04:18 27 Fevral 2021
ONLINE XƏBƏR LENTİ
03:04 27.02.2021

“25-lər”dən biri


03:02 27.02.2021

BİLDİRİŞ


03:01 27.02.2021

BİLDİRİŞ


02:59 27.02.2021

BİLDİRİŞ


02:57 27.02.2021

BİLDİRİŞ


Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Şuşanın iki cümə məscidi

ANA SƏHİFƏ / MƏDƏNIYYƏT
01:17 27.01.2021

 

Azərbaycanın ən qədim və gözəl şəhərlərindən biri olan Şuşa tarixi-mədəni, dini abidələri, memarlıq nümunələri ilə zəngindir. Şəhərin ərazisində tikilmiş ən qədim məscid Yuxarı Gövhər ağa məscididir. Şuşanın mərkəzi meydanında yerləşən bu məscid Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən qeydiyyata alınmış ölkə əhəmiyyətli tarix-mədəniyyət abidələrindən biridir.

Araşdırmalara görə, Yuxarı Gövhər ağa məscidinin inşası dörd mərhələdə həyata keçirilib. Ərazidə ilk məscid Qarabağ xanlığının və Şuşa qalasının banisi Pənahəli xanın göstərişi ilə 1750-ci illərdə tikilib. Pənahəli xan Qarabağ xanlığının mərkəzini Şahbulaq qalasından Şuşaya köçürmək məqsədilə yeni şəhər salınmasına qərar verib. Onun göstərişi ilə Şuşa qalası, qala daxilində xan ailəsi üzvləri üçün qəsr və saraylar, məscid inşa edilib. Şuşada həmin dövrdə bütün tikililər daşdan inşa edilib. Ancaq məscidin inşasında qamışdan istifadə olunub. E.Avalov inşaat materialı kimi qamışın seçilməsini tələskənliklə izah edib. Qarabağ tarixçisi Baharlının məlumatına görə, məscidin iki qapısı olub. Həmin məscidin memarlıq xüsusiyyətləri barədə isə heç nə məlum deyil.

Pənahəli xanın oğlu İbrahimxəlil xan hakimiyyətə gəldikdən sonra, 1768-1769-cu illərdə qamış məscidin yerində daşdan yeni bina tikilib. Yeni məscidin inşasında daş və əhəng məhlulundan istifadə olunub.

XIX əsrin birinci yarısında yararsız hala düşmüş bu məscidin yerində Gövhər ağanın maddi dəstəyi ilə qoşa minarəli üçüncü məscid inşa edilib. Həmin məscidin təsvirləri Vasili Vereşaginin rəsmlərində qalır. Bu rəsmlər məscidin memarlıq-bədii xüsusiyyətləri haqqında məlumat verən yeganə mənbə hesab edilir.

Məlumata görə, 1836-cı ildə həmin dövrədək Şuşada inşa edilmiş məscidlərin heç birinin minarəsi olmayıb. V.Vereşaginin rəsmlərindəki Şuşa cümə məscidinin minarəli olduğu görünür. Tədqiqatçıların fikrincə, minarələr tikiliyə sonradan əlavə edilməyib. Bu fakt V.Vereşaginin rəsmlərindəki məscidin İbrahimxəlil xanın məscidinin yenidən qurulması deyil, tamamilə yeni məscid olması kimi dəyərləndirilir.

V.Vereşaginin təsvirinə görə, Şuşanın üçüncü cümə məscidi ikimərtəbəli, mərkəzi günbəzli, qoşa minarəli bina idi. Memarlıq formalarına görə, bu bina XVI-XVIII əsrlərdə Azərbaycanda geniş yayılmış dini memarlıq kompozisiyası xüsusiyyətlərini əks etdirirdi.

1883-cü ildə Gövhər ağanın maddi vəsaiti əsasında üçüncü məscidin yerində Şuşanın dördüncü və sonuncu cümə məscidi inşa olunub. Dövrümüzə yaxşı qorunmuş səviyyədə çatmış bu məscidin memarı Qarabağda bir çox tikililərin müəllifi olan Kərbəlayi Səfixan Qarabağidir. Şuşada Aşağı Gövhər ağa məscidi, Ağdam cümə məscidi və Bərdə imamzadəsi ilə yanaşı Yuxarı Gövhər ağa məscidi də memarın ən yaxşı əsərlərindəndir.

E.Avalov qeyd edir ki, ola bilsin, memar əvvəlki tikilinin özüllərini yeni məscid binası üçün istifadə edib. Amma dördüncü məscid kompozisiya-planlaşdırma və memarlıq bədii xüsusiyyətləri ilə əvvəlkilərdən kəskin şəkildə fərqlənir. Giriş Şahbulaq məscidində olduğu kimi yarımdairəvi daş tağla həll edilib. Eyvanın tağları üzərində Quran ayələri yazılmış dekorativ lent uzanır. Məscidin əsas fasadının memarlıq həlli dərin eyvanı ilə ona daha çox yaşayış binaları üçün xarakterik olan və dini tikililərdə az rast gəlinən bədii görünüş verir. Bu bədii xüsusiyyət Şuşanın sonuncu cümə məscidinin əsas fərqli xüsusiyyətlərindən biri sayılir.

Minarələrin üstünü son zamanlaradək ayparalar bəzəyirdi. Kərpiclə hörülmüş minarələrin səthi qabarıq lentlərlə üç hissəyə bölünmüş və rəngli daşlarla bəzədilmişdi. Minarənin yuxarısında Quran ayələri yazılmış lent var. Yuxarı Gövhər ağa məscidinin minarələrinin naxış dizaynı, məscid yaxınlığındakı mədrəsənin ikinci mərtəbəsindəki otaqlardan birinin divar rəsmlərinin müəllifi Mir Möhsün Nəvvabdır.

Birinci Qarabağ müharibəsi zamanı Şuşanın işğalından sonra şəhərdəki əksər memarlıq nümunələri, tarixi-mədəni, dini abidələrimiz erməni işğalçıları tərəfindən dağıntılara məruz qaldı. Yuxarı Gövhər ağa məscidi də erməni vandalizmindən zərər çəkdi, interyerləri demək olar ki, məhv edildi, minarələrinin dekoru zədələndi, çadırvari örtükləri dağıdıldı.

Bu baxımdan Şuşada iki cümə məscidindən biri, Azərbaycanın memarlıq abidələrindən olan Aşağı Gövhər ağa məscidi də Yuxarı Gövhər ağa məscidi ilə eyni taleni yaşayıb. 1992-ci il mayın 8-də Şuşa şəhəri işğal edildikdən sonra Aşağı Gövhər ağa məscidinin interyeri erməni vandalizmi nəticəsində tamamilə dağıdılıb.

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən ölkə əhəmiyyətli tarixi-mədəniyyət abidəsi kimi qeydiyyata alınmış bu məscid Şuşanın Qapan meydanında yerləşir.

Şuşa şəhərinin 1855-ci ilə aid baş planında yaxınlıqda yerləşən mədrəsə ilə birlikdə qeyd olunan bu tikili həm Aşağı məscid, həm də Kiçik məscid kimi tanınır. Məsciddə ilk yenidənqurma-təmir işləri 1874-1875-ci illərdə aparılıb. Yeni formatda olan bu məscid də Gövhər ağanın maddi vəsaiti əsasında tikildiyi üçün Aşağı Gövhər ağa məscidi adı ilə tanınıb.

E.Avalov qeyd edib ki, 1855-ci ilin baş planına əsasən, Aşağı məscidin ölçüləri Yuxarı məscidin ölçülərindən kiçik olub. Yuxarı məsciddən fərqli olaraq Aşağı məscidin minarələri əsas fasadı yox, cənubda yerləşən və kiçik Qapan meydanına açılan ikinci fasadı əhatə edir. İki yaruslu Aşağı Gövhər ağa məscidinin əsas - şimal fasadında üçtağlı arkadalı eyvan yerləşir. Məscidin orta tağı yarımdairəvi olan yan tağlardan fərqli olaraq oxvaridir. Yan tağlar üstündə əsas fasad

boyunca yüksələn həmin tağ məscidin parad girişini vurğulayır.

Aşağı məscidin dairəvi minarələri kərpicdən inşa edilib. Yuxarı məsciddən fərqli olaraq burada minarələrin bəzədilməsi zamanı müxtəlif həndəsi naxışlara yer verilməyib, yalnız həndəsi formada yazılmış “Allah” ifadəsi burulan lent var.

Aşağı Gövhər ağa məscidinin ibadət zalı çatmatağ və beş gümbəzlə örtülüb. Bu da həmin tikilinin əsas xüsusiyyətlərindən sayılır. Məscidin memarlıq üslubunda əsas yeri tutan cəhətlərdən biri də bəzədilmiş mehrabın yerləşməsidir. Məscidin ikinci mərtəbəsində yan hissələrdə qadınlar üçün nəzərdə tutulmuş eyvanlar uzanır. Bu da onun memarlıq baxımından zənginliyini göstərir.

2020-ci il noyabrın 8-də Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz tərəfindən Şuşanın işğaldan azad edilməsi nəticəsində oradakı tarixi, memarlıq abidələrimiz də erməni əsarətindən qurtuldu. Şuşanın tarixi-mədəniyyət memarlığının incilərindən olan bu iki cümə məscidi də erməni vandallarından xilas oldu. Prezident İlham Əliyevin göstərişi ilə digər tarixi-mədəni, dini abidələrimiz kimi, həm Yuxarı Gövhər ağa məscidi, həm də Aşağı Gövhər ağa məscidi bərpa olunacaq.

 

Zöhrə FƏRƏCOVA,

“Azərbaycan”



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM