05:05 27 Fevral 2021
ONLINE XƏBƏR LENTİ
03:04 27.02.2021

“25-lər”dən biri


03:02 27.02.2021

BİLDİRİŞ


03:01 27.02.2021

BİLDİRİŞ


02:59 27.02.2021

BİLDİRİŞ


02:57 27.02.2021

BİLDİRİŞ


Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Tanrıdan möhlət payını ancaq Qarabağı yenidən görmək üçün istəyirəm

ANA SƏHİFƏ / MƏDƏNIYYƏT
01:20 27.01.2021

 

“Mən inanıram ki, bu ağrıları unudan bir günümüz olacaq, yenə yaylaqlarımıza qoyun sürüləri, aran köçü qalxacaq, dağ kəndlərimizin sərin bulaqlarından ovcumuzu doldurub içəcəyik, meşələr qoynunda ürəkdolusu dərindən nəfəs alıb gəzəcəyik. Tariximiz sabaha işıqlı gözlə baxmağı tövsiyə edir”...

Bu inamını, ümidini hələ illər öncə ürəyindən keçirib sözlərə, yazıya köçürmüşdü. Zaman ötdükcə, vaxt uzandıqca, il-ilə calandıqca arzuları gerçəkləşməsə də, nə ümidi üzülür, nə də inamı azalırdı.

Tez-tez Qarabağda keçirdiyi gözəl günləri, unudulmaz xatirələri, maraqlı ədəbi görüşləri xatırlayır, bəzən də duyğularını, içindəki kədəri, xalqın illərlə çəkdiyi iztirabları, ağrı-acıları, faciəli yaşantıları qələmə alırdı. Hər yeni şeir, poema yazdıqca isə özünə yalnız bir arzuyla təskinlik verirdi - ağrıları unudacağımız gün gec-tez gələcək və o, qələbə nəfəsi duyulan əsərlər yazacaq...

Nəhayət, illərlə həsrətində olduğu, ümidlə gözlədiyi o işıqlı sabah sentyabrın 27-də açıldı. Və cəmi 2 gün sonra arzusunda olduğu ilk zəfər qoxulu şeirini yazdı...

 

Qarabağın əksər bölgələrini gəzmişəm

 

“Qarabağ söhbətləri”ndə bu dəfə özü Qarabağda dünyaya gəlməsə də, o diyarı elə qarabağlılar qədər sevən, yaradıcılığında əks etdirən, ruhən və qəlbən Qarabağa bağlı olan xalq şairi, “Şərəf” ordenli Nəriman Həsənzadə ilə söhbətləşdik.

- Qarabağ o qədər gözəl, səfalı, barlı-bərəkətli diyardır ki, heç bir sözlə, kəlməylə ifadə olunmur. Ora bir dəfə ayaq basdınsa, heç vaxt unutmursan, daim can atırsan. Torpağın qəribə enerjisi var sanki, maqnit kimi səni özünə çəkir. Qarabağda çox olmuşam, əksər bölgələrini gəzmişəm. Hələ Sovet dövründə rayonlarda görüşlər, tədbirlər çox keçirilirdi. Biz də Yazıçılar İttifaqının xəttilə o görüşlərə qatılırdıq.

Yadımdadır, Cəbrayılda rayon qəzetinin redaksiyasına getmişdik. Qəzetin baş redaktoru İnqilab müəllim bütün rayonu, Araz qırağını gəzdirdi mənə. Şair Sərdar Əsəd Cəbrayıldan idi. O, rəhmətə gedəndə də rayona yas mərasiminə getdim. Yaşlı anası elə ağlayırdı ki... Deyirdi, üzü Bakıya yatıram ki, bəlkə oğlum Bakıdadı, ordan qayıdacaq...

Füzulidə də olmuşam. Xalq yazıçısı İlyas Əfəndiyev Füzulidən idi. Mənə qarşı münasibəti çox yaxşı idi. Oraları sanki İlyas Əfəndiyevin gözü ilə seyr etmişəm, onun ayaqları ilə gəzmişəm.

Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadə haqqında “Tufanlar qoynunda” poeması yazanda isə Qərvənddə oldum. Müharibə zamanı onun dəstəsində vuruşmuş Ənvər adlı döyüşçü ilə görüşdüm, Mehdi ilə bağlı xatirələrini dinlədim.

 

“Heydər Əliyevlə birlikdə Vaqifin məqbərəsinin açılışına qatıldıq”

 

Nəriman Həsənzadə Ümummilli Lider Heydər Əliyevlə birlikdə Qarabağ zonasında keçirilən müxtəlif tədbirlərdə iştirak edib. İndi o günləri ömrünün ən unudulmaz xatirələri kimi yada salır. Danışır ki, bir dəfə böyük bir heyət Heydər Əliyevlə birlikdə Bərdəyə səfər ediblər. Orda pambıqçı Tərlan Musayeva ilə görüşüblər. Qayıdandan sonra şair “Tərlan bacı” adlı şeir yazıb. Şeir “Kommunist” qəzetində çap olunan günün axşamı bəstəkar Emin Sabitoğlu ona zəng edib deyir ki, sabah “Tərlan bacı” mahnısına qulaq asarsan, Heydər Əliyevin tapşırığı ilə həmin şeirə mahnı bəstələyirəm. Beləcə, məhz Heydər Əliyevin tapşırığı ilə o mahnı yarandı və dillər əzbəri oldu. Sonradan şair yenə Bərdəyə gedib Tərlan xanım ilə görüşüb, onun sahələrini gəzib.

- Ulu Öndərlə birlikdə qatıldığım ən möhtəşəm tədbirlərdən biri də Şuşada baş tutub. 1982-ci il yanvarın 14-də Şuşada görkəmli şairimiz Molla Pənah Vaqifin məqbərəsinin təntənəli açılış mərasimi oldu. Açılışa Ulu Öndər ailə üzvləri ilə bərabər elm, mədəniyyət və incəsənət adamlarının böyük bir qrupunu da aparmışdı. Onun Vaqifə bu münasibəti bir tərəfdən milli ədəbiyyata sevgisindən irəli gəlirdisə, digər tərəfdən həmin diyarın tarixini, əhalisinin etnik mənsubiyyətini bir daha göstərməklə bağlı idi. Bu məqbərə gözəl memarlıq abidəsidir. Heydər Əliyev abidənin tikintisini böyük, əlamətdar hadisə hesab edirdi. Ümummilli Lider Vaqifin məqbərəsinin açılışında söylədiyi nitq onun Dağlıq Qarabağa qayğısının göstəricisi idi. Həmin gün güclü qar yağırdı. Amma biz elə bildik çiçək yağır. Çox gözəl tədbir baş tutdu. Açılış bayram əhvali-ruhiyyəsində keçdi. Heydər Əliyev bir-bir bütün yazıçılara, şairlərə söz verdi. Özü də şairləşmişdi. Vaqifin şərəfinə gözəl sözlər dedi. Ümumiyyətlə, Heydər Əliyev şeirpərəst idi, ədəbiyyatı gözəl bilirdi. Mənə də söz verdi. Açılış münasibətilə qələmə aldığım “Vaqif” adlı yeni şeirimi oxudum.

 

“Vaqif!

Ey sərvərim, ey tacidarım!” -

Harda xatırladı şairi ürək?!

Hörmət - süddən gələn bir adətimdi

Vurğundan Vaqifə salam yetirmək,

Bəlkə də yeganə səadətimdi.

Heykəllər sadəcə əl işi deyil,

Məhəbbət dediyin - başqa məramdı.

Dünyadan gedənin gəlişi deyil,

Dünyada qalana bir ehtiramdır...

 

39 il sonra yanvarın 14-də Prezidentimiz İlham Əliyev qalib sərkərdə kimi yenidən Şuşaya səfər etdi. O görüntülər məni çox kövrəltdi. Açılış tədbirini bir daha xatırladım, o günü sanki yenidən yaşadım. Ürəyimdən bir arzu keçdi - kaş yenidən Şuşada Vaqifin məqbərəsinin açılışına gedə bilim...

Xurşidbanu Natəvan və Bülbülün büstlərinin də açılışı mərasimlərinə Heydər Əliyevlə birlikdə qatılmışam, nitq söyləmişəm. O büstləri ermənilər gülləbaran etmişdilər. Ermənilər dahi şəxsiyyətlərimizin büstlərini təhqir edəndən sonra onları əridib satmaq, pul əldə etmək üçün Ermənistana aparmışdılar. Polad Bülbüloğlu bundan xəbər tutub Ulu Öndər Heydər Əliyevə müraciət etmişdi. Görülmüş tədbirlər nəticəsində bu büstlər ermənilərdən alınmışdı. Və 28 il Bakıda İncəsənət Muzeyində saxlanmışdı.

İlham Əliyev Şuşaya səfərində həmin büstləri də öz evlərinə qaytardı.

“Ədəbiyyat və incəsənət” qəzetinin baş redaktoru işləyəndə Vaqif poeziya günlərində də iştirak etmişəm. Sonradan isə Şuşaya musiqişünas Firudin Şuşinski ilə getdim. Orda texnikumda görüşlər keçirildi, çıxış etdim. Böyük mehmanxananın açılışına qatıldım. Şuşanın təbiəti çox gözəldir. İsa bulağı, Cıdır düzü... Bir dəfə İsa bulağında oturmuşduq. Bir cavan oğlan elə gözəl oxuyurdu ki...

Şuşa işğal olunandan sonra bu şəhərə ithafən böyük qəm, kədərlə bir neçə şeir, “Xarıbülbül” poemasını yazdım...

Xankəndidə də bir neçə dəfə olmuşam. Gəncə Universitetində mənə ədəbiyyatdan dərs deyən professor Nazim Axundov Xankəndidə işləyirdi. O məni dəvət etmişdi. Onda artıq camaatın içində bir vahimə vardı.

Yadımdadı, kolxoz sədri olan erməni qadın ağdamlılar Xankəndinə girməsin deyə ağ yaylıq qaldırmışdı. Mən onun əleyhinə şeir yazdım. Yevgeni Yevtuşenko isə buna cavab olaraq onun xeyrinə şeir yazıb tərifləmişdi.

 

“Sonuncu dəfə Ağdamda oldum”

 

Qarabağın əksər bölgəsini gəzən şair daha çox Ağdamda olduğunu deyir. Çünki Ağdamdan olan dost-tanışları da çox idi. Bəlkə elə ona görə də Ağdamı özünə daha yaxın hiss edir.

- Ağdam çox gözəl, yüksək mədəni səviyyəsi olan şəhər idi. Qarabağın paytaxtı sayılırdı. Ağdamda ziyalılar da çox idi və fərqlənirdilər. Qarabağdan, xüsusən də Ağdamdan tanışlarım, dostlarım çoxdur. Yazıçı, publisist Əlfi Qasımovla üzbəüz qonşu idim. Ağdamda onun qardaşının qonağı olmuşduq. Ramiz Məmmədzadəgildə də qonaq olmuşam. Famil Mehdi ilə birlikdə çoxlu görüşlərə getmişik. Ağdam Dövlət Dram Teatrında bir tamaşaya da baxmışam. Onda Ağalar İdrisoğlu teatrın direktoru idi. Ağdamı düz Malıbəyliyə qədər gəzmişəm.

Elə sonuncu dəfə də Ağdamda olmuşam. Famil Mehdi ilə getdim. Təzə ev tikdirmişdi, hər şeyi hazır idi, qalırdı bircə köçmək. Heyf ki, qismət olmadı. Evi eləcə qoyub gəldi. Onda artıq şəhərdə atışma səsləri eşidilirdi.

Qarabağın adamları çox mehriban, qonaqpərvər, şirindil olurlar. “Qadan alım”, “qurban olum” dillərindən düşmürdü. Torpaq da sahibinə bənzəyirdi. Əsl cənnətməkan, dilbər guşə... Amma ermənilər o gözəllikdə yerləri viranə qoyublar. Rayonların, kəndlərin indiki görüntülərinə baxanda ürəyim sızıldayır. Dəhşətə gəlirəm ki, insan bunu necə edə bilər axı?

 

“Uşaq kimi hönkürüb ağladım...”

 

Nəriman Həsənzadə yaradıcılığının bütün dövrlərində olduğu kimi, XX əsrin sonlarında, ölkəmizin başı üstünü qara buludlar alarkən də hadisələrə vaxtında öz münasibətini bildirib, bu yolda haqq səsini ucaldaraq mübarizə aparıb. Düşmənə qarşı nifrətini gizlətmədən həyəcan, narahatlıq doğuran problemlərə üz tutub. Qələminə sarılaraq müstəqil Azərbaycanda müstəqil yaşamaq istəyən vətən oğullarından, yeni tariximizin səhifələrini torpağa qanla yazanlardan, öz taleyini özləri həll edən igidlərimizdən yazıb. Rus imperiyasının ikiüzlü siyasətini pisləyib. Xalqımızın arasında milli ədavət hissi yaratmaq istəyənlərin xislətini qələmə alıb. Vətənin əzablı günləri, qəmli, kədərli anları ilə yanaşı, real gerçəklikləri də tarixin yaddaşına köçürüb.

Rus ordusu Bakıda Qanlı 20 Yanvar hadisəsini törətdiyi zaman Nəriman Həsənzadə Fransada yaradıcılıq ezamiyyətində idi. Şair bu xəbəri eşidəndə böyük sarsıntı keçirsə də, məkrli erməni siyasətinin, onun havadarlarının iç üzünü açmaq, həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq üçün Parisdəki müxtəlif mətbuat səhifələrində yazılarla çıxış edir. Parisin “Qalimar” nəşriyyatının baş redaktoru məşhur yazıçı Roje Qrinye və “Humanite limanş”ın müxbiri ilə söhbətlərində və müsahibələrində Azərbaycan xalqının öz torpağında qətl edilməsini, didərgin salınmasını deyir, qorxmadan, çəkinmədən Azərbaycanın SSRİ-dən ayrılması məsələsini ortaya qoyur. Fransız jurnalisti Ryer Blanşe ondan Bakıdakı hadisələr barədə aldığı müsahibəni jurnallarının növbəti nömrəsində çap etdirdikdən sonra həqiqətlər erməniləri də çox qəzəbləndirir.

- Görkəmli rus şairi Aleksey Markovla televiziya verilişlərinə bərabər baxırdıq. Bakıda tankları göstərirdilər, bir anlıq bizə elə gəldi ki, Azərbaycanın ərazisinə yad, işğalçı qoşunlar doldular. Tankların lülələri dinc əhalinin üstünə tuşlandı, avtomatlardan alov saçılırdı, sonra ölənlərin qeyri-dəqiq sayını dedilər. Aşağı düşüb tərcüməçidən göstərilənləri soruşdum, gəlib uşaq kimi hönkürüb ağladım. Markov bərk dilxor olmuşdu, mənə təsəlli verirdi. Amma dinc durmadım. Bacardığım qədər həqiqətləri car çəkməyə çalışdım. Yazılar yazdım, müsahibələr verdim. Təbii ki, ermənilər də bundan hiddətləndi. Qaldığım mehmanxanada pasportumu oğurladılar. Paris baş polis idarəsinə müraciət etdik, pasportsuz uçmağıma icazə verdilər. Ramiz Abutalıbovun köməyilə Moskvaya gəldim. Onda bildim ki, Heydər Əliyev Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edib. Getdim nümayəndəliyə, gördüm binanın pəncərələrini sındırıb, dağıdıblar. Ordan Bakıya qayıtdım. Gördüm aeroportdan Fəxri xiyabana qədər bütün yollara, küçələrə  qərənfillər düzülüb. Şeir də yazdım ki, o vaxtdan qərənfil yaslara getdi...

 

“Qanlı kitab” şeirini o əsgərə ithaf etdim

 

N.Həsənzadə 1992-ci ildə bir əsgərə ithaf etdiyi “Qanlı kitab” şeirinin yaranma tarixçəsindən söz açır. Həmin il Tehranda səfərdə olarkən hərbi hospitalda müalicə alan Azərbaycan döyüşçülərinə baş çəkir. Hospitaldakı yaralı hərbçi Elxan Mirzəyev danışır ki, həlak olan döyüşçü yoldaşının qoltuq cibindən şairin qana bulaşmış “Fikir eləmə”adlı kitabı çıxıb, başqa sənədi də olmayıb. Əsgər kitabın üzərində “Fikir eləmə”dən sonra vergül qoyub “vətən” sözünü əlavə edib, “Fikir eləmə, Vətən” yazıbmış. Bunu eşidən Nəriman Həsənzadə o qədər mütəəssir olur ki, Tehrandan qayıdandan sonra “Qanlı kitab” şeirini yazır. Şeir boyu şairin fəryadını və təəssüfünü duymamaq mümkün deyil. Görmədiyi, tanımadığı əsgərin ölümünə ürəyi qan ağlayan şair ağır hisslərə qapılır. Haradasa onun ölümündə özünü də günahkar sayır:

 

Mən bilsəydim -

dəmirdən üz çəkdirərdim o kitaba,

misdən, tuncdan tökdürərdim misraları,

ya poladdan kəsdirərdim vərəqləri,

təki namərd bir güllədən

saxlayaydı o əsgəri.

 

Əgər kitabın vərəqlərini poladdan hazırlatsaydı, əsgərin sinəsində gəzdirdiyi “dəmir kitab” onun köksünü düşmən gülləsindən qoruyardı. Digər tərəfdən, şair həmin əsgəri şəxsən tanımasa da, kitabının onunla eyni səngərdə “döyüşməsini” özünün əsgərlə birlikdə döyüşməsi kimi mənalandırır.

 

ikilikdə bir səngəri

qorudu bu məmləkətin

bir şairi,

bir əsgəri.

 

Bundan başqa şairi düşündürən o idi ki, görəsən hansı şeiri, misrası əsgəri bu qədər cəlb edib. Müharibənin odu-alovu içərisində hansı şeiri sinəsinə sıxıb ondan güc alıb.

 

Hansı sözüm,

Hansı şeirim

istəyindən xəbər verib? -

Döyüşlərdə qoluna güc,

ürəyinə təpər verib?!

 

Göz yaşı ilə yazılan poema

 

Şairin Qarabağ mövzulu poetik əsərləri içərisində sosial ziddiyyətləri qabarıq və dolğun şəkildə əks etdirən poemalardan biri də “Qarabağdan gələn var” əsəridir.  Nəriman Həsənzadə bu poemasını 1997-ci ildə göz yaşları ilə qələmə alıb. Əsərdə xalqımızın üzləşdiyi problemlər, sosial ziddiyyətlər və ədalətsizliklər Qarabağın Tuğ kəndindən olan Məmməd müəllim və Səyyarə xanımın şəxsində, onların acınacaqlı taleyində ümumiləşir. Əsərin əvvəlində şair yazır: “Qarabağın Tuğ kəndində

40 ilə qədər dərs hissə müdiri işləyən Məmməd müəllim və həmin müddətdə məktəb direktoru vəzifəsində çalışan həyat yoldaşı Səyyarə xanım hazırda

3 nömrəli xəstəxanada (biri qapıçı-bağban, o biri xidmətçi) işləyir. Hər ikisi ali təhsillidir. Qaçqındılar”.

Müharibə şəraitinin dəhşətli bəlaları, xalqın atəşkəsdən sonrakı durumu poemada real cizgilərlə rəsm edilir. Qaçqın-köçkün soydaşlarımızın çəkdiyi əzablar, ağrı-acılar şairin qələmindən ustalıqla sətirlərə süzülüb. Poemada şair Məmməd müəllimin simasında öz qaçqın soydaşlarını səbirli olmağa, ümidlərini itirməməyə səsləyir. Vətəndən vətənə qovulan günahsız insanları öz vətənlərində, doğma Bakıda sınmamağa çağırır.

 

Biz Qarabağın, Qarabağ da bizim həsrətimizdən solub-saraldı

 

- Hesab edirəm ki, Birinci Qarabağ müharibəsində ədəbiyyatımız, xüsusən də şeirimiz xeyli iş gördü. Amma o əsərlərdə qəm var idi. İkinci Qarabağ savaşı haqqında yazılacaq bütün ədəbi nümunələrdə isə qələbə əhvalı olacaq. Əsl xoşbəxtlik budur. Sevinirəm ki, bu xoşbəxtlikdən mənə də pay düşüb. Sentyabrın 27-də müharibənin başladığını eşidəndə hansı hisslər keçirdiyimi sözlə ifadə edə bilmirəm. İllər öncə bütün yaşadıqlarımız bir daha gözümün önünə gəldi. Erməni cəlladlarının başımıza açdıqları bəlalar, yaşadığımız faciələr...

Sovet dövründə erməni yazıçılarla birlikdə ittifaqda işləyirdik. Mehriban idik, bir- birimizin evinə gedib gəlirdik. Sən demə, ikiüzlüymüşlər. Üzdə özünü elə göstərir guya səni çox istəyir, amma içində nifrət edir. Çünki körpəlikdən onlara təlqin edirlər ki, türk sənin düşmənindir. Qarabağ 30 il bu kin-küdurətli işğalçıların əlində qaldı. Biz Qarabağın, Qarabağ da bizim həsrətimizdən solub-saraldı. Bu illər ərzində Qarabağda yaşayan ermənilərin arasında bir istedadlı insan, gözəl səsi olan bir ifaçı üzə çıxmadı. Nə torpaq, nə də təbiət onları qəbul etmədi. Bildi ki, bunlar onun əsl sahibi deyil. Bizim üçünsə Qarabağın təkcə suyunu içmək kifayətdir. Necə ki, Qarabağ işğal altında qalanda da oranın istedadlıları üzə çıxırdı, bundan sonra daha da çoxalacaq. Qarabağ hər sahədə yeni istedadların vətəni olacaq.

Haqq savaşımız davam edən

44 gün ərzində Nəriman Həsənzadə bir neçə şeir və poema qələmə alaraq bu unudulmaz tarixə öz töhfəsini verib. Şanlı savaşımızı öz yaradıcılığında əbədiləşdirmək istəyir. Müharibə başlayandan iki gün sonra - sentyabrın

29-da “Ey vətən” adlı ilk şeiri çap olunur.

 

Qoca tarix, daha susma,

                        millət qalxıb ayağa,

And içibdi uluların yaşadığı torpağa.

Mən yazıram bu günləri,

                        sinəmdəki varağa,

Daha “qaçqın”, daha “köçkün”

                        olmayacaq, ey Vətən!

 

Növbəti günlər cəbhə bölgəsindən şairə teleqram vururlar. Heydər Quliyev adlı əsgər isə səngərdən zəng vurub deyir ki, sizin adınızı 6 raketin üstünə yazmışıq, artıq üçünü düşmən tərəfə atmışıq. Bu söhbət nəticəsində Nəriman Həsənzadənin “Mənim igid əsgərlərim” şeiri yaranır.

 

Dünən Ali Baş Komandan,

“Qarabağ və nida!”, - dedi

düşmənə əlvida dedi.

Xəbər verin, son raketi

atan kimi,

Xankəndinə, ya Şuşaya

çatan kimi.

Mən də burda bir əsgərəm,

Esxil dünən, mən də bu gün

səfərbərəm.

 

N.Həsənzadə 44 günlük savaşımız müddətində bir neçə şeirlə yanaşı “Qarabağnaməm İlhamdır” adlı poema da qələmə alır. Hazırda bu poema Gənc Tamaşaçılar Teatrı və Azərbaycan Dövlət Televiziyası tərəfindən tamaşaya hazırlanır.

- Otuz ildir yaradıcılığımın bu dövrünü səbirsizliklə gözləyirdim. Zəfər müjdəli şeirlər yazacağım günlərin həsrətindəydim. Çox şükür, Tanrı bu sonsuz sevinci, bu böyük xoşbəxtliyi yaşamağı, görməyi mənə qismət etdi. Gücüm çatdığı qədər yaradıcılığımda tariximizin bu şanlı səhifələrini əks etdirəcəm.

Bircə arzum odur ki, heç olmasa, Ağdamı yenə görə bilim...

Qarabağı, Şuşanı, Cəbrayılı, Füzulini yenidən gəzmək keçir könlümdən...

Kaş Şuşada Vaqifin məqbərəsinin yeni açılışında yeni şeirimi oxuya bilim...

Bu arzularımın gerçəkləşməsi üçün də Tanrıdan bir az möhlət payı diləyirəm...

 

Xəyalə MURADLI,

“Azərbaycan”



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM