan qazilərə çevrildi.

Bu parlaq qələbənin qazanılmasında təhsil aldığım Bakı Dövlət Universitetinin çox sayda yetirməsi də iştirak etmişdir. Onların arasında şəhid olan, sağlamlığını itirən gənclər çoxdur. Şəhidlərin müqəddəs ruhları bu gün bir zaman təhsil aldıqları auditoriyaları dolaşır. Qoy Uca Tanrı onların məkanını cənnət eləsin! Qazilərimizin isə tezliklə sağlam  həyata qovuşmalarını arzulayırıq.

Hazırda universitetimizdə vətənpərvərlik mövzusunda inşa yazı müsabiqəsi keçirilir. Kimyaçı olsam da, bu müsabiqədə mən də iştirak edirəm. Çünki bu mövzuda deyəcəyim sözlər, kövrək duyğularım çoxdur.

Bu gün adı ölkəmizdə dillər əzbəri olan şəhid Xudayar Yusifzadə ilə eyni məktəbdə təhsil almışam. O yüksək mədəniyyəti, intizamı ilə seçilirdi. Onun Azərbaycanı, Qarabağı necə böyük məhəbbətlə sevdiyini o zaman heç birimiz bilmirdik. Şəhid olandan sonra isə sosial şəbəkələrdə səngərdə oxuduğu “Vətən yaxşıdır” mahnısı bütün Azərbaycan xalqını riqqətə gətirdi. Xudayarın ifasında həmin mahnı ikinci həyatını yaşadı. Həm qəhrəmanlığı, həm də bu ifası ilə Xudayar xalqımızın, o cümlədən biz gənclərin sevimlisinə çevrildi. Bu ölməz qəhrəmanın tükənməz vətən sevgisi əsl qəhrəmanlıq nəğməsi idi ki, onu da özü ifa etmişdir.

Şəhidlərimizin, qazilərimizin canı, qanı bahasına, Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin qətiyyətli sərkərdə bacarığı sayəsində Vətən müharibəsi parlaq qələbəmizlə başa çatmışdır. Qarabağ savaşı bitmiş, işğalçı Ermənistan ordusu darmadağın edilmişdir. Artıq işğaldan azad edilmiş ərazilərdə təmir-tikinti, bərpa işləri başlanmışdır. Biz doğma Qarabağı, düşmənin odlarla qalayıb viran qoyduğu kəndlərimizi, şəhərlərimizi yenidən quracaq, əvvəlkindən daha abad edəcəyik.

Müharibə qurtarsa da, heç kim unudulmur, heç nə yaddan çıxmır. Biz ölməzliyə qovuşan şəhidlərimizi hər zaman sonsuz məhəbbət və ehtiramla yad edirik, çalışırıq ki, Azərbaycanı onlar sevdiyi kimi sevək, uğrunda hər fədakarlığa hazır olaq.

Biz necə yaşamağı, doğma yurdun hər qarışını sonsuz məhəbbətlə sevməyi  bayrağımızı Qarabağda zirvələrə sancan qəhrəmanlardan öyrənirik. Onların mənalı ömür yolu biz gənclər üçün əyani nümunədir.

 

Leyla QULUZADƏ,

Bakı Dövlət Universitetinin Kimya fakültəsinin II kurs tələbəsi



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM