23:52 10 Aprel 2021
ONLINE XƏBƏR LENTİ
Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Ustad yazıçı, müdrik şəxsiyyət

ANA SƏHİFƏ / MƏDƏNIYYƏT
00:41 02.03.2021

 

Xalq yazıçısı Əli Vəliyev Azərbaycanın qədim Zəngəzur qəzasının Ağudi kəndində anadan olub, bu kənddəki 3 sinifli rus məktəbini, Şuşa firqə, ardınca Bakı mərkəzi firqə məktəblərini bitirib. Müxtəlif məsul vəzifələrdə çalışıb, həm də təhsilini davam etdirərək Azərbaycan Dövlət Darülfününü (APİ) bitirib. “Şərq qapısı” qəzetinin redaktoru, bir sıra rayonların partiya və icraiyyə komitələrində, Yazıçılar İttifaqında, İncəsənət İşçiləri İttifaqında rəhbər vəzifələrdə çalışıb. Azərbaycan KP MK-nın orqanı olan “Kommunist” qəzetinin, “Azərbaycan” jurnalının baş redaktoru, Yazıçılar İttifaqının katibi olub.

Əli Vəliyev 2 fevral 1983-cü ildə vəfat edib, I Fəxri xiyabanda dəfn olunub. Bu il görkəmli ədibin anadan olmasının 120 illiyi qeyd edilir.

O, ədəbi yaradıcılığa gənc yaşlarından başlayıb, 1920-ci illərdən qəzet və jurnallarda  hekayələri dərc olunub, 1930-cu ildə “Allahın səyahəti” və “Nənəmin cəhrəsi”, sonra “Qarlı dağlar”, “Qəhrəman”, “Ordenli çoban” və “Sübut” kitabları nəşr edilib. Böyük Vətən müharibəsi cəbhələrinə könüllü yollanıb, tanınmış yazıçı-jurnalist həm də ön cəbhədə iştirak  etdiyi, şahidi olduğu döyüşlər, əsgərlərimizin qəhrəmanlığı haqqında silsilə məqalələr yazıb, “Cəbhə hekayələri”, “Ərköyün”, “Sovqat” kitablarını nəşr etdirib.

1945-1950-ci illərdə “Gülşən” povesti və “Hekayələr” kitabları işıq üzü görüb, 1958-ci ildə “Gülşən” povesti və “Çiçəkli” romanı M.F.Axundov adına respublika Dövlət Mükafatına layiq görülüb. Bu və digər əsərləri Azərbaycan, rus, Ukrayna və digər dillərdə çıxıb. 1950-1970-ci illərdə yazıçının “Madarın dastanı”, “Ürək dostları”, “Seçilmiş əsərləri”nin I-VI cildləri (Azərnəşr - 1968, 12 000 nüsxə), əziz dostu, görkəmli söz ustası Süleyman Rəhimovun anadan olmasının 60 illiyinə həsr edilmiş “Xalq yazıçısı” monoqrafiyası, “Turaclıya gedən yol”, “Budağın xatirələri” (Azərbaycan və rus dillərində) romanları, “Zəngəzur qartalları”, “Bir cüt tərlan” povestləri, “Uşaqlara sovqat”, “Əziz nəvələrimə”, “Anaqız”, “Bir cüt ulduz”, “Samovar tüstülənir”,  Gəncliyimi tapdım”, “Durna qatarı” povest, hekayə, oçerk kitabları nəşr edilib. 1970-ci illərdə 2 kitabdan ibarət məşhur “Budağın xatirələri” romanı, “Yeni həyat” hekayələr kitabı, “Zamanın ulduzları”, “İstedad” (rus dilində), 1980-ci illərdə “Qarabağda qalan izlər”, “Narahat adam”, “Turaclıya gedən yol” (3-cü nəşri) romanları, “Qənirsiz gözəl”, “Zamanın ulduzları” (rus dilində) povest və hekayə kitabları kütləvi tirajlarla  nəşr edilib, saf, halal zəhmətlə dolanan, ad-san qazanan əmək adamları haqqında məqalələri dövrü mətbuatda yayımlanıb.

1950-ci ildə yazdığı “Gülşən” povestinin motivləri əsasında S.Hacıbəyovun bəstələdiyi eyniadlı balet Azərbaycan Opera və Balet Teatrının, 1953-cü ildə isə Ə.Nəvai adına Daşkənd Böyük Teatrının səhnəsində tamaşaya qoyulub. 1952-ci ildə əsər SSRİ Dövlət mükafatına layiq görülüb. Xalq yazıçısı, Lenin, “Qırmızı Əmək Bayrağı”, “Oktyabr İnqilabı”,  “Şərəf nişanı” ordenləri və SSRİ Ali Soveti Rəyasət Heyətinin fəxri fərmanı ilə təltif edilib. Haqqında sənədli film çəkilib, monoqrafiyalar, məqalələr yazılıb.

Azərbaycan ədəbiyyatının çox sayda nümayəndələri - Səməd Vurğun, Mehdi Hüseyn, Süleyman Rəhimov, Süleyman Rüstəm, Məmməd Rahim və başqaları Əli Vəliyev haqqında ədəbiyyatımızın, publisistika və jurnalistikamızın görkəmli, ən nüfuzlu, mötəbər, nüfuzlu təmsilçilərindən, Azərbaycan sovet nəsrinin yaradıcılarından biri kimi bəhs ediblər. Əli Vəliyev əsərlərinin dilinin zənginliyi, rəvanlığı,  xalq danışığından bəhrələnən şirin sadəliyi,  həm də şəxsiyyətindən doğan səmimiyyəti onu dövrünün ən çox nəşr edilən, oxunan, sevilən yazıçılarından biri edib. Janrından asılı olmayaraq, onun yazılarından torpaq, çörək ətri, hallalıq qoxusu gəlir. İstedad və zəhmətin bəhrəsi olan yaradıcılığı ilə Əli Vəliyev Azərbaycan ədəbiyyatının inkişafına, nəsr dilinin zənginləşməsinə özünəməxsus mühüm töhfələr verib.

“Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 12 yanvar 2004-cü il sərəncamında Əli Vəliyevin “Seçilmiş əsərləri”nin də nəşri nəzərdə tutulmuşdu. Görkəmli ədəbiyyatşünas, ədəbi tənqidin patriarxı, akademik Məmməd Arifin bu nəşrə (Avrasiya Press-2005) daxil edilmiş “Şərəfli ömür” başlıqlı məqaləsində ədibin xalq həyatının, kəndin təbii gözəlliklərinin, əməkçi insanların xalqın rifahına xidmətlə yoğrulan yaşayışının, yeni cəmiyyət quruculuğunun, insan təbiətinin, psixologiyasının mahir bilicisi olduğunu və çox inandırıcı, təbii əks etdirdiyini vurğulayaraq yazır: “Əli Vəliyev əsl ali məktəbi-universiteti canlı həyatın özündə keçmişdir”.

Əli Vəliyevə həm ədəbi aləmdə, həm də sadə xalq arasında böyük hörmət qazandıran başqa səbəb də var, bu da onun təbiətindən, doğulub böyüdüyü, göz açıb ilk gördüyü vüqarlı dağların əzəmətindən, suyunun, havasının təmizliyindən örnək alan mərdliyi, dostluqda, duz-çörəkdə sədaqəti, çətin günlərdə özünü irəli verməyi, xeyirxahlığı, yaxşılıq etməkdən yorulmadan zövq almağı idi. Səbail rayonunda icraiyyə komitəsində çalışarkən çox sayda yazara növbədənkənar mənzil verdiyi üçün problemlər yaşamışdı. Çoxlu qələm adamının-Qasım Qasımzadə,  Bayram Bayramov, Zəlimxan Yaqub, Famil Mehdi, Cəlal Bərgüşad, Qulu Xəlilov, Elbrus Şahmar və başqalarının xatirələrində onun yazıçılığı ilə bərabər, dara düşənlərə, elçilikdən əliboş dönənlərə xeyirxah köməyindən, özünü irəli verib müşkül işlərə əncam çəkməyindən, müdrik ağsaqqallığından yaddaqalan, ibrətamiz detallar var. Təbiət uca boyu ona həm də şümal qədd-qamətini sonadək dik saxlamaq üçün vermişdi. Azərbaycan sovet yazıçıları arasında Sovet-KQB rejiminin çətin sınaqlarından alnıaçıq, üzüağ çıxanlardan, mənliyini, qürurunu uca tutub, təmiz saxlayanlardan biri Əli Vəliyev olub.

1981-1982-ci illərdə Qubadlı rayon komsomol komitəsində işləyirdim, oturaq yerimiz də rayon partiya komitəsinin binasının I mərtəbəsi idi. Rayon mədəniyyət evində, mıəktəb, kənd klublarında öz iştirakı ilə 80 illik yubileyini, görüşlərini  keçirmişdik. Bu binaya hər gəlişində rayon rəhbərləri ilə görüşürdü, buradan yaxın-uzaq kəndlərə camaatın görüşünə, əkin-biçinlə məşğul olan sadə insanlarla canlı ünsiyyətə gedirdi və hər dəfə də xeyli adam Əli müəllimin - “Alı dayı, Alı əmi”nın rayona gələcəyi vaxtı öyrənib səbirsizliklə yolunu gözləyirdi, ya da qaldığı Mahmudlu kəndinə (vəfalı ömür-gün yoldaşı, əsil-nəcabətli, duz-çörəkli mehriban Qumru nənəni bu kənddə görüb bəyənib özünə ömürlük yol yoldaşı etmişdi) gedirdi; paytaxtda işsiz, evsiz qalan, təyinat ala bilməyən, ya həbsə düşən doğmalarına yardımçı olmaq xahişi ilə ərizələr, məktublar verirdilər, hamıda da ümid, inam var idi ki, Əli müəllim heç bir xahişi boşuna buraxmaycaq, nədəsə kömək edəcək. Elə də olurdu. Qubadlıya hər gəlişində də mütləq doğulub uşaqlıq illərini keçirdiyi doğma kəndinə gedər, dünyadan köçənlərin evlərinə baş çəkib başsağlığı verər, qınına çəkilib kin-küdurətini, namərd xislətini gizlədib fürsət gözləyən yağıların diş qıcadığı bu ellərdəki çoxsaylı doğmalarına qonaq olar, dərdlərini, problemlərini öyrənib qələmə alar, ölkə və ittifaq rəhbərliyinin nəzər-diqqətinə çatdırar, həssasiyyətlə Bakıda əncam çəkməyə  çalışardı. O, mərhum akademik Həsən Əliyevlə birlikdə Zəngəzur camaatının sözü ötkün mötəbər ağsaqqallarından sayılırdı.

Ümummilli Lider Heydər Əliyevin Əli Vəliyevə xüsusi hörməti var idi. Naxçıvan MSSR-in 50 illik yubileyində Moskva, İrəvan, o cümlədən Sisiandan və digər respublikalardan nümayəndələr iştirak edir, təbrik nitqləri söyləyirdilər. Azərbaycan KP MK-nın birinci katibi  Heydər Əliyev son sözündə Sisian rayon pariya komitəsinin I katibinə üzünü tutub deyir:

- Bayaq sən Zəngəzur, Sisianda  doğulan xeyli tanınmış insanların sırasında Əli Vəliyevin də adını çəkdin. Sən onun “Budağın xatirələri” kitabını tap oxu, saydığın o adamların Sisianda həyatın çoxlu ağrı-acıları, sərt imtahanları ilə üzləşdiyini aydın göstərib, yaşamaq, oxumaq arzusu ilə Azərbaycana üz tutub orada dediyiniz kimi şan-şöhrətə yüksəldiyi barədə ətraflı yazılıb.

Ümummilli Lider Heydər Əliyevin bu sözlərində böyük həqiqət var:  Əli Vəliyev həyatında görüb yaşadıqlarını avtobioqrafik səciyyəli “Budağın xatirələri”ndə o qədər bədii ustalıqla, həssas duyğularla qələmə alıb ki, təkcə bu əsərlə də Azərbaycan ədəbiyyatında əbədilik qala bilərdi; bu kitab zəngəzurluların timsalında bədnam qonşularımızın xalqımızın başına gətirdiyi faciələrin bədii, tarixi salnaməsidir, Zəngəzurun bənzərsiz təbiətinin, coğrafiyasının, yer-yurd adlarının - toponomikasının mükəmməl ensiklopediyasıdır, bugünkü, gələcək nəsillər üçün yaddaş  kitabıdır, müdrik ağsaqqal öyüdüdür, həm də ağır müsibətlər görüb yaşamış müəllifin daxili mənəvi zənginliyini, bənzərsiz ədəbi istedadını dəyərləndirmək baxımından unikal mənbə, ədəbi söz abidəsidir.

Əli Vəliyev təkcə yazıb yaratdıqları ilə deyil, həm də fiziki-mənəvi varisləri ilə də özündən sonra xalqımıza dəyərli töhfələr bəxş edib. 44 yaşında həyatdan köçmüş  Məsud Əlioğlu filologiya elmləri doktoru, professor, Azərbaycanın ən intellektli, novator ruhlu tənqidçi, ədəbiyyatşünaslarından biri idi, nəvəsi, Xalq yazıçısı Afaq Məsud Əli Vəliyev ocağının  ləyaqətli davamçısı olaraq, həm şəxsi yaradıcılığı ilə, həm də dövlət əhəmiyyətli bir qurumun rəhbəri kimi milli ədəbi-bədii fikrimizin zənginləşməsində, dünyaya tanıdılmasında xalqımıza, vətənimizə sanballı xidmətlər göstərməkdədir.

 

Hacı NƏRİMANOĞLU,

tarix üzrə fəlsəfə doktoru



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM