25 Fevral 2021 00:29
2264
İQTİSADİYYAT
A- A+

Qarabağ yaxın gələcəkdə “ağıllı kənd” və şəhərlər diyarına çevriləcək

 

İşğaldan azad edilmiş ərazilərin dirçəldilməsində yüksək texnologiyalardan istifadə ediləcəyinin elan olunması, ardınca isə Zəngilanda “ağıllı kənd” pilot layihəsinə start verilməsi belə qənaətə gəlməyə əsas verir ki, Azərbaycan “ağıllı” yaşayış məntəqələrinin yaradılmasında tezliklə öncül yerlərə sahib ola bilər.

Yeri gəlmişkən, qeyd edək ki, bu fikir Dünya Bankının aparıcı mütəxəssislərindən olan Tara Şarafuddin tərəfindən də səsləndirilmişdir. Prezident İlham Əliyevin Qarabağa fevralın 14-dəki növbəti səfəri zamanı isə şahidi olduq ki, bu işlərə əhatəli şəkildə start verilmişdir.

Bəs “ağıllı kənd” vətəndaşlar üçün nə qədər anlaşılandır? Bunu təyin etmək üçün minisorğu keçirəndə aydın oldu ki, əksəriyyətin “ağıllı” kənd və ya şəhər haqqında məlumatları ya zəifdir, ya da yerli-dibli yoxdur. Məhz bu səbəbdən mövzuya azacıq da olsa aydınlıq gətirmək üçün “ağıllı” yaşayış məntəqələri haqqında bir qəzet yazısının imkanları çərçivəsində bəzi məlumatların təqdim edilməsi zərurəti yarandı.

Əvvəlcə dünyada bu sahə üzrə birinci onluğa daxil olan “ağıllı kənd”lərin heç olmasa bir neçəsinin adını çəkək. Siyahıya Norveçin Reyne kəndi liderlik edir. Qayalarla əhatə olunmuş, tünd mavi okeanın nəvazişlə “qucaqladığı” bu balıqçı kəndi, həqiqətən də, dünyanın əsrarəngiz mənzərəli guşələrindəndir. Turistlər Reyne kəndinə özləri üçün təbiətin ən sehrli guşəsini kəşf edən qonaqlar kimi ayaq basırlar. Gözdən-könüldən uzaq, cəmi 300 nəfər sakini olan bu kənd qənirsiz mənzərələrin sahibi kimi turistlərin qəlbini ovsunlaya bildiyindən daim diqqət mərkəzindədir.

İkinci yerdə Avstriyanın Alp dağlarındakı bir gölün yaxınlığında yerləşən valehedici mənzərələrlə zəngin Xalştatt kəndidir. Tarixi miladdan əvvəl II əsrə gedib çıxan duz şaxtaları bu kəndi daha da məşhurlaşdırmışdır.

İngiltərədə çayın sahilində yerləşən Biberi kəndi dördüncü yerdə olsa da, Böyük Britaniyanın pasportu bu kəndin rəsmi ilə açılır. Daş evlərinin tarixi XVII əsrə gedib çıxan Biberini britaniyalılar ölkəsinin ən gözəl kəndi sayırlar. Turistlərin ən çox şəkil çəkdirmək üçün gəldikləri bu kəndin əhalisinin uzun illər əsas məşğuliyyəti toxuculuq olub. Yerli sakinlər bu gün də kəndin qədim binalarında yaşayırlar. Ancaq sonsuz turist axınının baxışları altında onların necə yaşadıqlarını demək çətindir. Kəndə gələnlər kilsəni ziyarət edir, icarəyə tilov götürüb forel tutur və pulunu ödəyib balıq bişirtdirə bilirlər. Onlar burada dadlı yeməklər yeyir və ağlabatmaz əfsanələr dinləyirlər.

Soruşula bilər ki, turizm öz yerində, bəs “ağıllı kənd” nə deməkdir axı? Onun dəqiq izahı müxtəlif və geniş olsa da, belə yığcam bir fikir ifadə etmək mümkündür: “Ağıllı kənd” qarşısına çıxan problemlərin “müdrik” həllini tapan yaşayış məntəqəsidir. Belə kəndlər ərazilərinin üstünlük və imkanlarından faydalanaraq özlərinin dayanıqlı inkişaf proqramını tərtib edir, öz strategiyasını yaradaraq iqtisadi, sosial və ekoloji şəraitlərini yaxşılaşdırır, innovasiyalardan və rəqəmsal texnologiyalardan faydalanırlar.

Artıq qeyd etdiyimiz kimi, bu il fevralın 14-də Zəngilan rayonunda birinci “ağıllı kənd” layihəsinə start verilmişdir. Bu, erməni işğalçılarının darmadağın etdiyi Üçüncü Ağalı kəndidir. İnşa ediləcək 200 evdən ibarət kəndin enerjiyə olan tələbatı yalnız alternativ enerji mənbələri hesabına ödəniləcək. Onun ardınca isə Birinci Ağalı və İkinci Ağalı kəndlərində də “ağıllı kənd” layihəsi icra ediləcək. Layihənin icrası əsasən 5 komponent üzrə aparılacaq. Bura yaşayış, istehsal, sosial xidmətlər, “ağıllı kənd təsərrüfatı”, alternativ enerji sahələri aiddir.

Erməni işğalından azad olunmuş ərazilərdə dövlət başçısının birbaşa təşəbbüsü və tapşırıqları ilə “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının reallaşdırılması nəinki Azərbaycan, hətta bütün dünya üçün xüsusi əhəmiyyət kəsb edən aktual məsələlərdəndir. Ümumiyyətlə, dünya çapında “ağıllı şəhər” və “ağıllı kənd”lərin yaradılmasına xüsusi yanaşma tətbiq edilir. Bunun üçün ölkə liderlərinin, hakimiyyət orqanlarının aparıcı qüvvəsinin, marağı olan bütün təşkilatların təfəkkür və düşüncə tərzinin dəyişməsi qarşıya tələb kimi qoyulur. Burada bütün qurumlar ümumi tapşırıqların yerinə yetirilməsi ətrafında birləşməlidir. Bu baxımdan Azərbaycan Prezidentinin islahatçı lider kimi müasir dövlət yanaşmasını nümayiş etdirməklə ölkə miqyasında yüksək texnologiyalara keçid elan etməsi “ağıllı kənd”lərin yaradılmasını sürətləndirən cəsarətli qərardır. Prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərdə bütün istiqamətlərdə mükəmməl və mütərəqqi planlaşdırmanı tətbiq edir, dövlətin görəcəyi bütün işləri mərhələlərlə reallaşdırır, investisiyaların cəlb olunmasında və istiqamətləndirilməsində nazirliklərin və digər qurumların qarşılıqlı fəaliyyətini uğurla uzlaşdırır. Daha vacibi isə odur ki, Qarabağın bərpasına dünyanın yüksək texnologiyalarla işləyən ən müasir şirkətlərini cəlb edir.

Prezident İlham Əliyev Güləbird kəndində Azərbaycan bayrağını qaldırdıqdan sonrakı çıxışında təkcə Kəlbəcər və Laçın rayonlarında bərpa ediləcək stansiyaların generasiya gücünün 120 meqavat olacağını və bu generasiya gücü ilə ərazilərin dayanıqlı enerji ilə təmin olunacağını demiş, Zəngilan rayonunda birinci pilot “ağıllı kənd” layihəsinin də məhz bərpa olunan enerji ilə təchiz ediləcəyini bildirmişdir.

Azad edilmiş ərazilər “yaşıl enerji” zonasına çevriləcək, bu zaman bütün əsas işləri dövlət öz üzərinə götürəcək. Kəlbəcər və Laçında külək enerjisinə, Zəngilan və Cəbrayılda Günəş enerjisinə üstünlük veriləcək. Bir sözlə, işğaldan azad olunmuş ərazilərdə görülən bütün işlər yüksək texnologiyaların tətbiqinə əsaslanaraq, salınacaq “ağıllı” yaşayış məntəqələrinin vacib problemlərini həll edəcək.

 

Bahadur İMANQULİYEV,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video