14 Yanvar 2021 17:51
751
Mədəniyyət
A- A+

Qazaxıstanda Azərbaycanla bağlı kitabların təqdimatı olub

Qazaxıstanın paytaxtı Nur-Sultanda türk respublikalarının müstəqilliyinin 30-cu ildönümü çərçivəsində Qarabağa və Azərbaycan Xalq Cümhuriyyətinə dair üç yeni nəşrin təqdimatı keçirilib.

AZƏRTAC xəbər verir ki, Beynəlxalq Türk Akademiyasının çap etdiyi "Qarabağ: Azərbaycanın cövhəri: tarixi, mədəniyyəti, təbiəti" kitab-footoalbomu, "İtirilmiş xoşbəxtliyim. Qarabağın gerçək hekayələri" kitabı və “Azərbaycan Xalq Cümhuriyyəti – 100” ensiklopedik nəşri vasitəsilə qazaxıstanlı oxuyucular ölkəmizin qədim və müasir tarixi, mədəniyyəti, Dağlıq Qarabağ münaqişəsi, onun nəticələri barədə geniş məlumatlar əldə edə biləcəklər.

Qarabağ münaqişəsinin tarixinə və 44 günlük Vətən müharibəsinə həsr olunan qısametrajlı filmin təqdimatı ilə başlayan mərasimində Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırəli bildirib ki, rəhbərlik etdiyi təşkilat İkinci Qarabağ müharibəsi zamanı Azərbaycanla sıx həmrəylik nümayiş etdirib və uzun zamandır üzərində iş aparılan Qarabağ kitabını da məhz Şuşa şəhərinin işğaldan azad edildiyi gün çapdan çıxarıb.

Onun sözlərinə görə, "Qarabağ: Azərbaycanın cövhəri : tarixi, mədəniyyəti, təbiəti" kitabında Azərbaycanın Qarabağ bölgəsi ilə bağlı fundamental məlumatlar toplanıb. Bu kitabın özəlliyi ondan ibarətdir ki, ilk dəfə bir beynəlxalq təşkilat tərəfindən belə bir kitab hazırlanıb və nəşrdə həmin bölgənin tarixi, mədəniyyəti ilə yanaşı, beynəlxalq təşkilatlar tərəfindən Qarabağla bağlı indiyədək qəbul olunan sənədlər əks olunub.

Bundan başqa, Akademiya "İtirilmiş xoşbəxtliyim. Qarabağın gerçək hekayələri" kitabını və Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı ensiklopedik nəşrini də təqdim edib.

Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədov ölkəmizin haqq səsinin dünyaya çatdırılmasında xarici dillərdə nəşr olunan bu cür əsərlərin böyük əhəmiyyətə malik olduğunu qeyd edib. Diplomat 44 günlük Vətən müharibəsində göstərdiyi böyük dəstəyə görə Beynəlxalq Türk Akademiyasına təşəkkürünü çatdırıb.

Tədbirdə Qırğız Respublikasının keçmiş dövlət katibi Osmanakun İbrahimov, Azərbaycan Milli Məclisin mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva, Avrasiya Yazarlar Birliyinin sədri Yaqub Öməroğlu, Qazaxıstanın Saken Seyfulin Muzeyinin direktoru Nasipbek Aytulı, Özbəkistan-Azərbaycan Dostluq Qrupunun icraçı direktoru Erkin Nuriddinov, Milli Məclisin deputatı Arzu Nağıyev və digərləri də Qarabağ və Azərbaycan Xalq Cümhuriyyətinə dair kitabların Azərbaycanın qədim və müasir tarixinin türk dünyasında daha yaxından öyrənilməsi baxımından böyük önəm kəsb etdiyini vurğulayıblar.

Sonda Azərbaycan ilə Qazaxıstan arasında əlaqələrin daha da genişlənməsinə verdiyi dəstəyə görə, səfiri Rəşad Məmmədov Beynəlxalq Türk Akademiyasının “Qızıl medalı” ilə təltif olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video