23 Fevral 2021 14:53
755
SİYASƏT
A- A+

Şair Ramaldanov: Ermənistanın minalanmış ərazilərin xəritəsini Azərbaycana verməkdən imtina etməsi hərbi cinayət hesab olunur

 

Torpaqlarımızı işğal altında saxladığı dövrdə hər yeri, hətta hərbi təyinatı olmayan əraziləri də minalayan Ermənistan həmin minalı sahələrin xəritələrini Azərbaycana təhvil vermir. Məqsəd mümkün qədər çoxlu sayda mülki şəxslərin həlak olmasıdır ki, bu da ərazilərə sakinlərimizin qayıdışını çətinləşdirməyə, uzatmağa yönəlmiş cinayətdir. Bunun hərbi cinayət olduğuna dair beynəlxalq qanunvericilik və konvensiyalar mövcuddur. Ermənistanın bu xəritələrin mövcud olmadığını iddia etməsi onun növbəti yalanıdır. Müharibə yekunlaşdıqdan sonra azad olunmuş ərazilərimizdə mülki və hərbi şəxslərin minaya düşməsi Azərbaycanı ciddi narahat edir. Xarici ekspertlər də bildirirlər ki, Ermənistan minalanmış ərazilərin xəritəsini Azərbaycana verməlidir. Əks halda bu, hərbi cinayət hesab olunur.

Bununla bağlı AZƏRTAC-a müsahibə verən ehtiyatda olan polkovnik Şair Ramaldanov deyib ki, Vətən müharibəsində Ermənistan üzərində Şanlı Qələbə qazanan Azərbaycan Ordusu işğal altındakı əraziləri qısa müddətdə azad edərək əsl peşəkarlıq göstərib. Ermənistan işğal dövründə həmin əraziləri minalayıb. Mənfur düşmənimiz Birinci Qarabağ müharibəsi zamanında da ərazilərimizi minalamışdı. Həmin vaxt minalar pərakəndə şəkildə yerləşdirilib. Ermənilər tərəfindən yerləşdirilən mina sahələri dinc əhali üçün hələ də böyük təhlükə mənbəyidır. Artıq Ermənistan-Azərbaycan münaqişəsi başa çatıb və Ermənistanla dövlət sərhədi bərpa edilir. 1999-cu ildə “Piyadalara qarşı minaların tətbiqi, ehtiyatının toplanması, istehsalı və verilməsinin qadağan edilməsi haqqında" Konvensiya qüvvəyə minib. BMT-nin qəbul etdiyi bu konvensiyaya görə münaqişə tərəfləri müharibə başa çatdıqdan sonra minalardan təmizləyəcəkləri sahələrin təhvil verilməsi, piyadalara qarşı minalardan istifadə etməyəcəkləri barədə öhdəlik götürürlər. Qəbul edilmiş bu konvensiya dinc əhalinin təhlükəsizliyi məqsədi daşıyır.

Ş.Ramaldanov bildirib ki, işğaldan azad edilmiş ərazilərə gedən mülki şəxslər həyati təhlükə qarşısındadırlar. Bu barədə dövlət qurumları tərəfindən məlumatlar da verilir. Təhlükəsizlik səbəbindən müharibənin partlayıcı qalıqları ilə çirklənmiş ərazilərə xüsusi icazə olmadan vətəndaşların girişi qadağan olunub. Azərbaycan dövləti vətəndaşlarımızın minaya düşməmələri üçün bütün lazımi tədbirləri görür və buna görə nəzarət postları qoyulub. Vətəndaşların bu ərazilərə səfər etməsinin təhlükəli olduğu ilə bağlı maarifləndirmə işi aparılır. Ancaq insanlar doğma yurdlarını, evlərini görmək istəyirlər və buna görə də işğaldan azad olunmuş bölgələrə bəzən alternativ yollarla səfər edirlər. Bu zaman baş verən mina hadisələri nəticəsində dinc sakinlər xəsarət alır və ya həlak olur. Təəssüf ki, dünya birliyi buna susur.

Ehtiyatda olan polkovnik vurğulayıb ki, adətən bütün münaqişələrdən sonra sülh müqaviləsi bağlanılır. Müharibənin yekunlaşmasına baxmayaraq, Ermənistan indiyədək Azərbaycanla sülh müqaviləsi imzalamayıb. Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib. Ermənilər isə hələ də düşmənçilik mövqeyindədirlər. Onların etdikləri vəhşiliklər hamıya məlumdur. Buna görə 30 il ərzində törətdikləri vandalizm aktlarından, cinayətlərdən sonra Ermənistanın minalanmış ərazilərin sxemlərini verməsini gözləmək əbəsdir. Odur ki, beynəlxalq təşkilatlar Ermənistana qarşı təzyiq mexanizmlərindən istifadə edərək, beynəlxalq konvensiyalara uyğun olaraq onu bu istiqamətdə müəyyən addımlar atmağa məcbur etməlidir.

Hərbi ekspert qeyd edib ki, ermənilər azad olunmuş ərazilərdə məqsədyönlü şəkildə minalar yerləşdirməklə dinc sakinlərin xəsarət alacaqlarını bilirdilər. Hazırda hərbi obyektlərdən uzaqda belə minalanmış sahələrə rast gəlmək olar. Ermənistan qoşunları müharibə zamanı geri çəkiləndə müəyyən yerləri minalayıb. Nəticədə minalanmış ərazi daha da genişlənib və bu vəziyyət minatəmizləmə prosesini daha da çətinləşdirib. Ermənistan tərəfinin xəritələri Azərbaycana təqdim etməməsi, ərazinin dağlıq, bəzi yerlərin isə sərt iqlim şəraitinə malik olması mina və partlamamış hərbi sursatın basdırıldığı ərazilərdə axtarış prosesini çətinləşdirir. Bütün bunlar Ermənistan tərəfinin beynəlxalq hüquq normalarına və konvensiyalara zidd fəaliyyətini göstərir.

Digər tərəfdən, dünya praktikasında minalanmış əraziləri təmizləmək üçün böyük vəsait tələb olunur. Bu, beynəlxalq qurumlar tərəfindən müvafiq konvensiyalarda da əksini tapıb. Bunun üçün donor ölkələr müəyyən qədər vəsait ayırır. Lakin ermənilər minaların basdırıldığı yerin xəritələrini Azərbaycana versə belə, heç kim buna inanmaz və zəmanət verə bilməz. Biz xəritələrin hansı mütəxəssislərin hazırladığını bilmirik. Çünki mina sahələrinin sxemlərinin hazırlanması xüsusi peşəkarlıq tələb edir.

“Azərbaycan dövləti hazırda minalanmış ərazilərin təmizlənməsi sahəsində bütün imkanlardan istifadə edir. Bununla əlaqədar lazımi təhlükəsizlik tədbirləri də görülür. Prezident İlham Əliyevin tapşırığı ilə işğaldan azad edilmiş ərazilərimizin minalardan təmizlənməsi işi fasiləsiz davam etdirilir. Azərbaycan Müdafiə Nazirliyinin mühəndis-istehkam taborları, eləcə də Türkiyədən Azərbaycana gəlmiş mütəxəssislər minatəmizləmə prosesinə qoşulublar. Həmçinin Türkiyədən 20 ədəd müasir mexaniki minatəmizləmə texnikası Azərbaycana gətirilib. Həmin texnikalar azad olunmuş ərazilərin minalardan və partlamamış döyüş sursatından təmizlənməsi işinə cəlb edilib. Azad edilmiş ərazilərdə bərpa işləri aparmaq üçün yollar hazırlanır. Həmçinin minaların təmizlənməsi və zərərsizləşdirilməsi istiqamətində fəaliyyətin genişləndirilməsi məqsədilə ANAMA yenidən təşkil edilib. Dövlət tərəfindən beynəlxalq qurumlara müraciətlər olunub. Hesab edirəm ki, əhalimizin və dövlət qurumlarımızın təhlükəsizliyini təmin edə bilərik”, - deyə hərbi ekspert vurğulayıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video