27 Dekabr 2020 00:45
3447
SİYASƏT
A- A+

Tarixi torpaqlara tarixi qayıdış

 

Prezident İlham Əliyev hər il öz doğum gününü şəhid ailələri, qaçqın və məcburi köçkünlər üçün salınmış müasir tipli qəsəbələrin açılışında iştirak etməklə qeyd edirdi. Ənənə halını almış bu tədbirlərdəki çıxışlarında dövlət başçısı hər zaman əminliklə qeyd edirdi ki, Qarabağ işğaldan azad olunacaq, ermənilər tərəfindən dağıdılmış bütün şəhər və rayonlarımız, kəndlərimiz bərpa ediləcək, o torpaqlarda gözəl şəhərlər, kəndlər qurulacaq.

Bu sözlər ürəyimizdəki yaralara məlhəm olsa da, bizə əlçatmaz, uzaq bir xəyal kimi görünürdü. Bu arzunun çin olması diləyilə illəri illərə qatırdıq. Lakin bu il dövlət başçısı məcburi köçkünlərə, bütövlükdə Azərbaycan xalqına verdiyi sözü tutdu, vədini yerinə yetirdi. Azərbaycanın ərazi bütövlüyünü bərpa etdi, məcburi köçkünləri sevindirdi, onların statusunu dəyişdi. Qalib ölkənin qalib Prezidenti kimi adını tarixin şanlı səhifələrinə yazdırdı. İlham Əliyev artıq bir milyon qaçqını və məcburi köçkünü olan ölkənin deyil, Vətən müharibəsində möhtəşəm qələbə qazanmış qalib ölkənin rəhbəridir.

Bu şanlı qələbə, torpaqlarımızın işğaldan azad olunması, təcavüzkar Ermənistanın hərb meydanında məğlub edilməsi ilə İlham Əliyev tariximizi və dövlətçiliyimizi şərəfləndirdi, doğma yurd həsrəti ilə yaşayan məcburi köçkünlərin 30 illik iztirabına, nisgilinə son qoydu, Azərbaycanın nüfuzunu beynəlxalq aləmdə yüksəklərə qaldırdı.

 

 

Müzəffər Ali Baş Komandanın qalibiyyət səfəri

 

 

Bu il Prezident öz doğum gününü tam fərqli bir şəraitdə qarşıladı. Bu il ilk dəfə olaraq öz doğum gününü məcburi köçkünlərlə birlikdə qeyd etmədi. Bu dəfə doğum günü ərəfəsində işğaldan azad edilmiş əzəli torpaqlarımıza səfər edərək 59 yaşını unudulmaz bir tarixə çevirdi. Müzəffər Ali Baş Komandan doğma Qarabağımıza qalib sərkərdə kimi qədəm qoydu.

Dekabrın 23-də Prezident İlham Əliyev birinci xanım Mehriban Əliyeva ilə birlikdə işğaldan azad edilmiş Qubadlı və Zəngilan rayonlarında oldu, müqəddəs bayrağımızı ucaltdı, əsgərlərimizlə görüşdü. Dövlət başçısı özü sükan arxasında əyləşərək yol boyunca azad olunmuş əraziləri seyr etdi, vəhşi ermənilərin kəndlərimizi viran qoymaqlarından hiddətləndi, eyni zamanda Qarabağın gözəlliyinə bir daha heyran oldu. Prezidentin səfəri zamanı çəkilən video və fotolar sosial şəbəkələrdə paylaşılaraq böyük rəğbət və sevgi ilə, xoş ifadələrlə qarşılandı.

Səfər xeyli maraqlı məqamlarla diqqət çəkdi. Prezidentin əsgərlərlə səmimi söhbəti hər kəs tərəfindən bəyənildi, yüksək dəyərləndirildi. Ali Baş Komandanın əsgərlərimizlə birlikdə "Qarabağ Azərbaycandır!” deməsi hərbçilərimizin mənəvi ruh yüksəkliyini daha da artırdı. Elə həmin fotoda əsgərlərimizin üzlərindəki, gözlərindəki enerjiyə, coşquya diqqətlə baxanda bunu görmək olur.

İlham Əliyevin Qubadlı rayonuna səfəri zamanı Qəzyan kəndinin adının ermənicə yazıldığı lövhəni görərək onu sökdürməsi və tapdalaması xüsusilə diqqət çəkdi. Bu maraqlı epizodu İkinci Dünya müharibəsinin sonunda sovet əsgərlərinin alman bayraqlarını paradda ayaqlar altına atıb tapdalaması kadrları ilə müqayisə edilir. Bəli, məğlub edilmiş düşmənin simvollarını, nişanələrini ayaq altına atıb tapdalamaq da qələbənin bir tərkib hissəsi, bir fraqmentidir. Bunlar ondan ötrüdür ki, düşmən psixoloji travma alsın, sınıb yerlə bir olsun.

 

 

Düşmənə verilən mesaj

 

 

Prezident çıxışı zamanı Ermənistana mesaj verməyi də unutmadı: "Ermənistan cəmiyyəti düzgün nəticə çıxarmalıdır. Revanş hissi ilə yaşayacaqlarsa, onların axırı pis olacaq. Əgər o tərəfdən buraya bir güllə atılsa, - 5 kilometrdir buradan Ermənistan sərhədinə, - onları elə günə salarıq ki, ümumiyyətlə, öz adlarını unudarlar”.

Dövlət rəhbəri vurğuladı ki, biz qələbə qazanmışıq, düşməni torpaqlarımızdan qovmuşuq. Amma bir neçə ildən sonra erməni faşizminin yenə baş qaldırmayacağına heç kim təminat verə bilməz. Ona görə Azərbaycan dövləti və ordusu həmişə güclü olmalıdır: "Biz gücümüzü bilirik. Dünya da bizim gücümüzü bilir. Biz nəinki öz ərazimizdə, istəsəydik Ermənistan ərazisində istənilən hərbi əməliyyatı tamamilə yerinə yetirə bilərdik. Bu gün də yerinə yetirə bilərik. Ermənistan tərəfi də bunu bilir. Sadəcə olaraq, biz həmişə beynəlxalq hüquqa hörmətlə yanaşmışıq və həmişə demişəm ki, bizim başqa ölkələrin torpaqları ilə işimiz yoxdur. Biz öz torpağımızda yaşamalıyıq, yaşayacağıq, düşməni öz torpağımızdan qovmuşuq, bütün bu bölgəni bərpa edəcəyik”.

 

 

Qarabağın gözəl nemətləri yenidən öz millətimizə nəsib oldu

 

 

Bu səfər zamanı hər kəs tərəfindən böyük maraqla qarşılanan bir duyğulu məqam da İlham Əliyevin əlində Qubadlı məhsulu olan xurma tutaraq görüntülənməsi oldu. Belə ki, dövlət başçısına Qubadlıda ağacdan dərilən xurma verildi. Sovqata baxan dövlət başçısı məmnunluqla dedi: "Əladır. Aparırıq Bakıya. Qubadlı xurmasından yeyəcəyik. Elə yerə qoyun əzilməsin”.

Bu kadr işğal bitəndən sonra yenidən öz sərvətlərimizə sahiblənməyimizin rəmzi görüntüsüdür. Hamımız bilirik ki, Qarabağ bütövlükdə zəngin təbii sərvətlər məskənidir. Bu torpaqlarımızın hər biri barlı-bərəkətlidir, müxtəlif meyvə-tərəvəzlər bitir. Və 30 ildir ermənilər bu sərvətlərimizi mənimsəyib. Lakin artıq bu talana, soyğunçuluğa son qoyuldu. Əzəli torpaqlarımızın əbədi sahibləri geri döndü. Allahın bu gözəl nemətləri yenidən öz millətimizə nəsib oldu.

İlham Əliyev bu səfərində də erməni faşistləri tərəfindən dağıdılıb viranə qalmış yurdlarımızı ürəkağrısı ilə seyr etdi, amma qətiyyətlə bildirdi ki, tezliklə bütün bu yurdlar abadlaşdırılacaq, Qarabağa yeni həyat bəxş ediləcək və məcburi köçkünlərin hər biri öz doğma yurduna dönəcək.

Prezidentin işğaldan azad edilmiş rayonlara artıq ənənə halını almış səfərləri həm də erməni vandalizmi nəticəsində tamamilə dağıdılmış, yerlə-yeksan edilmiş şəhər, rayon və kəndlərin bərpası və yenidən qurulması ilə bağlı qərar qəbul etmək məqsədi daşıyır. Elə səfərin sonunda dövlət başçısı Bakıya yol alarkən bu fikirləri bildirdi ki, bir müddət sonra bu bölgədə həyat tam normallaşacaq.

Bəli, illər sonra Azərbaycanın Müzəffər Ordusu düşmənin başına dəmir yumruq endirərək Qarabağı işğalçılardan təmizlədi. 30 illik münaqişə 44 gündə Azərbaycanın haqlı qələbəsi ilə bitdi. Bu şanlı və tarixi Qələbənin müəllifi, 44 günlük savaşın qalib sərkərdəsi isə Prezident, müzəffər Ordumuzun Ali Baş Komandanı İlham Əliyevdir.

İlham Əliyev dediyini etdi, Qarabağı Azərbaycana qaytardı. Azad olunmuş ərazilər yenidən qurulduqdan sonra məcburi köçkünlərin öz doğma yurdlarına möhtəşəm qayıdışı baş verəcək, həmin bölgəyə həyat qayıdacaq. Və Prezident növbəti doğum günlərini bu torpaqlarda yeni şəhər və qəsəbələrin, infrastrukturların, sosial obyektlərin və müxtəlif müəssisələrin açılışlarına qatılaraq qeyd edəcək.

 

Xəyalə MURADLI,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video